Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmiz möhtəşəm nailiyyətlərə imza atacaq
Azərbaycanda hər ötən ilin bütün sahələr üzrə nailiyyətlərlə əlamətdar olması müasir tariximizin əsas göstəricilərindən biridir. Hətta qlobal iqtisadi böhanların pik həddə olduğu dövrlərdə belə respublikamız sınaqlardan layiqli şəkildə çıxıb. Bütün dünyanı bürümüş pandemiyanın yaratdığı çətinliklər də Azərbaycanı öz yolundan saxlaya bilməyib.
Əlamətdar il
Xatırladaq ki, 2024-cü il də qeyd edilən məsələlər baxımından uğurlu mərhələ kimi tarixə düşdü. Ötən il ümumi daxili məhsulun 4 faizdən çox, qeyri-neft sektorunun 6 faizdən çox, qeyri-neft sənayesinin isə 7 faizdən çox artması olduqca mühüm iqtisadi uğurlarımızdır. Habelə respublikamızın strateji valyuta ehtiyatları 72 milyard ABŞ dollarını ötüb və bu, Azərbaycanın xarici borcunu 14 dəfə üstələyir. "Keçən il iqtisadi inkişaf baxımından yenə də uğurlu il olmuşdur. Azərbaycanın iqtisadiyyatı inkişaf etmişdir. Hesab edirəm ki, inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər", - deyə Prezident İlham Əliyev bildirib.
Ötən il həm də Azərbaycanın milli maraq və mənafelərinin qətiyyətlə təmin olunduğu dövr kimi yadda qalıb. Belə ki, 2024-cü ildə Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri işğaldan azad olunub. İlin başqa bir uğurlu hadisəsi Rusiya Federasiyasının sülhməramlı kontingentinin respublikamızın ərazilərini tam tərk etməsidir.
2024-cü il Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük qayıdış proqramının həyata keçirilməsi baxımından da mühüm mərhələ oldu. Məskunlaşmanın olduğu yaşayış ünvanlarının sırasına Şuşa, Xocalı və Cəbrayıl şəhərləri, Xocalı rayonunun Ballıca, Laçın rayonunun Sus kəndləri də əlavə olundu. İşğaldan azad edilmiş rayonlara qayıdan keçmiş məcbur köçkünlərin sayı artıq 10 min nəfəri ötüb.
Ötən il Azərbaycan bir sıra qlobal nailiyyətlərə də imza atıb. Bu sırada Bakıda COP29-un keçirilməsi, respublikamızın İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv qəbul edilməsi Azərbaycanın tarixinə mühüm nailiyyətlər kimi həkk olundu.
Azərbaycan həm də sabitliyin və təhlükəsizliyin ən yüksək səviyyədə bərqərar olduğu dövlətlərdən biridir. Beynəlxalq miqyasda özünü göstərən belə gərgin şəraitdə Azərbaycanda sabitliyin hökm sürməsi dövlətimizin və xalqımızın ən böyük uğurlarından biridir. Respublikamızın əldə etdiyi bütün nailiyyətlərin kökündə dayanan əsas amillərdən biri də məhz sabitlikdir.
30-a yaxın yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşacaqlar
2024-cü ilin mənzərəsi 2025-ci ildə də dövlətimizin qarşısında dayanan bütün milli vəzifələrin uğurla icra ediləcəyindən xəbər verir. Bu sırada iqtisadi sferadakı artımın cari il ərzində də davam edəcəyi, artım dinamikasının saxlanılacağı şübhəsizdir. Hazırkı xarici və daxili makroiqtisadi mühit, qlobal iqtisadi vəziyyət və əsas meyillər bunu deməyə əsas verir. Artıq minimum əməkhaqqı və minimum pensiyalar artıb. O cümlədən bir sıra sahələrdə çalışanların maaşları artıb və bu da onu göstərir ki, vətəndaşların sosial rifahının yüksəldilməsi diqqət mərkəzindədir.
Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidənqurulması prioritet milli vəzifə kimi bu il də xüsusi diqqət mərkəzində olacaq. 2025-ci ildə dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpasına 4 milyard manat ayırılıb və bu da ondan xəbər verir ki, Böyük qayıdış proqramı üzrə il ərzində nəzərdə tutulan bütün tədbirlər yerinə yetiriləcək. "Bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar", - deyə Prezident İlham Əliyev bildirib.
Prezident İlham Əliyev bir neçə gün əvvəl "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nı təsdiq edib. Proqram çərçivəsində bu ildən etibarən Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat sisteminin və infrastrukturunun təkmilləşdirilməsi üçün müvafiq işlərin həyata keçirilməsinə başlanılır. Bu baxımdan 2025-ci il həm də paytaxtda ictimai nəqliyyatın optimallaşdırılması və genişləndirilməsi, mobilliyin təmin olunması istiqamətində görüləcək işlərin başlanğıcı olacaq.
Bu il Azərbaycan növbəti beynəlxalq idman tədbirinə III MDB Oyunlarına evsahibliyi edəcək. Gəncə şəhəri bu idman hadisəsinin mərkəzi olacaq. Eyni zamanda MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Bütün bunlar Azərbaycana olan etimadın, dövlətimizin yüksək beynəlxalq nüfuzunun göstəriciləridir. Bu tədbirlər çərçivəsində Azərbaycana çoxsaylı idmançılar, xarici qonaqlar gələcəklər. 2025-ci il həm də respublikamızda "Konstitusiya və Suverenlik İli" elan edilib. Həm III MDB Oyunları, həm Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olması ilə əlaqədar, həm də "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçiriləcək tədbirlər bir daha Azərbaycanın uğurlarının təqdimatına çevriləcək, zəfərlərimizi dünyaya bəyan edəcək.
2025-ci il də Azərbaycan üçün əlamətdar hadisələrlə, uğurlarla zəngin olacaq. Hər bir sahədə inkişafın, irəliləyişin əldə olunacağı şübhəsizdir. Həm də dövlətimizin ən ağır problemləri artıq geridə qalıb, torpaqlarımız işğaldan azad edilib, ərazilərimizdə erməni separatçılığına son qoyulub. Bu mənada qalib dövlət və qalib xalq adını qazanmaq inkişafı, işgüzarlığı, dinamizmi şərtləndirən başlıca amil kimi özünü göstərir. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə tarixinin ən qüdrətli dövlətinə çevrilən Azərbaycan bundan sonra da möhtəşəm nailiyyətlərə imza atacaq, inkişaf və yüksəliş yolu ilə gələcəyə doğru inamla addımlayacaq.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"