Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin dövlət başçısı kimi ilk rəsmi səfərini Azərbaycana etməsi bəlli həqiqətlərə yeni işıq saldı. Bu səfər, ilk növbədə, bir daha təsdiq etdi ki, Azərbaycanla Gürcüstan arasındakı siyasi əlaqələr yüksək səviyyədədir. Ümumilikdə isə səfər, keçirilən görüşlər, verilən açıqlamalar göstərdi ki, iki dövlət arasındakı münasibətlər dostluq və mehriban qonşuluq prinsiplərinə söykənməklə strateji məzmun daşıyır.
Azərbaycanın layihələri ölkələrimiz arasında əlaqələri yeni keyfiyyət mərhələsinə yüksəldib
Azərbaycan və Gürcüstan XX əsrdə eyni taleyi bölüşüblər. İmperiya əsarətindən xilas olan Azərbaycan və gürcü xalqları 1918-ci ildə eyni vaxtda öz dövlətlərini qurub, lakin iki il sonra müstəqilliklərini itiriblər. 1991-ci ildə hər iki xalq yenidən dövlət müstəqilliyini bərpa edib. Müstəqlliyə gedən yolda da hər iki xalq çətinliklərdən keçib, haqsızlıqlara məruz qalıb. Müstəqilliyin ilk illərində də hər iki dövlətdə qanlı-qadalı hadisələr baş verib. Hər iki dövlət vətəndaş qarşıdurmasına, ərazi bütövlüyünün pozulmasına məruz qalıb.
Müstəqillik illərində iki dövlət arasındakı əlaqələr Ulu Öndər Heydər Əliyevin və Eduard Şevardnadzenin sayəsində yeni mərhələyə qədəm qoyub. Beləliklə, ötən əsrin 90-cı illərinin ortalarından etibarən Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir. Ölkələrimiz arasında demək olar ki, dövlət və cəmiyyət həyatının bütün sahələrində ikitərəfli və faydalı əməkdaşlıq əlaqələri mövcuddur.
Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələri isə Gürcüstanla əlaqələri tamamilə yeni keyfiyyət mərhələsinə yüksəldib. Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, "Cənub qaz dəhlizi"nin inşası həm də Gürcüstanla əlaqələrin strateji səviyyəyə yüksəlməsini təmin edib. Azərbaycanın qlobal təşəbbüsləri həm də Gürcüstanı regionun tranzit dövlətinə çevirib, onun maliyyə imkanlarının yüksəlməsinə, əhalisinin sosial rifahının yaxşılaşmasına xidmət edib. Azərbaycan eyni zamanda Gürcütana sərmayə yatıran əsas ölkədir. SOCAR-ın xətti ilə Gürcüstanda görülən işlər bu ölkənin iqtisadiyyatının inkişafına, dövlət büdcəsinin formalaşmasına böyük töhfələr verir.
Gürcüstanın Baş naziri də ilk xarici səfərini Azərbaycana etmişdi
Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin dövlət başçısı kimi ilk rəsmi səfərini Azərbaycana etməsi isə iki dövlət arasındakı siyasi münasibətlərin yüksək olmasına dair ilk nümunə deyil. Belə ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze də ötən ilin oktyabrında keçirilən parlament seçkilərindən sonra ilk xarici səfərini bu ilin yanvarında məhz Azərbaycana edib. Bir neçə gün əvvəl ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda bu barədə danışan Prezident İlham Əliyev eyni zamanda Gürcüstan Prezidentinin də ilk xarici səfərinin Azərbaycana olacağını bildirmişdi: "İki ölkə arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunəsi kimi Gürcüstanın Baş nazirinin ölkəmizə səfərini qeyd edə bilərəm. Bu, onun seçkilərdən sonra ilk xarici səfəri idi. Adətən, seçkilərdən sonra ilk xarici səfərin rəmzi mənası var. Beləliklə, ilk səfər Azərbaycana edildi və tezliklə seçkilərdən sonra Gürcüstan Prezidenti də ilk xarici səfərini Azərbaycana edəcək. Beləliklə, bu iki fakt münasibətlərimizin, bizim qarşılıqlı sadiqliyimizin və dostluğumuzun aydın göstəricisidir".
Mixeil Kavelaşvilinin rəsmi səfəri zamanı hər iki ölkənin prezidenti tərəfindən münasibətlərə dair mühüm bəyanatlar verildi. Əsrlər boyu Azərbaycan və gürcü xalqlarının sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşadıqlarını və bunun bu gün də belə olduğunu deyən Prezident İlham Əliyev dövlətlərarası münasibətlərin də yüksək səviyyədə olduğunu bəyan etmişdi. Dövlətimizin başçısı qeyd etdi ki, Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. "Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir", - deyə Prezident İlham Əliyev bildirmişdi.
Gürcüstan Azərbaycanın yaratdığı reallıqları dəstəkləyir
Mixeil Kavelaşvilinin Prezident vəzifəsinə seçildikdən sonra tezliklə Azərbaycana səfər etməyin onun üçün vacib olduğunu qeyd etməsi həm də Gürcüstan rəhbərliyinin ölkəmizə olan yüksək münasibətindən xəbər verir. Eyni zamanda onun ilk səfərinin Azərbaycana olması respublikamızın Cənubi Qafqazdakı aparıcı rolunun və qlobal proseslərdə fəal iştirakına verilən önəmin göstəricisidir. Gürcüstan Prezidentinin ölkəsinin həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olması barədə fikirləri də xüsusi diqqət çəkir. Görünən həm də odur ki, rəsmi Tbilisi strateji tərəfdaş olaraq Azərbaycanın regionda yaratdığı reallıqlara dəstək verir. Mixeil Kavelaşvilinin Azərbaycanla Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlığın intensivləşdiyini qeyd etməsi və buna görə İlham Əliyevə təşəkkür etməsi isə bir daha göstərdi ki, Azərbaycan Prezidenti Gürcüstanda güclü siyasi lider kimi qəbul olunur.
Bütövlükdə, Gürcüstan Prezidentinin Azərbaycana səfəri bir daha iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsini nümayiş etdirdi. Görünən odur ki, dostluğa, mehriban qonşuluğa və strateji tərəfdaşlığa söykənən Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"