İstənilən nəqliyyat dəhlizinin fəaliyyətinin təmin edilməsi üçün ilk növbədə infrastrukturun yaradılması və düzgün təşkil olunması lazımdır. Müasir dünyada elə coğrafi regionlar var ki, yüklərin həmin ərazidən daşınması məsafəni və nəqliyyat xərclərini azaldır. Lakin orada infrastruktur yoxdur və perspektivdə yaradılacağı da gözlənilmir. Əgər beynəlxalq yükdaşıma üçün məsafə və nəqliyyat xərci azdırsa, onda hansı səbəbdən infrastruktur yaradılıb dəhlizlər salınmır? Bu suala 2 aspektdən cavab vermək olar. Birincisi təhlükəsizlik məsələsidir ki, bu da ciddi yanaşma tələb edir. Hər hansı bir regionda münaqişə və silahlı toqquşmalar varsa, heç bir şirkət və dövlət buradan keçən yoldan istifadə etməz. Digər məsələ qeyd etdiyimiz kimi infrastrukturun olmamasıdır. Yəni region təhlükəli olduğu üçün sərmayə yatırılmır və infrastruktur yaradılmır.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Memarlıq və İnşaat Universitetinin nəqliyyat fakültəsinin dekanı, nəqliyyat üzrə ekspert Elçin Yusifzadə deyib.
Onun sözlərinə görə, prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan qələbə qazandıqdan sonra Zəngəzur dəhlizi təşəbbüsü ilə çıxış etdi və tez bir zamanda beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndi.
“Amerika və Avropa dövlətləri də Zəngəzur dəhlizinin real olduğunu bildirdilər. Dəhlizə qarşı beynəlxalq maraq yalnız regionda sülh prosesi başladıqdan sonra artdı. Digər bir məsələ isə yuxarıda qeyd etdiyimiz kimi infrastruktur məsələsidir. Məhz sabitlik yarandıqdan sonra ümumi uzunluğu 140,6 kilometr olan Horadiz-Ağbənd dəmir yolunun tikintisi başlandı. Tikintinin 85 faizi artıq yekunlaşıb. Başqa bir infrastruktur layihə avtomobil yoludur. Azərbaycan ərazisində Zəngəzur dəhlizinin tərkib hissəsi olan əsas avtomobil yolu 123,8 kilometr uzunluğunda 4 və 6 hərəkət zolaqlı Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd magistralıdır. Bu strateji yolun tikinti işləri sürətlə davam etdirilir”, - deyə Elçin Yusifzadə vurğulayıb.
Ekspert nəzərə çatdırıb ki, magistral yol tikintisinin mühüm layihə komponentlərindən biri tunellərdir: “Tunellər üzrə tikinti işləri artıq böyük ölçüdə tamamlanıb. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd magistralında şərti adları T1, T2 və T3 olan tunellərinin hər birində qazma, püskürtmə beton işləri artıq yekunlaşıb. Layihə üzrə ümumilikdə 28 körpü tikilir, bunlardan 16-ı su ötürücü, 12-si isə yol ötürücüdür. 19 körpünün tikintisi artıq yekunlaşıb, 8 körpüdə tikinti işləri davam edir. Zəngəzur dəhlizində təhlükəsizlik və infrastruktur - hər iki amil əks olunub. Dəhlizin keçdiyi ərazinin təhlükəsizliyi təmin olunub və yuxarıda göstərdiyimiz kimi infrastrukturu da hazırlanır. Bunları nəzərə alaraq Zəngəzur dəhlizinin yaxın illərdə istismara daxil olacağına şahidlik edəcəyik”.