O, Mərkəzi Neftçilər Xəstəxanasına qədəm qoyanda çox gənc idi. Ağ xalatın məsuliyyətini çiyinlərinə götürərkən bəlkə də qarşıda onu necə uzun və şərəfli bir yolun gözlədiyini özü də tam təsəvvür etmirdi. Elə ilk günlərdən xəstələrə diqqəti, həssaslığı ilə seçildi, həmkarlarının və pasiyentlərin ürəyində məskən saldı.
41 ilini insanların sağlamlığı keşiyində dayanmış şəfqət bacısı Elmira Xasmətova ömrünün gənclik illərini, xəyal dövrünü belə xatırlayır: "1983-cü ildə Qaradağ rayonu Sahil qəsəbəsindəki 228 nömrəli orta məktəbi bitirib, Tibb Texnikumuna qəbul oldum. Texnikumu fərqlənmə diplomu ilə başa vurmuşam. Müəllimlərim mənə təhsilimi davam etdirməyi, həkim olmağı məsləhət görürdülər. Arzum isə hələ uşaqlıqdan şəfqət bacısı olmaq idi. Ruhuma hakim kəsilən qəribə bir hiss mənə deyirdi ki, sən vəzifə borcunu yerinə yetirən adi bir tibb işçisi yox, əsl şəfqət bacısı olmalısan. Biz təhsil alan vaxt belə bir qayda vardı - xəstəxanaların baş həkimləri təhsil müəssisələrinə gedib bilikli, bacarıqlı kadrlar axtarırdılar. İndi işlədiyim xəstəxananın ozamankı baş həkmi, mərhum Həsənağa Əliyev də bizim məktəbdən məni seçdi. Həmin illərdə Neftçilər Xəstəxanası ölkədə birnömrəli səhiyyə ocağı idi. Burada işləyəcəyimi eşidəndə çox sevindim. Atam da neftçi idi. Neftçilərin necə fədakar, zəhmətkeş olduqlarını atamın qabarlı əllərindən bilirdim. Mənə doğma olan insanların sağlamlığının qayğısına qalmağı özüm üçün həm də mənəvi borc hesab edirdim. O zaman bura qapalı xəstəxana idi. Yalnız neftçilər müalicə olunurdular. Bir il işlədikdən sonra məni baş tibb bacısı təyin etdilər. Artıq 41 ildir ki, burada çalışıram".
Baş tibb bacısı kimi Elmira Xasmətova bu gün yalnız tibbi prosedurların idarə olunmasına deyil, həm də xəstəxana kollektivində nizam-intizam və pasiyent-tibb personalı mühitinin qorunmasına cavabdehdir. 1985-ci ildən etibarən taleyini Mərkəzi Neftçilər Xəstəxanasına bağlayan tibb bacısı peşəkarlığını artırmağa ciddi yanaşıb. Çalışdığı bu illər ərzində beynəlxalq və regional səviyyəli çoxsaylı kurs və konfranslarda, İstanbulda keçirilən 23-cü Ulusal Qastroenteroloji Konqresində təmsil olunub, "Qastrointesional Endoskopi Hemşireleri ve Teknisyenleri Derneği"nin, eləcə də "Qastroenteroloji Hemşireleri Derneği"nin ixtisasartırma kurslarını uğurla başa vurub. Bu davamlı inkişaf yolu onun yalnız təcrübəli tibb bacısı deyil, həm də yeniliyə açıq, daim öyrənən, peşəsinə məsuliyyətlə yanaşan mütəxəssis olduğunu təsdiqləyir.
İllər keçdi, nəsillər dəyişdi, çalışdığı tibb ocağında neçə-neçə gənc tibb bacısı onun rəhbərliyi altında püxtələşdi. "Xəstə əvvəl insan, sonra pasiyentdir". Bu fikir onun peşə fəlsəfəsinin əsası, fəaliyyətinin isə yolgöstərən ruhudur. Bəlkə də elə buna görə xəstələr onu əzizləri, doğmaları kimi qəbul edirlər.
Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov onun haqqında belə dedi: "Elmira xanım baş tibb bacısı kimi yalnız tibbi proseslərin düzgün təşkili ilə kifayətlənmir, həm də kollektivdə nizam-intizam, qarşılıqlı hörmət və mənəvi birlik mühiti yaranmasında əvəzsiz xidmət göstərir, gənc əməkdaşlara peşə sirlərinin öyrədilməsində qayğısını və biliyini əsirgəmir. Ən çətin anlarda belə təmkinini itirməməsi, fövqəladə hallarda çevik qərarlar verməsi, eyni zamanda xəstənin gözünə baxıb onu sakitləşdirə bilməsi onun peşəkarlığını tamamlayan ən mühüm keyfiyyətdir. Elmira xanımın peşəkarlığı və insanlığı o səviyyədədir ki, ağrının nə olduğunu bəlkə də xəstədən daha çox anlayır. Çünki insanı dinləməyi bacarır, dinləmək isə bəzən müalicənin yarısıdır".
Tibb bacısı işlədiyi bu 41 il ərzində minlərlə insan onun qayğısı ilə yenidən sağlamlığına qovuşub. Elmira xanım danışdıqca insanın ağlına bir fikir hakim kəsilir: "Səhiyyə yalnız müalicə etmək deyil, həm də mərhəmətdir. O isə bu peşənin ustadlarından biridir. Ağ xalatı ilə illərboyu insanlara ümid paylayan bu xanım sübut edib ki, şəfqət zamanla köhnəlmir, əksinə, dərinləşir, böyüyür. Onun həyatı təkcə bir tibb bacısının taleyi deyil, bütövlükdə şəfqət bacılarının görünməyən zəhmətinə, gecə-gündüz yorulmadan çalışan, insan sağlamlığını öz həyatlarının bir parçasına çevirən fədakar insanların hekayəsidir. Çünki elə peşələr var ki, onların dəyəri vicdanla ölçülür.
Elmira xanım deyir ki, 2020-ci ildə COVID-19 pandemiya elan olunanda insanlar təlaş içində idilər, nə edəcəklərini bilmirdilər. Bu qorxulu virusun insanlarla "davranış"ı hələ sirr idi: "Xəstəxanamızda COVID-lə mübarizəyə qoşulan üç tibb bacısından biri də mən idim. Gecəmizi gündüzümüzə qatıb çalışdıq..."
Elmira Xasmətova 2020-ci il sentyabrın 27-sini göz yaşı ilə xatırlayır: "Sentyabrın 27-si bazar günü idi. Ali Baş Komandan İlham Əliyevin televiziya ilə xalqa müraciətini eşidən kimi xəstəxanaya yollandım. O qədər həyəcanlı idim ki... Birbaşa döyüş zonasına getmək istəyirdim. İllərdir torpaq həsrətinə son qoymaq üçün canını fəda edən gənclərimizlə, qəhrəman oğullarımızla bir yerdə olmaq istəyirdim. Xəstəxanaya çatanda gördüm ki, hətta məzuniyyətdə olan həkimlərimiz də xəbəri eşidib döyüş zonasına getmək üçün növbəyə dayanıblar".
Elmira xanımla söhbət zamanı birmənalı olaraq qəbul edirsən ki, 60 illik ömrünün 41 ilini eyni xəstəxanada insanlara xidmətə həsr edən bu xanım, sadəcə, baş tibb bacısı yox, şəfqətin, mərhəmətin və sədaqətin canlı ünvanıdır. Onun ömür yolu sübut edir ki, şəfqət bacısı yalnız ixtisas deyil, insan taleyinə cavabdeh müqəddəs bir missiyadır. O, illərboyu qazandığı fəxri fərman, "Tərəqqi" medalı və digər mükafatlarla yanaşı, ən ali dəyəri - insanların dualarında yaşamağı bacarıb. Ailədə iki övladına necə qayğıkeş və dayaqdırsa, xəstələr üçün də elə şəfqət bacısıdır.
Elşən QƏNİYEV,
İlham BABAYEV (foto),
"Azərbaycan"