Hər il avqustun 21-i dünyada “Beynəlxalq Terror Qurbanlarını Anma Günü” kimi qeyd olunur. BMT-nin təşəbbüsü ilə təsis edilən bu gün terror aktlarının qurbanlarına dəstək olmaq, onların hüquqlarını qorumaq və cəmiyyətin diqqətini bu qlobal problemə yönəltmək məqsədi daşıyır. Terrorizmin əsl hədəfi ayrı-ayrı fərdlər yox, bütövlükdə bəşəriyyətdir. Hər il minlərlə günahsız insan nifrət və zorakılıq ideologiyalarının qurbanına çevrilir. Ən acınacaqlısı odur ki, qanlı hücumlar sona çatsa belə, zərərçəkənlər cəmiyyətlə təkbətək qalır və uzunmüddətli travmaların ağrıları ilə təkbaşına mübarizə aparmalı olurlar.
Son illərdə aparılan beynəlxalq tədqiqatlardan və BMT-nin statistikalarından aydın olur ki, terror aktları sadəcə insan həyatına son qoymur, cəmiyyətlərin iqtisadi və sosial strukturunu kökündən dağıdır. BMT-nin rəsmi hesabatlarına əsasən, terrorizmin qurbanları çox vaxt illərlə sağalmayan dərin psixoloji yaralarla yaşamağa məcbur qalırlar. Qlobal miqyasda terror hadisələrinin fəsadları həm də ölkələrin iqtisadiyyatına ciddi zərbə vurur, milyonlarla insanın qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olur.
Terror aktlarından sağ qurtulan insanlar dərin fiziki, psixoloji və sosial travmalar yaşayırlar. Ancaq bir çox dövlətin bu insanların ehtiyaclarını qarşılamaq üçün kifayət qədər resursu və ya ixtisaslaşmış infrastrukturu yoxdur. Qurbanların cəmiyyətə yenidən inteqrasiyası və normal həyata qayıtması üçün uzunmüddətli, hərtərəfli dəstəyə böyük ehtiyacı var. Çox vaxt insanlar cəmiyyətin unutqanlığı və laqeydliyi ilə üzləşirlər ki, bu da mövcud travmaları daha da dərinləşdirir. Bu istiqamətdə əsas məsuliyyət isə üzv dövlətlərin üzərinə düşür: dövlətlər qurbanların pozulmuş hüquqlarını qorumalı və onlar üçün çoxsahəli yardım planları hazırlamalıdırlar. Beynəlxalq təşkilatlar xüsusilə vurğulayırlar ki, sosial reabilitasiya mərkəzlərinin yaradılması və maliyyə dəstəyi sistemlərinin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Xatırladaq ki, BMT Baş Assambleyası 2017-ci ildə 72/165 saylı qətnaməni qəbul edərək avqustun 21-ni rəsmi olaraq anım günü elan edib. 2023-cü ildə qəbul edilən səkkizinci icmal qətnaməsi isə qadınların, uşaqların və gender zorakılığına məruz qalanların hüquqlarına xüsusi diqqət yetirilməsini tələb edir. 2026-cı ildə bu gün “Yaddaş vasitəsilə Şəfa” şüarı altında qeyd olunur. İtirilmiş insanları hörmətlə yad etmək və onların hekayələrini yaşatmaq cəmiyyətdə ümid hissi yaradır. Eyni zamanda, xatirə tədbirlərinin rəqəmsal aləmdə də qurbanlara həssas və travmadan qoruyan şəkildə həyata keçirilməsi böyük önəm daşıyır. Məhz bu məqsədlə Terror Qurbanları Assosiasiyaları Şəbəkəsi kimi qurumlar qurbanları onlayn məkandakı zərərlərdən, kiberzorakılıqdan və təqiblərdən qorumaq üçün yeni təşəbbüslər irəli sürürlər.
Azərbaycan da illər boyu terrorizmin acı nəticələri ilə üzləşmiş dövlətlərdəndir. Ölkəmiz xarici təcavüz, terror təşkilatlarının törətdiyi partlayışlar və hərbi təxribatlar nəticəsində çoxsaylı dinc sakinlərini və hərbçilərini itirib. 1990-cı illərdə Bakı metropolitenində (“20 Yanvar” və “Gənclik” stansiyalarında baş verən partlayışlar), sərnişin avtobuslarında və qatarlarda törədilən qanlı terror aktları nəticəsində yüzlərlə günahsız insan həlak olub və yaralanıb. Daha sonra, 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Gəncə, Bərdə, Tərtər və digər cəbhəboyu zonada yerləşən şəhərlərimizin dinc sakinləri uzaqmənzilli raketlərlə hədəfə alınıb, nəticədə azyaşlı uşaqlar, qadınlar və qocalar həyatlarını itiriblər. Statistikaya görə, Ermənistanın həmin dövrdə törətdiyi hərbi cinayətlər və raket hücumları nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, 13360 yaşayış və qeyri-yaşayış sahəsinə, 346 nəqliyyat vasitəsinə ziyan dəyib. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə kütləvi şəkildə basdırılmış və dəqiq xəritələri verilməyən minalar bu gün də insan həyatını hədəf alan davamlı terror forması olaraq qalmaqdadır.
Bütün bunlarla yanaşı, Azərbaycan terrorizmin bütün formalarına və təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparır, qlobal təhlükəsizlik təşəbbüslərini dəstəkləyir və terror qurbanlarının hüquqlarının qorunmasının qəti tərəfdarıdır. Ölkəmiz beynəlxalq terrorizmlə mübarizə çərçivəsində BMT, İnterpol və digər strukturlarla fəal əməkdaşlıq edərək regional sabitliyin qorunmasına mühüm töhfələr verir.
Qeyd edək ki, terrora qarşı mübarizə sadəcə hərbi və ya hüquqi tədbirlərdən ibarət olmur. Bu, həm də ədalətin bərqərar olması, qurbanların yaralarının sarılması və bəşəriyyətin sülh içində yaşamasını təmin etmək üçün ümumi bir səydir. Xatirələri yaşatmaq isə gələcəkdə belə faciələrin təkrarlanmaması üçün ən güclü vasitədir.
Təhminə VERDİYEVA,
“Azərbaycan”