"Bu qədim və gözəl şəhərdə dünyaya göz açıb, onun mavigözlü, şıltaq Xəzərini sevməmək, vurulmamaq olarmı?" Həmsöhbətimizin sualımıza cavabı belə olur: "Əlbəttə, olmaz. Mümkünsüzdür"...
Natalya Fatyanova əsrarəngiz Xəzərə heyranlığından danışır. O, 1992-ci il fevralın 21-də Bakı şəhərində dünyaya gəlib.
Natalyanın anası Svetlana Aleksandrovna Fatyanova uzun illərdir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin "ASCO Mühəndislik" MMC-də işləyir. Aparıcı mühəndisdir. Atası Vladimir Anatolyeviç Fatyanov isə Paris Kommunası adına gəmi təmiri zavodunda çalışıb. Vladimir Anatolyeviç cavan ikən dünyasını dəyişib. Onda Natalyanın altı yaşı var imiş. Natalya Fatyanova kədərlə xatırlayır: "Atam da, babam da Paris Kommunası adına gəmi təmiri zavodunda işləyirdilər. 1998-ci ildə onlar birlikdə qəzaya düşdülər. Atam da, babam da vəfat etdi. O vaxt balaca olsam da, atamı xatırlayıram. Onunla bağlı yaddaşımda qalan xatirələr az olsa da, onları tez-tez yada salıram. Bir də uşaqlıqdan indiyədək anamla həmişə atamın məzarını ziyarətə gedirik. Atamdan sonra anam ailə qurmadı. Məni - yeganə övladını böyütdü".
Natalya Fatyanova Bakı şəhəri 20 saylı tam orta məktəbdə əla qiymətlərlə oxuyub. Elə şagird ikən də fəallığı ilə seçilib.
Hələ kiçik yaşlarından Xəzərin gah sahillərinə baş qoyub sakit-sakit ləpələnən, gah da şahə qalxan dalğalarına baxa-baxa xəyallar qurmağı sevib. Deyir ki, elə uşaqlıq çağlarından arzularında hər zaman dəniz olub. Təkcə dənizə vurğunluğuna görə deyildi. Natalya Fatyanova dənizçi peşəsinin ənənəyə çevrildiyi bir ailədə dünyaya gəlib. Dənizçilərin əhatəsində boya-başa çatıb, onların dənizçi həyatı, işi, qarşılaşdıqları çətinliklər haqqında danışdıqları əhvalatları həmişə böyük maraqla dinləyib. Sonra bu maraq arzuya çevrilib: "Belə deyə bilərəm ki, bizdə ailə söhbətləri daha çox dənizlə bağlı olub. Babamın qardaşları Neft daşlarında, gəmilərdə işləyiblər. Ağlım kəsəndən görmüşəm ki, bir yerə nə zaman toplansaq, onlar öz işlərindən, zavoddan, dənizdən, gəmidən, texniki məsələlərdən danışıblar", - Natalya Fatyanova deyir.
Natalya uşaqlıq illərindən həyatını dənizdən uzaqda təsəvvür etməyib. Odur ki, istəyi yalnız ailə ənənəsini davam etdirmək olmayıb. Böyüdükcə arzusu məqsədə çevrilib. O həm də Azərbaycanda gəmiqayırma və gəmi təmiri sahələrinin inkişafına töhfə vermək niyyətində olub. Natalya danışır ki, dənizçi peşəsinə onu yönəldən olmayıb: "Heç kim deməyib ki, bu peşəni seç. Bizim ailədə belə bir qayda var, böyüklər seçimlərimizə müdaxilə etmir, "yox, bunu etmə" demirlər. Qərarı öz öhdəmizə buraxırlar, deyirlər ki, qoy istədiyin kimi olsun, əgər səhv etsən, bil ki bu, sənin səhvindir. Bu cür münasibət bizi məsuliyyətli olmağa sövq edib. Dediyim kimi, kimsənin müdaxiləsi olmadan mən uşaqlıqdan dənizçi peşəsini seçəcəyimi düşünürdüm. Yalnız bircə dəfə vəkil olmaq xəyalına düşdüm. Onda da anam etiraz etmədi, sadəcə, mənə düşünməyi tövsiyə etdi. Qəlbimin səsini dinlədim. Qəti qərara gəldim ki, mən dənizçi olacağam".
Natalya Fatyanova 2009-cu ildə tam orta məktəbi əla qiymətlərlə bitirib. Arzularını reallaşdırmaq üçün sənədlərini Azərbaycan Dövlət Dəniz Akademiyasına verib. Tələbə adını qazanıb. Akademiyada "Dəniz texnikası və texnologiyaları mühəndisliyi" ixtisası üzrə təhsil almağa başlayıb. Bu ixtisası seçməsi həm ailə ənənələrinin davamı, həm də öz arzusunu reallaşdırması olub.
Natalya bildirir: "2010-cu ildə, mən qəbul olunanadək Azərbaycan Dövlət Dəniz Akademiyasında qızlar oxumurdular. İlk dəfə biz altı nəfər qız həmin akademiyanın tələbəsi olduq. Uğurlu başlanğıc oldu. Bizdən sonra hər il Azərbaycan Dövlət Dəniz Akademiyasına oğlanlarla yanaşı, qızlar da qəbul edilirlər. Artıq mexaniklər və şturmanlar arasında da qızlarımız var".
O, bir tərəfdən qohumlarının yolunu davam etdirmək istəyir, digər tərəfdən isə müasir və etibarlı texnologiyalar yaratmağa imkan verən elmi və mühəndis fəaliyyətinə can atırdı.
Tələbəlik illərində Natalya Fatyanovanın elmi araşdırmalara böyük marağı olduğu müəllimlərinin diqqətindən yayınmayıb. O, gənc tədqiqatçı kimi yüksək bacarıqlara malik olduğunu nümayiş etdirib. Natalya həmin vaxtları belə xatırlayır: "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş elmi konfranslarda iştirak etdim və bu konfransların nəticələrinə görə mükafatlara layiq görüldüm. 2014-cü ildə Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirdim və eyni ixtisas üzrə magistratura təhsili almağa başladım. Bununla yanaşı, akademiyada "Gəmi energetik qurğuları və gəmiqayırma" kafedrasında tədris ustası kimi əmək fəaliyyətinə başladım".
Təhsilin əvvəlki mərhələlərində olduğu kimi, o, magistratura pilləsini də yüksək göstəricilərlə başa vurub. 2016-cı ildə Natalya Fatyanova magistraturanı fərqlənmə diplomu ilə bitirib və Azərbaycan Dövlət Dəniz Akademiyasının "Gəmi energetik qurğuları" kafedrasına assistent vəzifəsinə təyin edilib.
Natalya Fatyanova "Gəmiqayırma və gəmi təmiri texnologiyası" ixtisası üzrə doktorantura təhsilinə başlayıb. 2025-ci ildə "Lak-boya örtüklərində nanodoldurucuların istifadəsi ilə gəmi gövdəsinin korroziya dözümlüyünün yüksəldilməsi" mövzusunda dissertasiyasını uğurla müdafiə edərək texnika elmləri üzrə fəlsəfə doktoru dərəcəsi alıb.
Onun elmi-tədqiqat işi müasir lak-boya materiallarının hazırlanması və tətbiqinə həsr olunub, bu da dəniz şəraitində gəmi gövdələrinin istismar etibarlılığını və davamlılığını artırır. Aparılan tədqiqatların nəticəsi olaraq, Natalya Fatyanova nanodoldurucularla təkmilləşdirilmiş lak-boya kompozisiyası üzrə ixtiraya malik olub. Deyir ki, bu kompozisiya yüksək korroziyaya qarşı müqavimətə malik olub, gəmiqayırma və gəmi təmiri sahələri üçün praktik əhəmiyyət daşıyır.
Natalya Fatyanova elmi-pedaqoji fəaliyyətlə yanaşı, ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edən gənclərimizdən biridir: "Mən Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının üzvüyəm. Tədbirlərdə fəal iştirak edirəm. Həm də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətində Yeni Azərbaycan Partiyasının Ərazi Partiya Təşkilatının sədr müavini vəzifəsini icra edirəm", - Natalya Fatyanova bildirir.
Öyrənirik ki, ictimai-siyasi sahədə aktiv və ardıcıl fəaliyyətinə görə Natalya Fatyanova dəfələrlə fəxri fərmanlar və təşəkkürnamələrlə təltif edilib. Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə o, Səbail rayon təşkilatı tərəfindən fəxri fərmanla mükafatlandırılıb. 2022-ci ildə Natalya Fatyanova "Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik" siyasi kursunu fərqlənmə ilə bitirib.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində göstərdiyi xidmətlərə görə Natalya Fatyanova Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi tərəfindən fəxri diplomla təltif olunub.
Azərbaycan dilini çox yaxşı bildiyindən söz düşəndə Natalya təbəssümlə deyir: "Azərbaycan mənim doğma vətənim, Azərbaycan dili doğma dilimdir. Ona görə mən çalışıram ki, Azərbaycan dilini mükəmməl bilim. Doğrudur, orta məktəbdə rus bölməsində oxumuşam. Amma indi Azərbaycan Dövlət Dəniz Akademiyasında Azərbaycan dilində dərs deyirəm.
Mən bu ölkədə dünyaya gəlmişəm. Valideynlərim də Azərbaycanda doğulub, böyüyüblər. Hətta valideynlərimin ata-anası da burada doğulublar. Mən yüngül atletika ilə məşğul olmuşam. Sonra zədələndiyimə görə daha məşğul ola bilmədim. İdmançı kimi demək olar ki, çox ölkədə oldum. Onda bir daha əmin oldum ki, mən Azərbaycandan başqa heç yerdə yaşaya bilmərəm".
Onun gələcəklə bağlı bütün arzularında, düşüncələrində, planlarında çox sevdiyi Bakı şəhəri və onun haqqında danışmaqdan doymadığı Xəzər dənizi var. Onun üçün Bakı təkcə doğulduğu şəhər deyil, həm də elmi axtarışlarının, arzularının və gələcək planlarının mərkəzidir. Uşaqlıqdan sevdiyi Xəzər dənizi isə artıq, sadəcə, heyranlıq obyekti deyil - onun elmi fəaliyyətinin, mühəndis düşüncəsinin və peşəkar uğurlarının ilham mənbəyidir. Əzmkarlığı, zəhmətkeşliyi və vətənə bağlılığı ilə Natalya Fatyanova sübut edir ki, məqsədə inamla gedən yol gec-tez uğura aparır.
Arzuları çoxdur. Natalya Fatyanova danışır ki, hər zaman öz üzərində işləyir, yenilik axtarışındadır: "Bizim "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" tərəfindən belə bir ideya həyata keçirildi. 1941-1945-ci illərdə, müharibə dövründə ən cavan gəmi kapitanı olmuş Şövkət Səlimova haqqında film çəkildi. Onda müraciət etdim və o filmdə mən də balaca bir rol oynadım. Bu, mənim üçün xoş bir yenilik oldu. Gələcək planlarıma gəlincə, əlbəttə ki, həm pedaqoji, həm də elmi fəaliyyətimi davam etdirmək istəyirəm. Yeni elmi məqalələr üzərində işləyirəm, araşdırmalar aparıram".
Natalya Fatyanova ölkəmizdə gənclərin bilik və bacarıqlarını göstərmələri üçün yaradılan şəraitdən razılıq edir: "Respublikamızda ardıcıl olaraq elmin, təhsilin və ictimai-siyasi həyatın inkişafına töhfə verə biləcək yüksəkixtisaslı kadrların hazırlanmasına yönəlmiş dövlət siyasəti həyata keçirilir. Bu, hər bir gəncə öz arzularını reallaşdırmaq imkanı yaradıb. Mən də bu imkanlardan yararlanaraq, həm təhsil, həm də elmi sahədə uğurlara imza atmağa çalışıram. Dövlətin gənclərə göstərdiyi diqqət və dəstək bizləri daha çox çalışmağa və daha yüksək hədəflərə doğru irəliləməyə ruhlandırır. Əminəm ki, bu cür təşviqlər sayəsində gələcəkdə daha çox gənc alim və mütəxəssis ölkəmizin inkişafına dəyərli töhfələr verəcək".
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"