Alimlər dünya okeanlarının son vaxtlar sürətlə isinməsinin qlobal istiləşməni artıracağı ilə bağlı həyəcan təbili çalıblar. Bu ay qlobal dəniz səthində yeni rekord səviyyədə yüksək temperatur qeydə alınıb. Tədqiqatçılar bildiriblər ki, dünya okeanları heç vaxt bu qədər tez isinməmişdi.
AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, elm adamları bunun niyə baş verdiyini tam izah edə bilmirlər. Lakin onlar narahatdırlar ki, digər hava hadisələri ilə birlikdə gələn ilin sonuna qədər dünyanın temperaturu yeni yüksək səviyyəyə çata bilər. Eyni zamanda, mütəxəssislər hesab edirlər ki, güclü “El Nino” iqlim hadisəsi - okeanı qızdıran hava sistemi də növbəti aylarda başlayacaq.
Daha isti okeanlar dəniz canlılarını məhv edə, daha ekstremal hava şəraitinə gətirib çıxara və dəniz səviyyəsini yüksəldə bilər. Onlar, həmçinin planeti istiləşdirən istixana qazlarını udmaqda daha az səmərəlidir. Keçən həftə nəşr olunan mühüm yeni araşdırma da narahatedici bir inkişafı vurğulayır. Belə ki, son 15 il ərzində Yer əvvəlki 45 ildə olduğu kimi çox istilik toplayıb və əlavə enerjinin böyük hissəsi okeanlara gedir. Bunun dünya üçün real nəticələri var. Bu ilin aprelində nəinki okeanların ümumi temperaturu yeni rekorda imza atıb, həm də bəzi bölgələrdə uzun müddətdən sonra böyük fərq yaranıb. Bu ilin martında Şimali Amerikanın şərq sahillərində dəniz səthinin temperaturu 1981-2011-ci illərin orta göstəricisindən 13,8 dərəcə yüksək olub.
Yeni araşdırmanın aparıcı müəllifi və “Mercator Ocean İnternational” tədqiqat qrupunun okeanoloqu Karina Fon Şukmann deyib: “Belə sürətli dəyişikliyin baş verməsi səbəbi hələ dəqiq müəyyən edilməyib. Biz son 15 ildə iqlim sistemindəki istiliyi iki dəfə artırdıq, bunun iqlim dəyişikliyi, təbii dəyişkənlik və ya hər ikisinin sintezi olduğunu söyləmək istəmirəm, çünki hələ bunu bilmirik. Amma biz bu dəyişikliyi görürük”.
Maraqlısı odur ki, okeanlara gedən istiliyin səviyyəsinə təsir edə biləcək amillərdən biri gəmiçilikdən gələn çirklənmənin azalmasıdır. 2020-ci ildə Beynəlxalq Dəniz Təşkilatı gəmilər tərəfindən yandırılan yanacağın tərkibindəki kükürdün miqdarını azaltmaq üçün bir tənzimləmə tətbiq edib. Bu, atmosferə atılan aerozol hissəciklərinin miqdarını azaltmaqla sürətli təsirini göstərib. Lakin havanı çirkləndirən aerozollar istiliyi yenidən kosmosa əks etdirməyə kömək edir, onları çıxarmaq isə daha çox istiliyin sulara daxil olmasına səbəb ola bilər.
Elm adamlarını narahat edən digər mühüm amil “El Nino” cənub dalğası kimi tanınan hava hadisəsidir. Son üç il ərzində təbii olaraq baş verən bu hadisə daha soyuq mərhələdə olub və qlobal temperaturun nəzarətdə saxlanmasına kömək edib. Lakin tədqiqatçılar indi inanırlar ki, dünya üçün əhəmiyyətli təsirləri olacaq güclü “El Nino” formalaşır.
Avstraliyanın Meteorologiya bürosundan Hyu MakDovel bildirib ki, güclü “El Nino” bu şəkildə davam edərsə, bütün iqlim modelləri daha güclü bir hadisəyə doğru meyil edəcək. O xəbərdarlıq edib ki, ilin bu nöqtəsində proqnozlar daha az etibarlıdır.
Alimlər qeyd edirlər ki, artıq Peru və Ekvador sahillərində yaranan “El Nino” dalğası qlobal temperaturlara təsir göstərəcək. Potsdam İqlim Tədqiqatları İnstitutundan Josef Ludeşer bildirib ki, əgər bunun üzərinə yeni bir “El Nino” dalğası çıxsa, yəqin ki, bizdə 0,2-0,25 Selsi əlavə qlobal istiləşmə olacaq. “Hər hansı “El Nino”nun pik nöqtəsindən bir neçə ay sonra temperatura təsir azalır, buna görə də 2024-cü il, ehtimal ki, tarixdə ən isti il olacaq”, - deyə alim vurğulayıb.