Kürdəmir rayonunda Mərkəzi Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Kürdəmir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən görüşdə kənd təsərrüfatı, balıqçılıq, arıçılıq, heyvandarlıq və s. sahələrdə fəaliyyət göstərən 110-a yaxın sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Elşən Həsənli və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov rayonda sahibkarlıq fəaliyyəti, mövcud biznes imkanlarının reallaşdırılması üçün dövlət dəstəyi mexanizmləri və təşviq alətləri barədə məlumat veriblər.
Qeyd edilib ki, ölkənin iqtisadi potensialının reallaşdırılması üçün dövlət dəstəyi tədbirlərinin əhatə dairəsi genişləndirilir və sahibkarlara yeni dəstək alətləri təqdim olunur. Sahibkarlar bu dəstək mexanizmlərindən yararlanmaqla Mərkəzi Aran iqtisadi rayonunun, o cümlədən Kürdəmir rayonunun kənd təsərrüfatı və emal sənayesi üzrə imkanlarını yeni biznes təşəbbüslərinə çevirə, mövcud sahibkarlıq fəaliyyətlərini genişləndirə bilərlər. Tədbir zamanı sahibkarlar ölkədə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa və yeni biznes təşəbbüsləri irəli sürməyə dəvət ediliblər.
Görüşdə sahibkarlarla yeni suvarma sistemlərinin tətbiqi və arıçılıq üçün güzəştli kreditin alınmasına dəstək, torpaqların təyinatının dəyişdirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib, sualları cavablandırılıb.
KOBİA nümayəndələri, həmçinin Kürdəmirdə intensiv bağçılıq təsərrüfatında olub, sahibkarlarla yerli biznesin inkişafı və gələcək planlarına dair fikir mübadiləsi aparıblar.