Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi qrupunun Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə alt-qrupunun növbəti iclası keçirilib. Onlayn formatda təşkil olunmuş iclasda alt-qrupda təmsil olunan 30-a yaxın dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət vә sənaye mәsәlәlәri şöbәsinin sektor müdiri Vüsal Şıxәliyev və ESG standartları üzrə alt-qrupun rəhbəri, KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov alt-qrup çərçivəsində görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər.
Qeyd edilib ki, 2024-cü ildə ESG üzrə milli standart qəbul edilib, vahid platforma – www.esghub.az istifadəyə verilib və Bakıda keçirilmiş COP29 çərçivəsində portal geniş ictimaiyyətə təqdim olunub. Həmçinin alt-qrupun bir sıra iclasları keçirilib, eyni zamanda ESG üzrə konfrans təşkil olunub.
İclasda, həmçinin ESG üzrə vahid platformanın effektiv idarə olunmasına dair təqdimat keçirilib, alt-qrupun 2025-ci il üçün Yol Xəritəsinə dair fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, növbəti il üzrə alt-qrupun Yol Xəritəsində ESG üzrə həyata keçirilən təşəbbüslərin davam etdirilməsi, bu sahədə məlumatlığın artırılması, milli standartın təbliği və tətbiqinin genişləndirilməsi, ESG üzrə vahid platformanın inkişaf etdirilməsi və bu portaldan istifadə səviyyəsinin yüksəldilməsi, ESG üzrə hesabatlıq və təşviq mexanizmlərinin hazırlanması məsələləri nəzərə alınacaq.