12 Aprel 2025 08:45
558
İQTİSADİYYAT
A- A+
Kosmosda Azərbaycan zirvəsi

Kosmosda Azərbaycan zirvəsi


Bu, 1960-cı illərdə olmuş bir əhvalatdır. O zaman SSRİ Ali Sovetinin deputatı olan azərbaycanlı xanım sovet nümayəndə heyətinin tərkibində təyyarə ilə Moskvadan uzaq ölkələrdən birinə uçurmuş. Nümayəndə heyətində dünyanın ilk kosmonavtı Yuri Qaqarin də varmış və onlar təyyarədə yanaşı əyləşibmişlər. Elə olur ki, uçuş zamanı təyyarə kəskin bir manevr edir və qadın bərk həyəcanlanır.  Bu zaman gənc Qaqarin ona tərəf əyilərək: "Ne boytes, - deyir və ardınca Azərbaycan dilində əlavə edir: "Allah qoysa, gedərik, Allah qoysa, gələrik".

Qadın qulaqlarına inanmır. Sonralar fürsət düşəndə ondan bu sözləri haradan, necə öyrəndiyini soruşur. Qaqarin adəti üzrə gülümsəyərək qısa cavab verir: "Axı böyüyümüz azərbaycanlıdır". Qadın bunu zarafat sanır və söhbət bununla bitir. 

Qaqarin isə Kremlin Qurultaylar Sarayındakı tədbirlərdə də yerləri yanaşı olan azərbaycanlı deputat həmkarının məsuliyyətinə və ciddiliyinə güvənərək ona həqiqəti söyləmişdi. Təkcə Yuri Qaqarinin deyil, sovet kosmonavtlarının hamısının "böyüyü" azərbaycanlı Kərimov idi.  Artilleriya general-leytenantı, Lenin, Stalin və SSRİ Dövlət mükafatları laureatı Kərim Abbasəli oğlu Kərimov. Onun adı uzun müddət, 1987-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adını alana qədər məxfi, necə deyərlər, yeddi qıfıl arxasında saxlanılmışdı.

Bu, həmin Kərimov idi ki, sovet kosmonavtikasında mərkəzi fiqurlardan, sovet kosmos proqramının banilərindən biri olmuşdur. Kapustin Yar təlim meydanında ilk kosmik raketləri sınaqdan keçirmişdi. Yüzlərlə raketin kosmosa buraxılmasında iştirak etmişdi. Nəhayət, 1966-cı ildə SSRİ-də Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasına sədr təyin etmək üçün namizəd arayanda yalnız onun adı üzərində dayanmışdılar.

Bu, həmin Kərimov idi ki, Amerikanın Kosmik Agentliyi NASA belə bir mütəxəssisə sahib olmaq istəyi ilə onu "gözaltılamış"dı. Mərkəzi Kəşfiyyat İdarəsinin ona "yan almaq" cəhdlərinin isə hamısı boşa çıxmışdı.

Kərimovu uzaq fəzalara, uca zirvələrə aparan bu yol isə Bakının qədim küçələrindən, Xəzərin qumlu sahillərindən, Pirşağı bağlarından başlanmışdı. Kərimov bu uzaq səfərə Azərbaycandan çıxmışdı...

O, Sankt-Peterburqda mükəmməl təhsil almış, ixtisasca mühəndis-texnoloq olmuş Abbasəli Kərimovun ailəsində 1917-ci ildə dünyaya göz açmışdı. Atası müxtəlif sahələrə aid texnologiyalara dərindən bələd idi. Bilgilərini əsasən Bakının neft mədənlərində tətbiq etmişdi. İlk Bakı-Batumi neft kəmərinin tikintisinin və istismarının iştirakçısı olmuşdu.

Kərim məktəbli olanda babasının Mustafa Sübhi küçəsində yerləşən evinin yaxınlığında Uşaq Texniki Stansiyası açılır. Orada radio dərnəyi də yaradılır. Yeniyetmə Kərim Kərimov həmin dərnəyə yazılır və elə hər şey də buradan başlanır.

Orta təhsilini rus dilində alan Kərim Novoçerkask Energetika İnstitutunun Elektromexanika fakültəsinə qəbul olunur. Lakin ailəsinin məsləhəti ilə üçüncü kursdan təhsilini Azərbaycan Sənaye İnstitutunun (indi Azərbaycan Neft və Sənaye Universiteti) Energetika fakültəsində davam etdirir.

Kərimin ali təhsilini bitirməsi 1941-ci ilə təsadüf edir və onun müharibə ilə bağlı Səmərqənd şəhərinə təxliyə edilmiş Dzerjinski adına Moskva Artilleriya Akademiyasına daxil olmasına təyinat verirlər. Çünki bir sıra ideyaları artıq hərbi mühəndisləri maraqlandırmışdı. Təsadüfi deyil ki, biliklərini yoxladıqdan sonra bu istedadlı gənci akademiyanın sonuncu kursuna qəbul etmişdilər və o, beşillik təhsili bir ilə başa çatdırmışdı. 1943-cü ildə Kərim Kərimov artıq topçu-mühəndis idi və ona Qvardiya Minaatan Hissələri Baş İdarəsinin müvəkkili kimi zavodlarda "BM-13" - o zaman "Katyuşa" adı ilə tanınan yaylım atəşi qurğusu üçün mərmilərin istehsalına nəzarət etmək vəzifəsi tapşırılmışdı. Lakin gənc mütəxəssis bununla kifayətlənməyərək daim həmin silahın təkmilləşdirilməsi barədə düşünürdü və hətta təkliflərini də irəli sürmüşdü.

İndi Kərimov seçdiyi yolda daha geniş sahəni əhatəyə alaraq raket texnikası istiqamətində irəliləyirdi.

Müharibədən sonra Kərim Kərimov SSRİ Müdafiə Nazirliyi sistemində raket texnologiyaları yaradan konstruktor büroları və zavodlarında çalışır. 1946-cı ildən başlayaraq ballistik raketlərin radioölçmə sistemlərinin yaradılması istiqamətində işlər aparır. Onun araşdırmaları nəticəsində raketlərin daxili parametrlərinə nəzarət edən "Don" radioölçmə sistemi yaradılır. Bunun elmi-texniki göstəriciləri sonradan kosmik sənayedə tətbiq edilir.

Müdafiə Nazirliyi sistemində Kərimov idarə rəisi vəzifəsinə, general rütbəsinədək yüksəlir. Beləcə, 20 il əvvəl işə tramvayla gedib-gələn baş leytenant öz dərin zəkası və gərgin zəhməti ilə SSRİ kimi nəhəng bir dövlətə son dərəcə vacib işlərdə gərək olan şəxsiyyətə çevrilir.

Artıq kosmik era başlanmışdı. Kosmos isə o qədər çətin, mürəkkəb və məsuliyyətli sahədir ki, orada ən kiçicik bir məsələ də adi, ikinci dərəcəli sayıla bilməz. O ki ola pilotlu kosmik gəmilərin inşa edilməsi... Kərim Kərimov bu məsələyə o dərəcədə dəqiq yanaşırdı ki, ilk vaxtlar kosmik raketlərin konstruktoru Sergey Korolyovla fikirləri haçalanır, bəzən mübahisələri də düşürdü. Belə ki, Korolyov vaxta tabe olmağa, gəmini tez tikib təhvil verməyə çalışırdı. Kərimov isə sifarişçi olaraq ən kiçik hissəciyi də dönə-dönə yoxlamaqdan yorulmurdu... Beləcə onlar "çəkişərək bərkişmiş", ən yaxın dostlara və silahdaşlara çevrilmişlər.

Kərimova tapşırılan vəzifəni yerinə yetirmək sıradan bir iş deyildi. Təkcə bu faktın özü çox şeyi deyir ki, Yuri Qaqarinin kosmosa qalxmasından əvvəl uçuşu hazırlayan bir neçə nəfər onun yerə sağ-salamat qayıdacağına təminat verməli, bunu yazılı surətdə bildirməli və yazdıqlarının altında imza atmalı idilər. Həmin şəxslərdən biri olan Kərimov sonralar xatırlayırdı: "Bu işə canımızla, qanımızla, başımızla cavabdeh idik".

1961-ci il aprelin 12-si general Kərimovun ömrünün ən unudulmaz günlərindən biri idi.

Baykonurda aydın bir səhər açılmışdı. Qazaxıstan çöllərini bəzəyən qıp-qırmızı lalələr sanki pıçıldaşırdılar. Xoş bir meh əsirdi. Meh artıq kosmik gəmiyə minməyə hazırlaşan Qaqarinin yanaqlarını allandırmışdı. Bu onu daha gümrah və olduğundan da yaraşıqlı göstərirdi.

O gün böyük bir tarix yazılırdı. Dünyada ilk dəfə insan kosmosa uçurdu. Azərbaycan xalqı birinci kosmonavtın SSRİ vətəndaşı olduğundan qürur duyur, sevinirdi. Lakin heç kəsin ağlına belə gəlmirdi ki, Qaqarini əngin fəzalara qaldıran "Vostok" gəmisi Azərbaycan oğlu Kərim Kərimovun rəhbərliyi ilə inşa edilib...

Nə yaxşı ki, tarix heç bir sirri gizli saxlamır!..

Sözügedən hadisədən 40 il keçəcək və Kərim Kərimov sanki adi bir iş görübmüş kimi sakitliklə deyəcək: "Qaqarinə həyat vəsiqəsini mən vermişəm".

1966-cı ildən Kərim Kərimov Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasına rəhbərlik etməyə başlayır. Bundan sonra da kosmik uçuşlar edən bütün pilotların uğurları, qayğı və problemləri, bəzən hətta faciələri də Kərimovun sanki qəlbindən və taleyindən keçir. Buna görə də kosmonavtlar onu çox sevirdilər. Müxtəlif illərdə kosmosa uçmuş Pavel Popoviç, Aleksey Leonov, Vladimir Şatalov, Musa Manarov və başqaları onun haqqında doğma, əziz insan kimi danışırdılar. Sergey Korolyovun qızı Natalya həmişə Kərimovu atası ilə qoşa xatırlayaraq kövrəlirdi...

Kərim Kərimov 25 il, yəni 1991-ci ilə qədər dövlət komissiyasının sədri olub. Kosmonavtlar deyirlər ki, göydə bəzən gözlənilməz hallar da baş verir. Bu zaman istər onların özü, istərsə də uçuşu yerdən idarə edən heyət dərhal, elə həmin an qərar qəbul etməlidir. Belə hallarda ən düzgün yolu komissiya sədri göstərirdi. Ən başlıcası isə bu idi ki, o, qərarı ildırım sürəti ilə qəbul edirdi.

1974-cü ildən Kərimov əsas vəzifəsi ilə yanaşı, Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini vəzifəsində də çalışıb. Həmin dövrdə sovet kosmik aparatları onun birbaşa rəhbərliyi və fəal iştirakı ilə yaradılıb. Bu aparatların sırasında yeni nəsil "Soyuz" kosmik gəmiləri, "Solyut" orbital stansiyası və sonradan çoxmodullu "Mir" stansiyası olub. 

General Kərim Kərimovun Azərbaycanda kosmik sənayenin inkişaf etdirilməsinə də böyük köməyi dəymişdi. O, AMEA-nın Aerokosmik Tədqiqatlar Mərkəzinə əlindən gələn köməyi göstərmiş, bir çox azərbaycanlı alimin bu sahədə fəaliyyət göstərib inkişaf etməsinə şərait yaratmışdır. K.Kərimov AMEA-nın fəxri üzvü seçilmişdi. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev müstəqillik illərində ona "Şöhrət" ordenini təqdim edərkən bütün bunları bir daha xatırlatmışdır.

Kərim Kərimov Azərbaycandan uzaqlarda yaşamış, işi və çevrəsi ilə bağlı həmişə başqa dildə danışmış, tutduğu vəzifələrin onun üçün demək olar ki, boş vaxt qoymadığı üçün vətəninə gec-gec gəlmişdi. Lakin o, Azərbaycanı qəlbən sevirdi. Kitab rəfində Azərbaycan haqqında istənilən qədər əsər vardı. Azərbaycan musiqisini dinləməkdən zövq alır, evindəki qrammafon  vallarını dönə-dönə fırladaraq Zeynəbin nəğmələrinə qulaq asır, çayı armudu stəkanda içir, uşaqlıqda atasının öyrətdiyi "Kəlmeyi-şəhadəti" də əzbər bilirdi. 2003-cü ildə dünyasını dəyişən generalın Bakıda dəfn olunmadığının yeganə səbəbi isə yaxınlarının dediyinə görə, Moskvada torpağa tapşırdığı ömür-gün yoldaşı Zara Hənifə qızı ilə yanaşı uyumaq arzusu olub.

...Bu gün   Azərbaycan  bütün sahələrdəki inkişafı ilə  böyük yüksəkliklərdədir. Elə sözün birbaşa mənasında kosmosda da varıq. Ölkəmiz 2013-cü il fevralın 8-də  kosmosa "Azerspace-1", 2014-cü il iyunun 30-da "Azersky" və 2018-ci il sentyabrın 28-də "Azerspace-2" peyklərini  buraxıb.  

Kosmosa ilk "imza atan"lardan biri - həmyerlimiz Kərimovun ruhu da bu gün  bir zamanlar sonsuz ənginliklərdən qoynundakı adaların, əfsanəvi Neft Daşlarının şəklini çəkdirdiyi dənizin - Xəzərin mavi suları üzərində uçur, azad, suveren Azərbaycanın göylərində qanad açır...


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ATƏT-in Baş katibi Gürcüstana səfərə gəlib

10:50
22 Aprel

COP29-un ən mühüm nailiyyətlərindən biri Azərbaycanın iqlim məsələlərinin planetar miqyasda həllinə sadiqliyinin nümayişidir – MÜSAHİBƏ

10:09
22 Aprel

“Mənim müəllimim təbiətin özüdür!”, - deyən görkəmli rəssam  

10:01
22 Aprel

Xərçəng hüceyrələrinin aşkarlanmasının qeyri-adi üsulu tapılıb

09:20
22 Aprel

Tunisdə ABŞ-ın iştirakı ilə regionun ən böyük hərbi təlimləri başlayır  

09:16
22 Aprel

Ərdoğan: Türkiyə telekommunikasiya peykləri istehsal edən 11 ölkə arasında yer alır  

09:14
22 Aprel

Tramp Roma Papasının dəfnində iştirak edəcək

09:12
22 Aprel

Roma Papası Fransisk vəfat edib

09:00
22 Aprel

“Qafqaz incisi”

08:55
22 Aprel

İlin ilk rübünün makroiqtisadi göstəriciləri açıqlanıb

08:50
22 Aprel

"Cənub qaz dəhlizi" Moldova üçün də strateji əhəmiyyət daşıyır

08:45
22 Aprel

Ermənistanda böhran dərinləşməkdə davam edir

08:40
22 Aprel

"Paşinyanın verdiyi sülh bəyanatları şübhəli görünür"

08:35
22 Aprel

"Rəsmi İrəvan Fransanın regionla bağlı çirkin planlarına alət olmamalıdır"

08:30
22 Aprel

Erməni din xadimləri insanları sülhə deyil, müharibəyə səsləyir

08:25
22 Aprel

Ağdam-Əsgəran-Xocalı-Xankəndi

08:20
22 Aprel

Sarıcalı və Ballıca kəndləri növbəti köç karvanlarını qarşılayıb

08:15
22 Aprel

Ermənistanı qorxuya salan alban irsi

08:10
22 Aprel

Azərbaycanın tələbləri haqlı və legitimdir

08:05
22 Aprel

Dəmir iradənin qüdrəti

08:00
22 Aprel

1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında

00:43
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!