22 Avqust 2026 08:30
169
SİYASƏT
A- A+
907-ci düzəlişin hüquqi ləğvi labüddür

907-ci düzəlişin hüquqi ləğvi labüddür


Yeni reallıqlar bu köhnə və ədalətsiz qərarın tamamilə aradan qaldırılmasını şərtləndirir


Vaşinqtonla Bakı arasında strateji tərəfdaşlıq fonunda ABŞ Dövlət Departamentinin 907-ci düzəlişin tətbiqini donduran rəsmi bildirişi Konqresə təqdim etməsi mühüm hadisə kimi dəyərləndirilir. Bu addım Prezident Donald Tramp administrasiyasının Azərbaycanla ikitərəfli əlaqələri genişləndirmək və əməkdaşlığı dərinləşdirmək əzmini göstərir. Lakin Cənubi Qafqazda tamamilə yeni reallıqların formalaşdığı, davamlı sülhün təməllərinin atıldığı bir dövrdə 1992-ci ilin müharibə təfəkküründən qalma bu ədalətsiz düzəlişi, sadəcə, dondurmaq kifayət etmir. Müasir reallıqlar bədnam düzəlişin ölkə qanunvericiliyindən birdəfəlik silinməsini şərtləndirir.

Xatırlatmaq yerinə düşər ki, bu lazımsız qanunvericilik aktı 1992-ci ildə Qarabağ münaqişəsinin tam fərqli geosiyasi mənzərəsi fonunda, ermənipərəst konqresmenlərin və erməni diasporunun təsiri ilə qəbul olunmuşdu. Həmin dövrdə Ermənistan Azərbaycan ərazilərini işğal etmiş, Qərbi Azərbaycandan və Qarabağdan yüz minlərlə soydaşımız öz doğma yurdlarından qovulmuş, ölkəmiz qaçqın və məcburi köçkün axını ilə üz-üzə qalmışdı. Lakin regiondakı həqiqətləri təhrif edən Konqres erməni lobbisinin təsiri ilə və tamamilə ikili standartlara söykənərək, absurd bəhanələrlə Azərbaycanı günahlandırmışdı. Beləliklə, Azərbaycan keçmiş sovet respublikaları arasında ABŞ Konqresinin bu cür aşkar ayrı-seçkiliyinə və məhdudiyyətlərinə məruz qalan yeganə ölkə olmuşdu. 

Bu gün Cənubi Qafqazda şərtləri Azərbaycanın tarixi Zəfəri ilə müəyyənləşən tamamilə yeni reallıqlar mövcuddur. Ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə yanaşı, regionda davamlı sülhün və əməkdaşlığın əsas memarına çevrilib. 2025-ci ilin avqustun 8-də Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması, Bakının birtərəfli qaydada bütün tranzit məhdudiyyətlərini aradan qaldırması bunun əyani sübutudur. Azərbaycan bu gün Ermənistana Rusiya və Qazaxıstandan müxtəlif yüklərin daşınmasına şərait yaradır, eyni zamanda bu ölkəni neft məhsulları ilə təchiz edir. Bütün bunlar, eləcə də TRIPP marşrutu adlanan Zəngəzur dəhlizinin icrası prosesinə başlanması 30 il öncənin ədalətsiz qərarının birdəfəlik ləğvini labüd edir.

Prezident İlham Əliyev bu məsələdə dövlətimizin prinsipial mövqeyini dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Dövlətimizin başçısı IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirmişdi ki, bu qərar 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana münasibətdə çox ədalətsiz addımı idi: "O vaxt, Sovet İttifaqının süqutundan sonra yeni yaranan ölkələrə maliyyə yardımı formasında dəstəyin verilməsi üçün ABŞ Konqresi "Azadlığa Dəstək Aktı"nı qəbul etdi və 907-ci düzəliş ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdür. Yeri gəlmişkən, Prezident Bayden onlardan biri idi".

Azərbaycan Prezidenti həmin düzəlişin artıq tamamilə köhnəldiyini bəyan edib: "Birincisi, Azərbaycan ilə Ermənistan arasında Prezident Trampın iştirakı ilə Ağ Evdə sülh sazişi paraflandı. İkincisi, Azərbaycan birtərəfli olaraq Ermənistana bütün tranzit məhdudiyyətlərini aradan qaldırdı və hazırda biz bunu etməklə 40 min tondan artıq müxtəlif yüklər Rusiya, Qazaxıstan və digər yerlərdən Ermənistana daşındı. Bundan əlavə, Azərbaycan özü Ermənistana neft məhsullarını təchiz etməyə başlayıb və bildiyimə görə artıq 10 min tondan çoxdur. Bu, xüsusən də indi - bir çox ölkələrin yanacağa çıxışdan əziyyət çəkdiyi dövrdə baş verir və Ermənistan Azərbaycanı etibarlı mənbə kimi görür. Əgər belə olmasaydı, ola bilsin, bu gün onlar bütün dünyada benzin və dizel yanacağı axtarmalı olacaqdılar. Bir sözlə, bütün bunlar göstərir ki, həmin düzəliş tamamilə köhnəlib və tam ləğv edilməlidir". 

Əsassız arqumentlərə söykənən 907-ci düzəlişin saxlanılması artıq heç bir siyasi-hüquqi məntiqə sığmır. Regionda bərqərar olan sülh mühiti və Azərbaycanın irəli sürdüyü regional əməkdaşlıq təşəbbüsləri ABŞ-nin Cənubi Qafqaz prioritetləri ilə üst-üstə düşür. İki ölkə arasındakı qarşılıqlı etimadı daha da dərinləşdirmək üçün qeyri-obyektiv hüquqi maneələrin aradan qaldırılması tarixi zərurətdir. 

Nəzərə alınmalıdır ki, Bakı və Vaşinqton arasında münasibətlər keyfiyyətcə yeni müstəviyə yüksələrək strateji tərəfdaşlıq xarakteri alıb. Prezident İlham Əliyev və ABŞ vitse-prezidenti Ceyms Devid Vens tərəfindən Bakıda imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası iki dövlət arasında uzunmüddətli iqtisadi, təhlükəsizlik və siyasi əlaqələrin möhkəm təməlini qoyub. Bədnam düzəlişin tamamilə ləğvi iki ölkə arasında hərbi-texniki əməkdaşlığın önündəki sonuncu psixoloji və hüquqi səddi də götürə bilər. 

ABŞ Konqresində respublikaçıların üstünlük təşkil etməsi Tramp administrasiyasına bu köhnəlmiş və zərərli düzəlişi tarixin arxivinə göndərmək üçün unikal fürsət yaradır. Hazırda rəsmi Bakı ilə Vaşinqtonu birləşdirən ortaq maraqlar və strateji hədəflər hər hansı lobbi qrupunun siyasi maraqlarından üstündür. ABŞ qanunvericilərinin bu tarixi ədalətsizliyə son qoyaraq 907-ci düzəlişi tamamilə ləğv etməsi yalnız Azərbaycan üçün deyil, eləcə də Vaşinqtonun regional maraqlarının, nüfuzunun və Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasının xeyrinə olacaq.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-İran müharibəsi səbəbindən dünya 2,6 milyard barel neft itirib

09:00
22 Avqust

Tarixi qardaşlıqdan strateji müttəfiqliyə

08:52
22 Avqust

Azərbaycan qadını peşə seçimində sərhəd tanımır

08:50
22 Avqust

Yeni əsasnamə kiçik və orta biznesə yeni imkanlar verəcək

08:40
22 Avqust

907-ci düzəlişin hüquqi ləğvi labüddür

08:30
22 Avqust

Xankəndi, Xocalı və Ağdərə növbəti sakinlərini qarşıladı

08:20
22 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixə və strateji tərəfdaşlığa əsaslanır

08:10
22 Avqust

Dövlət proqramı turizmin daha sürətli inkişafına geniş imkanlar yaradacaq

08:00
22 Avqust

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

01:08
22 Avqust

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

01:06
22 Avqust

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş"in təsdiq edilməsi barədə

01:04
22 Avqust

"Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol"un təsdiq edilməsi barədə

00:51
22 Avqust

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

00:50
22 Avqust

Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib

23:31
21 Avqust

Azərbaycan–Özbəkistan münasibətləri: qardaşlıqdan müttəfiqliyə, regional tərəfdaşlıqdan yeni geosiyasi imkanlara doğru

20:53
21 Avqust

MİQ üzrə müsahibə tarixləri açıqlanıb

19:23
21 Avqust

Beynəlxalq Enerji Agentliyinin rəhbəri dizel və reaktiv yanacaq böhranı barədə xəbərdarlıq edib  

19:21
21 Avqust

İstirahət forması niyə dəyişir: insanlar asudə vaxtlarını necə keçirirlər?

19:19
21 Avqust

Tokayev qarşıdan gələn Qurultay seçkilərini tarixi hadisə adlandırıb

19:16
21 Avqust

TƏBİB immunizasiya tədbirlərini davam etdirir

19:13
21 Avqust

Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır 

18:58
21 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!