Ölkələrimiz həmçinin "yaşıl enerji" sahəsində əməkdaşlıqda maraqlıdır
Məlum olduğu kimi, bu ay Bakıda Azərbaycan ilə Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası keçirilib. Sonda iclasın yekunlarına dair protokol təsdiqlənib ki, bu da iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən energetika sektorunda əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutur.
Hazırda Azərbaycan-Moldova arasında münasibətlər yüksək səviyyədədir və bu dialoqda enerji əsas yer tutur. İkitərəfli enerji əməkdaşlığını genişləndirmək üçün fəal və məhsuldar fikir mübadiləsi aparılır. Əməkdaşlığın perspektivləri həm ənənəvi sahələri, həm də bərpaolunan enerji mənbələrinin inkişafını əhatə edir.
Moldova Azərbaycan qazının idxalına ciddi maraq göstərir və bu istiqaməti enerji tədarüklərinin şaxələndirilməsi üzrə uzunmüddətli strategiyasının əsas istiqamətlərindən biri kimi nəzərdən keçirir.
Bu, Moldovanın energetika naziri Dorin Junqetunun AZƏRTAC-a müsahibəsində də təsdiq edilir: "Hazırda bu məsələ texniki səviyyədə işlənir. Danışıq mövzusu yalnız qaz tədarükünün mümkünlüyü ilə bağlı deyil, həm də bütün marşrut boyunca sabit və proqnozlaşdırıla bilən tarif siyasətinin qurulmasına ehtiyac barədədir. "Cənub qaz dəhlizi"ndə həyata keçirilən layihələrdə iştirak etmək Moldovaya yalnız alternativ mənbələrə çıxış əldə etməyə deyil, həm də ümumavropa enerji şəbəkəsinin inkişafına töhfə verməyə imkan verir. Bu, eyni zamanda bizə Şərqi və Cənub-Şərqi Avropada dayanıqlı və təhlükəsiz enerji mühiti yaratmağa yönəlmiş daha geniş regional əməkdaşlığın bir hissəsi olmaq imkanı verir".
Bu baxımdan "Cənub qaz dəhlizi" Moldova üçün strateji əhəmiyyət daşıyır. Həm regionda, həm də daha geniş Avropa kontekstində. Ölkədə bunu yalnız enerji arteriyası kimi deyil, həm də iqtisadi-ticarət və investisiya əməkdaşlığını dərinləşdirmək üçün mühüm bir platforma olaraq görürlər. Marşrutun bütün şaquli xətt boyunca vahid tarif modeli yaradılması məsələsi xüsusilə aktuallaşır: "Aydın və proqnozlaşdırıla bilən tarif siyasəti dəhlizi daha rəqabətqabiliyyətli və uzunmüddətli perspektivdə davamlı edəcək ki, bu da biznes üçün xüsusilə vacibdir. Biz "Cənub qaz dəhlizi"nin daha da genişləndirilməsi ideyasını tam dəstəkləyirik və onun Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsindəki həlledici töhfəsinə inanırıq. Moldova üçün bu layihədə iştirak strateji xarakter daşıyır və biz bu prosesdə fəal iştirak etməyə niyyətliyik. Cənub-Şərqi Avropa (CESEC) təşəbbüsünə qoşulmağımız Mərkəzi və Cənubi-Şərqi Avropanın yeni enerji sisteminə inteqrasiya istiqamətində mühüm bir addım oldu. Bu gün Moldova həm Cənub qaz, həm də Trans-Balkan qaz dəhlizləri çərçivəsində etibarlı tranzit tərəfdaş kimi özünü daha çox göstərir. Bizim enerji dayanıqlılığı, təhlükəsizliyi və tam bazar inteqrasiyasına sadiqliyimiz dəyişməz qalır. Birlikdə çalışaraq biz yalnız mövcud problemləri həll edə bilərik, həm də regionun təhlükəsiz və etibarlı enerji gələcəyinin əsasını qura bilərik", - deyə nazir bildirib.
Ümumiyyətlə, təbii qaz Moldovanın milli enerji strukturunda əsas rollardan birini oynayır. Çünki dayanıqlı və uyğunlaşan enerji təminatı modelinin qurulması üçün zəruri əsasları təmin edir. Bu isə bərpaolunan enerji mənbələrinin payını yavaş-yavaş artırmaq imkanı verir.
Söz düşmüşkən , "yaşıl enerji" sahəsi də ikitərəfli əlaqələr üçün böyük potensiala malikdir və moldovalı nazirin sözlərinə görə, ölkəsi davamlı enerji gələcəyi istiqamətində birgə layihələrdə fəal iştirak etməyə açıqdır. Xüsusilə Qara dəniz hövzəsindən elektrik enerjisinin ötürülməsi üçün sualtı kabelin inşası ilə bağlı böyük layihəyə maraq göstərir. Belə ki, bu, bölgənin enerji təhlükəsizliyinə mühüm töhfə verə bilər.
Söhbət 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanmış "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"ə əsasən həyata keçiriləcək layihədən gedir. Azərbaycan tərəfindən irəli sürülən bu "yaşıl enerji" dəhlizi təşəbbüsünü Moldova uzaqgörən bir layihə kimi dəyərləndirir. Çünki uğurla icra olunduğu halda bu layihə Avropanın enerji təhlükəsizliyi və dayanıqlı inkişaf sistemində mühüm bir elementə çevrilə bilər, həmçinin bütün tərəflər üçün yeni investisiya və texnoloji imkanlar yaradar.
Vacib olanı həm də odur ki, əməkdaşlığa maraq qarşılıqlıdır. Hər iki tərəf uzunmüddətli və faydalı tərəfdaşlıq qurmağa maraqlıdır. Ölkəmiz enerji sahəsində də etibarlı və məsuliyyətli tərəfdaş kimi özünü təsdiq edib. Odur ki, Moldova ilə əməkdaşlıq da hər iki ölkəyə fayda gətirəcək.
Onu da xatırladaq ki, Azərbaycan ilə Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Moldova Respublikasının Energetika Nazirliyi yanında Milli Dayanıqlı Enerji Mərkəzi arasında "Bərpaolunan enerji sahəsində əməkdaşlığın təşviqi haqqında" Anlaşma Memorandumu imzalanıb. Memorandum enerji sahəsində, eyni zamanda, bərpaolunan enerji mənbələrindən istifadəyə dair təcrübə mübadiləsinin genişləndirilməsi, bərpaolunan enerji texnologiyalarını və innovativ həlləri inkişaf etdirmək üçün tədqiqat təşəbbüsləri üzərində əməkdaşlığın inkişaf etdirilməsini ehtiva edir.
Flora SADIQLI,
"Azərbaycan"