Azərbaycan və Gürcüstan Cənubi Qafqazın xoşbəxt gələcəyini birlikdə qurur
Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ilk xarici səfərini Azərbaycana etməsi Tbilisidə Bakı ilə olan strateji münasibətlərə necə önəm verildiyinin bariz göstəricisidir. Dövlət başçısının səfər etdiyi ilk xarici ölkə onun xarici siyasət prioritetini müəyyən etməklə mühüm əhəmiyyət daşıyır.
Bu gün Azərbaycan Gürcüstan üçün nəinki sadəcə dost ölkə, həm də son 30 ildə hər iki dövlətin firavan və sabit siyasi gələcəyini, iqtisadi yüksəlişini və dünyadakı yerini təmin edən müştərək transmilli layihələrin müəllifi olmaqla onun inkişafında ciddi rol oynayan tərəfdaşıdır. Bakı ilə Tbilisi uzun illər boyu regional tərəqqinin əldə olunması üçün atılan addımları birləşdirməklə nəinki bölgənin çiçəklənməsi, o cümlədən birgə işlənilən layihələr vasitəsilə dünya üçün əhəmiyyətli olan nümunəvi əməkdaşlıq nümayiş etdirməyə müvəffəq olmuşlar. Bu tərəfdaşlığın uğur düsturunun əsasında təkcə ümumi siyasi və iqtisadi maraqlar dayanmır. Ölkələrimiz və xalqlarımız əsrlər boyu dostluq və mehribanlıq şəraitində yaşamışlar və bu amil bugünkü əməkdaşlığın başlıca uğur səbəbidir.
Regional çağırışların siyasi həmrəyliklə çözümü
Mixeil Kavelaşvilinin yüksək səviyyədə keçən rəsmi səfəri dövlətimizin Gürcüstanla münasibətlərə hansı səviyyədə həssaslıqla yanaşdığını bir daha nümayiş etdirdi. Dövlət başçılarının bu səfərə çoxşaxəli siyasi və iqtisadi maraqların uzlaşması və üst-üstə düşməsinə rəğmən bir mənəvi yöndən - mehriban qonşuluq prizmasından yanaşdıqları onların verdikləri bəyanatlardan da hiss olunur. Azərbaycan Prezidenti İlham Əliyevin tarixə əsaslanan qardaşlıq amilini önə çəkməsi zəngin gündəmi olan qarşılıqlı əlaqələrdə tarix faktorunun çəkisini göstərir: "Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir".
Tarixi bağlılıq Tbilisi üçün də fövqəladə əhəmiyyətli məqamdır, çünki xalqlarımız ən azı son 30 il ərzində qarşılaşdıqları bütün siyasi və iqtisadi maneələri birlikdə, bu maraqları nəzərə almaqla və onlara dəyər verməklə keçiblər. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili hesab edir ki, münasibətlərə bu prizmadan yanaşdıqda əldə etdiyimiz ən böyük dəyər suverenliyimizə və ərazi bütövlüyü məsələsinə verdiyimiz müştərək önəmdir: "Bizim dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanır. Biz münasibətlərdə güvənməyin nə qədər vacib olduğunu başa düşürük və sözümüzün dəyərini bilirik. Bizi xilas edən və bu günə çatdıran bir sıra yazılmamış qanunlarımız, dəyərlərimiz var. Ona görə də Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu qədər xüsusi və nümunəvidir... Gürcüstanla Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Buna görə cənab Prezidentə bir daha təşəkkür etmək istərdim. Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub".
Məhz Gürcüstanla Azərbaycanın müstəqillik əldə etdikdən sonra həm qarşılaşdıqları oxşar xarakterli problemlərə, həm də beynəlxalq hüququn fundamental prinsiplərinə münasibətdə nümayiş etdirdikləri dönməz prinsipiallıq bu gün Cənubi Qafqaz bölgəsinin önündə açılan miqyaslı perspektivlərin əsasında dayanan başlıca amildir. Tərəflərin bu məqamlarda hər hansı fikir haçalaşmasının regionumuz və xalqlarımız üçün hansı dağıdıcı fəsadlara səbəb ola biləcəyini təsəvvür etmək belə mümkünsüzdür. Bu baxımdan kənar qüvvələrin, xüsusilə də bölgəmizdə öz maraqlarını nəyin bahasına olursa-olsun reallaşdırmaq istəyən, yalnız özlərinin iqtisadi mənafelərini güdən və geosiyasi ambisiyalarını təmin etməyə can atmaq naminə müharibə, münaqişə və qarşıdurma baxımından nəzər yetirən qüvvələrin təsir imkanlarının məhdudlaşdırılması və neytrallaşdırılması ilk növbədə liderlərimizin, dövlətlərimizin və xalqlarımızın birgə səyləri hesabına mümkün olmuşdur. Prezident İlham Əliyev əmindir ki, ölkələrimizin sərgilədikləri bu prinsipial yanaşma təkcə xalqlarımızın deyil, bütün regionumuzun qarşıdakı dövrdə sabit rifahının təminatçısı olacaq: "Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq".
Sadalanan məqamlara Gürcüstan tərəfinin də yanaşması analojidir. Prezident Mixeil Kavelaşvili xalqlarımızın bir-birinə hörmətə əsaslanan və heç kim tərəfindən diktə ilə həyata keçirilməyən münasibətlərini bölgəmizin başlıca uğur formulu hesab edir: "Çağırışlar və təhlükələrlə dolu bugünkü qloballaşma dövrü bir çox fundamental dəyərləri təhdid edir. Ona görə də biz bu prinsipləri qorumaq üçün xüsusi diqqət və səy göstərməliyik. Gürcü və Azərbaycan xalqları millətlərimiz üçün həyati əhəmiyyət kəsb edən dəyərlərin qorunması uğrunda mübarizədə bir yerdədir və bundan sonra da birlikdə olacaqlar. Mən qəti əminəm ki, zamanın sınağından çıxmış yüksəksəviyyəli strateji və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək, Gürcüstanın və Azərbaycanın milli maraqlarının həyata keçirilməsində yeni müstəviyə keçəcək. Regionun və dünyanın qarşısında duran vəzifələrin səmərəli həlli üçün ölkələrimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir".
Təhlükəsizlik təhdidləri ilə birgə mübarizə
Bu gün Azərbaycanla Gürcüstanın əməkdaşlıq gündəmi olduqca zəngin və çoxtərəflidir. Tariximizə əsaslanan siyasi əməkdaşlıq yalnız xalqlarımız və dövlətlərimiz üçün deyil, bütün dünya naminə həyata keçirilən qlobal iqtisadi layihələr və onlardan irəli gələn çoxşaxəli birlik, sabitlik və təbii ki, təhlükəsizlik problemləridir. Şübhə yoxdur ki, əldə edilmiş həm yüksəksəviyyəli siyasi dialoq, həm də iqtisadi inkişaf və maraqlara eyni yanaşmanın əsasında üzərinə gəldiyimiz son amilin təmin edilməsi durur. Əgər Bakı ilə Tbilisi son 30 ildə həm xalqlarımızın birlikdə və ayrılıqda, həm də bütövlükdə bölgəmizin üz-üzə qaldıqları təhdidlərə, onların neytrallaşdırılması yollarına birgə səylərə söykənən münasibət nümayiş etdirməsəydilər, aydındır ki, bəhrələndiyimiz hazırkı sabitliyimizə qovuşmağımız barədə düşünmək belə əbəs olardı.
Bölgəmizə məhz bu müstəvidə baxsaq, bir neçə amili qeyd edə bilərik. Birincisi, Gürcüstanla Azərbaycan beynəlxalq hüququn başlıca fundamental prinsipi olan ərazi bütövlüyü məsələsinə münasibətdə heç bir təhdid qarşısında dəyişilməyəcək sarsılmaz birlik nümayiş etdiriblər. Regionumuzun digər üzvü - Ermənistanın yalnız öz qəsbedici maraqlarına əsaslanan və xarici himayədarlarına arxalanan yanaşması Azərbaycan və Gürcüstan tərəfindən irəli sürülən vahid platforma ilə rədd edilmişdir. Bu məqam Cənubi Qafqazın uzun illərdən sonra əldə etdiyi siyasi sabitlik və iqtisadi çiçəklənmə perspektivləri baxımından prioritet ölçü vahididir.
İkincisi, qlobal dünyanın regionumuzla bağlı təhdidləri və dağıdıcı niyyətlərinə qarşı sərgilənən müştərək, xalqlarımızın mənafelərinə əsaslanan prinsipiallıqdır. Nə Tbilisi, nə də Bakı kənar qüvvələrin daxili işlərimizə qarışmaq niyyətlərini qəbul edir, bu xəbis planların həyata keçməsinə qarşı birgə səylərlə qətiyyətlə mübarizə aparmaq niyyətindədirlər. Son nümunə kimi Qərbin, ələlxüsus da Avropa İttifaqı pərdəsi altında Cənubi Qafqazda özlərinə forpost axtarışına çıxmış, burada kök salıb geosiyasi ambisiyalarını təmin edib iqtisadi resurslarımızı talamaq planları quran ayrı-ayrı dövlətlərin Gürcüstanın daxili işlərinə qarışmasını göstərə bilərik. Bu dairələrin qonşu dövlətdə sabitliyi pozmaq naminə hətta dövlət çevrilişi cəhdlərinə sponsorluq etməkləri regionumuza hansı niyyətlə baxdıqlarının aşkar göstəricisidir.
Prezident İlham Əliyev gürcü həmkarının Azərbaycana səfərindən öncə ADA Universitetində keçirilmiş "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumdakı çıxışı zamanı da bir sıra bəd niyyətli xarici qüvvələrin qonşu Gürcüstanın həyatına müdaxilə etmək cəhdlərinin üzərinə gəlmiş, Gürcüstanın daxili işlərini məhz gürcü xalqının həll etməli olduğunu vurğulamaqla Tbilisiyə möhkəm dəstəyini ifadə etmişdir: "Avropa Komissiyasının Gürcüstanın daxil işləri ilə bağlı proseslərə münasibəti isə qətiyyən qəbuledilməzdir. Bu, müstəmləkəçilərin davranışıdır. Onlar gürcü xalqının iradəsinə özlərinin müstəmləkəçi keçmişinin prizmasından yanaşırlar. Bu, tamamilə qəbuledilməzdir. Gürcü xalqı bilir ki, biz onlarla birlikdəyik və Gürcüstan hökuməti də bunu bilir. Gürcüstanın bütün daxili işləri Brüsseldəki bürokratlar deyil, gürcü xalqı tərəfindən həll edilməlidir".
"Son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələrin daxili işlərinə müdaxiləsinin obyektinə çevrilib. Çoxsaylı səylərə baxmayaraq, biz bu təhlükələri qətiyyətlə aradan qaldırırıq, regionun təhlükəsizliyini və sabitliyini təmin edirik. Heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil. Şadam ki, Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib və cənab Prezident, buna görə Sizə bir daha təşəkkür edirəm" deyən Prezident Mixaeil Kavelaşvili yalnız bölgəmiz üçün deyil, bütün dünyada neqativ fəsadlara səbəb olmuş təzahür - saxta liberal dəyərlər məsələsini aktuallaşdırır. Bu yanaşma xalqlarımızın birgə gündəmi üçün olduqca mühüm çağırışdır: "Əminəm, bizim ümumi gələcəyimizə uğurlu, iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir ki, burada xalqlarımız öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər, dırnaqarası liberal dəyərlərlə yox".
Həqiqətən də, kollektiv Qərbin, xüsusilə də ABŞ-dəki keçmiş hakimiyyət - Bayden-Blinken administrasiyasiyasının zorla bütün dünyaya, o cümlədən bölgəmizə təlqin etməyə çalışdığı bu geosiyasi alət, əslində isə, xalqların rifahına qarşı yönəlmiş dağıcı yanaşma dəfələrlə Azərbaycan Prezidenti tərəfindən də qeyd və tənqid olunmuşdur: "Bayden-Blinken administrasiyası dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlər böhran vəziyyətində olan münasibətlər kimi səciyyələndirilə bilər. Bunun səbəbkarı biz deyildik. Biz dünyanın ən güclü ölkəsi olan ABŞ ilə hər zaman yaxşı münasibətlərimizin olmasını istəmişik. Bu, cənab Blinkenin rəhbərlik etdiyi Dövlət Departamentinin yürütdüyü anti-Azərbaycan siyasəti və Prezident Bayden administrasiyasında olan anti-Azərbaycan mövqeli bir çox şəxslər üzündən baş verdi".
Gələcəyə birgə baxış
Gürcüstan liderinin Bakıya səfərinin yekunları əminliklə qeyd etməyə əsas verir ki, ölkələrimiz sadalanan təhdidlərə qarşı birgə mübarizəni davam etdirəcəklər. Çünki qloballaşan və sabitlik amilinin təsir gücünün zəiflədiyi dünyada firavan birgəyaşamın əldə edilməsinin yeganə formulu sülh üzərində bərqərar olmuş əməkdaşlıqdır. Bunu həm Bakıda, həm də Tbilisidə yaxşı bilirlər, çünki xalqlarımızın və dövlətlərimizin keçdikləri birgə müstəqillik yolları bizə çox məqamlara dair vahid mövqedən yanaşma bacarığının ərsəyə gəlməsində kömək edib. Bu baxımdan dövlət başçılarının həm xalqlarımızın, həm də regonumuzun gələcək tərəqqisi naminə Bakıdan səsləndirdikləri çağırışların önəmi və siyasi çəkisi olduqca vacibdir. "Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək" deyən Prezident İlham Əliyev bölgəmizin qarşıdakı illərdə gündəminə dair Azərbaycanın yanaşmasını qeyd edir: "Sülh, siyasi dialoq və iqtisadi inkişaf!"
Rəsmi Tbilisinin də mövqeyi eynidir: "Düzgün və ardıcıl siyasətlə biz regionun potensialından tam istifadə etməli, dünyanın geosiyasi xəritəsində güclü, etibarlı, birləşdirici körpü funksiyasını yerinə yetirməliyik. Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafeyi naminə bir-birimizin maraqlarını nəzərə alaraq əlaqələrimiz daha da sürətlə inkişaf edəcək".
Hər iki tərəfin oxşar və üst-üstə düşən yanaşması təkcə Azərbaycan və Gürcüstan xalqları üçün deyil, bütün bölgəmizin firavanlığı naminə bir fürsət və lütfdür. Təəssüf ki, uzun illər boyu nə Ermənistan, nə də erməni xalqı bu imkanı dərk və qəbul edib. Bunu edə bilsəydi, bölgəmiz inkişaf naminə üz-üzə gəldiyi çoxsaylı təhdidlərlə qarşılaşmaz, daha sürətlə inkişaf edərdi. Ancaq bu tarixi ədalətsizlik və təəssüf doğurucu reallığa rəğmən Bakı və Tbilisinin regional əməkdaşlığı və liderliyi Cənubi Qafqazın dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevrilməsinin yeganə platforması olaraq qalmaqda davam edəcək.
İradə ƏLİYEVA,
"Azərbaycan"