Azərbaycanın qədimdən qədim tarixi yerləri və təbiəti ilə zəngin olan bölgələri çoxdur. Bu bölgələr bənzərsizlikləri ilə həm yerli, həm də xarici turistləri cəlb edir.
Belə bölgələrimizdən biri də keçmiş tarixi ilə müasirliyi özündə qovuşduran Qəbələdir. Rayonda gəzməli və görməli yerləri saymaqla qurtarmaz. Hamısı da bir-birindən gözəl və bənzərsiz. Tufandağ Dağ-Xizək Kompleksi Qəbələdə turistlərin ən çox axın etdiyi istirahət məkanlarındandır. Burada qış ayları ağ dona bürünən dağların ətəklərində xizək sürmək, peşəkar və ya həvəskar traslarda əylənmək mümkündür. Yay və yaz aylarında isə kanat yolu ilə dağa qalxmaq, təmiz dağ havası udmaq, yüksəkliyə qalxdıqca qarşında kitab kimi açılan təkrarsız mənzərəni seyr etmək turistlərə xüsusi zövq verir. Bir sözlə, bura həm ekstremal idman həvəskarları, həm də ailəvi istirahət edənlər üçün ən münasib yerdir.
Qəbələnin cənub-şərqində yerləşən Nohurqışlaq gölünün gözəlliyini görməyə can atanların sayı da həmişə çox olur. Bu da səbəbsiz deyil. Gölü əhatə edən yaşıllıq zolağı, dağlar, bu dağlardan, yaşıllıqdan ətrafa yayılan təmiz və sərin hava turistlərin zövqünü oxşayır. Ayağını buraya qoyandan sonra bu gözəllikdən ayrılıb geri dönməyi unudursan. Ətrafda hökm sürən sakitlik bir anlıq təbiətin ritmini dinləməyə, düşüncələrinlə baş-başa qalmağa imkan yaradır. Sahili hündür dağların ətəyinə qədər uzanıb gedən gölün xırda ləpələri üzərində katamarana və ya kiçik qayığa minmək mümkündür. Gölün ətrafında turistlər üçün həm piknik etmək, şəkil çəkdirmək, həm də sadəcə oturub təbiətin səsinə qulaq asmaq, onun seyrinə dalmaq üçün əlverişli şərait yaradılıb. Odur ki, vaxtlarını təbiətin sakit qoynunda keçirmək arzusunda olanlar tez-tez Nohurqışlaq gölünün sahillərinə üz tuturlar, vaxtlarını bu gözəlliyin qoynunda keçirirlər.
Turistlərin, uşaqlı ailələrin ən çox üz tutduğu yerlərdən biri də Qəbələ Əyləncə Parkıdır. Park adrenalin dolu attraksionları və əyləncə zonaları ilə bura gələnləri valeh edir. Azərbaycanın ən böyük açıq hava əyləncə parklarından olan bu məkan yalnız uşaqların deyil, elə böyüklərin də sevimli istirahət və əyləncə yeridir. Karusellər, su attraksionları, elektron oyun salonları və kiçik zoopark turistlərin vaxtlarını səmərəli keçirmələrinə imkan verir. Parkın ərazisində restoran və kafelər də fəaliyyət göstərir.
Təbiət möcüzələrini seyr etməyi sevən turistlər üçün Qəbələdəki Yeddi Gözəl şəlaləsi əvəzsiz olduğu qədər də, qeyri-adi bir məkandır. Adı ərazidə yerləşən yeddi pilləli şəlalədən alınıb. Şəlalənin yerləşdiyi ərazi gözəlliyi ilə bərabər, təmiz dağ havası, yaşıl meşəlikləri və gur axan suyun səsi ilə qonaqları bir an içində sehrinə salır. Bir anlıq sanki keçmişə dönürsən, nağıllar aləminə düşürsən. Şəlaləyə gedib baxmaq, ona çatmaq üçün bir az yuxarı, dağa qalxmaq lazımdır. İlk baxışda bəlkə də, bu yorucu görünə bilər, amma yolboyu turistlərin qarşılaşdıqları mənzərələr onlara yorğunluqlarını unutdurur.
Qəbələnin Nic kəndi də turistlərin daha çox baş çəkdiyi yerlərdən biridir. Bu da səbəbsiz deyil, çünki Nic kəndi qədim alban kökündən olan udinlərin əsas yaşayış məskənidir. Kənddə qədim alban kilsələrini, Udin məbədlərini ziyarət etmək, udin mətbəxi ilə tanış olmaq və bu xalqın tarixini eşitmək çox maraqlıdır. Kənddə keçirilən ənənəvi ustad dərsləri, yemək təqdimatları və ekskursiyaları turistlərdə xoş təəssüratlar oyadır.
Tarixə böyük maraq göstərən turistlər və ziyarətçilər üçün Qəbələnin ən dəyərli ünvanlarından biri də Çuxur Qəbələ kəndidir. Daha doğrusu, kənddə yerləşən Qədim Qəbələ şəhərinin qalıqlarıdır. Məlumdur ki, bu ərazi 2500 illik tarixi özündə qoruyub yaşadır. Qədim Qəbələ Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Aparılan arxeoloji qazıntılar zamanı burada qədim qala divarları, saxsı qablar və digər tarixi əşyalar aşkarlanıb.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"