07 Mart 2026 08:50
173
CƏMİYYƏT
A- A+
"Hər birinizi evimə qonaq dəvət edirəm"

"Hər birinizi evimə qonaq dəvət edirəm"


Xocalı soyqırımında üç körpəsini itirmiş Sədaqət ana doğma yurduna dönməyə hazırlaşır... bu dəfə üç nəvəsi ilə


On gün əvvəl Xocalıda Soyqırımı Memorialının açılışından sonra Prezident İlham Əliyev sakinlərlə söhbət edərkən ona saçları dağların qarından bəyaz bir qadın da yaxınlaşdı. Uzun illərin ayrılığından sonra doğma yurdu ilə görüşündən yaranan sevinc keçmişin acı xatirələrinə qarışmışdı. Həyəcanı səsindən hiss olunurdu.  O, üzünü Prezidentə tutaraq 15 il əvvəl Goranboyda qaçqınlar və məcburi köçkünlər üçün salınmış məhəllədə olan söhbəti xatırladı: "Cənab Prezident, 2011-ci ildə Siz mənim evimdə çıxış etmisiniz. Siz mənə orada söz verdiniz ki, vaxt gələcək, torpaqlarımız alınacaq, sizə bundan da gözəl evlər tikiləcək. Şükür..."

Xocalısına qovuşan qadının bu minnətdarlığı, bu sözləri dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qazandığı möhtəşəm qələbənin, yurd-yuvasına dönən insanların məmnunluğunun, xoşbəxtliyinin əks-sədası idi. Bu həm də Prezident İlham Əliyevin hər işdə, hər sahədə sözübütövlüyünün, sözünün də imzası qədər kəsərli və etibarlı olduğunun, verdiyi vədə sədaqətinin daha bir təsdiqi idi.

Sədaqət dedik. Elə bu qadının adı da Sədaqətdir, Sədaqət Hüseynova. Onun və ömür-gün yoldaşı İsaq Ağayarovun yaşadıqları Xocalı müsibətləri həm də sədaqətin, sevginin və mənəvi bütövlüyün bir sınağı olub. Sədaqət xanımla bu barədə 2017-ci ilin fevralında Goranboyda, məskunlaşdıqları həmin o evdə söhbət etmişdik. Aradan xeyli vaxt keçsə də, qeyd dəftərçəmə baxmadan və diktafonumun düyməsini basmadan o söhbətimizi cümlə-cümlə, bəlkə də kəlmə-kəlmə yadıma salıram.

İsaqla Sədaqət 1980-ci ildə evlənmişdilər. Ulduzları barışmışdı, gözəl yuva qurmuş, isti ailə ocağı yandırmışdılar. Bu xoşbəxt cütlüyün üç fidan balası vardı. Nəbi 11, Sevinc 8, Raman 7 yaşında idi. Cavan ailə İsaqın valideynləri ilə birlikdə yaşayırdı. 

1988-ci ildən başlayaraq bütün Xocalı sakinləri çox çətinliklər çəkdilər. İstər ərzaq sarıdan, istərsə də daim vahimə, səksəkə içində yaşamaqdan. 

1992-ci ilin fevralında Xocalıda vəziyyət lap kəskinləşəndə qayınanası təkid edir ki, Sədaqət uşaqları da götürüb vertolyot meydançasının yaxınlığında yaşayan bacısıgilə getsin. Çünki fürsət düşən kimi burada vertolyota minib Xocalıdan çıxmaq, uşaqları xilas etmək şansı yarana bilərdi. O zaman İsaq gecə-gündüz postda, ön mövqedə keşik çəkirdi. Beləliklə, bir ailə üç hissəyə parçalanmışdı. 

- Fevralın 25-dən 26-na keçən gecə tankların, pulemyotların nəriltisindən yer-göy titrəyirdi. Evin divarları, tavanı sanki bu dəqiqə uçub töküləcəkdi. İçəridə işıq yanmırdı, bayırda yer qarla örtülü idi. 

Sədaqət xanım bunları mənə astadan, az qala pıçıltı ilə danışırdı. Elə bil hıçqırığının onu boğacağından qorxurdu. Bir də ki, İsaq bu söhbətləri eşitməməli idi. Çünki əsəbləri çox gərgin idi. Bu barədə eşidəndə, yaxud danışanda kişinin halı dəyişirdi. Ona görə də Sədaqətin göz yaşını silə-silə qalxıb, üstəlik ev sahibinin oturduğu otağın qapısını möhkəm bağlayıb söhbətinə davam etdiyi də yaxşı yadımdadır:

- İki bacı bir-birimizin üzünə baxdıq və heç nə demədən elə baxışlarımızla bir-birimizi başa düşdük. Çıxmaq lazım idi.

Beləcə, iki qadın yeddi uşaqla yola çıxır. Qarqar çayına üz tuturlar. Uşaqları qucaqlarına alıb çaydan keçirirlər. Bundan sonra əlçatmaz-ünyetməz, səmti-istiqaməti bilinməyən, fəlakət və faciə dolu bir yol başlanır.   

Xocalıdan çıxanda Sədaqətin 33 yaşı, bacısı Saranın 35 yaşı var idi. Xocalıda doğulub böyümüşdülər. Hansı səmtdə hansı bölgənin yerləşdiyini də yaxşı bilirdilər. O müdhiş gecədə Ağdam tərəfə yollanırlar. Lakin qaranlıq və şaxta onları necə karıxdırırsa, hava işıqlaşanda az qala Xankəndiyə çatdıqlarını görürlər. Yolu dəyişəndən sonra böyük bir dəstə ilə rastlaşıb ona qoşulurlar. Abdal-Gülablıya çatmağa az qalmış ermənilərin atəşlərinə məruz qalırlar. 

Öndə gedən cavan oğlanlar, kişilər işarə ilə bildirirlər ki, irəliyə gəlməyin. Bununla belə, vəhşiləşmiş erməni dığaları günahsız insanları gülləbaran edir. Bacılar uşaqların və özlərinin salamat qaldıqlarına şükür edib ara sakitləşəndən sonra yenidən yola düzəlirlər. Onlar artıq beş gün-beş gecə idi ki, ac-susuz çöllərdə, meşələrdə idilər. 

Qan qarın üstü ilə şırım açaraq arx kimi axırdı. İki qadın və yeddi uşaq qanlı izlərin üstü ilə addımlayaraq irəliləyirdilər. Və bundan sonra elə olaylar baş verir ki, onları sözlə ifadə etmək çətindir… 

Uşaqlar yemək, su istəyirdilər. Tez-tez soruşurdular ki, bəs atamız hanı?  Niyə gəlib bizə kömək etmir? 

Bu zaman Sədaqətin həyat yoldaşı İsaq başqa bir səmtdə faciə yaşayırdı. O, evə dönəndə Sədaqət artıq uşaqları da götürüb Saragilə getmişdi. İsaq atasını qabağa salıb anasını kürəyinə götürərək odun-alovun içindən birtəhər çıxır. Var-gücünü toplayıb irəliyə gedir, anasını belindən düşürüb geriyə qayıdır, qız-gəlinə, uşaqlara irəliləməkdə kömək edir və yenidən irəli qaçıb anasını kürəyinə götürür.  

Söhbətimiz zamanı Sədaqət o günlərin hər anını ürəyinin daxili fəryadı ilə xatırlayırdı:

- Biz pərən-pərən düşmüşdük. Bilirdim ki, İsaqın macalı olsa, mütləq özünü bizə çatdırar. Amma uşağı necə başa salasan?.. Taqətdən düşmüş bacım birdən-birə qarın üstünə çökdü. Ona yalvardım ki, "Sara, qalx, uşaqları bu zülmdən qurtaraq". Onu qaldırmağa çalışdım. Amma artıq gec idi... Bundan sonra təbiətin və taleyin amansız şaxtası mənim gözümün qarşısındaca ömür çiçəyimin üçünü də soldurdu. Bacımın üç ciyərparəsi də kol dibində donub qalmışdı. Son gücümü toplayaraq Saranın salamat qalmış böyük qızının əlindən tutub irəliləməyə çalışdım. Bundan sonra nələr olduğu yadımda deyil. Gözümü açanda özümü Ağdam hospitalında gördüm.

Daha sonra Sədaqəti M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirirlər. Orada ayaqlarını əməliyyat edirlər. Sədaqət bu əməliyyatın nədən ibarət olduğunu bilmir. Lakin əməliyyatdan bir-iki gün sonra xəstəxanada çəkiliş aparan Türkiyə jurnalistləri həkimdən xahiş edirlər ki, Sədaqətin ayaqlarını onlara göstərsin. Həkim mələfəni qaldıranda Sədaqət görür ki, don vurmuş barmaqlarını kəsiblər...

Danışdıqca Sədaqət o günləri sanki təzədən yaşayırdı:

- Artıq iki ay idi xəstəxanada müalicə olunurdum. Bir gün tibb bacısı gəlib dedi ki, səni dəhlizdə bir kişi gözləyir. İsaq idi, məni çox çətinliklə axtarıb tapmışdı. Ondan xahiş etdim ki, çıxıb getsin. Üzünə baxa bilmirdim. Elə bilirdim bundan sonra bizim birgə həyatımız artıq mümkün deyil. Nə gizlədim, mənə elə gəlirdi ki, barı tükənmiş, qol-budağı kəsilmiş bir ağacam, kötüyəcən qurumuşam.

Lakin İsaq bu təklifi yaxına belə buraxmaq istəmir. Deyir ki, nə danışırsan, mən səni heç vaxt tək qoymaram! Bu müharibə elliklə hamımız üçün gəlib, tək ikimizin faciəsi deyil. Bundan sonra İsaq hər gün xəstəxanaya gəlir. Sədaqət öz dediyini, İsaq da öz dediyini təkrar edir.

Nəhayət, Sədaqət ömür-gün yoldaşının sədaqəti qarşısında ram olduğunu söyləyir:

- Xəstəxanadan təzəcə çıxmışdım. Sağ qalmış qohumlarımla bir yerdə idim. Bir də gördüm ki, qayınanam, qayınatam, bir neçə nəfər ağsaqqal və həyat yoldaşım  qaldığım yerə gəliblər. Hamı susurdu. İsaq ağsaqqallardan üzr istəyib üzünü mənə tutdu. Dedi ki, Sədaqət, sonluğu ağlagəlməz faciə ilə bitən 12 illik ailə həyatımızı qorxunc bir yuxu kimi arxada qoyub səninlə təzədən evlənmək istəyirəm.

Beləliklə, ailənin sağ qalan üzvləri yenidən birləşərək Naftalan şəhərində sanatoriyada məskunlaşırlar. 1993-cü ildə onların bir körpəsi dünyaya göz açır. Uşağa Xocalıda itirdikləri 7 yaşlı balaca şəhid Ramanın adını verməklə ailə ruhu mələk kimi göylərə çəkilmiş üç nakam övladının iyini ondan almağa çalışır. Beləliklə, evdə bir oğul böyüməyə başlayır. Üç il sonra isə Ramanın bacı payı da dünyaya gəlir...

Sədaqət xanımla budəfəki, yəni bir neçə gün əvvəlki görüşümüz qiyabi oldu - telefonla söhbətləşdik. Ailə hələ Goranboyda yaşayır. Yaxın vaxtlarda Xocalıya  köçəcəklər. Orada təmiri başa çatmaqda olan evləri onların yolunu gözləyir. Sədaqət deyir ki, İsaqla gedib o evimizdə, o həyətimizdə vaxtilə ayaq açmış üç körpəmizin izlərini axtaracağıq…

Amma nə yaxşı ki, təsəlliləri də var. Sədaqətlə İsaqın vaxtilə sönmüş ocağı yenidən yanır, solmuş bağında ağaclar yenidən pöhrə verib. "İndi Muradımız, Əlimiz, Elcanımız - üç nəvəmiz var, - dedi telefonda Sədaqət. - İnşallah, görüşərik. Bəri başdan sizi Xocalıya, evimə qonaq dəvət edirəm".  


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:30
07 Mart

"Çovdar nekropolu" kitabı ictimaiyyətə təqdim edilib

09:25
07 Mart

Qusarda mərmər bağacığına qarşı mübarizə gücləndirilir

09:23
07 Mart

Enerji və texnologiyada irəliləyiş, dünya bazarında qiymət dəyişmələri

09:20
07 Mart

YAP Göygöl rayon təşkilatının yaradılmasının 33 illiyi qeyd edilib

09:15
07 Mart

Qazax rəsmən Azərbaycanın "İdman Paytaxtı" oldu

09:10
07 Mart

Komitə sədri Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndə və fəalları ilə görüşüb

09:05
07 Mart

Əlləri torpağa, ümidi gələcəyə bağlı kənd qadınının hekayəsi

09:00
07 Mart

Bizim Natalya

08:55
07 Mart

"Hər birinizi evimə qonaq dəvət edirəm"

08:50
07 Mart

Azərbaycan qadını müdrikliyin, fədakarlığın və gücün rəmzidir

08:45
07 Mart

Qadın istərsə...

08:40
07 Mart

Şəfqət bacımız

08:35
07 Mart

Zəriflərin Zəfəri

08:30
07 Mart

Qadın fəallığı - cəmiyyətin modernləşmə kodu

08:25
07 Mart

Azərbaycana verilən beynəlxalq dəstək və həmrəylik mesajları ölkəmizin nüfuzunu və haqlı olduğunu göstərir

08:20
07 Mart

Azərbaycan istənilən təhdidə qətiyyətlə cavab vermək iqtidarındadır

08:15
07 Mart

Prinsipial mövqenin göstəricisi

08:10
07 Mart

"Dəmir yumruq" yerindədir: gücümüzü sınağa çəkməyin!

08:05
07 Mart

İlham Əliyevin mövqeyi qəti və prinsipialdır

08:00
07 Mart

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:37
07 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!