Avropadakı elektrik enerjisinin ötürülməsi sistemi operatorları avqustun 12-də baş verəcək Günəş tutulmasının fotovoltaik elektrik enerjisi istehsalında 9,7 giqavata qədər müvəqqəti azalmaya səbəb ola biləcəyi gözləntisi ilə sistemin təhlükəsizliyinin təmin olunması istiqamətində hazırlıqları tamamlayıb.
AZƏRTAC xəbər verir ki, Avropa Elektrik Enerjisinin Ötürülməsi Sistemi Operatorları Şəbəkəsinin (ENTSO-E) açıqlamasına görə, Ayın Günəşin qarşısından keçməsi nəticəsində Avropanın geniş hissəsində Günəş enerjisindən elektrik istehsalı müvəqqəti olaraq azalacaq.
Açıq səma şəraitində Avropa üzrə fotovoltaik elektrik enerjisi istehsalında 9,7 giqavata qədər azalma baş verə biləcəyi hesablanır. İstehsalda sürətli, lakin əvvəlcədən proqnozlaşdırıla bilən dəyişikliklərin Mərkəzi Avropa Yay vaxtı ilə saat 19:15-21:30 arasında baş verəcəyi gözlənilir.
Günəş enerjisi hesabına elektrik enerjisi istehsalına ən böyük təsirin İspaniya və Almaniyada müşahidə olunacağı proqnozlaşdırılır.
Günəş tutulmasının elektrik enerjisi sistemi baxımından əsas təsiri istehsalın müvəqqəti azalması ilə yanaşı, bu dəyişikliklərin qısa müddət ərzində baş verməsi ilə bağlıdır. Elektrik enerjisi sistemində istehsal və istehlakın daim balansda saxlanılması tələb olunduğundan, günəş enerjisi istehsalında baş verən sürətli dəyişikliklər sistem operatorlarının real vaxt rejimində idarəetməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Tutulma davam etdikcə Günəş enerjisi istehsalının azalması, Ayın Günəşin qarşısından çəkilməsi ilə isə istehsalın yenidən artması gözlənilir. Bu səbəbdən sistem operatorları həm istehsaldakı azalmanı, həm də tutulmadan sonra baş verəcək sürətli bərpa prosesini idarə etməli olacaqlar.
ENTSO-E və Avropadakı elektrik enerjisinin ötürülməsi sistemi operatorları tutulma zamanı elektrik sisteminin təhlükəsiz və sabit fəaliyyət göstərməsini təmin etmək məqsədilə bir sıra əlaqələndirilmiş tədbirlər həyata keçirib.
Həmin çərçivədə idarəetmə mərkəzlərində çalışan operatorlara tutulmanın gözlənilən təsirləri barədə əvvəlcədən məlumat verilib. Elektrik enerjisi bazarının iştirakçılarına da Günəş enerjisi istehsalında gözlənilən azalma ilə bağlı məlumat təqdim olunub.
Yerli sistem operatorlarının real vaxt rejimində qərar qəbul etmə proseslərini dəstəkləmək məqsədilə meteoroloji xidmət təminatçılarından əlavə və yenilənmiş fotovoltaik istehsal proqnozları əldə edilir.
Elektrik enerjisinin ötürülməsi sistemi operatorları, həmçinin tutulmanın baş verəcəyi dövrdə əməliyyat çevikliyini mümkün olan ən yüksək səviyyədə saxlamaq məqsədilə əvvəlcədən planlaşdırılmış şəbəkə kəsintilərindən qaçınırlar.
ENTSO-E hazırlıqları əlaqələndirmək, vəziyyəti izləmək və tutulmadan əvvəl və sonra Avropadakı sistem operatorları arasında məlumat mübadiləsini təmin etmək məqsədilə xüsusi işçi qrupunu fəaliyyətə keçirib.
Avropa Elektrik Enerjisinin Ötürülməsi Sistemi Operatorları Şəbəkəsinin məlumatına görə, Günəş enerjisi Avropanın elektrik enerjisi istehsalı strukturunun mühüm elementlərindən birinə çevrilib və 2025-ci ildə Avropa İttifaqında ümumi elektrik enerjisi istehsalının təxminən 13 faizini təşkil edib.
Bərpaolunan enerji mənbələrinin elektrik enerjisi sistemində payının artması ilə hava şəraiti və təbii hadisələrdən qaynaqlanan qısamüddətli istehsal dəyişikliklərinin əvvəlcədən proqnozlaşdırılması və idarə edilməsi də şəbəkənin təhlükəsizliyi baxımından daha böyük əhəmiyyət kəsb edir.
ENTSO-E bildirir ki, Avropanın enerji keçidini davam etdirməsi ilə bərpaolunan enerji istehsalında baş verən qısamüddətli dalğalanmalara operativ reaksiya vermək imkanları təhlükəsiz, etibarlı və səmərəli elektrik enerjisi sisteminin fəaliyyətinin əsas elementlərindən biri olacaq.
Şəbəkə çərçivəsində fəaliyyət göstərən 40 elektrik enerjisi ötürülməsi sistemi operatoru 36 ölkəni təmsil edir. Bu operatorlar Avropanın bir-biri ilə əlaqəli elektrik enerjisi sisteminin təhlükəsiz və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsinə cavabdehdir.