Qlobal miqyasda dizel və reaktiv yanacaq tədarükü kritik səviyyədədir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol deyib.
Dünyanın üzləşdiyi enerji böhranının miqyasına diqqət çəkən və enerji sektorundakı son inkişafları qiymətləndirən Fatih Birol bildirib ki, fevral ayının sonunda Yaxın Şərqdə başlayan müharibədən sonra Hörmüz boğazında baş verən fasilələr səbəbindən itirilən neft və təbii qazın həcmi 1973-cü və 1979-cu illərdəki neft böhranlarının və 2022-ci ildəki Rusiya-Ukrayna qaz böhranındakı ümumi həcmdən çoxdur. Bu vəziyyəti dünyanın indiyə qədər üzləşdiyi ən böyük enerji böhranı kimi xarakterizə edən Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Hörmüz boğazı üçün “vaza qırılıb” ifadəsini işlədib.
O, qırılmış vazanın yenidən yapışdırıla bilməyəcəyini vurğulayaraq Hörmüz boğazına olan inamın tamamilə itdiyini bildirib: “Müharibədən əvvəl gündə 25 milyon barel olan tranzit həcmi indi təxminən 15 milyon barelə düşüb. Bazarları inandırmaq və risk götürərək gəmiləri boğaza qaytarmaq artıq çox çətindir”.
Neft qiymətlərinin hazırda 90 dollar ətrafında dəyişməsi və hələ də 100 dolları keçməməsinin səbəbini açıqlayan Fatih Birol qeyd edib: “Bu, müharibədən əvvəlki böyük həcmdə təchizat çoxluğu və Beynəlxalq Enerji Agentliyi tərəfindən təmin edilən 400 milyon barel strateji ehtiyatla əlaqədardır. Lakin “təsəlliverici yastıqlar” tükənir. Əsas təhlükənin xam neftdə deyil, emal olunmuş məhsullardadır. Müharibə zamanı Rusiyadakı neft emalı zavodlarına dəyən ciddi ziyan, Çin və Hindistan kimi böyük ixracatçıların daxili bazarlarına üstünlük verməsi və ixracı azaltması fonunda dizel və reaktiv yanacaq tədarükü kritik səviyyədədir. Nigeriyadakı “Dangote” neft emalı zavodundan Avropaya göndərilən həcmlər azalıb. Problem həll olunmazsa, uçuşların ləğvi, dizel çatışmazlığı və kənd təsərrüfatı əkin mövsümündə gübrə böhranı baş verə bilər”.
O, qloballaşma dövründə “ən ucuz məhsulu tapmaq” fəlsəfəsinin başa çatdığını və yeni dövrün şüarının “etibarlı tərəfdaş” olduğunu bildirib: “Ölkələr artıq daha çox vəsait ödəmək olsa belə, enerjidən silah kimi istifadə etməyəcək etibarlı tərəfdaşlar axtarır. Rusiyadan Avropaya təbii qaz və Hörmüz boğazından dünyaya enerji axınının kəsilməsi qlobal şoka səbəb olub”.
Fatih Birol qarşıdakı dövrdə üç geosiyasi prosesi belə xarakterizə edib - asanlıqla həll olunmayacaq Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə və İranda gərginlik, ABŞ və Çin arasında süni intellekt və texnologiya sahəsində rəqabət. O, həmçinin Tayvan böhranının da bu siyahıya əlavə olunma riskini qeyd edib, əsas ssenarisinin hərbi münaqişə deyil, kritik minerallar (litium, kobalt, mis) və süni intellekt üzərində aparılan iqtisadi və ticarət müharibələri olduğunu bildirib.