Azərbaycanın təşəbbüslərinin Ağ Evin güclü dəstəyi ilə birləşməsi Cənubi Qafqazda yeni rifah dövrünün başlamasına yol açıb
Ötən il avqustun 8-də Vaşinqtonda Ağ Evin evsahibliyi ilə keçirilmiş üçtərəfli sammit Cənubi Qafqazın geosiyasi xəritəsini kökündən dəyişdirən, regionda 30 ildən artıq davam edən münaqişəyə tamamilə son qoyan diplomatiya zəfəridir. Eyni zamanda Azərbaycan-ABŞ əlaqələrini pik nöqtəsinə çatdıran tarixi Zirvənin birillik ildönümündə Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa ünvanladığı məktub və aparılan telefon danışığı ötən bir ilin yekunlarına baxış və gələcək strateji hədəflərin təsbit olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Sülhün real faydaları
ABŞ-nin Cənubi Qafqazda normallaşma prosesinə birbaşa dəstəyi sülhün əldə edilməsində həlledici amil oldu. Donald Trampın vasitəçiliyi və şahidliyi ilə imzalanan sənədlər, o cümlədən əldə olunan mühüm razılaşmalar bölgədə dayanıqlı sülhün təməlini qoydu. Ötən ilin avqustunda Vaşinqtonda "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in mətni rəsmən paraflandı.
İmzalanan Birgə Bəyannamə ilə münaqişənin keçmişdə qaldığı təsdiq edildi, beynəlxalq sərhədlərin toxunulmazlığı və güc tətbiq etmənin yolverilməzliyi prinsipləri əsasında yeni qonşuluq münasibətlərinin bünövrəsi qoyuldu.
8 avqust zirvəsində tərəflər Minsk qrupunun və onunla əlaqədar strukturların tam ləğvi üçün ATƏT-in baş katibinə birgə müraciət ünvanladılar.
TRIPP layihəsinin (Zəngəzur dəhlizi) reallaşması ilə bağlı razılaşmanın əldə olunması Vaşinqton Zirvəsinin ən mühüm nailiyyətlərindəndir. Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq bu layihə Orta dəhlizin ən mühüm halqasına çevrilərək Avrasiya nəqliyyat şəbəkəsini yenidən formalaşdırır.
Prezident İlham Əliyev ABŞ liderinə ünvanladığı məktubunda Vaşinqton Zirvə görüşünün rolunu xüsusi qiymətləndirərək yazıb: "Bir il əvvəl Siz öz üzərinizə məsul tarixi missiyanı götürərək Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində dönüş nöqtəsi yaratdınız. Qətiyyətiniz və sarsılmaz iradəniz sayəsində Siz üç onillik ərzində davam edən münaqişənin tamamilə sona çatmasına, xalqlarımız üçün barışığın və qarşılıqlı tərəfdaşlıq dövrünün əsasını qoymağa nail oldunuz".
Vaşinqton razılaşmalarından keçən bir il ərzində regionda təhlükəsizlik və iqtisadi inteqrasiya sahəsində mühüm irəliləyişlər qeydə alınıb. Ən əsası sərhəd xəttində sülhə xələl gətirə biləcək heç bir ciddi hərbi insident baş verməyib.
Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətlər aradan qaldırılıb. Azərbaycan neft məhsulları, eləcə də üçüncü ölkələrdən taxıl və digər mallar Azərbaycan üzərindən Ermənistana nəql edilməyə başlayıb.
TRIPP layihəsi üzrə Azərbaycan ərazisindəki nəqliyyat infrastrukturunun tikintisi başa çatmaq mərhələsindədir, Ermənistan ərazisində isə işlərin tezliklə başlaması gözlənilir.
Prezident İlham Əliyev məktubunda sözügedən inkişaf dinamikasını belə ifadə edib: "Bu gün Azərbaycan cəmiyyəti artıq bölgədə formalaşmış yeni reallıqda və sülh mühitində yaşamağa uyğunlaşır. Ötən il ərzində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin inkişafı baxımından vacib işlər görüldü... ...Biz sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur, onu daha da möhkəmləndirmək və əməli fəaliyyətə çevirmək, qarşılıqlı etimad mühitini formalaşdırmaq üçün səylərimizi davam etdiririk".
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının ən yüksək mərhələsi
İki ölkə lideri - İlham Əliyevin və Donald Trampın şəxsi dostluğu və siyasi iradəsi sayəsində Bakı ilə Vaşinqton arasında 34 ildən çox tarixi olan diplomatik münasibətlər hazırda ən yüksək zirvəyə çatıb. ABŞ rəhbərliyi tərəfindən "Azadlığı Müdafiə Aktı"na 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması da tarixi ədalətin bərpası və Vaşinqtonun Bakıya olan strateji etimadının göstəricisidir.
Vaşinqton Sammitindən sonra ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfəri çərçivəsində ticarət, energetika, süni intellekt, nəqliyyat və təhlükəsizlik sahələrini əhatə edən Strateji Tərəfdaşlıq Xartiyası imzalandı.
Cari il avqustun 8-də Ağ Ev rəhbəri ilə Prezident İlham Əliyevin telefon danışığı zamanı da Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığa dair sənədin imzalanması tarixi hadisə kimi qiymətləndirilib, Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni yüksək səviyyəyə qalxdığı, strateji mahiyyət daşıdığı vurğulanıb və bunun da geniş bir bölgədə sülhə, sabitliyə töhfə verdiyi qeyd olunub.
Prezident İlham Əliyev ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin çatdığı bu yüksək səviyyəni Donald Trampa ünvanladığı məktubunda belə vurğulayıb: "Fəxrlə deyə bilərik ki, Azərbaycan-ABŞ əlaqələrinin bugünkü səviyyəsi 34 illik diplomatik münasibətlərinin tarixində ən yüksək zirvədə qərarlaşmışdır... ... Biz bundan sonra da Azərbaycan ilə ABŞ arasında dostluğa, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanan əlaqələri və strateji tərəfdaşlığı genişləndirmək və yeni məzmunla zənginləşdirmək əzmindəyik".
Vaşinqton Zirvə görüşündən ötən bir il sübut etdi ki, Cənubi Qafqazda bərqərar olan sülh müvəqqəti siyasi vəziyyət deyil, dönməz xarakter daşıyan tarixi reallıqdır.
Yeri gəlmişkən, vurğulayaq ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən dövlətimizin başçısının G20 sammitinə dəvət edilməsi ölkəmizin beynəlxalq nüfuzunun və regional liderliyinin göstəricisidir.
Azərbaycanın ardıcıl və məqsədyönlü sülh səylərinin ABŞ-nin güclü dəstəyi ilə birləşməsi Cənubi Qafqazda sabitliyin bərqərar olunmasına və bütün bölgə üçün yeni rifah dövrünün başlamasına yol açıb. Bu gün artıq insanlarımız münaqişə və qarşıdurmanın deyil, dinc yanaşı yaşamanın, ortaq iqtisadi inkişafın bəhrələrini görməyə başlayıblar.
Eyni zamanda Bakı ilə Vaşinqton arasında formalaşan strateji tərəfdaşlıq keyfiyyətcə yeni bir mərhələyə yüksəlib. Azərbaycan və ABŞ-nin təhlükəsizlik, enerji, nəqliyyat və qabaqcıl texnologiyalar sahəsində güclənən tərəfdaşlığı yalnız ikitərəfli münasibətlərə deyil, ümumilikdə geostrateji balansa və qlobal nəqliyyat dəhlizlərinin təhlükəsizliyinə mühüm töhfə verir. Bütün bunlar göstərir ki, 2025-ci il 8 avqust tarixi təkcə diplomatik razılaşma kimi deyil, Cənubi Qafqazın qlobal inteqrasiyaya qədəm qoyduğu parlaq səhifə kimi tarixdə qalacaq.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"