Avqust və sentyabr aylarında Argentinanın qarğıdalı ixracının rekord göstəriciyə - ümumilikdə 10 milyon tona çatacağı gözlənilir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, dünyanın üçüncü ən böyük qarğıdalı ixracatçısı olan Argentinada 2025-2026-cı illərin məhsulunun yığımı başa çatır. Rəsmi məlumatlara görə, istehsalın 71,7 milyon tona çatacağı proqnozlaşdırılır. Bu, 5 il əvvəl qeydə alınan rekord göstəricidən təxminən 20 faiz çoxdur.
Argentina Taxıl İxracatçıları və Emalçıları Assosiasiyasının prezidenti Qustavo İdiqoras ölkə qarğıdalısının həm qiymət, həm də istehsal göstəricisi baxımından rəqabətədavamlı olduğunu bildirib. O qeyd edib ki, avqust-sentyabr ayları üçün normal ixrac həcmi təxminən 3 milyon ton olub.
Ekspertlərin fikrincə, Qara dəniz üzərindən taxıl daşınmasında baş verən fasilələr və Avropada həddindən artıq istilər qlobal qarğıdalı ticarətinin gedişatını dəyişdirib. Argentinanın ixracında rekord gözlənti güclü məhsul istehsalı və Ukraynaya alternativ axtaran ölkələrin artan tələbatı ilə bağlıdır. İxracın artımının əsas mənbəyi əvvəllər Ukraynadan taxıl idxal edən Şimali Afrika ölkələri olub.
Argentina Milli Statistika və Siyahıyaalma İnstitutunun məlumatlarına görə, ölkənin Şimali Afrikaya qarğıdalı ixracı cari ilin ilk 7 ayında 45 faiz artaraq 6,5 milyon tona çatıb. Eyni dövrdə ümumi qarğıdalı ixracında artım 15 faiz səviyyəsində olub. Mərakeşin Argentinadan qarğıdalı idxalı illik müqayisədə 133 faiz artaraq 1,55 milyon tona çatıb. Misirin qarğıdalı idxalı 48 faiz artaraq 2,4 milyon ton olub. Əlcəzairin idxalı 10 faiz artaraq 2,4 milyon ton təşkil edib.
Bundan başqa, Braziliyadakı proseslər də Argentinanın ixracının artmasına səbəb olub. Dünyanın ikinci ən böyük qarğıdalı ixracatçısı olan Braziliyada daşınmalar son 3 ildə rekord səviyyədə olan 53 milyon tondan təxminən 20 faiz azalıb. İxrac üçün nəzərdə tutulan qarğıdalının əsas hissəsi Braziliyanın inkişaf edən etanol sənayesində istifadə olunur. Ölkədə şəkər qamışı və ya qarğıdalı istifadə edərək fəaliyyət göstərən 300-dən çox etanol istehsalı müəssisəsi var. Braziliyanın qarğıdalı istehlakı 2025-2026 mövsümündə 7,1 faiz artaraq 98 milyon tona çatıb. Braziliyanın ixrac üçün ayıra biləcəyi qarğıdalı miqdarının azalması argentinalı ixracatçılar üçün yeni ticarət imkanları yaradıb.