Avqustun 21-də bütün dünyada Beynəlxalq Terror Qurbanlarını Anma Günü qeyd olunur. Azərbaycan da, təəssüf ki, son 30–35 ildə beynəlxalq terrorun qurbanına çevrilmiş ölkələrdən biridir. Müharibə başa çatsa da, Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minalar bu gün də insanların həyatına son qoymaqda davam edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.
Deputatın sözlərinə görə, Ermənistanın işğal dövründə basdırdığı yüz minlərlə mina bu gün də ciddi humanitar təhlükə mənbəyidir. Müxtəlif hesablamalara əsasən, işğaldan azad edilmiş ərazilərdə təxminən 1 milyon mina və digər partlayıcı qurğunun mövcud olduğu bildirilir. Azərbaycan ərazisinin sahəsinə nisbətdə dünyada en çox mina ilə çirklənmiş ölkələrdən biridir. Təxminən 1 milyon mina və partlayıcı qurğunun mövcudluğu problemin miqyasını təsəvvür etməyə imkan verir. Bu rəqəmi uzun illər doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın sayı ilə müqayisə etdikdə təhlükənin nə qədər böyük olduğu daha aydın görünür — sanki hər bir keçmiş məcburi köçkünə bir mina düşür. Mina təhlükəsi artıq yalnız hərbi əməliyyatların nəticəsi deyil, uzunmüddətli humanitar problem və terrorun davam edən forması kimi qiymətləndirilməlidir.
T.Gəncəliyev qeyd edib ki, vaxtilə dünyanın müxtəlif münaqişə bölgələrində, o cümlədən Balkanlarda və Afrikada mina partlayışlarının yaratdığı faciələr barədə xəbərlər alırdıq. Sovet İttifaqının dağıldığı dövrdə dünyanın ən çox mina ilə çirklənmiş əraziləri haqqında oxuyurduq. 1990-cı illərin əvvəllərində Yuqoslaviyada baş verən müharibə zamanı, daha sonra Afrikanın müxtəlif münaqişə ocaqlarında insanların minaların qurbanına çevrilməsinin şahidi olurduq. Ancaq Ermənistan silahlı qüvvələrinin də bu vasitədən istifadə edərək Azərbaycan torpaqlarını bu miqyasda böyük mina sahəsinə çevirməsini və mina terrorunu məqsədyönlü tətbiq etməsini təsəvvür edə bilməzdik.
Deputat diqqətə çatdırıb ki, Ermənistan işğal dövründə yalnız hərbi mövqelər və təmas xətti boyunca deyil, yaşayış məntəqələri, kəndlər və digər mülki ərazilərdə də çoxsaylı minalar basdırıb. Xüsusilə Ağdam, Ağdərə və digər ərazilərdə genişmiqyaslı mina çirklənməsi yaradılıb. Əsas məqsəd Azərbaycan əhalisinin doğma torpaqlarına qayıdışını çətinləşdirmək və işğalın nəticələrini mümkün qədər uzun müddət saxlamaq olub.
Ermənistan silahlı qüvvələrinin tətbiq etdiyi mina və partlayıcı qurğuların bir hissəsi xüsusi olaraq insanlara qarşı tələ formasında yerləşdirilib. Bu minalar yaşayış məntəqələrində, evlərdə, qapı və şkaflarda, məktəb binalarında, qəbiristanlıqlarda və müxtəlif mülki infrastruktur obyektlərində basdırılıb. Bu, mülki əhalinin həyatını təhlükə altında saxlamağa yönəlmiş məqsədyönlü fəaliyyət idi.
2020-ci ildə Vətən müharibəsinin başa çatmasından sonra da mina partlayışları nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həyatını itirib və ya müxtəlif dərəcəli xəsarətlər alıb. Bu gün də kənd təsərrüfatı ilə məşğul olan sakinlərin, doğmalarının məzarlarını ziyarət etmək istəyən vətəndaşların mina qurbanına çevrilməsi xəbərlərini alırıq. 2020-ci ildən indiyədək 400-ə yaxın insanın mina partlayışlarından zərər çəkməsi problemin nə qədər ciddi olduğunu göstərir və təəssüf ki, bu rəqəm artmaqda davam edir.
Azərbaycan öz imkanları hesabına genişmiqyaslı minatəmizləmə işləri həyata keçirir. Bununla yanaşı, problemin miqyası beynəlxalq ictimaiyyətin daha geniş dəstəyini və səfərbərliyini zəruri edir. Beynəlxalq Terror Qurbanlarını Anma Günü Azərbaycan üçün həm mina terroru qurbanlarının xatirəsini yad etmək, həm də beynəlxalq ictimaiyyətin diqqətini bu davam edən təhlükəyə yönəltmək baxımından mühüm fürsətdir. Dünya ictimaiyyəti bir araya gəlməli, səfərbər olmalı və əlbir fəaliyyət göstərməlidir ki, Ermənistanın törətdiyi mina terroruna son qoyulsun.
T.Gəncəliyev vurğulayıb ki, beynəlxalq ictimaiyyətin dəstəyi yalnız maliyyə və texniki yardımla məhdudlaşmamalı, eyni zamanda mina təhlükəsi barədə maarifləndirmənin gücləndirilməsini və bu cinayətlərin hüquqi səviyyədə tanınmasını əhatə etməlidir. Azərbaycan bu problemlə mübarizədə öz resurslarından istifadə edir və bundan sonra da fəaliyyətini davam etdirəcək. Lakin dünya ictimaiyyətinin dəstəyi və bu cinayətlərin gələcəkdə təkrarlanmamasına yönəlmiş beynəlxalq səylər xüsusi əhəmiyyət daşıyır. Mina terrorunun qurbanlarının sayının artmaması üçün hamılıqla səfərbər olmalıyıq.