Zaman o zaman idi ki, "SSRİ-nin şineli"ndən döyüşərək çıxan Azərbaycana 10 illik bir zaman kəsiyində rəhbərlik etmiş Ümummilli Lider Heydər Əliyevin səhhətində problem yaranmışdı. Ulu Öndər mənən usanmasa da, fiziki baxımdan yorulmuşdu, amansız xəstəliklə mübarizə aparırdı. Amma Azərbaycanın gələcək taleyini də düşünmədən keçmirdi. Onda 2003-cü il idi.
İllərlə yetişdirdiyi siyasi varisi İlham Əliyevin bu dövlətə, xalqa layiqli rəhbər olacağını, idarəçilikdə yarımçıq qalmış işləri sona çatdıracağını yaxşı bilirdi. İki həftə sonra prezident seçkisi olacaqdı. Siyasi varisi namizədliyini vermişdi. Onun seçkidə səs çoxluğunu qazanacağına əmin olsa da, oktyabrın 1-də xalqa müraciət etdi: "...Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Bu müraciət Ulu Öndərin deyil, bütövlükdə Azərbaycan xalqının İlham Əliyevə olan böyük ümidlərinin təcəssümü idi. Heydər Əliyev tarixi müraciəti ilə xalqa əsasını qoyduğu siyasəti davam etdirə biləcək ünvan göstərmişdi. Zaman göstərdi ki, Ulu Öndərin nişan verdiyi ünvan çox dəqiq idi. İki həftə sonra oktyabrın 15-də Heydər Əliyev siyasi kursuna sadiqliyini nümayiş etdirən xalq Ulu Öndərə olan sevgisini və inamını sübut edərək 76 faiz səs çoxluğu ilə öz seçimini etdi.
Azərbaycan xalqı 2003-cü il oktyabrın 15-də İlham Əliyevi Prezident seçməklə, həm də Heydər Əliyevin siyasi kursuna səs verdi. Ulu Öndərin kursuna sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha təsdiqlədi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Müdrik Azərbaycan xalqı taleyüklü anlarda hər zaman doğrunu yanlışdan ayıra bilib, düzgün seçimə üstünlük verib. Bu mənada həmin gün keçirilən prezident seçkisində xalq gələcəyin azad, müstəqil və suveren Azərbaycanına səs vermiş oldu. Məhz həmin o səs Prezident seçilmiş İlham Əliyevin 21 illik uğurlarının başlanğıc nöqtəsi kimi tarixə yazıldı. Azərbaycan dövlətinin inkişafı yolunda addımlayarkən əlindən tutdu, onu qətiyyətli və cəsarətli olmağa, siyasi iradə nümayiş etdirməyə sövq etdi.
Bu uğurun kökündə çıxdığı yolda Ulu Öndərin siyasətinə sonsuz sədaqəti, Heydər Əliyev ideyalarını yeni dövrün çağırışlarına uyğun zənginləşdirməsi dururdu. O, Ulu Öndərin siyasətini davam etdirməyin ən doğru yol olduğunu 2018-ci il aprelin 11-də keçirilən seçkidən sonra andiçmə mərasimindəki nitqində bir daha qətiyyətlə vurğuladı: "Mən 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur".
Düz 21 il əvvəl "zəngin və qüdrətli Azərbaycan uğrunda" çağırışı ilə milyonları öz ətrafında toplayan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tezliklə Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilməyə başladı. Bu o zaman idi ki, qloballaşmağa istiqamət götürmüş bir dünya siyasətinin üstünə yavaş-yavaş kölgə düşürdü. Dünyanı idarə edən "baş hakimlər"in hikkələrinin və cəhdlərinin nəticəsində daha çox qanlı qarşıdurmalar, müharibələr, iqtisadi, siyasi, humanitar böhranlar günümüzün reallığına çevrilmişdi. Bütün bunları görən Prezident İlham Əliyev sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanan daxili və xarici siyasət yürütməyə başladı.
O gün-bu gün Prezident hər iki siyasətin həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir. Bunlar hər dövlət başçısına nəsib olmayan şəxsi keyfiyyətlərdir. Prezident İlham Əliyev harada çıxış etməsindən və mövqe bildirməsindən asılı olmayaraq, şahmat dili ilə desək, həmişə ağ fiqurlarla oynayır və start vəziyyətində olduğu üçün qarşı tərəf və ya tərəflər üzərində ilkin üstünlüyünü təmin etmiş olur. Ona görə də həmin "şahmat taxtası"nda əvvəlcədən bir neçə gediş edən siyasət qrossmeysteri olan İlham Əliyevin rəqibinə "mat" elan etməsi labüddür. Bu zaman problemə sistemli və ardıcıl yanaşma tərzi, səlis və məntiqli ifadə üslubu, auditoriya ilə işləmək və onu ələ almaq qabiliyyəti, səs diapazonundan düzgün istifadə məharəti, bədən dili, nəhayət, ecazkar cəzbetmə potensialı və bənzərsiz xarizması ilə dövlət başçısı ən qatı siyasi opponentini də "tərk-silah" etməyə və onları "siyasi hipnoz" vəziyyətinə salmağa müyəssər ola bilir.
Ötən iki onillikdə dünyanı idarə edənlərin "mənəm-mənəm"liyinin nəticəsində çoxlu sayda qanlı qarşıdurmaların, müharibələrin, iqtisadi, siyasi, humanitar böhranların baş verdiyi situasiyalarda Azərbaycanı qoruyub saxlamaq, onun real müstəqilliyini daha da möhkəmlətmək, ölkəmizə qarşı törədilən təxribatların qarşısını almaq İlham Əliyev kimi bir liderin adı ilə qoşa çəkildi. Dönüb arxaya baxanda bir fakt açıq-aydın görünür: bütün sahələrdə inkişaf tempinə sürət vermək yalnız və yalnız sayılıb-seçilən, kamil şəxsiyyət və idarəetmə qabiliyyəti ilə fərqlənən liderin boyuna biçilib. O, 21 ildir Azərbaycan xalqına verdiyi "hər bir azərbaycanlının Prezidenti olacağam" vədini bir an olsun belə unutmur. Millət, xalq yolunda, vətən, torpaq uğrunda dövlətin və dövlətçiliyin nüfuzunu günbəgün artırır. İki onillik ərzində İlham Əliyevin xalqına və dövlətinə müstəsna tarixi xidmətləri sayəsində həm beynəlxalq, həm regional səviyyədə, həm də ölkə daxilində o qədər parlaq uğurlara imza atıldı ki, onun qatı opponentləri belə Azərbaycan liderinin qələbəsini qəbul etməyə məcbur oldular.
Dövlət quruculuğunda və iqtisadi dirçəlişdə, ictimai-siyasi və sosial həyatda tərəqqiyə nail olunan, işğaldan azad olunmuş torpaqlara Böyük qayıdışı həyata keçirən 21 illik bir epoxanın müəllifidir İlham Əliyev. Prezident özü 2020-ci il noyabrın 6-da "BBC News"un müxbirinə verdiyi müsahibədə 21 ilin xronikasını belə verir: "...Mən hesab edirəm ki, ölkəmizin gələcəyi çox parlaq olacaq. Biz son illər ərzində çox böyük uğurlara imza atmışıq. Ölkəmizin həm siyasi, həm iqtisadi sahələrdə uğurları bu gün beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilir. Beynəlxalq arenada böyük uğurlar əldə edilib. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib. Ölkə daxilindəki bütün məsələlər öz həllini tapır. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək. İnsanlar ilk növbədə dədə-baba torpaqlarına qayıdacaq, yaxınlarının qəbirlərini ziyarət edə biləcəklər. Azərbaycan dövləti bu işlərdə onlara maksimum kömək göstərəcək. Biz işğaldan azad edilmiş torpaqları yenidən quracağıq, evlər, inzibati binalar, məktəblər tikəcəyik. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq. Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda siyasi münasibətlər sahəsində hesab edirəm ki, müsbət meyillər daha da güclənəcək. Biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Bəyan etdiyim bütün hədəflərə çatmışıq. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəm idi. Mən şadam ki, bu vəzifənin öhdəsindən də şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi, zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytarırıq. Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha qüdrətli ölkəyə çevirəcəkdir".
Möhtərəm Prezident İlham Əliyev eyni zamanda 30 illik işğalı Zəfərlə sonlandıraraq Qələbə dastanı yazan Müzəffər Ali Baş Komandandır. Dövlət başçısının qələmə aldığı bu dastan tarixdə əbədi qalacaq və həmişə Azərbaycan xalqının qürur mənbəyi olacaq. Prezidentin həmin qələbənin əbədiləşdirilməsi yönündə verdiyi qərarlarla "Zəfər" və "Qələbə" ordenləri, həmçinin 15 yeni medal təsis edildi. Bu orden və medalların təsis olunması təkcə qələbənin əbədiləşdirilməsinə deyil, həm də müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür. Həmçinin xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində "Vətən müharibəsi memorial kompleksi"nin və "Zəfər muzeyi"nin yaradılması haqqında sərəncam imzaladı. Dövlət başçısının təşəbbüsü ilə paytaxtımızda Hərbi Qənimətlər Parkının yaradılması isə ona dəlalət edir ki, İlham Əliyev 30 illik işğalın Zəfər salnaməsini yazan lider müəllifdir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"