Hazırda dünya iqtisadiyyatı çətin dövrünü yaşayır. İran-Amerika, Rusiya-Ukrayna və Yaxın Şərq cəbhələrində baş verən müharibələr qlobal iqtisadiyyatı xeyli geriyə atıb. Hörmüz boğazının bağlanması isə neft və neft məhsullarının bahalaşması ilə yanaşı, həm də mühüm bir təchizat zəncirində qırılmalara səbəb olmuşdur.
Siyasi qarşıdurmalar, ölkələrin bir-birinə iqtisadi sanksiyalar tətbiq etməsi də təchizat və ticarət zəncirinin qırılması, investisiya qoyuluşunun azalması ilə müşahidə edilir. Bütün bunlar dünya iqtisadiyyatının kiçilməsinə, ölkələr arasında mövcud iqtisadi əlaqələrin aşağı səviyyəyə düşməsi ilə nəticələnib.
Belə bir şəraitdə Azərbaycanın xarici ticarətində müsbət tendensiyanın davam etməsi ölkəmizin iqtisadi kursunun düzgün müəyyən edilməsindən xəbər verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-aprel aylarında ölkəmiz dünyanın 164 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 112 ölkəyə məhsul ixrac, 150 ölkədən isə idxal edilmişdir.
Hesabat dövründə gömrük orqanlarında qeydiyyat aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla xarici ticarət dövriyyəsinin dəyəri 18 milyard 60,7 milyon, o cümlədən ixracın dəyəri 12 milyard 535,9 milyon, idxalın dəyəri 5 milyard 524,8 milyon dollar təşkil etmişdir. Nəticədə ölkəmizin xeyrinə 7 milyard 11,1 milyon dollarlıq ticarət saldosu yaranmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi cari qiymətlərlə 10,1 faiz artmış, real ifadədə isə 8,7 faiz azalmışdır.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatda bildirilir ki, ölkə üzrə xarici ticarət dövriyyəsinin 91,7 faizi İtaliya, Birləşmiş Krallıq, Türkiyə, Çin, Rusiya, Gürcüstan, Almaniya, Yunanıstan, Bolqarıstan, ABŞ, Rumıniya, Çexiya, İsveçrə, İran, Ukrayna, Portuqaliya, Hindistan, Xorvatiya, Belarus, Fransa, Tailand, Özbəkistan və Qazaxıstan ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür. Hesabat dövründə Azərbaycanın idxal etdiyi məhsullarda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, azqiymətli metalların və onlardan hazırlanan məmulatların, hazır qida məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastmas və ondan hazırlanan məmulatların, mineral məhsulların, tekstil materialları və məmulatlarının dəyəri üstünlük təşkil etmişdir. 4 ayda bir çox məhsulların idxalının azalması müşahidə olunmuşdur ki, bu da həmin növ məhsulların yerli istehsalının artması ilə bağlıdır.
İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarından savayı, meyvə və tərəvəzlərin, plastmas və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin, alüminium və ondan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, şəkərin, qara metallar və ondan hazırlanan məmulatların, alkoqollu və alkoqolsuz içkilərin, bitki yağlarının payı üstünlük təşkil etmişdir.
Yanvar-aprel aylarında qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyəri 4 milyard 698,8 milyon dollara çatmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə cari qiymətlərlə 4,4, real ifadədə 3,1 dəfə çoxdur. Hesabat dövründə ən çox qeyri-neft-qaz məhsulları Birləşmiş Krallığa, Rusiyaya, Türkiyəyə, Gürcüstana, İsveçrəyə, Ukraynaya və Özbəkistana ixrac olunmuşdur.
Rüstəm KAMAL,
"Azərbaycan"