ACE adlanan bu qurğudan ilk hasilat 2024-cü ilin əvvəlinə gözlənilir
"Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının işlənməsi layihəsinin operatoru olan bp şirkəti yeni "Azəri Mərkəzi Şərqi" (ACE) platformasında ilk hasilat quyusunun qazılmasına başlandığı barədə məlumat yayıb.
Bir neçə ay əvvəl Bayıl tikinti-quraşdırma sahəsindən Xəzərdəki daimi yerinə yola salınmış platformanın üst modullarının dənizdə bütün quraşdırma işləri və istismar sınaqları təhlükəsiz şəkildə tamamlanıb. Platformadan qazılmağa başlayan quyunun ümumi dərinliyinin 3188 metrədək olacağı gözlənilir. Bu dərinliyə çatmaq üçün qazma işlərinin təxminən üç ay çəkəcəyi nəzərdə tutulur.
Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də AÇG yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş saziş imzalandı. Bununla da AÇG-nin işlənilməsində yeni dövr başlandı.
Yeni sazişlə bu nəhəng yataqlar blokunun işlənilməsi 2050-ci ilin əvvəlinə qədər uzadıldı. 6 milyard dollarlıq ACE layihəsi də məhz həmin müqavilə çərçivəsində həyata keçirilir. Layihəyə eyniadlı platformanın tikintisi də daxil idi ki, bu iş də, qeyd edildiyi kimi, artıq uğurla yekunlaşıb. Yeni qurğu dənizin təxminən 140 metr dərinliyində, mövcud "Mərkəzi Azəri" və "Şərqi Azəri" platformalarının arasında yerləşir. Platforma adını da yaxın qonşularından alıb.
ACE 48 şaxtalı hasilat, qazma və yaşayış platformasıdır. Bu layihəyə həmçinin yeni yataqdaxili sualtı boru kəmərləri də daxildir. Xətlər qurğudan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün AÇG-nin mövcud sualtı ixrac kəmərlərinə qoşulacaq. Bundan əlavə, laya vurulan suları "Mərkəzi Azəri" kompressiya və suvurma platformasından ACE qurğularına nəql etmək məqsədilə ACE və "Şərqi Azəri" platformaları arasında suvurma boru xətti olacaq.
ACE platforması və qurğuları gündəlik 100 min barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində 300 milyon barelədək neftin hasil olunacağı proqnozlaşdırılır. İşlərin pik dövründə Azərbaycanda ACE layihəsinin tikintisinə 8500 nəfərdən çox fəhlə, texnik, mütəxəssis cəlb edilmişdi.
ACE-nin dayaq bloku isə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) tikilmiş və üç il çəkən inşaat işləri ötən ilin sonunda təhlükəsiz şəkildə tamamlanmışdı. 2022-ci il dekabrın 13-də Prezident İlham Əliyev BDÖZ sahəsinə baş çəkərək dayaq blokunun dənizə yola salınması prosesinə start vermişdi.
Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri isə qeyd edildiyi kimi, Bibiheybətdəki tikinti-quraşdırma sahəsində aparılmışdı. Üst modullara neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların layihələndirilmiş çəkisi 19 min 600 tondur.
Bu qurğu "Azfen" şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilmişdi. Quruda aparılması planlaşdırılan əsas istismar sınaqları uğurla yekunlaşmış və STB-1 daşıma barjı qurğunu dənizə - mənzil başına çatdırmışdır. Bu il aprel ayının 4-də Prezident İlham Əliyev üst modulların inşa edildiyi sahəyə gələrək, tikintisi artıq sona çatmış qurğu dənizə, öz daimi yerinə yola salınmazdan əvvəl onun hazırlıq vəziyyəti ilə tanış olmuşdur.
Xatırladaq ki, ACE "Azəri-Çıraq-Günəşli"nin yeddinci hasilat platforması olacaq. Hazırda bu yataqlar blokunda "Çıraq", "Mərkəzi Azəri", "Şərqi Azəri", "Qərbi Azəri", "Dərinsulu Günəşli" və "Qərbi Çıraq" platformaları fəaliyyətdədir. Yeni ildə onlara "Mərkəzi Azəri Şərqi" də qoşulacaq. bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bu barədə məlumat verərək deyir: "Biz ACE platformasında ilk hasilat quyusunun qazılmasına başlamaqdan çox məmnunuq və sevinirik. Bu, bizə 2024-cü ilin əvvəllərinə nəzərdə tutulmuş ilk ACE neftinin əldə olunmasına imkan verəcək. Qazma proqramının təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin etmək üçün geniş hazırlıq işləri aparmışıq və bütün bunların əsasında bu sahədə olan təcrübəmiz, innovativ yanaşmalar, eləcə də avtomatlaşdırılmış proseslər və qabaqcıl texnologiyalardan geniş istifadə dayanır. ACE platformasında bu ilk hasilat quyusunu təhlükəsiz, səmərəli və qrafikə uyğun şəkildə tamamlayacağımıza inanırıq".
Flora SADIQLI,
"Azərbaycan"