Ana təbiət öz bərəkət boğçasını Qarabağda səxavətlə açıb. Geniş tarlalar başdan-başa ağ örpəyə bürünüb. Bar-bərəkət fəsli payız bolluq soraqlı gəlişiylə taleyi torpağa, halal zəhmətə bağlı insanların ovqatına nikbin notlar qatıb. Aylardan bəri çəkilən zəhmətin, axıdılan alın tərinin yetirdiyi bol sərvət kəndlinin sabahkı firavan həyatından, xoş güzəranından soraq verir. Şeirlərdə, nəğmələrdə uzun illər boyu "ağ qızıl" kimi tərənnüm edilən pambıq sözün həqiqi mənasında bu yerlərin qiymətli sərvətidir.
Ölkəmizin qabaqcıl pambıqçılıq rayonu kimi şöhrət qazanmış Ağcabədidə bu sahənin inkişafına böyük önəm verilir, yeni hədəflərə çatmaq üçün zəruri tədbirlər görülür. Mütərəqqi texnologiyalardan, innovativ üsullardan, qabaqcıl təcrübədən, eyni zamanda mövcud potensialdan və əmək ehtiyatlarından səmərəli istifadə öz müsbət nəticələrini verir.
Ötən təsərrüfat ilində rayonun fermerləri 11492,7 hektar sahədə pambıq əkib-becərmiş, hər hektarın orta məhsuldarlığını 31,5 sentnerə çatdıraraq nəticədə 36250 ton pambıq istehsalına nail olmuşlar. Bu, ölkənin pambıqçılıq rayonları arasında ən yüksək nəticələrdən idi.
Ağcabədidə pambıqçılığın inkişafı üçün yaradılmış əlverişli şərait ölkədə bu sahə ilə məşğul olan şirkət və cəmiyyətlərdə böyük maraq doğurur. Cari təsərrüfat ilində "MKT-İK" MMC-nin Ağcabədi filialı üzrə 5040,5, "Azərpambıq" MMC-nin rayon filialı üzrə 3978, "P-Aqro" MMC-nin yerli müəssisəsi üzrə 2700, "MKT-İK" MMC-nin Ağcabədi innovasiya filialı üzrə 400 və "Cotton Trade" MMC üzrə 993 hektar olmaqla rayon üzrə bütövlükdə 13112 hektar pambıq əkilmiş, aqrotexniki qaydaların optimal müddətlərdə və keyfiyyətlə yerinə yetirilməsi sayəsində bol məhsul yetişdirilmişdir.
Rayonun təsərrüfatlarında pambıq yığımı yenicə start götürmüşdür. İlk günlərin nəticələri fərəhlidir. Böyük zəhmət bahasına hasilə gələn məhsulu tez və itkisiz yığıb təhvil vermək üçün bütün qüvvələr səfərbər edilmişdir. Ötən illər olduğu kimi, cari mövsümdə də məhsulun yığılmasında texnikaya üstünlük verilir. Məhsul yığımına 60 pambıqyığan kombayn cəlb olunacaq. Yığım kampaniyasına 334 lafet, 131 nəqliyyat traktoru, 36 çiləyici, 15 yükləyici qoşulmuşdur. Keçən illə müqayisədə əlavə olaraq 6 yeni pambıqyığan kombayn, 28 yeni lafet alınıb gətirilmişdir.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov dövlət səviyyəsində pambıqçılığın inkişafına verilən böyük önəmin sosial-iqtisadi əhəmiyyəti ilə bağlı maraqlı fikirlər söyləyir:
- Prezident İlham Əliyev illər öncə ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ilə bağlı qarşıya məsul vəzifələr qoydu, ciddi tapşırıqlar verdi. Dövlət başçısının uzaqgörənliyini bu gün zaman birmənalı şəkildə təsdiq edir. Bunu Ağcabədinin timsalında tam aydınlığı ilə görmək mümkündür. İndi rayonumuzun kəndlərində əhalinin böyük əksəriyyəti az qala pambıqçılıq üzrə mütəxəssisdir desək, mübaliğə olmaz. Hələ sovet dönəmində, kolxoz zamanında formalaşan əkinçilik mədəniyyəti, qazanılan zəngin təcrübə bu gün əməlli-başlı kara gəlir. Dövlət başçısı aqrar sektoru inkişaf etdirmək üçün yeni və mühüm tapşırıqlar verərkən, yeni hədəflər müəyyən edərkən təbii ki, bölgələrin spesifik xüsusiyyətlərini, kənd əhalisinin psixologiyasını, peşə vərdişlərini ciddi surətdə nəzərə almışdır. Bizim yolumuz bazar iqtisadiyyatıdır. Pambığın isə sabit və etibarlı bazarı vardır. Çünki pambıq strateji məhsuldur. Dəfələrlə şahidi olmuşuq ki, torpaq mülkiyyətçiləri soğan əkininə üstünlük verir, bəzən problemlərlə üzləşirlər. Çox əkildiyindən alıcı tapılmır. Nəticədə əkinçi ziyana düşür, növbəti təsərrüfat işlərini görməyə zəruri olan maddi imkanlarını itirir. Bunu təkcə soğan haqqında yox, qarpız, kartof, başqa tərəvəz məhsulları haqqında da demək olar.
Rafil Hüseynov söhbətinə davam edərək deyir ki, aqrar sektoru inkişaf etdirməyə çalışırıqsa, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsini öyrənməyə böyük önəm verməliyik: "Bu, seleksiya, toxumaçılıq, damazlıq, məhsuldar texnikaya, inovativ metodlara üstünlük verilməsi və bir sıra digər vacib məsələləri əhatə etməlidir. Torpaq mülkiyyətçisinə nə əkib becərməsi barədə dövlət sifarişi verilməsi ənənəsini yarada bilsək, bunun ümumi işimizə böyük səmərəsi olar. Kəndli arxayın olar ki, zəhmət bahasına, xərclədiyi xeyli vəsait hesabına hasil etdiyi məhsul əlində qalmayacaq. Etibarlı bazar kəndlinin gücünə güc qatacaq, onu daha həvəslə işləməyə ruhlandıracaqdır. Nəticə etibarilə məhsul bolluğu yaranacaq, ərzaq təhlükəsizliyi etibarlı şəkildə təmin olunacaqdır".
Payız şıltaq fəsildir. Bəzən hava bir anın içində dəyişir, külək əsir, yağış yağır. Əlverişli keçən hər gündən maksimum səmərəli istifadə etmək, tarlaların məhsulunu ən qısa zamanda yığmaq üçün Ağcabədi kəndlisi səfərbərdir. Sahələrin məhsulunu maşınla yığıma hazırlamaq üçün qrafik əsasında kolların yarpağını tökməkdən ötrü dərmanlama işləri aparılır. Bu zaman kolların inkişaf fazası və yığım texnikasının imkanları ciddi şəkildə nəzərə alınır.
Rayonun qabaqcıl fermerlərindən sayılan Abdulla Həsənovun sahəsində məhsul yığımının gedişi ilə tanış oluruq. Söhbət zamanı öyrənirik ki, fermer təsərrüfatının üzvləri keçən il 108 hektar pambıq əkib-becərmiş, 515 sentner məhsuldarlığa nail olaraq 557 ton məhsul istehsal etmişlər. Bu il isə əkin sahələrini genişləndirərək 120 hektara çatdırıblar. Abdulla Həsənov deyir ki, məhsul bu il də boldur, 600 tondan çox pambıq istehsal edəcəkləri realdır.
Ağcabədidə qabaqcıl pambıqçılardan söz düşəndə Məhəmməd İsmayılovun, Etibar Şirinovun, İsgəndər Hüseynovun, Əmir Quliyevin adları hörmət və ehtiramla çəkilir. Təkcə bir fakt: Əmir Quliyevin təsərrüfatında məhsulu yığılmış 5 hektar sahənin orta məhsuldarlığı artıq 54 sentnerdir.
Ağcabədidə pambıqçılığın inkişafı istiqamətində atılan hər uğurlu addım rayon iqtisadiyyatının möhkəmlənməsinə, əhalinin faydalı məşğulluğunun təmin edilməsinə, həyat səviyyəsinin yüksəlməsinə, gün-güzəranının yaxşılaşmasına əhəmiyyətli təsir göstərir. Əslində, dövlətin istəyi də elə budur. Ona görə bu istiqamətdə qayğı və diqqətini əsirgəmir. Ötən ilin nəticələrinə nəzər salsaq, fikirlərimiz daha da aydınlaşır. 2023-cü ildə tədarükçü şirkətlər rayonun təsərrüfatlarında 29 milyon manat dəyərində kondesya çəkidə pambıq qəbul etmişlər. Pambığın becərilməsində çəkilən xərclər çıxıldıqdan sonra fermerlerə 9,5 milyon manat vəsait ödənilmişdir. Buna dövlət tərəfindən pambıq istehsalına görə fermerlərə ödənilmiş 7 milyon manat məbləğində məhsul subsidiyasını da əlavə etsək, fermerlərin 16,5 milyon manat məbləğində xalis gəlir qazandığı aydınlaşar. Ümumilikdə, əldə olunmuş gəlirin 42 faizini dövlət tərəfindən verilən subsidiya təşkil edir.
Dövlətin güclü əlini kürəyində hiss edən Ağcabədi kəndlisi bu gün çox məmnundur və sabaha inamla baxır. İnanır kı, seçilən yol doğrudur. Bu yol taleyini torpağa, halal zəhmətə bağlayan hər kəsi təminatlı həyata qovuşdurur.
Lazım QULİYEV,
"Azərbaycan"