03 Oktyabr 2026 13:22
303
SİYASƏT
A- A+
Azərbaycan-Cənubi Koreya tərəfdaşlığı Avrasiya ölkələri üçün nümunədir  

Azərbaycan-Cənubi Koreya tərəfdaşlığı Avrasiya ölkələri üçün nümunədir  


Şərqi Asiyanın geostrateji qovşağında, Koreya yarımadasının cənubunda qərarlaşan Cənubi Koreya əlverişli coğrafi mövqeyini minilliklərin sınağından çıxmış qədim dövlətçilik ənənələri və zəngin mədəni irsi ilə qoruyub saxlayır. XX əsrin ikinci yarısında misli görünməmiş "Han çayı möcüzəsi" – sürətli sənayeləşmə və innovativ iqtisadi dirçəliş nümayiş etdirmişdir. Bu gün qədim adət-ənənələrin, yəni "çoson" ruhu yüksək texnologiyalar və qlobal mədəniyyət (Hallyu dalğası) ilə harmoniyasını təmin edən bu ölkə əsrarəngiz təbii landşaftı, habelə qabaqcıl elmi-texniki potensialı sayəsində bəşəriyyətin davamlı tərəqqisi yolunda nadir və aparıcı mövqe qazanmışdır. Hazırda Cənubi Koreya qlobal miqyasda ixracat yönümlü, yüksək inkişaf etmiş iqtisadiyyata malikdir. 

Ölkənin xarici ticarət dövriyyəsində əsas payı Asiya dövlətləri, Şimali Amerika və Avropa ölkələri tutur. Cənubi Koreyanın əsas xarici ticarət tərəfdaşları Çin, ABŞ,  Vyetnam, Yaponiya, Tayvan və Honq-Konqdur. Digər əhəmiyyətli tərəfdaşlar sırasına enerji ehtiyatları (neft və qaz) idxal olunan Səudiyyə Ərəbistanı və BƏƏ, həmçinin Avstraliya, Hindistan, Sinqapur və Almaniya daxildir.   

Çin Cənubi Koreyanın həm ixrac, həm də idxal üzrə ən böyük ticarət tərəfdaşıdır. Çinə əsasən yarımkeçiricilər, elektronika hissələri, neft-kimya məhsulları və müxtəlif sənaye malları ixrac olunur. ABŞ onun ikinci əsas ticarət tərəfdaşı və strateji müttəfiqidir. ABŞ-yə avtomobillər, texnoloji avadanlıqlar və elektronika məhsulları ixrac edilir, əvəzində isə maşınqayırma məhsulları, kənd təsərrüfatı malları və enerji daşıyıcıları idxal olunur. Cənubi Koreya şirkətlərinin (məsələn, Samsunq) Cənubi-Şərqi Asiyada əsas istehsal mərkəzlərindən biri olan Vyetnamla ticarət əlaqələri son illərdə sürətlə inkişaf etmişdir. Buraya sənaye komponentləri və mexanizmlər göndərilir. Yaponiya xüsusilə yüksək texnologiyalı xammal, sənaye avadanlıqları və dəqiq mexanizmlərin təchizatında Cənubi Koreyanın mühüm tərəfdaşlarından biridir. Cənubi Koreyanın yarımkeçirici, displey və yüksək texnologiya məhsullarının ixracında, eləcə də qlobal təchizat zəncirlərində Tayvan və Honq-Konq mühüm tranzit və ticarət mərkəzləri rolunu oynayır. 

Cənubi Koreyanın mərkəzi bankının qızıl ehtiyatı təxminən 104,4 ton (və ya bazar qiymətləri ilə təqribən 4,8 milyard dollar) təşkil edir. (yəni ölkənin ümumi valyuta ehtiyatlarının təxminən 3,4 faizi). 2026-cı ilin avqust ayının sonuna olan rəsmi məlumatlara görə, Cənubi Koreyanın xarici valyuta ehtiyatları 442,3 milyard dollar təşkil edir. Belə ki, avqust ayında qeydə alınan 14,3 milyard dollarlıq artım ölkə tarihində ən yüksək aylıq artım templərindən biri hesab olunur. Nominal ümumi daxili məhsulun həcmi təxminən 1,87 trilyon dollar təşkil edir. Ölkə bu göstərici ilə həm Asiyada, həm də qlobal miqyasda dünyanın ən böyük iqtisadiyyatlarından biri (14-cü yerdə) sayılır. Adambaşına düşən nominal ümumi daxili məhsulun miqdarı təxminən 36.2 min dollar təşkil edir.

Cənubi Koreyanın xarici siyasəti regional təhlükəsizliyin təmin edilməsi, iqtisadi maraqların qorunması və qlobal nüfuzun artırılması prinsiplərinə əsaslanır. Ölkənin geosiyasi mövqeyi - böyük güclərin (Çin, Rusiya, Yaponiya) əhatəsində olması və Şimali Koreya faktoru - onun xarici siyasət strategiyasını formalaşdıran əsas amillərdir.

Azərbaycan ilə Cənubi Koreya arasında diplomatik münasibətlər 23 mart 1992-ci il tarixində qurulmuşdur. İki ölkə arasında indiyədək ümumilikdə 74 sənəd imzalanmış və iki ölkə arasında möhkəm müqavilə-hüquq bazası yaradılmışdır. Bu sənədlərin böyük qismi iqtisadi tərəfdaşlıq, investisiyaların qarşılıqlı qorunması, İKT, rəqəmsallaşma, humanitar yardım və enerji sahələrində əməkdaşlığı tənzimləyir. 2025–2026-cı illərdə Azərbaycan ilə Cənubi Koreya arasında münasibətlər siyasi dialoqun dərinləşməsi, iqtisadi və yaşıl enerji tərəfdaşlığının genişlənməsi, eləcə də təhsil və mədəniyyət sahəsində layihələrin intensivləşməsi ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. 

Ötən dövr ərzində  dövlət və hökumət başçıları, ayrı-ayrı nazirlik və dövlət qurumları arasında əlaqələr yüksələn xətlə inkişaf etmiş və qarşılıqlı faydalı xarakter kəsb etmişdir. Siyasi müstəvidə ikitərəfli əlaqələr həm parlamentlərarası diplomatiya, həm də yüksək səviyyəli təmaslar vasitəsilə dinamik şəkildə inkişaf edir. Dövlət başçıları səviyyəsində qarşılıqlı təbriklər və siyasi iradənin nümayişi davam edir. Siyasi dialoqun inkişafı prosesində Cənubi Qafqazda sülh prosesi və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək məsələləri əsas müzakirə mövzuları olmuşdur. 

2025–2026-cı illərdə Azərbaycan və Cənubi Koreya parlamentləri arasında əlaqələr fəal qarşılıqlı səfərlər, dostluq qruplarının işinin canlandırılması və qanunvericilik sahəsində təcrübə mübadiləsi ilə xarakterizə olunur. İki ölkənin qanunverici orqanları arasındakı təmaslar parlament diplomatiyasının iqtisadi və mədəni əlaqələrə dəstək mexanizminə çevrildiyini göstərir. Koreya Respublikası Milli Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Li Man Hinin başçılıq etdiyi nümayəndə heyəti 2026-cı ilin iyulunda Bakıya rəsmi səfər edib. Nümayəndə heyəti Milli Məclis sədrinin müavini Musa Qasımlı və azərbaycanlı deputatlarla görüşərək iki ölkə arasında siyasi dialoqun və qanunvericilik sahəsində təcrübə mübadiləsinin ardıcıl inkişafını müzakirə ediblər. Sentyabr ayında isə Koreya Milli Assambleyasının Xarici İşlər və Birləşmə Komitəsinin sədri Sonq Seoq-junun rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə qonaq olub. Görüş zamanı Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Şərqi Asiyalı həmkarları ilə nəqliyyat, logistika, sərbəst viza rejimi və birbaşa hava uçuşlarının açılması perspektivlərini qiymətləndiriblər.

İki ölkə arasında münasibətlərdə regional böhranlar zamanı humanitar əməkdaşlıq yüksək qiymətləndirilmişdir. Məsələn, 2026-cı ildə Seul rəsmi Bakıya Koreya vətəndaşlarının regional böhran zonalarından (o cümlədən İrandan) Azərbaycan ərazisi vasitəsilə təhlükəsiz təxliyəsində göstərilən dəstəyə görə rəsmi minnətdarlığını bildirmişdir. Həmçinin Milli Məclis və Koreya Milli Assambleyası arasında fəaliyyət göstərən dostluq qrupları vasitəsilə qanunvericilik sahəsində təcrübə mübadiləsi və qarşılıqlı səfərlər həyata keçirilir.

Cari ilin aprelində Azərbaycan Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndə heyəti Cənubi Koreya Respublikasına səfəri çərçivəsində aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı sahəsində təcrübə mübadiləsi aparıb. Nəticə etibarilə iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək, rəqəmsal kadastr və daşınmaz əmlakın qeydiyyatı sistemləri üzrə təcrübə mübadiləsini davam etdirmək barədə razılıq əldə olunub.

Azərbaycan və Cənubi Koreya arasında 2025–2026-cı illərdə iqtisadi-ticarət əlaqələri əsasən yaşıl enerji, yüksək texnologiyalar, nəqliyyat-logistika və infrastruktur layihələri istiqamətində dinamik şəkildə inkişaf etdirilib. Azərbaycan Cənubi Koreyanın Cənubi Qafqazdakı əsas iqtisadi tərəfdaşı olaraq qalır. Bu illərdə iqtisadi münasibətlərin prioriteti ənənəvi sahələrdən "yaşıl enerji" və aqro-texnologiyalara yönəlmişdir. Tərəfdaşlıq sahəsi əsasən enerji və "yaşıl iqtisadiyyat" sektorlarıdır. Bərpa olunan enerji (günəş və külək) sahəsində Koreya investorlarının və texnologiyalarının Azərbaycana cəlb edilməsi olduqca vacib məsələdir. Hazırda enerji keçidi və karbonsuzlaşdırma üzrə birgə layihələri həyata keçirilir. Təsadüfi deyil ki, 2026-cı ilin avqust ayında Azərbaycan və Koreya nümayəndələri yaşıl enerjinin ötürülməsi, bərpa olunan enerji layihələri və alternativ enerji ixracı sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Artıq Bakı ilə Seul arasında uzunmüddətli iqtisadi tərəfdaşlıq yeni müstəviyə keçir. 2025–2026-cı illərdə Cənubi Koreyanın Azərbaycana yönəlmiş humanitar dəstəyi və inkişaf yardımları keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Koreya tərəfi bu dövrdə yardımlarını birbaşa olaraq Azərbaycanın post-münaqişə dövründəki ehtiyaclarına - işğaldan azad edilmiş ərazilərin (Qarabağ və Şərqi Zəngəzur) bərpasına, minatəmizləmə prosesinə, məcburi köçkünlərin qayıdışına və insan kapitalının gücləndirilməsinə yönəldib.

Qarşılıqlı əməkdaşlıq sayəsində bərpa və quruculuq işləri sahəsində işlər mühüm əhəmiyyət kəsb edir. Qarabağ və Şərqi Zəngəzurun bərpasında "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının tətbiqi mühüm əhəmiyyət kəsb edir. Koreya şirkətlərinin, xüsusilə KOICA-nın (Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi) dəstəyi ilə minalardan təmizləmə və şəhərsalma layihələrində iştirakı təqdir ediləsidir. Şəki-Zaqatala və digər regionlarda aqrar emal və su ehtiyatlarının idarə olunması prosesində Cənubi Koreya şirkətləri yaxından iştirak edirlər. Cənubi Koreyanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi investisiya layihələri, bu bölgələrin "Ağıllı şəhər" və "Yaşıl enerji" zonalarına çevrilməsi strategiyasına tam uyğundur. Seul bu ərazilərin infrastruktur baxımından yenidən qurulmasını özü üçün prioritet istiqamət hesab edir.

Koreya şirkətləri yüksək texnoloji şəhərsalma təcrübələrini birbaşa azad edilmiş ərazilərə transfer edirlər. Koreya İxrac-İdxal Bankı vasitəsilə müvafiq layihələrin maliyyələşdirilməsi prosesi həyata keçirilir. Seul, işğaldan azad edilmiş şəhər və kəndlərin rəqəmsal idarəetmə sistemlərinin (ağıllı işıqlandırma, alternativ enerji ilə işləyən ictimai nəqliyyat və İT yönümlü təhlükəsizlik şəbəkələri) qurulmasında fəal iştirak edir. Azərbaycanın bu regionları tamamilə "yaşıl enerji zonası" elan etməsi fonunda Koreya şirkətlərinin bu sahəyə də marağı artıb.

2025-ci ilin sentyabrında və 2026-cı ilin fevralında keçirilmiş ikitərəfli görüşlərdə Samsunq və digər Koreya mühəndislik korporasiyaları ilə dekarbonizasiya üzrə aparılan danışıqların bir qolu da məhz Qarabağın yaşıl enerji şəbəkəsinə inteqrasiya imkanlarını əhatə edir. Bura günəş və külək stansiyalarının qurulmasında texnoloji komponentlərin tədarükü daxildir.

İkitərəfli ticarət əlaqələrində müsbət artım dinamikası müşahidə olunur. Azərbaycan Cənubi Koreyaya əsasən neft-kimya məhsulları, alüminium və kənd təsərrüfatı malları ixrac edir. Koreyadan isə Azərbaycan bazarına yüksək texnologiyalı avadanlıqlar, avtomobillər, məişət elektronikası, kimya sənayesi məhsulları və tibbi ləvazimatlar idxal olunur. 

Koreya logistika şirkətlərinin Asiya ilə Avropanı birləşdirən "Beynəlxalq Xəzər Yanı Nəqliyyat Marşrutu"na (Orta Dəhliz) maragı kəskin artmışdır. Baku Port (Ələt Azad İqtisadi Zonası) Koreya investisiyaları üçün cəlbedici qovşaq rolunu oynayır. Gələcəkdə Zəngəzur dəhlizinin işə düşməsi Şərqi Asiya, o cümlədən Cənubi Koreya ilə Avropa arasında ticarət yüklərinin tranziti üçün yeni imkanlar açacağı vurğulanır.

2025–2026-cı illərdə Azərbaycan və Cənubi Koreya arasında investisiya və sərmayə qoyuluşu əsasən enerji keçidi, rəqəmsallaşma, infrastruktur və innovasiyalar sahəsində yeni strateji mərhələyə qədəm qoyub. İki ölkə arasındakı iqtisadi tərəfdaşlıq ənənəvi sahələrdən kənara çıxaraq yüksək texnologiyalar və yaşıl enerji layihələrinə yönəlib. 2025–2026-cı illərdə də qarşılıqlı kapital axınının şaxələndirilməsi, Mərkəzi Bank rəhbərliyinin Seula işgüzar səfərləri çərçivəsində maliyyə texnologiyaları üzrə əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində saxlanılıb. Cənubi Koreya şirkətlərinin Azərbaycanda ən böyük fəaliyyət sahələrindən biri enerji aktivlərinin modernləşdirilməsidir.

25 fevral 2026-cı ildə SOCAR ilə Cənubi Koreyanın mühəndislik nəhəngi Samsunq arasında Anlaşma Memorandumu imzalanıb. Bu razılaşma enerji aktivlərinin səmərəliliyinin artırılması, dekarbonizasiya və regional sənaye mərkəzinin yaradılmasına böyük investisiyalar nəzərdə tutur. Azərbaycan tərəfi Cənubi Koreya sərmayədarlarını Qarabağ və Şərqi Zəngəzurda, həmçinin Xəzər dənizində yaşıl enerji zonalarının tikintisinə fəal şəkildə dəvət edib və bu istiqamətdə danışıqlar son illər intensivləşib.

Cənubi Koreyanın Azərbaycandakı səfirliyi və Xarici İşlər Nazirliyi ölkədə həyata keçirilən irimiqyaslı infrastruktur və yenidənqurma layihələrində (xüsusilə azad edilmiş ərazilərdə smart kənd, kəhrizlərin bərpası və logistika layihələrində) Koreya şirkətlərinin iştirakını təşviq etmək üçün hökumətlərarası məsləhətləşmələr aparıblar. Koreya Respublikasının Azərbaycandakı səfiri Kımqu Kanq bildirib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası ölkəsi üçün prioritet istiqamətlərdəndir.

2026-cı ilin iyul ayında Azərbaycan Maliyyə Nazirliyi ilə Cənubi Koreyanın Koreya Fiskal İnformasiya Xidməti qurumu arasında rəqəmsal xəzinədarlıq sisteminin qurulması və dövlət maliyyəsinin idarə edilməsinin rəqəmsallaşdırılması ilə bağlı razılaşma əldə olunub. Bu layihə çərçivəsində Koreyanın qabaqcıl "dBrain+" sistemi əsasında Azərbaycanda süni intellekt yönümlü fiskal idarəetmə infrastrukturunun qurulması hədəflənir.

Ötən il ərzində KOICA vasitəsilə Azərbaycanda innovasiya ekosisteminin inkişafı və Strateji Yol Xəritəsinin hazırlanması məqsədilə 2 milyon dollar həcmində layihə maliyyələşdirilməsi davam etdirilib. 2026-cı ilin sentyabr ayında verilən məlumatlara görə, Koreya tərəfi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə birgə 2030-cu ilə qədər icra ediləcək yeni irimiqyaslı layihəyə start verib. Cənubi Koreyanın ən böyük humanitar və infrastruktur sərmayələrindən biri su resurslarının idarə edilməsi ilə bağlıdır.

KOICA 2026-cı ilin sentyabr ayında Şərqi Zəngəzur və Qarabağ bölgələrində kəhrizlərin bərpasına dair irimiqyaslı layihəyə start verib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə birgə icra edilən bu layihə 2030-cu ilə qədər davam edəcək. Məqsəd ekoloji cəhətdən təmiz, ənənəvi su mənbələrini modern texnologiyalarla bərpa edərək bölgənin dayanıqlı su təminatını və kənd təsərrüfatı potensialını gücləndirməkdir.

Xalqlararası təmasların artırılması məqsədilə 2025–2026-cı illərdə mədəniyyət və təhsil layihələrinin həyata keçirilməsi ardıcıl hal almışdır. ADNSU, ADA Universiteti, BDU, BMU  və Koreya universitetləri (məsələn, Inha Universiteti) arasında uğurla icra olunan ikili diplom proqramları muəndislik və İT sahəsində mütəxəssis hazırlığına töhfə verir. Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetində Koreya dili və mədəniyyəti mərkəzlərinin (Kinq Sejonq İnstitutu) fəaliyyəti genişlənmişdir.  Cari ilin sentyabrında Koreya Respublikasının Azərbaycandakı səfirliyi bakalavr səviyyəsində təhsil üçün 2027-ci il üzrə Qlobal Koreya Təqaüd proqramında iştirakla bağlı müraciətlərin qəbuluna başladığını elan edib. Təqaüd universitetdə təhsil haqqının, Koreya dili üzrə hazırlıq proqramının, aviabilet xərclərinin ödənilməsini, eləcə də yaşayış, yerləşmə, tibbi sığorta və proqramda nəzərdə tutulan digər xərcləri qarşılayan aylıq ödənişi nəzərdə tutur. Həmçinin KOICA Azərbaycanda dövlət qulluqçularının ixtisasartırması, rəqəmsallaşma və təhsil infrastrukturu üzrə qrant layihələrini davam etdirir.

Azərbaycanda K-pop və Koreya kulinariyasına, eləcə də Koreyada Azərbaycan mədəniyyəti günlərinə maraq yüksək səviyyədədir. İki ölkə arasında artan mədəni marağın göstəricisi kimi Azərbaycanın qədim abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının altı boyunun koreya dilinə tərcümə edilməsi mühüm mədəni hadisədir. Bu mühüm nəşrin rəsmi təqdimat mərasimi birbaşa Koreya Milli Assambleyasının (parlamentinin) binasında keçirilmişdir ki, bu da Cənubi Koreya qanunvericilərinin Azərbaycana verdiyi yüksək dəyərin rəmzi hesab olunur. Ötən il Seul Beynəlxalq Səyahət Sərgisində Azərbaycanın, xüsusilə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı nümayiş etdirilib. Ölkəmizdə mütəmadi olaraq Koreya şirkətlərinin iştirakı ilə müxtəlif layihələr həyata keçirilir.

2025–2026-cı illərdə Azərbaycan-Cənubi Koreya münasibətləri ənənəvi ticarət əlaqələrindən yüksək texnologiyalar, rəqəmsallaşma və yaşıl enerjiyə əsaslanan strateji tərəfdaşlıq modelinə keçid ilə səciyyələnir. Hər iki ölkə geosiyasi mövqelərindən və texnoloji üstünlüklərindən istifadə edərək bu əməkdaşlığı davamlı etmək əzmindədir. Möhkəm əminliklə vurğulamaq olar ki, Azərbaycan-Cənubi Koreya strateji tərəfdaşlığı davamlı və yüksələn xətlə inkişaf edəcək və Avrasiya ölkələri üçün nümunə olacaq səviyyəyə yüksələcəkdir.


Atamoğlan MƏMMƏDLİ,

BDU-nun dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

16:27
03 Oktyabr

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

16:25
03 Oktyabr

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

16:24
03 Oktyabr

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

16:23
03 Oktyabr

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

16:20
03 Oktyabr

Böyük Zəfərin təməli

16:05
03 Oktyabr

Prezident İlham Əliyev yeni dövlətçilik gündəliyinin müəyyənləşdirilməsi ilə bağlı vacib mesajlar verdi

15:59
03 Oktyabr

Azərbaycanın müstəqillik tarixində mühüm siyasi mərhələnin başlanğıcı  

15:30
03 Oktyabr

Zəfərdən suverenliyə, suverenlikdən yeni hədəflərə: VIII Qurultayın siyasi mesajları

15:09
03 Oktyabr

Yağışlı hava şəraiti sabah da davam edəcək

13:52
03 Oktyabr

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

13:50
03 Oktyabr

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

13:49
03 Oktyabr

İqtisadi gücün iki dayağı: investisiya və maliyyə sabitliyi

13:43
03 Oktyabr

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

13:38
03 Oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

13:29
03 Oktyabr

Azərbaycan-Cənubi Koreya tərəfdaşlığı Avrasiya ölkələri üçün nümunədir  

13:22
03 Oktyabr

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

12:27
03 Oktyabr

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

12:18
03 Oktyabr

Qubada ilk qar

12:09
03 Oktyabr

Ötən gün 63 cinayətin açılması təmin olunub

12:01
03 Oktyabr

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

11:23
03 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!