Azərbaycanda 8 milli park var ki, bu da ölkə ərazisinin 3 faizdən çoxunu təşkil edir. Onların arasında qədimliyi və zənginliyi ilə seçilən 100 yaşlı Şirvan Milli Parkının xüsusi yeri var.
Ekoloqlar və təbiətsevərlər tərəfindən 100 illiyi böyük rəğbətlə qeyd edilən Şirvan Milli Parkı Ümummilli Lider Heydər Əliyevin 2003-cü il 5 iyul tarixli sərəncamı ilə yaradılmışdır. Milli Park Qaradağ, Salyan və Neftçala rayonlarında, habelə Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində xüsusi mühafizə olunan təbiət ərazilərində yerləşir. Yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, Azərbaycan Respublikasının "Qırmızı kitab"ına düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalinin ekoloji maarifləndirilməsi, turizm və istirahət üçün şərait yaratmaqdır.
Milli Parkın ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi ərazidə bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin əsas hissəsini yovşanlı, şoranotlu yarımsəhra xırda təpəliklər və şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Qədim sahil tirələri, laqunlar bəzi sahələrdə aydın nəzərə çarpır. Külək vasitəsilə yaranan əsas relyef forması-düyün təpəcikləri ceyranların sığınacağı və mühafizəsi üçün çox əlverişlidir.
Ərazidə yay quraq keçir. Burada mülayim-isti yarımsəhra və quru bozqır tipli iqlim hakimdir. Çay və bulaq yoxdur. Ərazini şərqdən Xəzər dənizi, şimaldan Baş Şirvan kollektoru, bir sıra digər kollektorlar, Çala (Qızılqaz) gölü və s. əhatə edir ki, bu da ceyranları su ilə tam təmin edir. Xəzərin, kanalların və gölün suyunun qışda donmaması ceyranlar və quşlar üçün çox əhəmiyyətlidir.
Milli Parkın ərazisində qaraşoranlı, şahsevdi, duzlaq-çoğanlı, yarımsəhra bitkiləri, çərənli-yovşanlı, yovşanlı-efemerli, yovşanlı, xos təkli, dənli-müxtəlifotlu, efemerli, sahil qumlu və çala-çəmən (dəvəotlu) bitki formasiyaları üstünlük təşkil edir. Landşaft, iqlim və relyef xüsusiyyətlərinə görə parkın ərazisində suda-quruda yaşayanlar və sürünənlər faunası formalaşmışdır.
Milli Parkda mövcud olan məməlilərdən ceyran, safsar və çöl pişiyi respublikamızın "Qırmızı kitab"ına daxil edilmişdir. Xəzər suitisi, ceyran və safsar "Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı"nda müxtəlif statusla qorunan növlər elan edilmişlər.
Mütəxəssislərin fikrincə, Cənubi Qafqaz gürzəsi parkın ərazisində geniş yayılmış sürünənlərdəndir. Tibb xammalı olan zəhərinə görə gürzə ilanları sürünənlərin qiymətli növüdür. Burada 230 növ sürünən heyvan var. Bu zənginlik Milli Parkın quşların miqrasiya yolunda yerləşməsi və ərazisində onların yaşayışı üçün biotopların müxtəlifliyi ilə əlaqədardır.
Quşların miqrasiyası və qışlama dövründə göllərin və dənizin dayaz yerlərində əsasən yaşılbaş ördəklər, fitçi cürə, boz ördək, marek, bizquyruq, cırıldayan cürə, enliburun ördək, fısıldayan qu, qaşqaldaq, dərin su sahələrində isə qırməzəburun, qırmızıbaş, kəkilli ördək, dəniz dalğıcı, adi güləyənquşu və digər ördək növləri ildən-ilə çoxalmaqdadır. Qırmızıdöş qaz, boz, ağalın və ağqaş qazlar Milli Parkın bütün açıq su biotoplarında istirahət edir, yarımsəhraların dənli-efemer, yovşanlı-efemer və digər bitki formasiyaları ilə örtülü olan sahələrində qidalanırlar.
Böyük və Kiçik Çala (Qızılqaz) göllərinin 60-65 faizini təşkil edən qarğı və qamışlıqların əsas sakinləri adi porzan, kiçik porzan, cırtdan porzan və qamışlıq fərələridir. Yırtıcı quşlardan çay qaraquşu, ağquyruq dəniz qartalı, çöl sarı, adi sar, çöl qartalı, böyük qartalça, məzar qartalı, ütəlgi, şahin və başqa növlər azlıq təşkil edir. Oturaq növ olan turac Milli Parkın cənub-qərb və cənub-şərq hissəsində çox kiçik sahələrdə yayılmışdır.
Azərbaycan və dünya miqyasında təhlükədə olan quşlardan Milli Parkın ərazisində 34 növə rast gəlinir. Onlardan 14-ü yalnız Azərbaycanın "Qırmızı kitab"ına, 10-u "Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı"na, 10-u isə həm Azərbaycanın "Qırmızı kitab"ına, həm də "Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı"na daxil edilmişdir.
Parkda 82 çiçəkli bitki növü, o cümlədən səhra, yarımsəhra, dənizsahili-qumsal, çala-çəmən və su-bataqlıq tipləri mövcuddur. Ərazinin boz-çəmən torpaqlarında yovşanlı-efemerlik inkişaf edir. Bu sıradan yapon tonqalotu, bərq quramatı, eləcə də soğanaqlı dişəni və s. otları ceyranlar həvəslə yeyirlər. Qış mövsümündə ətirli yovşan, qarağan, gənqiz və s. çoxillik şoranqələr ceyranların təbii yemi sayılır.
Xəzər sahilinin qumsallıqlarında gəcəh yovşanlıq, pürən yovşanlıq bitki örtüyündə qarışıq çeşidlər əmələ gəlir. Çala gölünün əhatəsində yayılan çala-çəmən bitkiliyinin dəvə tikanlıq və su-bataqlıq tipinə aid qamışlıq yayılmışdır. Hər iki bitki quşların əlverişli yem və sığınacaq sahəsidir.
100 illiyini qeyd etdiyimiz Şirvan Milli Parkının zənginliyindən bəhs edən "Azərbaycanan 9 möcüzəsi" adlı film çəkilmişdir. Film respublika telekanallarında, habelə beynəlxalq film festivallarında və "Rossiya-Kultura" telekanalında nümayiş olunmuşdur.
Rəhman SALMANLI,
"Azərbaycan"