Ölümün əsas səbəblərindən biri ürək-damar xəstəlikləridir. Bu xəstəlikdən hər il 20,5 milyon, hər 15 saniyədə 1 nəfər dünyasını dəyişir. Əsas risk amilləri qan təzyiqinin yüksəlməsi, qanda xolesterinin və qlükozanın miqdarının artması, siqaret çəkmək, artıq çəki, piylənmə, fiziki hərəkətsizlik, qida rasionu və qeyri-müntəzəm yuxu rejimidir.
Əvvəl daha çox yaşlılara xas xəstəlik olan infarkt artıq 30 və hətta 20 yaşlarında insanlar arasında müşahidə edilir və bu ciddi şəkildə artır. Son araşdırmalar göstərir ki, dünyada ürək xəstəlikləri təxminən 15 il cavanlaşıb. Mütəxəssislər bildirirlər ki, gənclərdə damar inkişafı tamamlanmadığı üçün infarkt birbaşa həyati itkilərə səbəb ola bilər. Belə ki, yaşlandıqca damarlar arasında "körpü damarları" əmələ gəlir. Bu vəziyyətdə hər hansı damar tıxanması halında digər damardan qan alınaraq ürək qidalanmağa davam edir. Gənclərdə belə bir quruluş formalaşmadığı üçün böhrana hazır olmayan ürək bir anda dayanır.
Ürək-damar xəstəliklərindən qorunmağın mümkün olduğunu bildirən kardioloqlar dəyişdirilə bilən risk faktorlarına diqqət çəkir, gündəlik həyat tərzində müəyyən dəyişikliklər edərək infarkt riskini minimuma endirməyin mümkünlüyünü qeyd edirlər. Xəstəliyin baş vermədən qarşısını almaq üçün mütəmadi olaraq tibbi müayinədən keçmək həyati əhəmiyyət daşıyır. 30 yaşından başlayaraq ildə bir dəfə qan testi verərək xolesterin, qan şəkəri və qan təzyiqi dəyərlərinin yoxlanılması ürək-damar xəstəliklərinin erkən diaqnozunda mühüm rol oynayır.
Ürək sağlamlığının qorunmasında müntəzəm yuxu rejiminin də vacib olduğu bildirilir. İndiyədək elə düşünülürdü ki, sutkada minimum 8 saat yatmaq sağlamlığın önəmli təminatıdır. Son araşdırmalarda isə məlum olub ki, yuxunun müddəti qədər yatmaq və oyanmaq vaxtı da önəmlidir. "Journal of Epidemiology and Community Health" jurnalında dərc olunan araşdırmaya görə, yuxu müddəti adekvat olsa belə yuxu və oyanma vaxtlarının dəyişməsi ürək-damar sisteminin mənfi nəticələri ilə əlaqələndirilir. Tədqiqata rəhbərlik edən Ottava Universitetinin professoru Cin Filip Çaput deyir ki, hər gün yatmaq vaxtı ilə oyanma vaxtı arasında 30 dəqiqədən çox fərq olmamalıdır. Belə ki, yuxu vaxtını dəyişdirmək daxili saatı poza, ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Tədqiqat zamanı 40-79 yaş arası təxminən 75 min insanın yuxu vərdişləri qeydə alınaraq yuxu nizamlılığı ilə ürək sağlamlığı arasındakı əlaqə araşdırılıb. İştirakçılara bir həftə ərzində fəaliyyətlərini qeyd edən cihazlar quraşdırılıb və onlar yuxu nizamlılığı indeksinə (SRI) görə qruplara bölünüblər. Araşdırma nəticəsində müəyyən edilib ki, nizamsız yatanların infarkt və ya insult keçirmə ehtimalı nizamlı yatanlara nisbətən 26 faiz çoxdur. Tədqiqat nizamsız yatanların yalnız 48 faizinin tövsiyə olunan yeddi-doqquz saat yuxuya cavab verdiyini, adi yatanların isə 61 faizinin olduğunu ortaya qoyub. Amma nizamsız yatanlar kifayət qədər yuxu alsalar belə infarkt və insult riskindən qaça bilməyiblər. Digər tərəfdən, orta dərəcədə nizamsız yatanlar kifayət qədər yuxu aldıqlarında riskin azaldığı aşkar edilib.
Aparılan digər bir araşdırma nəticəsində müntəzəm yuxu rejiminə yalnız iş günləri deyil, hətta həftə sonları belə riayət etməyin vacibliyi müəyyən edilib. Avropa Kardiologiya Cəmiyyətinin iclasında təqdim edilən nəticələrə görə, həftəsonları əlavə yuxu alan insanların ürək xəstəliyi riski 20 faizə qədər azalıb.
İdmanla mütəmadi məşğul olmağın insanın ürək-damar sağlamlığına müsbət yöndə ciddi təsir etdiyi bildirilir. Kardioloqlar 30 dəqiqə olmaqla həftənin minimum 5 günü idmanla məşğul olmağı tövsiyə edirlər. İdmanı nə vaxt etmək barədə xüsusi qayda olmasa da, səhərlər idman etmək məsləhət görülmür. Çünki ürək problemləri və ani hipertonik krizlər əsas etibarilə səhər saatlarında olur. Axşam yeməyindən 2 saat əvvəl, diabet xəstələrinə axşam yeməyindən 2 saat sonra idman etmək tövsiyə olunur.
Fiziki aktivliklə mütəmadi məşğul olmaq lazımdır. Müntəzəm idman etmədikdə və oturaq həyat sürdükdə həftədə bir dəfə oynanılan oyunlarda yüksək adrenalin ifrazı yaşanır və bu da infarkta səbəb olur. Elə buna görə də həftədə bir və ya iki dəfə oynanılan futbol və basketbol kimi rəqabətli idman növləri gənc idmançılar üçün daha çox risk daşıyır.
Hərəkət zamanı döş sümüyü arxasında ağrı, sıxılma hissi olan və xüsusilə 45 yaşdan yuxarı insanlar idman etməyə başlamazdan əvvəl mütləq həkim müayinəsindən keçməlidirlər. Çünki ürək damarlarında problemi olanlar idman edərkən infarkt və ya ani ölüm keçirə bilərlər.
Qış aylarında ürək sağlamlığına xüsusi diqqət ayırmaq lazımdır. Belə ki, bu mövsüm ürək üçün kritik dövr hesab edilir. Soyuq hava istilik itkisinin qarşısını almaq üçün bədənin qan damarlarının daralmasına, nəticədə qan təzyiqinin artmasına və ürəyin daha çox işləməsinə səbəb olur.
Təzyiqi mütəmadi ölçmək, xolesterin və şəkəri yoxlamaq olduqca vacibdir. Ümumdünya Ürək Federasiyasının məlumatına görə, sağlam həyat tərzi keçirmək, tütün istifadəsini məhdudlaşdırmaq, qidalanmanı nəzarətdə saxlamaq və fiziki fəallığı artırmaq hesabına infarkt nəticəsində baş verən erkən ölüm hallarının qarşısını 80 faiz almaq olar. Ürək sağlamlığını qorumaq üçün kiçik tədbirlər böyük fərq yarada bilər.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"