Böyük Britaniya alimlərinin apardığı yeni araşdırma, həm qapalı, həm də açıq məkandakı ortaq hava çirkləndiricilərinin cəmi 60 dəqiqəlik təsirdən sonra ağciyər və beyin funksiyalarını dəyişdirə bildiyini üzə çıxarıb.
“npj Clean Air” jurnalında dərc olunan tədqiqat, hava çirkliliyinin beyin sağlamlığına necə təsir etdiyini və demensiya (ağıl zəifliyi) riskini necə artırdığını anlamaq üçün mühüm nümunələr təqdim edir.
Tədqiqat göstərir ki, havadakı çirkli hissəciklərin miqdarı eyni olsa belə, çirkliliyin mənbəyi bədənin verdiyi reaksiyaya birbaşa təsir edir. Yəni, bədən bütün çirkləndiricilərə eyni reaksiyanı vermir. Zərərli hissəciklər beyinə ya birbaşa daxil olur, ya da dolayısı yolla, ağciyərlərdə iltihab yaradaraq beyin fəaliyyətinə mənfi təsir göstərir.
Təcrübədə 15 sağlam könüllü iştirak edib. Onlar təmiz hava ilə yanaşı, təmizlik vasitələrində istifadə olunan limon qoxulu aerozola (limonen SOA), dizel tüstüsünə, odun tüstüsünə və yemək buxarına məruz qoyulublar. 1 saatlıq təsirdən və 4 saatlıq fasilədən sonra onların ağciyər və beyin funksiyaları yoxlanılıb. Ağciyər fəaliyyətinə ən pis təsir edən limon qoxulu təmizlik vasitələrinin aerozolu olub. Ondan sonrakı yerləri müvafiq olaraq odun tüstüsü, dizel tüstüsü və yemək buxarı tutub. Dizel və odun tüstüsü beyində informasiya emalı sürətini artırsa da, dizel tüstüsünün idarəetmə və qərarvermə funksiyalarını zəiflətdiyi məlum olub. Limon qoxulu maddə isə işçi yaddaşı gücləndirib. Alimlər bu fərqliliyi dizel tüstüsündəki azot oksidləri ilə əlaqələndirirlər.
Alimlər xəbərdarlıq edirlər ki, qısamüddətli (60 dəqiqəlik) təsir belə bədəndə dərhal ölçülə bilən dəyişikliklər yaradırsa, bu maddələrə uzunmüddətli məruz qalma beyin sağlamlığı üçün çox ağır nəticələrə səbəb ola bilər. Araşdırma şəhərləşmənin artdığı dövrdə əhalini qorumaq üçün yeni səhiyyə qaydalarının hazırlanmasının vacibliyini ortaya qoyur.
Təhminə VERDİYEVA,
“Azərbaycan”