Bu gün Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan şəhər və kəndlərimiz bütün bir xalqın qürurunu, kimliyini və tarixi yaddaşını yenidən dirçəldir. Böyük ağrılarla, tərk edilən o torpaqlara indi gülə-gülə, başı dik və qalib xalq kimi qayıdırıq. Bir zamanlar xəyal kimi görünən qayıdış köçləri indi Zəfər salnaməmizin ən parlaq səhifələrinə çevrilir.
"Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır..."
Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda tamamilə yeni era başlayıb. Otuz ilə yaxın bir müddətdə işğal altında qalaraq viran edilən, daşı-daş üstündə qoyulmayan dədə-baba torpaqlarımız bu gün dövlətimizin qüdrəti və xalqımızın quruculuq əzmi ilə yenidən dirçəlir. Üç onillik boyunca ürəklərində vətən nisgili daşıyan, müvəqqəti məskunlaşma yerlərində çətinliklərə sinə gərən keçmiş məcburi köçkünlərin öz ocaqlarına təhlükəsiz, ləyaqətli qayıdışı artıq reallığa çevrilib.
"Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır, bütün Azərbaycan xalqı üçün bayramdır. İndi elə ay olmur ki, qrup-qrup şəklində keçmiş köçkünlər öz doğma torpaqlarına qayıtmasın. Elə olur ki, hər həftə, hər ay, hər gün. Bundan sonra bu proses daha geniş vüsət alacaq", - deyə bu böyük tarixi prosesin mahiyyətini və xalqımızın keçirdiyi qürur hissini Prezident İlham Əliyev iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kənd sakinləri ilə görüşündə çox dəqiq ifadə edib.
Dövlətimiz işğaldan azad edilmiş ərazilərə Böyük qayıdışı Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən edib. Bu mühüm qərar Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 16 noyabr 2022-ci il tarixli sərəncamında öz əksini tapıb.
10 min kvadratkilometr ərazidə aparılan böyük tikinti-quruculuq işlərinin sayəsində Qarabağ və Şərqi Zəngəzur başdan yaradılır, çoxsaylı yaşayış məntəqəsi yenidən qurulur.
Böyük qayıdışın ilk müjdəçisi və təməl daşı Zəngilan rayonunun Ağalı kəndi oldu. "Ağıllı kənd" konsepti ilə sıfırdan inşa edilən Ağalıya köçən ilk sakinlərin sevinci xalqımıza bu torpaqlarda yeni həyatın başlandığını müjdələdi. Bu gün həmin uğurlu model azad edilmiş bütün ərazilərə şamil olunur.
Vətən müharibəsindən dərhal sonra Zəfər yolu ilə təməli qoyulan misilsiz quruculuq işləri sayəsində yurdlarımız qarış-qarış cənnətə çevrilir. Böyük qayıdış prosesi çərçivəsində təməli qoyulan layihələr artıq öz bəhrəsini verir. Respublikanın müxtəlif bölgələrində - yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr mərhələli şəkildə öz doğma ocaqlarına qayıdırlar.
Avqustun 21-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə (8 ailə - 36 nəfər), Xocalı rayonunun Badara (5 ailə - 13 nəfər), Xanyurdu (4 ailə - 10 nəfər), Xanabad (8 ailə - 31 nəfər), Ballıca (3 ailə - 8 nəfər) və Təzəbinə (14 ailə - 71 nəfər) kəndlərinə, eləcə də Ağdərə rayonunun Kolatağ (12 ailə - 36 nəfər), Həsənriz (6 ailə - 30 nəfər), Aşağı Oratağ (12 ailə - 49 nəfər) və Çapar (15 ailə - 51 nəfər) kəndlərinə köçürülən sakinlər müasir və rahat evlərində yeni həyata qədəm qoydular.
Dünya səviyyəli infrastruktur
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr göstərir ki, burada dünya səviyyəli infrastruktur qurulur.
Qısa müddətdə tikilib istifadəyə verilən Füzuli, eləcə də Zəngilan və Laçın beynəlxalq hava limanları regionu qlobal logistika və turizm xəritəsinə inteqrasiya edir. Murovdağ tuneli kimi mürəkkəb mühəndislik qurğuları və yüzlərlə kilometrlik müasir magistral yollar şəhər və kəndlərimiz arasında fasiləsiz əlaqə yaradır.
Qarabağ və Şərqi Zəngəzurun dünyanın yeni çağırışı olan "yaşıl enerji" potensialı olduqca yüksəkdir. Bölgənin zəngin su və günəş resursları əsasında inşa edilən çoxlu sayda su-elektrik stansiyaları regionun "sıfır emissiyalı" "yaşıl enerji" zonasına çevrilməsini təmin edir.
İşğaldan azad edilən ərazilərin simasını burada salınan müasir şəhər və kənd modeli daha aydın göstərir. Yeni yaşayış məntəqələri ən son rəqəmsal texnologiyalar və ekoloji standartlar əsasında qurulur, kommunal infrastruktur tam inteqrasiya olunmuş şəkildə istifadəyə verilir.
Lakin bu möhtəşəm quruculuq işlərinin və təhlükəsiz qayıdışın arxasında duran ən məsuliyyətli, eyni zamanda riskli mərhələ ərazilərin minalardan təmizlənməsidir. Ermənistanın 30 illik işğal dövründə basdırdığı bir milyondan çox mina bərpa işlərinin sürəti qarşısında böyük maneə yaratsa da, Azərbaycan dövləti sarsılmaz iradə nümayiş etdirərək torpaqlarımızı addım-addım təhlükəsiz zonaya çevirir.
Bu böyük dirçəliş prosesi mühəndislik və tikinti uğuru olmaqla yanaşı, həm də ilk növbədə ruhun, mədəniyyətin və insan həyatının öz əbədi ocağına qayıdışıdır. Bir zamanlar dağıdılmış məktəblərin həyətlərindən indi yenidən uşaq gülüşləri ucalır, yeni salınan küçələrdə, parklarda həyat qaynamağa başlayır. Şuşada, Laçında, Kəlbəcərdə, Xankəndidə... keçirilən mədəniyyət tədbirləri, festivallar bölgəyə mənəvi baxımdan da yenidən can verir. Hazırda bu torpaqlarda 90 mindən çox insanın yaşaması, çalışması və təhsil alması Böyük qayıdışın uğurla gerçəkləşməsindən xəbər verir.
Bütün bu tarixi qələbələrin, Qarabağ və Şərqi Zəngəzurun quruculuğunun memarı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsi diqqəti və qayğısı sayəsində keçmiş məcburi köçkünlərin illər boyu çəkdiyi əzablar unudulur, yerini sarsılmaz güvən və xoşbəxtliyə verir.
Azad edilən torpaqlarımız cənnətməkana çevrilir, bu müqəddəs yurdlara əbədi dinclik və həyat qayıdır.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"