12 Noyabr 2025 15:31
415
SİYASƏT
A- A+
Avropa telekanalı Bakı paradını işıqlandırıb 

Avropa telekanalı Bakı paradını işıqlandırıb 


Məlum olduğu kimi, Vətən Müharibəsindəki şanlı Qələbənin beşinci ildönümünü qeyd etmək üçün Bakının Azadlıq Meydanında keçirilən möhtəşəm hərbi parad aparıcı qlobal media orqanlarının diqqətini çəkib. 

Türkiyə, Pakistan,  Şimali Kipr, Rusiya, BƏƏ, Səudiyyə Ərəbistanı, İspaniya, Rumıniya, Bolqarıstan, Moldova, Gürcüstan  və  digər ölkələrin KİV-ində  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin nitqlərindən sitatlar, paradın Azərbaycan ordusunun hərbi qüdrətini tam şəkildə nümayiş etdirdiyini və Vətən Müharibəsi haqqında məlumat verdiyini vurğulayan məlumatlar yer alıb. 

Avropanın Euronews televiziya kanalı  noyabrın 8-də Bakıda keçirilən hərbi parad haqqında məqalə dərc edib. Yazıda bildirilir ki, Azərbaycan Qarabağ üzərində nəzarəti bərpa etməsinin beşinci ildönümünü qeyd edib. Bu, ölkə və bütün region üçün tarixi bir an olub, onilliklər davam edən qanlı münaqişənin faciəvi fəslini bitirib və sülhün yeni bir fəslinə qədəm qoyub.

Azərbaycan Prezidenti İlham Əliyev qələbənin strateji iqtisadi və hərbi nailiyyətlərin nəticəsi olduğunu qeyd edərək, Qarabağın bərpasının davam etdiyini vurğulayıb.

Azərbaycan lideri həmçinin münaqişə zamanı göstərdikləri dəstəyə görə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifə minnətdarlığını bildirib və Pakistan qoşunlarının paradda ilk dəfə iştirak etdiyini qeyd edib. 

"Bu, üç ölkənin - Azərbaycan, Türkiyə və Pakistanın xalqlarının və ordularının birliyinin təzahürüdür", - deyə İlham Əliyev bildirib.

Türkiyə Prezidenti Qarabağdakı qələbənin Asiya və Avropada geosiyasi tarazlığı dəyişdirdiyini və "bölgəmiz üçün yeni bir dövrün qapısını açdığını" qeyd edib.

"Biz heç bir kin saxlamırıq, amma keçmiş illərin əzablarının təkrarlanmasına imkan verməyəcəyik. Buna görə də biz bu qələbəni son deyil, Qafqazda uzunmüddətli sülhə doğru daha bir addım kimi görürük", - deyə Ərdoğan bildirib və əlavə edib ki, "Qafqazda sülhün təmin edilməsi bütün regionun çiçəklənməsinə xidmət edəcək".

Məqalədə qeyd olunur ki, ötən cümə axşamı Bakıda NATO nümayəndə heyəti ilə görüşdə İlham Əliyev Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu baxımdan Türkiyə ordusu ilə sıx əməkdaşlıq etdiyini bildirib. 

Azərbaycanın ittifaqla əməkdaşlığı, əvvəlki sülhməramlı əməliyyatlarda iştirakına əlavə olaraq, enerji təhlükəsizliyi və regional əlaqələri də əhatə edir.

Avqust ayında Azərbaycan və Ermənistan liderləri uzun müddətdir davam edən Qarabağ münaqişəsinə son qoymağı hədəfləyən bir müqavilə (birgə bəyannamə – red.) imzalayıblar.

Ağ Ev bildirib ki, müqavilənin bir hissəsi olaraq, ABŞ həmçinin Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) adlanacaq tranzit dəhlizinin qurulmasına kömək edəcək.

Bakı üçün dəhliz Naxçıvana birbaşa quru yolu ilə əlaqə təmin edir, Türkiyə ilə əlaqələri gücləndirir və infrastruktur diplomatiyası vasitəsilə müharibədən sonrakı qazancları möhkəmləndirir. Bu, həmçinin Azərbaycanın əsas qlobal nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirir.

İrəvan üçün bu nəqliyyat marşrutu daha geniş ticarət şəbəkələrinə inteqrasiya olmaq, iqtisadiyyatını şaxələndirmək və xarici investisiyaları cəlb etmək imkanı təqdim edir. Geosiyasi baxımdan, bu, Ermənistana qonşuları, xüsusən də Türkiyə ilə münasibətlərini normallaşdırmağa da kömək edəcək", - deyə məqalədə bildirilir.

Qazaxıstanın nüfuzlu  media orqanları Bakıda keçirilən Qələbə Günü paradını geniş şəkildə işıqlandırıblar. Tengrinews.kz, informburo.kz, time.kz və digər saytlarda dərc olunmuş reportajlarda bu barədə ətraflı məlumat  yer alıb.

Qələbə Günü paradında Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarından sitatlar gətirilib. 

Yazılarda bildirildiyi kimi, Paradda 3000-dən çox şəxsi heyət iştirak edib və müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də döyüş gəmiləri və qayıqlar da daxil olmaqla 150-yə qədər hərbi texnika nümayiş etdirilib.


Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!