21 Avqust 2026 20:53
370
SİYASƏT
A- A+
Azərbaycan–Özbəkistan münasibətləri: qardaşlıqdan müttəfiqliyə, regional tərəfdaşlıqdan yeni geosiyasi imkanlara doğru

Azərbaycan–Özbəkistan münasibətləri: qardaşlıqdan müttəfiqliyə, regional tərəfdaşlıqdan yeni geosiyasi imkanlara doğru

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin bugünkü səviyyəsini və gələcək inkişaf istiqamətlərini qiymətləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Müsahibə yalnız ikitərəfli əlaqələrin ayrı-ayrı sahələrinə dair məlumatların təqdimatı deyil, eyni zamanda Azərbaycan–Özbəkistan münasibətlərinin hansı strateji məzmun qazandığını və bu münasibətlərin Türk dünyası, Mərkəzi Asiya və bütövlükdə Avrasiya geosiyasətində hansı imkanlar yaratdığını göstərən mühüm siyasi mesajlar toplusudur.

Azərbaycan və Özbəkistan arasında münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, mənəvi dəyərlər və xalqlar arasında əsrlər boyu formalaşmış qarşılıqlı rəğbət dayanır. Lakin son illərdə bu təbii yaxınlıq artıq yalnız mədəni və mənəvi müstəvidə qalmayıb, dövlətlərarası münasibətlərin bütün istiqamətlərini əhatə edən strateji tərəfdaşlığa və ən yüksək siyasi mərhələ olan müttəfiqliyə çevrilib. Prezident İlham Əliyevin müsahibəsində də vurğulandığı kimi, son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin və sıx siyasi təmasların həyata keçirilməsi əlaqələrin nə qədər intensiv xarakter aldığını göstərir.

Bu sürətli inkişafda Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı etimad və şəxsi dostluq münasibətləri xüsusi rol oynayır. Liderlər arasındakı siyasi dialoq dövlətlərarası əlaqələrin inkişafına ciddi impuls verməklə yanaşı, iki ölkənin bir-birinin strateji maraqlarına həssas yanaşmasını da təmin edir. 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri və 2025-ci ilin iyulunda Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” münasibətlərin hüquqi-siyasi bazasını daha da möhkəmləndirib.

Münasibətlərin institusional əsasının gücləndirilməsi də diqqətdən kənarda qala bilməz. 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura iki ölkə arasında strateji prioritetlərin müəyyənləşdirilməsi, yeni təşəbbüslərin təşviqi və müxtəlif sahələrdə əməkdaşlığın əlaqələndirilməsi baxımından mühüm mexanizmə çevrilib. Şuranın artıq həm Daşkənddə, həm də Bakıda iclaslarının keçirilməsi Azərbaycan–Özbəkistan münasibətlərinin təsadüfi siyasi yaxınlaşma deyil, uzunmüddətli dövlət strategiyasına əsaslandığını göstərir.

İki ölkə arasında siyasi etimadın ən mühüm nəticələrindən biri onun iqtisadi münasibətlərə çevrilməsidir. Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması əməkdaşlığın real iqtisadi məzmun qazandığını göstərir. 2026-cı ilin yanvar–may aylarında da ticarət dövriyyəsinin 33 faiz artaraq 144 milyon dollara çatması dinamikanın davam etdiyini təsdiqləyir.

Burada xüsusilə Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin rolunu qeyd etmək lazımdır. Ümumi kapitalı 500 milyon dollar olan bu platforma iki ölkədə müxtəlif sektorlar üzrə investisiya layihələrinin maliyyələşdirilməsi və həyata keçirilməsi üçün mühüm imkan yaradır. Bu mexanizmin əhəmiyyəti ondadır ki, Azərbaycan və Özbəkistanın iqtisadi əməkdaşlığı artıq yalnız məhsul mübadiləsi ilə məhdudlaşmır, qarşılıqlı investisiya və birgə istehsal modelinə keçir.

İqtisadi əlaqələrin digər mühüm xüsusiyyəti müxtəlif sahələrin bir-birini tamamlamasıdır. Sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, xidmətlər və enerji sahələrində birgə layihələrin həyata keçirilməsi iki ölkənin iqtisadi potensialını birləşdirir. Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının fəaliyyət göstərməsi, eyni zamanda Azərbaycan şirkətlərinin Özbəkistanda müxtəlif layihələr həyata keçirməsi qarşılıqlı iqtisadi etimadın artdığını nümayiş etdirir.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız ikitərəfli deyil, regional əhəmiyyətini müəyyən edən əsas istiqamətlərdən biridir. Özbəkistan Mərkəzi Asiyanın mühüm iqtisadi mərkəzi, Azərbaycan isə Xəzər vasitəsilə Mərkəzi Asiyanı Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən əsas nəqliyyat qovşaqlarından biridir. Bu baxımdan iki ölkənin coğrafi mövqeləri rəqabətdən daha çox tamamlayıcı əhəmiyyət daşıyır. 2025-ci ildə Azərbaycan–Özbəkistan arasında tranzit daşımaların 1,4 milyon tona çatması və 6,7 faiz artması, 2026-cı ilin ilk yarısında isə daha 12,2 faiz artım qeydə alınması bu əməkdaşlığın praktiki nəticələrini göstərir.

Bu mənada Azərbaycan və Özbəkistanın əməkdaşlığını Orta Dəhlizdən kənarda təsəvvür etmək mümkün deyil. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası gələcəkdə Mərkəzi Asiya ilə Qafqaz və Avropa arasında daha səmərəli nəqliyyat bağlantısının formalaşmasına şərait yarada bilər. Bu layihələrin reallaşması Azərbaycanın tranzit imkanlarını, Özbəkistanın isə dünya bazarlarına çıxış imkanlarını genişləndirəcək.

Enerji sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyması da münasibətlərin strateji xarakterini göstərir. Ənənəvi neft-qaz əməkdaşlığı ilə yanaşı, Azərbaycan və Özbəkistanın yaşıl enerji sahəsində birgə fəaliyyəti yeni imkanlar açır. Azərbaycan, Qazaxıstan və Özbəkistan tərəfindən “Yaşıl Dəhliz Birliyi”nin yaradılması bərpaolunan enerjinin ixracı və gələcəkdə Xəzər dənizinin dibi ilə nəqli imkanlarının əlaqələndirilməsi baxımından mühüm addımdır. Bu proses Azərbaycanın enerji siyasətində ənənəvi enerji resurslarından yaşıl enerjinin ixracına doğru keçidin Mərkəzi Asiya ilə əməkdaşlıq formatında da genişləndiyini göstərir.

Azərbaycan–Özbəkistan münasibətlərinin xüsusi mənəvi məzmun daşıyan istiqamətlərindən biri Qarabağın bərpasında Özbəkistanın iştirakıdır. Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin inşa edilməsi və Füzulidə 100 hektarlıq “Dostluq bağı”nın salınması Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonrakı quruculuq prosesinə verdiyi real dəstəyin ifadəsidir. Bu cür layihələr sırf iqtisadi və ya tikinti layihəsi kimi qiymətləndirilə bilməz; onlar iki xalq arasında həmrəyliyin və qarşılıqlı etimadın simvoluna çevrilir.

Mədəni-humanitar əlaqələr isə Azərbaycan–Özbəkistan münasibətlərinin uzunmüddətli dayanıqlığını təmin edən ən mühüm amillərdəndir. 2023 və 2025-ci illərdə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin, 2024-cü ildə Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi, Xivədə “Şuşa Günləri”nin təşkil olunması xalqların bir-birinin mədəni irsinə marağının artdığını göstərir. Bakıda “Özbəkistan” parkının yaradılması da bu qardaşlığın şəhər və ictimai məkan səviyyəsində rəmzləşdirilməsinin nümunəsidir.

Təhsil sahəsində əməkdaşlıq da xüsusi perspektiv vəd edir. 2025–2026-cı tədris ilində 67 Özbəkistan vətəndaşının Azərbaycanda, 176 Azərbaycan vətəndaşının isə Özbəkistanda təhsil alması iki ölkənin gəncləri arasında birbaşa əlaqələrin genişləndiyini göstərir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin fəaliyyət göstərməsi isə təhsil əməkdaşlığının Qarabağın bərpası və iki ölkənin gələcək nəsillərinin yaxınlaşdırılması ilə birləşdiyini göstərən mühüm nümunədir.

Münasibətlərin cəmiyyətlər səviyyəsində dərinləşməsində şəhərlərarası əməkdaşlığın da mühüm rolu var. Bakı–Daşkənd, Şuşa–Xivə, Lənkəran–Buxara, Şəki–Kokənd, Mingəçevir–Namanqan, Füzuli–Gülüstan, Quba–Cizak və digər şəhərlər arasında qardaşlaşma münasibətlərinin yaradılması dövlətlərarası əməkdaşlığı yerli səviyyəyə daşıyır. Belə əlaqələr xalqlar arasında qarşılıqlı tanıma və etimadı gücləndirən mühüm humanitar diplomatiya vasitəsidir.

Azərbaycan və Özbəkistanın münasibətlərində media və vətəndaş cəmiyyəti əməkdaşlığının genişlənməsi də diqqətəlayiqdir. İki ölkə arasında keçirilən media forumları və QHT əməkdaşlığı forumları artıq praktik nəticələr verir. 2026-cı ildə iki ölkənin ilk dəfə birlikdə QHT-lər üçün qrant müsabiqəsi elan etməsi əlaqələrin yalnız hökumətlərarası deyil, ictimai institutlar səviyyəsində də genişləndiyini göstərir.

Bütün bunlarla yanaşı, Azərbaycan–Özbəkistan münasibətlərinin əhəmiyyətini yalnız ikitərəfli çərçivədə qiymətləndirmək kifayət deyil. Bu münasibətlər Türk dünyasının geosiyasi və geoiqtisadi çəkisinin artmasına birbaşa təsir göstərir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatında fəal mövqe tutaraq siyasi, iqtisadi, nəqliyyat, təhsil, elm və mədəniyyət sahələrində inteqrasiyanın dərinləşdirilməsinə töhfə verirlər. Prezident İlham Əliyevin müsahibəsində də TDT-nin gələcəkdə daha sıx birliyin və beynəlxalq təsirin mühüm platformasına çevrilməsi məsələsinə xüsusi diqqət yetirilir.

Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv qəbul edilməsi də bu baxımdan əhəmiyyətlidir. Bu addım Türk dünyasının ortaq tarixi və mədəni irsinin qorunması üçün əməkdaşlıq imkanlarını genişləndirir və Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız siyasi və iqtisadi deyil, sivilizasion məzmun daşıdığını göstərir.

Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində Özbəkistanın xüsusi rolunu ayrıca qeyd etmək lazımdır. Azərbaycan son illərdə Mərkəzi Asiya dövlətləri ilə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar əlaqələrini sürətlə genişləndirib. 2025-ci ilin noyabrında Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycanın bu formata tamhüquqlu iştirakı ilə bağlı qərarın qəbul edilməsi Azərbaycanın regionlararası əlaqələrdə yeni mövqeyini təsdiqlədi. Bunun nəticəsində əvvəlki “C5” əməkdaşlıq formatının faktiki olaraq “C6” məzmunu qazanması Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində keyfiyyətcə yeni mərhələnin göstəricisidir.

Bu prosesdə Özbəkistanın dəstəyi xüsusi siyasi əhəmiyyət daşıyır. Daşkəndin Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının genişlənməsinə müsbət yanaşması Bakı ilə Daşkənd arasında strateji etimadın yalnız ikitərəfli məsələlərdə deyil, regional platformalarda da özünü göstərdiyini nümayiş etdirir. Beləliklə, Azərbaycan–Özbəkistan müttəfiqliyi Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında yeni siyasi və iqtisadi körpünün formalaşmasına xidmət edir.

Əslində, Azərbaycan və Özbəkistanın coğrafi mövqeləri bu iki ölkəni təbii regional tərəfdaşlara çevirir. Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biridir. Bir tərəfdə Xəzər dənizi, digər tərəfdə Mərkəzi Asiyanın geniş iqtisadi və demoqrafik potensialı yerləşir. Bu iki məkanın nəqliyyat, enerji, ticarət və kommunikasiya xətləri ilə birləşdirilməsi həm Azərbaycan, həm də Özbəkistan üçün yeni iqtisadi imkanlar yaradır.

Bu baxımdan Azərbaycan–Özbəkistan münasibətlərini yalnız “iki qardaş ölkənin münasibətləri” ifadəsi ilə məhdudlaşdırmaq artıq mümkün deyil. Burada daha böyük regional proses formalaşır. Bakı–Daşkənd xətti Cənubi Qafqazla Mərkəzi Asiyanın siyasi və iqtisadi yaxınlaşmasının əsas istiqamətlərindən birinə çevrilir. Bu yaxınlaşma isə Türk dünyasının inteqrasiyasına, Orta Dəhlizin inkişafına, enerji və logistika imkanlarının genişlənməsinə və Avrasiyanın yeni iqtisadi bağlantılarının formalaşmasına əlavə stimul verir.

Münasibətlərin gələcək inkişafı baxımından əsas məsələ əldə olunmuş siyasi nəticələrin daha böyük iqtisadi və regional layihələrə çevrilməsidir. Ticarət dövriyyəsinin daha da artırılması, qarşılıqlı investisiyaların genişləndirilməsi, birgə sənaye müəssisələrinin yaradılması, Orta Dəhliz üzrə yükdaşımaların artırılması, yaşıl enerji layihələrinin reallaşdırılması və humanitar əlaqələrin daha da dərinləşdirilməsi növbəti mərhələnin əsas istiqamətlərini təşkil edə bilər.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin hazırkı səviyyəsini xarakterizə etməklə yanaşı, bu münasibətlərin gələcəkdə hansı strateji istiqamətdə inkişaf edə biləcəyini də göstərir.

Bu gün Azərbaycan və Özbəkistan arasında münasibətlər artıq tarixi və mədəni yaxınlığın yaratdığı dostluq mərhələsini geridə qoyaraq siyasi müttəfiqlik, iqtisadi tərəfdaşlıq və regional əməkdaşlığın vahid sisteminə çevrilib. Bu sistemin gücü onun üç əsas dayağından qaynaqlanır: dövlət başçıları arasında yüksək etimad, xalqlar arasında dərin tarixi-mədəni yaxınlıq və iki ölkənin strateji maraqlarının getdikcə daha çox üst-üstə düşməsi.

Azərbaycan üçün Özbəkistan Mərkəzi Asiyanın mühüm siyasi və iqtisadi mərkəzlərindən biri olmaqla yanaşı, Türk dünyasında strateji tərəfdaşdır. Özbəkistan üçün Azərbaycan isə Xəzər üzərindən Qafqaza, Türkiyəyə və Avropaya çıxış imkanlarını genişləndirən əsas tərəfdaşlardan biridir. Məhz bu qarşılıqlı tamamlayıcı mahiyyət Azərbaycan–Özbəkistan müttəfiqliyini uzunmüddətli və dayanıqlı edən əsas amillərdəndir.

Bu mənada Bakı–Daşkənd münasibətlərinin gələcək inkişafı təkcə iki ölkənin deyil, bütövlükdə Türk dünyasının və Avrasiya məkanının siyasi-iqtisadi arxitekturasına təsir göstərə biləcək strateji proses kimi qiymətləndirilməlidir. Azərbaycan və Özbəkistanın qarşılıqlı etimad əsasında həyata keçirdiyi siyasət göstərir ki, tarixi qardaşlıq müasir dövrdə konkret iqtisadi layihələrə, nəqliyyat dəhlizlərinə, enerji təşəbbüslərinə, humanitar proqramlara və regional siyasi əməkdaşlığa çevrilə bilir.

Ən mühüm nəticə isə bundan ibarətdir ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq yalnız iki dövlətin münasibəti deyil.

Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın bir-birinə daha sıx bağlanmasının, Türk dünyasının güclənməsinin və Şərqlə Qərb arasında yeni əməkdaşlıq imkanlarının formalaşmasının mühüm siyasi dayaqlarından biridir.

 

Vasif Qafarov,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib

23:31
21 Avqust

Azərbaycan–Özbəkistan münasibətləri: qardaşlıqdan müttəfiqliyə, regional tərəfdaşlıqdan yeni geosiyasi imkanlara doğru

20:53
21 Avqust

MİQ üzrə müsahibə tarixləri açıqlanıb

19:23
21 Avqust

Beynəlxalq Enerji Agentliyinin rəhbəri dizel və reaktiv yanacaq böhranı barədə xəbərdarlıq edib  

19:21
21 Avqust

İstirahət forması niyə dəyişir: insanlar asudə vaxtlarını necə keçirirlər?

19:19
21 Avqust

Tokayev qarşıdan gələn Qurultay seçkilərini tarixi hadisə adlandırıb

19:16
21 Avqust

TƏBİB immunizasiya tədbirlərini davam etdirir

19:13
21 Avqust

Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır 

18:58
21 Avqust

Xocavənddə mina partlayıb, 1 nəfər yaralanıb

18:44
21 Avqust

Azərbaycan-Özbəkistan müttəfiqliyi davamlı tərəqqinin ən etibarlı təminatçısıdır

18:39
21 Avqust

“AzInTelecom” MMC kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik "FIRST" təşkilatına üzv qəbul edilib

18:36
21 Avqust

Azərbaycan–Özbəkistan əlaqələri yeni regional düzənin formalaşmasına xidmət edir

18:20
21 Avqust

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyib

18:17
21 Avqust

TRIPP Naxçıvanın iqtisadi xəritəsini necə dəyişəcək?

18:15
21 Avqust

Kənd təsərrüfatı naziri Qobustanda vətəndaşların müraciətlərini dinləyəcək

18:13
21 Avqust

Qırğızıstan Ali Məhkəməsinin sədr müavini: Azərbaycan təcrübəsini ölkəmizdə reallaşdıracağıq 

18:11
21 Avqust

Prezidentin UzA-ya müsahibəsi: Özbəkistanla əlaqələrə dair strateji mesajlar

17:40
21 Avqust

Davam edən mina terroru: Beynəlxalq ictimaiyyət fəlakətin miqyasına biganə qalmamalıdır

17:38
21 Avqust

Dayaz Dunaydan motosiklet və iki alman əsgərinin qalıqları tapılıb

17:27
21 Avqust

Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq genişlənir

17:23
21 Avqust

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb

17:17
21 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!