Prezident İlham Əliyevin barış modeli dünya tərəfindən dəstəklənir və nümunə göstərilir
Dünya tarixində çox az ölkəyə nəsib olan strateji dönüş nöqtəsindəyik. Cənubi Qafqazın lider dövləti Azərbaycan artıq qlobal sülh arxitekturasının mərkəzi fiqurlarından birinə çevrilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müharibə psixologiyasından sülh fəlsəfəsinə keçidin ən çətin sınağından üzüağ çıxdı. Ölkəmiz nəinki Ermənistanla sülh sazişini parafladı, həm də normallaşma prosesini real iqtisadi əməkdaşlıqla möhkəmləndirdi. Azərbaycanın öz ərazisindən tranzitlə Ermənistana taxıl daşımalarına icazə verməsi və neft məhsulları ixracına başlaması sülhün yalnız sözdə yox, əməldə də yaşandığının sübutudur. Bu addımlar göstərir ki, Azərbaycan sülhü sadəcə siyasi sənəd kimi deyil, region xalqlarının rifahına xidmət edən real iqtisadi proses və qarşılıqlı əməkdaşlıq kimi təsəvvür edir. Dövlətimiz, sadəcə, torpaqlarımızı azad etmədi, həmçinin bölgənin gələcək onilliklərini müəyyənləşdirəcək sülhün təməlini qoydu.
Azərbaycanın postmünaqişə dövründə nümayiş etdirdiyi bu unikal təcrübə və prinsipial sülh diplomatiyası beynəlxalq ictimaiyyətin, xüsusilə qlobal güclərin diqqətindən yayınmadı. Ölkəmizin ABŞ Prezidenti Donald Trampın şəxsi təşəbbüsü ilə yaradılan, dünya miqyasında münaqişələrin həlli və sabitliyin qorunması missiyasını daşıyan Sülh Şurasının (Board of Peace) qurucu üzvü seçilməsi Azərbaycanın xarici siyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu. Bu, təkcə bir dövlətin beynəlxalq quruma adi üzvlüyü deyil, eyni zamanda Azərbaycanın Cənubi Qafqazın hüdudlarını aşaraq qlobal sülh quruculuğunun əsas memarlarından biri kimi tanınması deməkdir.
Dünyanın ən nüfuzlu iqtisadi və siyasi platformalarından biri olan Davos İqtisadi Forumu çərçivəsində bu prosesin rəsmiləşməsi Azərbaycanın strateji çəkisini bir daha nümayiş etdirdi. Yeni təsisatın yaradılmasında birbaşa iştirak və təsisçi sənədlərin imzalanması ölkəmizin təkcə verilən qərarların icraçısı yox, qlobal idarəetmə mexanizmlərinin, yeni beynəlxalq nizamın və sülh modellərinin qurulmasında birbaşa söz sahibi olduğunu təsdiqlədi. 22 yanvar 2026-cı ildə Davosda Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşü bu strateji tərəfdaşlığın mühüm tərkib hissəsi oldu. Görüşdə ikitərəfli münasibətlərin inkişafı, Azərbaycan-Ermənistan normallaşması və TRIPP (Zəngəzur dəhlizi) layihəsi xüsusi diqqət mərkəzində idi. Bu da o anlama gəlir ki, ABŞ rəhbərliyi regiondakı yeni nəqliyyat-kommunikasiya xəritəsi ilə yaxından maraqlanır və Azərbaycanın təşəbbüskarı olduğu bu layihələri qlobal təchizat zəncirinin təhlükəsizliyi baxımından dəstəkləyir.
Azərbaycanın sülh siyasətinin mənəvi-humanitar dəyərlər müstəvisində ən yüksək təsdiqi isə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın Prezident İlham Əliyevə təqdim edilməsi oldu. Roma Papası Fransisk və Əl-Əzhərin Böyük İmamının dəstəklədiyi bu mükafat dünyada sülhü, dinlər və mədəniyyətlərarası dialoqu təşviq edən ən nüfuzlu beynəlxalq təltiflərdən biridir. "Zayed İnsan Qardaşlığı Mükafatı"nın Prezident İlham Əliyevə təqdim edilməsi sülh siyasətinin mənəvi-humanitar dəyərlər müstəvisində də ən yüksək səviyyədə təsdiqlənməsidir.
Burada diqqət edilməli mühüm məqam odur ki, mükafat təkcə sazişin imzalanması faktına görə deyil, həm də bu, "dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi" missiyasını təcəssüm etdirdiyi üçün verilir. Yəni beynəlxalq birlik Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qarşıdurmadan əməkdaşlığa keçidi təmin edən siyasi iradəsini və bu keçidin humanitar dəyərlərə əsaslanmasını yüksək qiymətləndirir.
Mükafatlandırma mərasiminin 4 fevral 2026-cı ildə Əbu-Dabidə keçirilməsi də dərin simvolik məna daşıyır. Dövlət başçısı İlham Əliyev mərasimdəki çıxışı zamanı bu məqama xüsusilə toxundu. Prezidentimiz vurğuladı ki, Ermənistan ilə Azərbaycan arasında danışıqlar tarixi Vaşinqton Sammitindən əvvəl məhz bu şəhərdə baş tutmuşdur: "Əbu-Dabidə keçirilən bu mükafatlandırma mərasimi ilə bağlı qeyd edəcəyim son məqam odur ki, bu mərasim rəmzi məna daşıyır. Çünki Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur. Əziz qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəldik və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirilmişdir".
"Zayed İnsan Qardaşlığı Mükafatı" Azərbaycanın münaqişəni həll edərək bölgədə yaratdığı yeni reallıqların, sülh və əməkdaşlıq siyasətinin və Prezident İlham Əliyevin şəxsi nüfuzunun beynəlxalq miqyasda qazandığı ən parlaq etiraf və təltifdir. Eyni zamanda cənab İlham Əliyevin qətiyyətinin, milli maraqlara sadiqliyinin və liderlik keyfiyyətlərinin beynəlxalq aləmdə nümunə kimi qəbul edilməsidir. Mərasimdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan, Qırğızıstan, Livan liderlərinin, həmçinin İordaniya Kralının təbrik videomüraciətlərinin nümayiş etdirilməsi sülh nailiyyətinin geniş coğrafiyada, müxtəlif mədəniyyət və siyasi sistemlər tərəfindən də qəbul edildiyinin göstəricisidir.
Azərbaycanın beynəlxalq nüfuzu üç təməl üzərində yüksəlir. Bunlar postmünaqişə dövrünün uğurlu idarə edilməsi, qlobal güclərlə qurulan balanslı strateji tərəfdaşlıqlar və Avropa ilə Asiya arasında enerji, nəqliyyat və rəqəmsal körpü rolunu oynayan coğrafi-iqtisadi potensialıdır. Ölkəmiz, sadəcə, regional proseslərin iştirakçısı deyil, qlobal sülh gündəliyinin müəllifi, etibarlı tərəfdaş və gələcək nəsillərə nümunə göstəriləcək bir modeldir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan müharibə şəraitində yaşamağı öyrəndiyi kimi, indi də sülh şəraitində yaşamağı öyrənir.
Prosesin xronoloji ardıcıllığı Azərbaycanın beynəlxalq təhlükəsizlik arxitekturasında artan çəkisini aydın göstərir. 13 fevral 2026-cı ildə Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin sülhə nail olmuş dövlət başçısı kimi çıxış etməsi strateji fürsət oldu. Dövlətimizin başçısının Münxendə yerli telekanallara müsahibəsi zamanı bəyan etdiyi məqamlar Azərbaycanın işğala son qoyaraq öz ərazi bütövlüyünü təmin etdiyini və indi qalib ölkə kimi sülh qurduğunu dünyaya bir daha xatırlatdı: "Həmişə olduğu kimi bizim mesajımız əməkdaşlığa, sülhə istiqamətləndirilib. İlk dəfədir ki, mən bu tədbirdə artıq sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm. Əlbəttə, bu məsələ burada yəqin ki, gündəlikdə olacaq. Ona görə bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır, aydındır - əməkdaşlıq, sülh, tərəfdaşlıq. Təbii ki, Azərbaycanın həm təhlükəsizlik sahəsində artan rolu, bizim imkanlarımız, eyni zamanda iqtisadi inkişaf, enerji təhlükəsizliyi, nəqliyyat, bağlantılar, süni intellekt, yəni bütün bu məsələlər bu gün dünyanın əsas gündəliyini təşkil edir. Ona görə Azərbaycan da bu sahələrdə geridə qalmır".
Prezidentimizin ifadələri həqiqətən də Azərbaycanın diplomatik tarixində yeni müstəvinin təsdiqi, regionun gələcək memarlığını müəyyən edən strateji mesaj idi. Azərbaycan artıq münaqişə tərəfi kimi deyil, münaqişəni həll etmiş və yeni reallıqlar yaratmış dövlət kimi çıxış edir. Bu, beynəlxalq münasibətlər sistemində çox nadir hallarda rast gəlinən bir statusdur.
Dövlətimizin başçısının çıxışı göstərdi ki, Azərbaycan sülhü diktə edən tərəf olmaqla yanaşı, həm də regionun təhlükəsizlik qarantıdır. Cənab Prezidentin vurğuladığı əsas məqam odur ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrini özü icra edərək, əslində, beynəlxalq hüququn aliliyini bərpa etdi. Azərbaycan liderinin çıxışda sülh gündəliyi ilə yanaşı, ölkəmizin təşəbbüskarı olduğu nəqliyyat və enerji layihələrinə də xüsusi toxunması dövlətimizin, sadəcə, hərbi deyil, həm də iqtisadi mərkəz olduğunu sübut etdi. Bu çıxış Ermənistan-Azərbaycan münasibətlərinin artıq "keçmiş münaqişə" statusunda olduğunu və rəsmi Bakının diqqətinin artıq Böyük qayıdışa və regional inteqrasiyaya yönəldiyini dünya elitasına çatdıran ən kəsərli diplomatik gediş idi.
Sülh Şurasının 19 fevral 2026-cı ildə Vaşinqtonda keçirilən ilk iclasında Azərbaycanın postmünaqişə ölkəsi kimi sülh quruculuğu təcrübəsi qlobal barış çərçivələri üçün nümunə olaraq qiymətləndirildi. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan və Yaxın Şərqdə sülhün möhkəmləndirilməsi üçün yeni platforma olan Sülh Şurasında Azərbaycanın qurucu üzv kimi iştirakı ölkəmizin qlobal münasibətlər sistemindəki rolunun yeni mərhələyə yüksəldiyinin göstəricisidir. Sülh Şurasının Vaşinqtonda keçirilən ilk təsis iclasında Azərbaycanın postmünaqişə ölkəsi kimi təqdim etdiyi sülh quruculuğu təcrübəsi regional uğur olmaqla paralel, qlobal barış çərçivələri üçün universal "yol xəritəsi" kimi qiymətləndirildi. Bu, o deməkdir ki, beynəlxalq birlik Azərbaycanın 2020-ci ildən bəri həyata keçirdiyi hərbi-siyasi və humanitar strategiyanı, yəni işğala son qoyulması, ərazi bütövlüyünün bərpası və genişmiqyaslı quruculuq işlərinə başlanılması modelini dünyadakı digər münaqişələrin həlli üçün ən effektiv metod kimi qəbul edir.
Vaşinqton Sammitində Azərbaycanın iştirakı göstərdi ki, ölkəmiz Şərq və Qərb dəyərlərini özündə birləşdirən nadir balans yaradaraq, müsəlman dünyası ilə Qərb siyasi elitası üçün qəbulolunan sülh dilinə malikdir. Azərbaycanın bu platformadakı iştirakı ölkəmizin qlobal münasibətlər sistemindəki rolunun regional liderlikdən qlobal strateji tərəfdaşlıq mərhələsinə keçdiyini rəsmiləşdirdi. Bu, ABŞ-nin yeni xarici siyasət kursunda Azərbaycanı Avrasiya regionunun əsas sabitlik lövbəri kimi gördüyünün birbaşa sübutudur.
İclas çərçivəsində vurğulandığı kimi, Azərbaycanın təcrübəsi göstərdi ki, davamlı sülh yalnız güclü iqtisadi zəmin və suverenliyə qarşılıqlı hörmət üzərində qurula bilər. Bu yanaşma Sülh Şurasının gələcək fəaliyyətinin ana xəttini təşkil etməkdədir. Donald Tramp isə Azərbaycan və Ermənistan arasındakı sülhü tarixi nailiyyət kimi səciyyələndirdi. Vitse-prezident Ceyms Devid Vens liderlərin bu uğurdakı rolunu xüsusi vurğuladı. Sammit çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən qeyri-rəsmi görüş sülhün davamlılığını bir daha təsdiqlədi.
Bu gün Azərbaycanın beynəlxalq nüfuzu üç əsas təməl üzərində yüksəlir. Bunlar postmünaqişə dövrünün uğurlu idarə edilməsi, qlobal güclərlə qurulan balanslı strateji tərəfdaşlıqlar və Avropa ilə Asiya arasında enerji, nəqliyyat və rəqəmsal körpü rolunu oynayan coğrafi-iqtisadi potensialdır. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi "ağıllı şəhər"lər, "ağıllı kənd"lər, hava limanları və infrastruktur layihələri müharibədən çıxmış ərazilərin sürətli reinteqrasiyası üçün praktiki model təqdim edir. Bu model təkcə fiziki bərpa deyil, həm də məcburi köçkünlərin ləyaqətli qayıdışını təmin edən Böyük qayıdış proqramı ilə sülhün sosial-iqtisadi dayanıqlığını göstərir. Eyni zamanda "Cənub qaz dəhlizi" vasitəsilə Azərbaycan qazını Avropaya çatdıran ölkəmiz yeni imzalanan Strateji Tərəfdaşlıq Xartiyası ilə bu əməkdaşlığı nüvə enerjisi, kritik mineralların tranziti və "yaşıl enerji" layihələri ilə genişləndirir. Xüsusilə TRIPP (Zəngəzur dəhlizi) layihəsi Avropa ilə Asiya arasında logistik təchizat zəncirlərini şaxələndirmək, regionda blokadaları aradan qaldırmaq və bütün tərəflər üçün qazanc prinsipinə əsaslanan iqtisadi inteqrasiyanı təmin etmək potensialına malikdir. Proqnozlara görə, bu dəhliz Şərq-Qərb yükdaşımalarının müddətini 15 günə qədər qısaltmaqla yanaşı, region ölkələrinin ÜDM-də əhəmiyyətli artımına səbəb olacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, milli maraqlara sadiqliyi və yüksək liderlik keyfiyyətləri beynəlxalq aləmdə bir model kimi qəbul edilir. Davos İqtisadi Forumu çərçivəsində dünya liderlərinin səsləndirdiyi müsbət fikirlər də göstərdi ki, Azərbaycanın xarici siyasət fəlsəfəsinin əsasında duran dialoq, suverenlik və beynəlxalq hüquq prinsipləri ölkənin sabit inkişafına xidmət edir.
Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan 2020-ci ildə regional münaqişəni həll edərək de-fakto sülhə nail olub və 2025-ci ilin avqustundan etibarən atəşkəs pozulmayıb. Hazırda yekun sülh müqaviləsinin imzalanması üçün əsas şərt Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Bu dəyişikliklər edilən kimi sülh müqaviləsi ertəsi gün imzalana bilər. Azərbaycan öz müstəqilliyini və ərazi bütövlüyünü qoruyaraq, sülhün və əməkdaşlığın təşviqi istiqamətində regionda lider, dünyada isə nüfuzlu tərəfdaş statusu qazanıb. Azərbaycanın təqdim etdiyi model göstərir ki, güclü ordu həm də ən böyük sülh diplomatıdır. Münaqişəni hərbi yolla həll edib dərhal sonra qarşı tərəfə 5 maddəlik sülh təklifi təqdim etmək isə dünya siyasi tarixində nadir rast gəlinən konstruktivlik nümunəsidir. Bu gün Azərbaycan təkcə regional proseslərin iştirakçısı deyil, qlobal sülh gündəliyinin müəllifi, etibarlı tərəfdaş və gələcək nəsillərə nümunə göstəriləcək bir dövlət modelidir. Öz müstəqilliyini və ərazi bütövlüyünü polad iradə ilə qoruyan Azərbaycan bu gün regionda hərbi lider, dünyada isə nüfuzlu strateji tərəfdaş statusunu möhkəmləndirib. Azərbaycan qlobal sülh arxitekturasının müəllifi, enerji və nəqliyyat təhlükəsizliyinin təminatçısı, ən əsası isə öz taleyini özü yazan dövlət modelidir.
Bu gün Bakıdan ucalan sülh sədası Vaşinqtondan Davosa, Əbu-Dabidən Münxenə qədər bütün dünyada əks-səda doğurur. Prezident İlham Əliyevin polad iradəsi ilə formalaşan Azərbaycan modeli sübut etdi ki, əsl suverenlik həm döyüş meydanında qalib gəlmək, həm də sülh masasında diktə etmək bacarığını təmin etməkdir. Artıq dünya Azərbaycanı təkcə enerji resursları ilə zəngin ölkə kimi deyil, sülhün strateji memarı və yeni beynəlxalq nizamın aparıcı qüvvəsi kimi qəbul edir. Tarixin bu mərhələsində Azərbaycan taleyini özü yazmaqla yanaşı, həm də gələcək nəsillərə ləyaqətli, sabit və firavan bir dünya mirası qoyur.
Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı