Digər dinlərə münasibətdə heç bir ayrı-seçkiliyə yol verilməyən və insanların tolerantlıq şəraitində yaşaması üçün yüksək şərait yaradılan Azərbaycanda hər il olduğu kimi, bu il də Pasxa bayramı geniş şəkildə qeyd olundu. Azərbaycanın xristian icması kilsələrdə müqəddəs bayramlarını ürəklərincə keçirdilər. Ancaq ölkəmizdə yaranan multikultural və tolerantlıq mühitinə daim qısqanclıqla yanaşan, hətta Vətən savaşı başlayanda müharibəyə dini don geyindirmək, milli təfriqə salmaq kimi iyrənc yollara əl atan ermənilərin Azərbaycanda sözügedən bayramın bu cür keçirilməsindən xeyli əndişə keçirdikləri, təşviş duyduqları da diqqətdən yayınmadı.
Hayları ən çox qıcıqlandıran, qorxuya salan isə udi xalqının da bu müqəddəs bayramı öz kilsələrində qeyd etmələri idi. Çünki əsrlərdir ermənilərin Qafqaz alban irsinə yiyələnmək üçün udi xalqını yox etməyə çalışmaları tarixi faktdır. Bu baxımdan, Qafqaz albanlarının dini varisləri olan udilərin Azərbaycanda öz kilsələrində Pasxa bayramını qeyd etmələri həm də ermənilərin saxta iddialarının darmadağın olmasının əyani göstəricisidir.
Sosial şəbəkələrin erməni seqmentində ölkəmizdə qeyd olunan Pasxa bayramı ilə əlaqədar narahatlıqların əks olunduğu şərhlər, dindən başqa hər cür çirkin əməllərlə məşğul olan erməni keşişlərin Qüdsdə təxribata cəhd etmələri də bu qorxuya dəlalət edən nümunələrdəndir. Belə ki, Pasxa bayramını qeyd edən erməni keşişlər Qüdsdəki Müqəddəs Qəbir kilsəsində çoxdan gorbagor olmuş qondarma rejimin əski parçasını asmağa cəhd etdilər, İsrail polisi isə haqlı olaraq "keşiş"lərin bu təxribatlarının qarşısını aldı.
Tarixi saxtalaşdırmaq cəhdi
Vətən müharibəsində zəfər qazanan Azərbaycan Qarabağda separatizmin kökünü kəsərək dünya erməniçiliyini sarsıdıb, onların məkrli planlarını pozub. Qalib lider İlham Əliyevin hücum diplomatiyası dünyada ayaq açıb yeriməyə çalışan erməni yalanlarının qarşısını alıb, hayların uydurma iddiaları darmadağın edilib. Saxta erməni təbliğatını ifşa edən mənbələrdən biri isə Qafqaz albanlarının dini varisləri udilərin tarixi və mədəniyyətidir.
Təkcə Qarabağ və Şərqi Zəngəzurda 200-ə qədər alban məbədi, monastrı, alban xristian kilsəsi ilə bağlı tarixi yerlər mövcuddur. Buna görə də Qafqaza gəlmə xalq olduqlarını ört-basdır etmək, özlərinə qondarma tarix quraşdırmaq üçün hiyləgər ermənilər Qafqaz Albaniyasına məxsus olan zəngin irsə sahib çıxmaq üçün əsrlər boyu məkrli yollara əl atıblar.
Alban irsinin bölgənin tarixi baxımından əhəmiyyətini dərk edən haylar həm işğal dövründə, həm də ondan əvvəl bu irsi özlərininki kimi təqdim etmək və Azərbaycan torpaqlarına iddialarını bu yolla gücləndirmək üçün saxtakarlıqlar ediblər. Bu sayədə Qafqaz Albaniyasının və alban kilsəsinin irsinə aid olan bir çox şey mənimsənilib və beynəlxalq səviyyədə erməni irsi kimi təqdim olunub.
Bir müddət əvvəl "Azərbaycan" qəzetinə müsahibəsində Alban-Udi dini icmasının rəhbəri Robert Mobili də Kəlbəcərdə Xudavəng məbədini ziyarəti zamanı xeyli erməni saxtakarlığı ilə üzləşdiyini demişdi: "Baxdım ki, ermənilər məbədi "bərpa" etmək adı ilə memarlıq üslubunu dəyişiblər, tamamilə saxtalaşdırıblar. Monastrın girişində sağ və solda təzə daşlar qoyub üzərinə erməni xaçı yapışdırıblar. Amma dünya tarixində belə bir fakt yoxdur ki, kilsənin girişində hər daşın üzərində xaç olsun. Buna vandalizmdən başqa ad vermək olmaz".
"Udi xalqının çox böyük tarixi mirası var"
Azərbaycan dövləti hər zaman Qafqaz alban irsinin qorunmasına xüsusi diqqət göstərir. Prezident İlham Əliyevin şəxsi qayğısı sayəsində 2003-cü ildə Qafqazın ən qədim kilsələrindən olan Şəki rayonundakı Kiş məbədi, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Müqəddəs Yelisey adına Çotari kilsəsi bərpa edilib və Alban Udi dini icmasının istifadəsinə verilib. Nicdə yerləşən Müqəddəs Məryəm Ana alban kilsəsinin bərpa işləri isə 2020-ci ildə pandemiyaya, 44 günlük müharibənin başlamasına baxmayaraq, davam etdirilib, açılışı da elə həmin ilin noyabrın 7-də olub.
2021-ci il mayın 15-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən bərpaolunan Müqəddəs Məryəm Ana alban kilsəsində olan zaman dövlətimizin başçısı demişdi ki, udi xalqının çox böyük tarixi mirası var: "İndi həm Qəbələ rayonu ərazisində və eyni zamanda azad edilmiş torpaqlarda siz gedib ibadət edirsiniz - həm Xudavəngdə, həm Ağoğlanda. Orada udi xalqına məxsus olan digər məbədlər də var. Onların böyük hissəsi dağılmış, ya da ki, yarıdağılmış vəziyyətdədir. Ona görə, onları da bərpa edəcəyik. Siz o kilsələrə də gedəcəksiniz".
44 günlük Vətən müharibəsində qazandığımız zəfər sayəsində Qafqaz Albaniyasının dini varisləri udilər də onilliklərdən sonra müqəddəs bayramlarını həm də işğaldan azad olunan torpaqlarda qeyd etmək imkanı qazanıblar. Alban-udi xristian icmasının nümayəndələrinin Kəlbəcərə səfər edərək Xudavəng monastr kompleksində rahat şəkildə dualarını icra edə bilmələri, doğma kilsələrində şam yandırmaları buna yaxşı nümunələrdəndir.
Erməni keşişlər nə üçün təşvişə düşüblər?
XIX əsrdən etibarən Çar Rusiyasının köməyi ilə udiləri qurbana çevirən, onları yox etməyə çalışan ermənilər bununla Qafqaz alban irsinə rahatlıqla yiyələnmək istəyiblər, amma arzuları gözlərində qalıb. Bu gün Azərbaycanda varlıqlarını sürdürən udilər ana dillərində danışırlar, özlərinə məxsus kilsələrdə ibadət edirlər, milli adət-ənənələrini qoruyub yaşadırlar. Hətta udilər Azərbaycanın köklü aborigen xalqlarından olaraq bu torpağı qorumaq üçün Vətən müharibəsində könüllü iştirak etmişdilər. Bunlar hamısı saxta erməni təbliğatını arqumentlərlə, dəlillərlə, faktlarla ifşa edən ən tutarlı cavablardır ki, Qafqaz alban irsinin uzaqdan, yaxından ermənilərlə heç bir əlaqəsi yoxdur.
İllərdir ermənilər Qafqaz alban irsini yalandan dildə özlərininki kimi təqdim edirlər, amma ortaya hansısa tutarlı fakt qoya bilmirlər, çünki belə bir fakt mövcud deyil.
Kəlbəcərin işğaldan azad edilməsi ilə əlaqədar xalqa müraciətində Prezident İlham Əliyev də söyləyib ki, Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir: "Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqorian kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik".
Qafqaz alban irsi ermənilərin saxta iddialarının qarşısında, sözün əsl mənasında, keçilməz səddir. Hazırda Ermənistan cəmiyyətində müşahidə olunan təşviş, narahatlıq, qorxu hisslərinin hamısı bu gerçəkliklərdən doğur. Əsrlərdir özləri üçün qurub-yaratdıqları yalan dünyalarının uçduğunun fərqində olan məkrli erməni keşişlər indi başlarına haranın külünü tökəcəklərini bilmirlər.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"