Süni intellekt texnologiyaları qlobal iqtisadiyyatı sürətlə dəyişdirir. Lakin bu texnoloji yenilənmə dünya üzrə bərabər paylanmır və mövcud sosial-iqtisadi bərabərsizlikləri daha da dərinləşdirmək riski daşıyır.
Beynəlxalq Əmək Təşkilatının məlumatlarına əsasən, dünyada çalışan əhalinin təxminən 60 faizi, yəni 2 milyarddan çox insan qeyri-rəsmi iqtisadiyyatda (sürücü, kuryer və s.) fəaliyyət göstərir. İnkişaf etməkdə olan ölkələrdə bu göstərici 80 faizi ötür. Qlobal səviyyədə süni intellektin tətbiqi və istifadəsi regionlar üzrə fərqlənir. "Microsoft" şirkətinin "Süni İntellektin Yayılması Hesabatı"nın göstəriciləri bu qlobal mənzərəni açıq şəkildə nümayiş etdirir. Belə ki, Şimali Amerikada süni intellektin tətbiqi 26,4 faiz, Avropada 25,5 faiz, Okeaniyada 17,7 faiz, Asiyada 16,6 faiz, Cənubi Amerikada 13,8 faiz, Afrikada isə 9,1 faiz təşkil edir. İnkişaf etmiş regionlarda süni intellekt əsasən formal sektorun, texnologiya və xidmət sahələrinin məhsuldarlığını artırır. İnkişaf etməkdə olan ölkələrdə isə əhalinin böyük hissəsi qeyri-rəsmi iqtisadiyyatda çalışdığı üçün bu üstünlüklərdən kənarda qalır.
Süni intellektin qeyri-rəsmi sektora təsiri dünyanın müxtəlif bölgələrində fərqli formalarda özünü göstərir. Latın Amerikasında məşğulluğun yarısından çoxu qeyri-rəsmidir. Braziliya ilə Meksika kimi ölkələrdə isə süni intellekt daha çox e-ticarət və rəqəmsal ödəniş sistemləri vasitəsilə kiçik sahibkarlara inteqrasiya olunur. Cənubi və Cənub-Şərqi Asiyada, xüsusilə Hindistan, İndoneziya və Vyetnamda qeyri-rəsmi məşğulluq 70-80 faiz təşkil edir. Hindistanda isə rəqəmsal dövlət infrastrukturu süni intellekt alətləri ilə birləşərək milyonlarla qeyri-rəsmi işçini rəqəmsal maliyyə sisteminə cəlb edir. Avropa və Şimali Amerikada bu sektor kiçik olsa da, rəqəmsal platformalarda çalışan sərbəst işçilərin (kuryerlər, sərbəst proqramçılar, taksi sürücüləri) sayı sürətlə artır. "Platforma iqtisadiyyatı" (Uber, Wolt, Bolt, Yango, Amazon və s.) çərçivəsində süni intellekt bu sahələrdə iş bölüşdürülməsini, sifarişlərin marşrutlaşdırılmasını, eləcə də dinamik qiymətləndirməni idarə edir.
Dünya üzrə əsas regionlarda formal və qeyri-rəsmi məşğulluğun təxmini nisbəti müxtəlifdir. İnkişaf etmiş ölkələrdə rəsmi məşğulluq 85-90 faiz, qeyri-rəsmi məşğulluq isə 10-15 faiz təşkil edir. Cənubi Asiyada rəsmi məşğulluq 12-15 faiz, qeyri-rəsmi məşğulluq 85-88 faiz arasındadır. Səhraaltı Afrikada rəsmi məşğulluq 15-19 faiz, qeyri-rəsmi məşğulluq 81-85 faiz təşkil etdiyi halda, Latın Amerikasında rəsmi məşğulluq 45-50 faiz, qeyri-rəsmi məşğulluq isə 50-55 faiz civarındadır. Qlobal qeyri-rəsmi iqtisadiyyatda çalışanların böyük hissəsi kənd təsərrüfatı, pərakəndə ticarət, tikinti və nəqliyyat kimi sahələrdə cəmləşib. Şəhərləşmənin sürətlənməsi ilə pərakəndə ticarət və xidmət sektorundakı qeyri-rəsmi işçilərin sayı hər il daha da artır, bu isə texnoloji həllərin məhz bu sahələrə uyğunlaşdırılmasını zəruri edir.
Bundan əlavə, süni intellektin yaratdığı imkanlardan qlobal qeyri-rəsmi iqtisadiyyatın da yararlanması üçün hədəfli addımlar atılmalıdır. İlk növbədə, dünyada savadlılıq səviyyəsi aşağı olan və ya yalnız yerli dillərdə danışan işçilər üçün çoxdilli, səsli və vizual süni intellekt tətbiqləri hazırlanmalıdır. Eyni zamanda internetə çıxışı zəif olan ölkələrdə süni intellekt alətlərinin yerli cihazlarda onlayn rejimdə işləməsi təmin olunmalıdır. Mikro-maliyyə və kredit diaqnostikası sahəsində süni intellekt vasitəsilə qeyri-rəsmi çalışan kiçik sahibkarların rəqəmsal izləri təhlil edilməli və onlar üçün bank kreditlərinə çıxış asanlaşdırılmalıdır. Beynəlxalq rəqəmsal infrastruktur istiqamətində isə qlobal ticarətdə transsərhəd rəqəmsal ödənişlər və data mübadiləsi sadələşdirilməlidir. Beləliklə, dünyada rəqəmsal fərqin dərinləşməməsi üçün süni intellekt strategiyaları 2 milyard qeyri-rəsmi çalışan insanı da əhatə etməlidir.
Təhminə VERDİYEVA,
"Azərbaycan"