Noyabrda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi barədə qərar ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsinin daha bir təsdiqidir.
COP29 kimi mötəbər tədbirin respublikamızda keçirilməsi qərarı ölkəmizə göstərilən etimad və hörmətin təzahürü olmaqla yanaşı, həm də Azərbaycanın iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyi töhfələrin qlobal səviyyədə təqdir olunması deməkdir.
COP29 fonunda dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycana beynəlxalq dəstək də böyükdür. Ötən bazar ertəsi Prezident İlham Əliyevə zəng vuran ABŞ Dövlət katibi Entoni Blinken COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana dəstək göstərdiyini qeyd edərək Azərbaycanla ABŞ-nin COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb.
Bu əməkdaşlıqdan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev COP çərçivəsində iqlim maliyyələşdirilməsi ilə əlaqədar mühüm qərarların qəbul edilməsi ilə bağlı xüsusilə inkişaf etmiş dövlətlər tərəfindən konsensusun əldə ediləcəyinə ümidvar olduğunu deyib.
Ölkəmizin töhfəsi
İndiyədək respublikamız çoxsaylı mötəbər siyasi, iqtisadi, mədəni beynəlxalq tədbirlərə evsahibliyi edib. Xüsusi vurğulayaq ki, Azərbaycan qlobal əhəmiyyətli tədbirlərə evsahibliyi etməklə yanaşı, həm də bu toplantılarda aktual problemləri qaldıraraq onların həllinə töhfələr verir. Qoşulmama Hərəkatına sədrliyi dövründə məhz ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının keçirilməsi və burada beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyinin vurğulanması da buna nümunədir.
Bu mənada dünyanın mötəbər tədbirlərindən olan COP29-un da Bakının qlobal miqyaslı çağırışları ilə zəngin olacağı şübhəsizdir.
Beynəlxalq ictimaiyyətin etibarlı və nüfuzlu üzvü olan Azərbaycan iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması işinə də öz layiqli töhfəsini verir. Təsadüfi deyil ki, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetdən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyənləşdirilib.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Azərbaycan dünyada "yaşıl enerji"nin inkişaf etməsinə birbaşa töhfələr verir, bunun üçün mühüm təşəbbüslərlə çıxış edir.
Prezidentin sərəncamı ilə Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də təsadüfi deyil.
COP29 - sülhə çağırış
"Yaşıl dünya naminə" bütün səylərini səfərbər edən Azərbaycanın hədəfi, həm də dünyada barışa nail olmaqdır. Bu baxımdan COP29-u sülh çağırışı tədbiri kimi də xarakterizə etsək, yanılmarıq.
Yeri gəlmişkən qeyd edək ki, cari il ərzində sülh prosesi istiqamətində Azərbaycanla Ermənistan arasında müəyyən müsbət addımlar atılıb. İkitərəfli danışıqlar aparılıb, sərhədlərin delimitasiya və demarkasiyasına start verilib.
Bu ilin martında Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı Fondunun prezidenti Volfqanq İşingeri qəbul edən zaman bildirmişdi ki, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar əldə olunan razılaşmalar məhz sülh gündəliyi əsnasında meydana çıxan məqamlardır: "Azərbaycan da bu xüsusda regionda COP29 kontekstində sülh gündəliyinin irəliyə aparılması üçün səylərini göstərəcək".
ABŞ Dövlət katibi ilə yuxarıda sözügedən telefon danışığı zamanı regionda artıq sülhün mövcud olduğunu deyən dövlətimizin başçısı da vurğulayıb ki, məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb.
COP29 isə bir daha Azərbaycanın sülhpərvər dövlət olduğunu dünyaya bəyan edəcək. Eyni zamanda bu qlobal tədbir iqlim dəyişmələrinin qarşısının alınması üçün beynəlxalq səylərin birləşdirilməsinə böyük töhfə verəcək.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"