21 Avqust 2026 16:36
252
İQTİSADİYYAT
A- A+
Zaur Qardaşov: TRIPP Azərbaycan sahibkarları üçün yeni biznes modeli təklif edir

Zaur Qardaşov: TRIPP Azərbaycan sahibkarları üçün yeni biznes modeli təklif edir


Azərbaycanın nəqliyyat və logistika imkanlarının genişləndirilməsi baxımından TRIPP layihəsi regionda yeni perspektivlər formalaşdırır. Azərbaycanla Naxçıvanı Ermənistan ərazisindən birləşdirəcək bağlantının reallaşması ölkənin beynəlxalq nəqliyyat marşrutlarındakı mövqeyinə, sahibkarların xarici bazarlara çıxışına və regional iqtisadi əlaqələrə təsir göstərə biləcək mühüm amillərdən biri kimi qiymətləndirilir. Layihənin iqtisadi potensialı, onun Azərbaycan biznesi üçün yarada biləcəyi imkanlar və bu imkanlardan səmərəli istifadə üçün hansı şərtlərin vacib olduğu isə diqqətçəkən əsas məsələlərdəndir. Mövzu ilə bağlı iqtisadçı-ekspert, Kiçik və Orta Biznes Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- TRIPP layihəsi Azərbaycanın ixrac potensialına və yerli sahibkarların beynəlxalq bazarlara çıxış imkanlarına necə təsir göstərə bilər?

- Yeni marşrut Azərbaycanın ixrac coğrafiyasını genişləndirə, logistika xərclərini azalda və xüsusilə yüksək əlavə dəyərli məhsulların Avropa və digər xarici bazarlara çıxışını sürətləndirə bilər. Azərbaycanın beynəlxalq ticarət və logistika xəritəsində yeni mərhələnin başlanğıcı üçün mühüm imkan yaranır. Azərbaycanla Naxçıvanı Ermənistan ərazisindən birləşdirəcək və TRIPP kimi tanınan bağlantı layihəsi Cənubi Qafqazın nəqliyyat arxitekturasını dəyişməklə yanaşı, Azərbaycan sahibkarlarının xarici bazarlara çıxış imkanlarına da ciddi təsir göstərə bilər.

2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamədə əsas hissə ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsi üzrə səylər təsbit edilib. Sənəddə TRIPP layihəsinin Ermənistan ərazisində inkişaf etdirilməsi nəzərdə tutulub. 2026-cı ildə isə layihənin praktiki və institusional əsaslarının formalaşdırılması istiqamətində yeni addımlar atılıb. ABŞ və Ermənistan arasında TRIPP üzrə Çərçivə Sazişi imzalanıb. Sənəddə dəmir yolu, avtomobil yolu, neft-qaz kəmərləri, fiber-optik və elektrik infrastrukturu kimi müxtəlif bağlantı imkanları nəzərdə tutulur. Bu baxımdan TRIPP layihəsinə yalnız yeni avtomobil və ya dəmir yolu kimi baxmaq düzgün olmaz. Layihənin əsas iqtisadi əhəmiyyəti onun Azərbaycanın Şərq–Qərb ticarət marşrutlarında daha güclü mövqe qazanmasına və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun - Orta Dəhlizin mühüm bağlantılarından birinə çevrilməsinə imkan yaratmasıdır. Orta Dəhliz üzrə yükdaşımaları son bir ildə əhəmiyyətli artım göstərib. Ümumi yük həcmi təxminən 30-50 faiz artıb. Konteyner daşımaları (TEU) bəzi hesabatlara görə 2 dəfəyə yaxın artım (80-100 faiz) göstərib. Artımın əsas səbəbləri Rusiya marşrutuna alternativ axtarışı (Şimal Dəhlizinin zəifləməsi), Qırmızı dəniz və Süveyşdə təhlükəsizlik riskləri, Qazaxıstan–Xəzər–Azərbaycan logistikasının genişlənməsi, Bakı–Tbilisi–Qars xəttinin gücləndirilməsi, Çin–Avropa ticarətində “quru marşrutlara” marağın artmasıdır. Azərbaycan Prezidentinin rəsmi saytında da TRIPP-in Orta Dəhlizin növbəti mühüm seqmentinə çevrilə və Asiya ilə Avropa arasında yükdaşımaları genişləndirə biləcəyi qeyd olunur. Körfəzi də burada qeyd etmək yerinə düşərdi. Cari ilin avqust ayına olan məlumata görə, körfəzdən yalnız 9 yük gəmisi keçib. Ancaq ötən ilin eyni tarixində 153 gəmi keçmişdi. Körfəz təkcə neft və neft məhsullarının daşınması üçün deyil, həm də böyük yük dövriyyəsinə malikdir.

İxracatçı üçün marşrutun əhəmiyyəti yalnız coğrafi məsafə ilə ölçülmür. Əsas məsələ məhsulun nə qədər müddətə, hansı xərclə və nə qədər proqnozlaşdırıla bilən şəkildə alıcıya çatdırılmasıdır. Yeni bağlantının tam və səmərəli fəaliyyət göstərməsi halında Azərbaycan şirkətləri üçün Naxçıvan üzərindən Türkiyə və daha sonra Avropa bazarlarına çıxışın alternativ və daha çevik logistika imkanları yarana bilər. Bu, xüsusilə logistika xərclərinin məhsulun son qiymətində mühüm paya malik olduğu sahələr üçün əhəmiyyətlidir.

Digər tərəfdən, marşrutun multimodal olması, yəni avtomobil, dəmir yolu və gələcəkdə digər infrastruktur elementlərinin inteqrasiyası – sahibkara yükün xarakterindən asılı olaraq optimal nəqliyyat modelini seçmək imkanı verə bilər. TRIPP üzrə rəsmi çərçivə sənədində də məhz multimodal nəqliyyat bağlantısının yaradılması və regional ticarətin genişləndirilməsi məqsədi vurğulanır.

- TRIPP layihəsinin yaratdığı yeni logistika imkanlarından Azərbaycanın hansı məhsulları və sənaye sahələri daha çox faydalana bilər?

- TRIPP-in Azərbaycan ixracına təsiri bütün məhsullar üçün eyni olmayacaq. Ən böyük üstünlüyü logistika sürəti, çatdırılma müddəti və etibarlılığın mühüm olduğu məhsullardır.

1. Kənd təsərrüfatı və aqrar məhsullar - ilk növbədə, meyvə-tərəvəz, təzə və soyuducuds saxlanılan kənd təsərrüfatı məhsulları xüsusi potensiala malikdir. Azərbaycanın narı, pomidoru, xurması, alma, üzüm, gilas, ərik və digər meyvələri xarici bazarlara çıxarılarkən məhsulun təzəliyi əsas rəqabət üstünlüklərindən biridir. Məsələn, məhsulun daşınma müddətinin azalması ixracatçı üçün sadəcə logistika qənaəti deyil. Bu, itki və xarab olma riskinin azalması, daha yüksək keyfiyyətin qorunması və nəticədə daha yüksək satış qiyməti deməkdir. Bu səbəbdən TRIPP soyuducu yük daşımalarının logistikasının inkişafı ilə paralel şəkildə həyata keçirilərsə, Azərbaycanın aqrar ixracında ciddi artım potensialı yarada bilər.

2. Qida və emal sənayesi məhsulları - ikinci böyük qrup emal olunmuş qida məhsullarıdır. Şirələr, konservlər, qurudulmuş meyvələr, mürəbbələr, mineral sular, şirniyyat, bitki yağları, süd məhsulları və digər “Made in Azerbaijan” məhsulları üçün yeni marşrut Avropa və Türkiyə bazarlarına çıxışın diversifikasiyasına kömək edə bilər. Burada mühüm məqam ondan ibarətdir ki, sahibkar yalnız xammal ixrac etmək əvəzinə daha yüksək əlavə dəyərli hazır məhsul istehsal etməyə təşviq oluna bilər. Başqa sözlə, TRIPP təkcə nəqliyyat layihəsi deyil, Azərbaycan sənayesində məhsul strukturunun dəyişməsinə də stimul verə bilər.

3. Tekstil, geyim və yüngül sənaye - tekstil və geyim sektorunda çatdırılma müddəti xüsusilə əhəmiyyətlidir. Azərbaycan istehsalçısı Türkiyə və Avropa distribyutorlarına daha çevik logistika təklif edə bildikdə, “sürətli çatdırılma” üstünlüyü daha böyük sifarişlərin əldə edilməsinə kömək edə bilər. Bu baxımdan TRIPP Azərbaycan üçün Türkiyənin böyük tekstil və istehsal ekosistemi ilə daha sıx inteqrasiyaya da şərait yarada bilər.

4. Kimya, əczaçılıq və biotexnologiya məhsulları - daha strateji istiqamətlərdən biri əczaçılıq, tibbi məhsullar, bioloji preparatlar və digər yüksək əlavə dəyərli istehsaldır. Bu məhsullarda logistikanın sürəti və etibarlılığı mühüm əhəmiyyət daşıyır. Xüsusilə temperatur rejiminə nəzarət tələb edən məhsullar üçün müasir “cold chain” infrastrukturu ilə inteqrasiya edilmiş yeni nəqliyyat bağlantıları ixrac imkanlarını genişləndirə bilər. Azərbaycanın gələcəkdə vaksin, baytarlıq preparatları, dərman vasitələri, qida əlavələri və digər biotexnoloji məhsullar üzrə istehsal imkanlarını artırması fonunda bu sahə xüsusi perspektiv daşıyır.

5. Kimyəvi və sənaye məhsulları - plastik və polimer məhsulları, gübrələr, kimyəvi məhsullar, tikinti materialları və digər sənaye malları da yeni marşrutdan faydalana bilər. Bu məhsulların bir hissəsində əsas üstünlük daşınma sürətindən daha çox alternativ logistika kanalının yaranması və təchizat zəncirinin şaxələndirilməsi olacaq. İxracatçı üçün bir marşrutdan asılılığın azalması özü ciddi iqtisadi üstünlükdür.

6. Yaşıl enerji, rəqəmsal infrastruktur və data xidmətləri. TRIPP-in potensialı fiziki yük daşımaları ilə məhdudlaşmır. Azərbaycan Prezidentinin rəsmi məlumatında gələcəkdə marşrut çərçivəsində enerji resurslarının daşınması, elektrik enerjisinin, xüsusilə bərpaolunan enerjinin ixracı və fiber-optik xətlərin çəkilməsi imkanları da qeyd edilir.

Ölkədə yeni süni intellekt xidmətlərinə əsaslanan data mərkəzlərinin qurulmasını da təşviq edə bilər ki, bu da Azərbaycanın yaşıl enerji ixracı strategiyası üçün əlavə imkanlar yarada bilər.

- TRIPP-in Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini gücləndirməsi üçün hansı amillər əsas rol oynayacaq?

- TRIPP-in strateji əhəmiyyəti ondan ibarətdir ki, o, ayrıca və təcrid olunmuş nəqliyyat xətti kimi deyil, daha geniş Trans-Xəzər ticarət sisteminin bir hissəsi kimi fəaliyyət göstərə bilər.

TRIPP-in rəsmi çərçivə sənədində layihənin Azərbaycan ilə Naxçıvan arasında bağlantı yaratmaqla yanaşı, Trans-Xəzər Ticarət Marşrutunun mühüm bağlantılarından birinə çevriləcəyi bildirilir. Məqsəd Mərkəzi Asiya və Xəzər regionunu Avropa ilə daha geniş şəkildə əlaqələndirməkdir. Belə bir inteqrasiya Azərbaycan sahibkarına prinsip etibarilə yeni biznes modeli təklif edir. Bu model Azərbaycanın yalnız ixracatçı ölkə deyil, eyni zamanda, regional logistika və distribusiya mərkəzi kimi rolunu gücləndirə bilər.

Sahibkarlar üçün yeni imkan yaranır, amma bu, avtomatik ixrac artımı olacaq demək deyil. Burada mühüm bir məqamı nəzərə almaq lazımdır: TRIPP-in istifadəyə verilməsi Azərbaycanın ixracının avtomatik olaraq artacağına zəmanət vermir. Yeni yol yalnız infrastruktur imkanını yaradır. Bundan biznes nəticəsi əldə etmək üçün sahibkarların məhsullarını beynəlxalq standartlara uyğunlaşdırması, sertifikatlaşdırma sistemlərini inkişaf etdirməsi, qablaşdırma və logistika infrastrukturuna investisiya qoyması və xarici distribyutorlarla əlaqələr qurması lazımdır. Başqa sözlə, yeni marşrutun iqtisadi effektini əldə etmək üçün, məhsulun beynəlxalq standartlara uyğunluğu, ixrac sertifikatlarının əldə edilməsi, logistika və “soyuq zəncir” infrastrukturu, rəqabətqabiliyyətli qiymət, ixrac maliyyələşməsi, sığorta və ödəniş mexanizmləri, xarici distribyutor şəbəkəsi və s. paralel şəkildə inkişaf etdirilməlidir.

- TRIPP-in iqtisadi səmərəsini artırmaq və Azərbaycanın KOB-ları üçün yeni imkanlar yaratmaq məqsədilə hansı infrastruktur və dəstək mexanizmlərinin formalaşdırılması vacibdir?

- TRIPP-in ən mühüm nəticələrindən biri Azərbaycan kiçik və orta bizneslərinin ixraca çıxışının asanlaşması ola bilər. Böyük şirkətlər yüksək logistika xərclərini müəyyən qədər kompensasiya edə bilsələr də, kiçik istehsalçı üçün hər əlavə gün və hər əlavə kilometr məhsulun rəqabət qabiliyyətinə ciddi təsir göstərir. Daha sürətli və proqnozlaşdırılan logistika KOB-lara daha kiçik partiyalarla xarici bazarlara çıxmağa, sifarişlərə daha çevik cavab verməyə və yeni bazarlarda distribyutorlarla işləməyə imkan verə bilər.

Bu baxımdan TRIPP Azərbaycanın ixrac siyasətində “bir neçə böyük ixracatçıdan çoxsaylı KOB ixracatçılarına keçid” üçün əlavə imkan yarada bilər. Azərbaycan üçün əsas məsələ yeni marşrutun ətrafında ixrac ekosistemi yaratmaqdır. Logistika mərkəzləri, gömrük prosedurlarının rəqəmsallaşdırılması, elektron sənədləşmə, anbar və soyuducu terminallar, yük sığortası, ixrac kreditləri, sertifikatlaşdırma laboratoriyaları və xarici bazarlarda Azərbaycan məhsullarının təşviqi bu ekosistemin əsas elementləri ola bilər. Eyni zamanda, TRIPP-in rəqəmsal və enerji komponentləri də nəzərə alınmalıdır. Layihə çərçivəsində fiber-optik və elektrik infrastrukturu imkanlarının nəzərdə tutulması gələcəkdə onun yalnız fiziki yük dəhlizi deyil, enerji və rəqəmsal bağlantı platforması kimi inkişaf etməsinə şərait yarada bilər.

TRIPP Azərbaycan sahibkarları üçün sadəcə yeni bir yol deyil. Düzgün istifadə edildiyi halda, bu layihə Azərbaycanın ixrac coğrafiyasını, logistika modelini və regional iqtisadi rolunu dəyişə biləcək strateji infrastruktur layihəsinə çevrilə bilər.

Ən böyük potensial kənd təsərrüfatı və qida məhsulları, tekstil və yüngül sənaye, əczaçılıq və biotexnologiya, kimya və sənaye məhsulları, eləcə də gələcəkdə yaşıl enerji və rəqəmsal xidmətlər sahəsində görünür. Azərbaycanın əsas üstünlüyü isə onun yalnız bu marşrutun istifadəçisi olmaması, eyni zamanda, Xəzərdən Qafqaza, Naxçıvandan Türkiyəyə və daha sonra Avropaya uzanan daha geniş ticarət sisteminin mərkəzi həlqələrindən birinə çevrilə bilməsidir. Bu səbəbdən TRIPP-in istifadəyə verilməsi ilə bağlı əsas sual “yeni yol haradan keçəcək?” deyil. Əsas sual budur - “Azərbaycan sahibkarları bu yeni yol vasitəsilə hansı yeni bazarlara, hansı məhsullarla və hansı əlavə dəyərlə çıxacaq?”

Əgər nəqliyyat infrastrukturu ilə yanaşı istehsal, sertifikatlaşdırma, logistika, maliyyələşmə və ixrac təşviqi mexanizmləri də paralel inkişaf etdirilərsə, TRIPP Azərbaycanın ixracatçıları üçün yeni marşrut olmaqdan daha çox, yeni ixrac coğrafiyasının başlanğıc nöqtəsinə çevrilə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənddə mina partlayıb, 1 nəfər yaralanıb

18:44
21 Avqust

Azərbaycan-Özbəkistan müttəfiqliyi davamlı tərəqqinin ən etibarlı təminatçısıdır

18:39
21 Avqust

“AzInTelecom” MMC kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik "FIRST" təşkilatına üzv qəbul edilib

18:36
21 Avqust

Azərbaycan–Özbəkistan əlaqələri yeni regional düzənin formalaşmasına xidmət edir

18:20
21 Avqust

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyib

18:17
21 Avqust

TRIPP Naxçıvanın iqtisadi xəritəsini necə dəyişəcək?

18:15
21 Avqust

Kənd təsərrüfatı naziri Qobustanda vətəndaşların müraciətlərini dinləyəcək

18:13
21 Avqust

Qırğızıstan Ali Məhkəməsinin sədr müavini: Azərbaycan təcrübəsini ölkəmizdə reallaşdıracağıq 

18:11
21 Avqust

Prezidentin UzA-ya müsahibəsi: Özbəkistanla əlaqələrə dair strateji mesajlar

17:40
21 Avqust

Davam edən mina terroru: Beynəlxalq ictimaiyyət fəlakətin miqyasına biganə qalmamalıdır

17:38
21 Avqust

Dayaz Dunaydan motosiklet və iki alman əsgərinin qalıqları tapılıb

17:27
21 Avqust

Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq genişlənir

17:23
21 Avqust

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb

17:17
21 Avqust

Deputat: Yeni güzəşt mexanizmi qeyri-neft-qaz ixracının artmasına imkan verəcək 

17:15
21 Avqust

Süni intellekt və təhsilin rəqəmsal transformasiyası

17:13
21 Avqust

Gürcüstanın dəniz limanları ikinci rübdə 4700 sərnişinə xidmət göstərib

17:11
21 Avqust

Azərbaycan terrorun acı nəticələri ilə üzləşmiş ölkədir

17:05
21 Avqust

Der SPİEGEL: “Berlin "Rus Evi"nə qarşı sanksiyalar tətbiq etməyi müzakirə edir”

16:43
21 Avqust

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş poçt markası təqdim edilib

16:40
21 Avqust

Zaur Qardaşov: TRIPP Azərbaycan sahibkarları üçün yeni biznes modeli təklif edir

16:36
21 Avqust

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi üzrə işçi görüş olub

16:29
21 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!