30 Noyabr 2024 08:35
79
SİYASƏT
A- A+
Ermənistan silahlanmanı dayandırmasa...

Ermənistan silahlanmanı dayandırmasa...


Xalqımızın birliyi, dövlətimizin gücü, Liderimizin qətiyyəti ilə hesablaşmalı olacaq


Azərbaycan dünyada tam müstəqil siyasət yürüdən dövlət kimi qəbul edilir. Ötən illərdə respublikanın milli inkişaf strategiyası, siyasi-iqtisadi, mədəni-mənəvi təkamül konsepsiyası, vahid ideologiyası formalaşmışdır. Olkəmizin apardığı daxili və xarici siyasət, beynəlxalq və regional qurumlardakı fəallığı, hamılıqla təsdiqini tapmış dəyər və prinsiplərə münasibəti onun dünyadakı yerini və rolunu müəyyən etmişdir. Böyük dövlətçilik nailiyyətlərinə imza atan Azərbaycanın xarici siyasət kursu isə artıq beynəlxalq aləmdə hamıya məlumdur. Ölkəmiz müstəqil xarici siyasət yürüdür, hər bir məsələdə öz milli maraqları əsasında formalaşmış qətiyyətli mövqe nümayiş etdirir.

Azərbaycan uzun illərdir ki, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Bu imicini getdikcə daha da möhkəmləndirir. Dövlətimiz həyata keçirilən siyasətin effektivliyi, sosial-iqtisadi uğurları, regional və qlobal proseslərə təsir imkanları, təşəbbüskarı və əsas icraçılarından olduğu layihələrlə hazırda böyük bir coğrafiyanın çox güclü, nüfuzlu aktoru kimi qəbul edilir. 

Xüsusi qeyd edilməlidir ki, artıq başa çatan COP29 kimi mötəbər tədbirin keçirilməsinin ölkəmizə həvalə edilməsi, onun yüksək səviyyədə təşkili Azərbaycanın beynəlxalq müstəvidəki böyük siyasi qələbəsi, irimiqyaslı diplomatik uğuru oldu. Dünya bir daha bizim imkan və bacarıqlarımızın, vətəndaşlarımızın intellektual səviyyəsinin, ümumilikdə isə insan potensialımızın gücünün və perspektivlərinin şahidinə çevrildi. İştirakçıların kütləviliyinə və beynəlxalq aləmin diqqətini özünə cəlb etməsinə görə COP29  ən uğurlu mötəbər əhəmiyyətli tədbirlərdən biri kimi tarixə düşdü.

Azərbaycan dövləti Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü ilə əldə etdiyi tarixi Zəfər sayəsində Cənubu Qafqazda yeni reallıqlar yaradır. Əsrlər ərzində ilk dəfə bu bölgədə əbədi sülh, qarşılıqlı əməkdaşlıq, davamlı inkişaf üçün çox böyük imkanlar açılır. Bunları formalaşdırıb bütün Cənubi Qafqaz xalqlarına təqdim edən və hər kəsi böyük niyyətlərin gerçəkləşməsi, regionumuzun gələcək xoşbəxtliyi üçün birgə fəaliyyətə çağıran məhz Azərbaycandır. Bu cür imkanların vaxtında və düzgün dəyərləndirilməsi bəzən illər sonranın siyasi, iqtisadi, sosial-mədəni mənzərəsini müəyyən edir. Ona görə də Azərbaycan dövləti mövcud fürsətlərin itirilməməsinə, hansısa Qərb ölkələrinin təxribatçı ünsürlərinin maraqlarına görə bölgəmizin gələcəyinin yenidən risklər altında qalmamasına çalışır. 


"Heç kəs bizimlə rəqabət aparmaq gücündə olmayacaq"


Əfsuslar olsun ki, Azərbaycanın xoşməramlı cəhdlərinə maneə yaratmağa çalışan qara qüvvələr hər zaman olduğu kimi yenə də çoxdur. Ölkəmizin yaratdığı yeni tarixi reallıqları qəbul etmək istəməyənlər vəziyyəti öz xeyirlərinə dəyişmək kimi çirkin və təhlükəli planları ilə regionu qarışdırıb bulanıq suda balıq tutmağa çalışırlar. 

Hazırda onların məqsədi Ermənistandan növbəti dəfə pozucu alət kimi istifadə etmək, bu respublika daxilində revanşizmi alovlandırmaq, hərbi təxribatlar hazırlamaqdır. Ermənistanda baş verənlər, rəsmi İrəvanın davranışları onların əsrlər boyu adət etdikləri "ənənələrə sadiqliklə" bu dəfə də başqalarının əlində oyuncaq vasitə olmağa həvəslə razılaşdıqlarını göstərir. Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 8-də Zəfər parkının açılışındakı müraciətində bunları xüsusi vurğuladı: "Minsk qrupunun bütün həmsədrləri 30 il ərzində Ermənistanın arxasında dayanmışdı, biri pulsuz silah verirdi, biri pul verirdi, biri həm silah, həm pul verirdi, siyasi dəstək verirdi, bir məqsədlə ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlasınlar. Ona görə, təbii olaraq Azərbaycan vətəndaşlarının bəziləri narahat idi ki, müharibə yarımçıq qalacaq, biz öz istədiyimizə nail ola bilməyəcəyik, bizi kimsə dayandıracaq. Amma mən dedim, yox, heç kim bizi dayandıra bilməz, öldü var, döndü yoxdur. Sona qədər vuruşacağıq, ədaləti bərpa edəcəyik, beynəlxalq hüququ bərpa edəcəyik və Ermənistana onun yerini göstərəcəyik.

2020-ci il noyabrın 8-də tarixi Şuşa əməliyyatı demək olar ki, düşmənin belini qırmışdır. Ondan sonra cəmi bir gün keçdi və noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və biz müharibəni dayandırdıq". 

Ermənistanın daxili siyasətində revanşizm hissləri getdikcə üstünlük təşkil etməyə başlayır və bu, ümumilikdə regionumuzun təhlükəsizliyi üçün təhdidlər doğurur. Buna şərait yaradan əsas amillərdən biri Ermənistanın hərbi sahədə gücləndirilməsinə beynəlxalq dəstəyin göstərilməsidir. Xüsusilə Fransa bu istiqamətdə aktiv rol oynayır. Bu ölkə Ermənistanın silahlandırılması prosesində aparıcı aktorlardan biridir. Aparılan bu çirkin siyasət təkcə Fransanın iştirakı ilə məhdudlaşmır. ABŞ, konkret desək, artıq ömrünü başa vuran Bayden administrasiyası da Ermənistanın hərbi potensialını artırmaq istiqamətində addımlar atır. 2024-cü ilin 5 aprelində Brüsseldə keçirilən görüşdə ABŞ və Avropa İttifaqının Ermənistanla birgə hərbi pakt qurması məsələnin nə qədər təhlükəli olduğunu göstərir. 

Yada salaq ki, həmin tarixdə Ermənistan-Avropa İttifaqı-ABŞ formatında keçirilən Brüssel görüşündə İrəvana sadəcə maliyyə yardımının edilməsi qərarı barədə rəsmi açıqlama verilsə də, görüşün guya sırf iqtisadi səciyyə daşıdığı barədə rəy yaradılsa da, apreldən sonra Ermənistana daşınan silah-sursatlar bunun dolayısı ilə hərbi pakt olduğunu göstərdi. 

İndi bu məsələ yenidən gündəmə gəlib. Qərbin təhriki ilə məğlub ölkə sülh proseslərindən yayınaraq müharibəyə hazırlaşır. Bu ölkələrin Ermənistana silah yardımı ilk növbədə regional sabitliyi pozur. Azərbaycanla Ermənistan arasında sülh üçün indiyədək heç zaman olmadığı qədər əlverişli bir imkanın yarandığı vaxtda münasibətlərin yenidən gərginləşməsinə, qonşu ölkədə məqsədli şəkildə alovlandırılan revanşizm əhvalı fonunda yeni münaqişə riskləri doğurur. Əslində, Qərb Ermənistanı yeni münaqişələrə təşviq edir, Azərbaycanın təhlükəsizlik mühitinə birbaşa təhdidlər yaradır. Təhlükəli hallardan biri də Avropa İttifaqının bu dəstəyinin işğalçı mahiyyətli Ermənistanın təcavüzkar siyasətinin legitimləşdirməsinə, bu siyasətə beynəlxalq dəstəyin əldə olunmasına xidmətdir. Ona görə də Ermənistana hərbi yardımlar Azərbaycanın ərazi bütövlüyünə qarşı birbaşa təhdid kimi qəbul edilməlidir.  Bu isə Ermənistan dövləti üçün tam faciə ola bilər.

Bölgədə belə bir hərbi paktın formalaşması Rusiya, Türkiyə və İran kimi regional güclərin maraqlarına da ziddir. Bu, bölgəmizdə geosiyasi rəqabəti daha da kəskinləşdirə və Cənubi Qafqazı böyük güclərin qarşıdurma meydanına çevirə bilər ki, belə bir halın ən böyük ziyanı sülh, sabitlik, əmin-amanlıq arzusu ilə gündəlik həyatını yaşayan insanlara dəyər. Belə bir dəstək Ermənistanı sülh danışıqlarından yayındırır, sülhyaratma prosesinə maneələr törədərək regionda uzunmüddətli sabitlik perspektivini təhlükə altına salır. Dövlətimizin başçısı Bakıda Zəfər parkının açılışı zamanı xalqımıza müraciətində də bu məsələyə toxunaraq demişdi: "Öz maraqlarını təmin etmək üçün, onların dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, yenə də Cənubi Qafqazda ara qarışsın, yenə də qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər. Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır. Hələ ki gec deyil, bundan əl çəksinlər, onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar. Biz müharibə istəmirik".


Ermənistanın süni sülhpərvər obrazı


Bu gün Paşinyanın reytinqi aşağı düşür və bunun qarşısını almaq üçün onun yeniliyə ehtiyacı var. Ermənistan hakimiyyəti bu yeniliyi hərbi əməliyyatlarda və Azərbaycan üzərində kiçik də olsa, qələbə qazanmaqda görür. Amma çox yanılır.

Digər tərəfdən, Ermənistanın arxasında duran Fransa, həmçinin Avropa İttifaqı aydın görürlər ki, Ükrayna cəbhəsində istədiklərinə nail ola bilmirlər, vəziyyət daha da ağırlaşır, Rusiya irəliləyir. Ona görə də Rusiyanın diqqətini başqa səmtə yönəltmək və onun sərhədlərinə yaxın yeni münaqişə ocağı yaratmaqla qüvvələrini bölməyə çalışırlar. Əslində, Ermənistanın yeni müharibə avantürası Qərbin növbəti planıdır. Burada Ermənistan hakimiyyəti ilə Qərbin maraqları üst-üstə düşür.

Ermənistanın hərbi sahədə inkişafına töhfə verənlər sırasında Hindistan da var. Hindistanın Ermənistanla hərbi əməkdaşlıq siyasəti, regionda balansın pozulmasına və yeni münaqişə risklərinin yaranmasına səbəb olur. Bu ölkənin BMT Təhlükəsizlik Şurasına üzvlük ambisiyaları isə bu siyasət fonunda xüsusilə ciddi suallar yaradır. Militarist addımlar atan və yeni münaqişə ocaqları yaratmağa çalışan bir ölkənin belə mühüm bir qurumda təmsil olunmaq iddiası beynəlxalq hüquq prinsipləri ilə qətiyyən bir araya sığmır.

Qərbin təhriki ilə Hindistandan silah alınması, Yunanıstanın "S300" raket komplekslərini Ermənistana vermək niyyəti Avropa İttifaqının ölkəmizə qarşı düşmən münasibətinin nəticəsidir. Bu silahlanma Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə, kövrək sülhün pozulmasına, yeni müharibənin başlanmasına aparır.    

Bütün bunlara rəğmən Azərbaycan sülh prinsiplərinə sadiqdir və regionda əbədi sülhün təmin olunması üçün bütün imkanlardan istifadə etməyə çalışır. Amma baş verənlər fonunda Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesləri də bir çox hallarda birtərəfli şəkildə təqdim olunur. Belə ki, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın sülh tərəfdarı kimi göstərilməsinə cəhdlər müşahidə olunur. Bu, tarixi faktların birbaşa təhrif olunmasıdır. Ermənistanın Azərbaycan torpaqlarını 30 ildən çox işğal altında saxlaması, bir milyondan çox azərbaycanlının on illərlə qaçqın və məcburi köçkün vəziyyətində yaşaması, Azərbaycanın maddi-mədəni sərvətlərinin talan edilməsi faktları bu çağırışlarda nəzərə alınmır. Halbuki ədalət prinsiplərinin qorunması üçün sülhyaratma proseslərində mütləq bu məsələlər də nəzərə alınmalı və ədalətli yanaşma təmin olunmalıdır.

Azərbaycanın öz torpaqlarını azad etməsi beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirilən bir proses idi. Respublikamız öz huquqlarından istifadə edərək ərazi bütövlüyünə, dövlət suverenliyinə nail oldu. BMT Təhlükəsizlik Şurasının Ermənistan hərbi birləşmələrinin Azərbaycandan çıxarılması barədə illərlə havadan asılı qalmış dörd qətnaməsi ordumuzun gücü ilə yerinə yetirildi. Buna qədər ölkəmiz münaqişənin sülh yolu ilə, heç bir tərəfdən insan itkilərinə yol verilmədən həlli üçün Ermənistana dəfələrlə çağırış etdi. İllərlə aparılan sülh danışıqlarının heç birindən yayınmadı. Hətta Vətən müharibəsinin ilk günlərindən Ermənistanın labüd məğlubiyyəti artıq görünərkən yeni itkilərin baş verməməsi üçün ona qoşunlarını Azərbaycan ərzilərindən çıxarması, bununla bağlı qrafik verməsi və hərbi əməliyyatların dayandırılması çağırışlarını səsləndirdi. Amma Ermənistan rəhbərliyi, konkret olaraq ölkənin baş naziri Nikol Paşinyan və ətrafındakılar havadarlarının onlara kömək edəcəkləri barədə xam xəyallara qapılaraq bu çağırışlara məhəl qoymadılar. Yalnız Şuşa azad edildikdən sonra artıq dizlərinin yerə gəldiyini görüb faktiki kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldılar.     

Bütün bu faktlar hər kəsə aydın ikən, Ermənistanın hazırda sülh tərəfdarı kimi təqdim edilməsi, Paşinyanın demokrat obrazının formalaşdırılması əsl mahiyyəti gizlətməyə xidmət edir. Son illərin prosesləri də bir daha təsdiqləyir ki, Köçəryan, Sarkisyan, Paşinyan və digər şəxslər arasında fərqlər yalnız zahiridir, onların hər biri eyni revanşist siyasəti davam etdirirlər. Paşinyan hökumətinin demokratiya adı altında həyata keçirdiyi siyasət də əslində eyni təcavüzkar mövqeyi davam etdirir.

Bu baxımdan Ermənistanın beynəlxalq aləmdə sülh tərəfdarı kimi təqdim olunması süni xarakter daşıyır. Beynəlxalq ictimaiyyətin Ermənistanın xalqımıza qarşı törətdiyi soyqırımı aktlarını, Azərbaycan torpaqlarında illərlə vandallıq etməsi, təcavüzkar siyasəti görməzdən gəlməsi regionda daimi sabitlik üçün ciddi maneədir. 


Qərbin çirkin planlarına qarşı qətiyyətli addımlar atılacaq


Azərbaycana qarşı Qərbin  təhlükəli strategiyasını həyata keçirmək planı heç bir nəticə verməyəcək. Bunu unutmasınlar. Onlara ən tutarlı cavab ölkəmizin müstəqil siyasəti, inkişaf yoluna davam etməsi, getdikcə güclənərək qurduğu cavab strategiyasıdır. 

Azərbaycan regionda sabitliyin qorunması və milli maraqlarının müdafiəsi istiqamətində ardıcıl və qətiyyətli addımlar atır. Ermənistanın və onun beynəlxalq tərəfdarlarının təzyiqləri qarşısında dövlətimiz heç bir halda güzəştə getməyəcək. Lazım olan istənilən halda  Azərbaycan Ermənistanın hər hansı təxribatına layiqli cavab verməyə və regiondakı bütün planlarını pozmağa hazır və qadirdir. "Otuzillik işğal tarixi bizim yaddaşımızdan silinmir və bayaq dediyim kimi, heç vaxt silinməməlidir. Biz hər an yeni təxribata hazır olmalıyıq və hazırıq. Azərbaycan Silahlı Qüvvələri hər an təxribatı dəf etmək üçün hazır vəziyyətdədir. Əgər kimsə yenidən bizim gücümüzü sınamaq istəyirsə, yenidən məğlub olacaq, yenidən biabır olacaq. Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir", - Azərbaycan Prezidenti deyib.

Ölkəmizin bu mövqeyi yalnız hərbi gücə deyil, həm də beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Dövlətimizin ədalətli mövqeyi regionda sülhün təmin olunmasının ən etibarlı təminatıdır. Beynəlxalq aləm bu reallığı qəbul etməli və regionda sabitliyin qorunmasına dəstək olmalıdır. Bədxahlarımız öz mənfur planları, cılız maraqları üçün regionumuzu qana çalxalamamalıdırlar. Anlamalıdırlar ki, ölkəmizi hər hansı təzyiqlərlə haqq yolundan uzaqlaşdırmaq mümkün deyil. Azərbaycanın hərbi və siyasi gücü, xalqının birliyi və dövlətinin qətiyyəti hər cür təhlükəli planların qarşısını almaq üçün kifayətdir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ankarada keçirilən 21-ci Kitab Sərgisinin fəxri qonağıdır

09:43
30 Noyabr

“Diplomatic World Sweden” saytında COP29 haqqında məqalə dərc olunub  

09:41
30 Noyabr

Britaniyalı şəxs 177 milyon funt sterlinqlik cekpot qazanıb  

09:40
30 Noyabr

Öncü Keçeli: Suriyada sabitliyin qorunması Türkiyənin prioritetlərindəndir  

09:39
30 Noyabr

Avropa İttifaqı Şurasının yeni Prezidenti vəzifələrinin icrasına başlayıb  

09:38
30 Noyabr

Antalyada zəlzələ olub

09:37
30 Noyabr

Fərid Şəfiyev: COP29-da yeni iqlim maliyyəsi mexanizmlərinin yaradılması vacib nailiyyətdir  

09:36
30 Noyabr

Fransa borc burulğanında batır

09:20
30 Noyabr

Gəncə idmançıları ilə də fəxr edir

09:15
30 Noyabr

"Dünyanı dərk etməkdə bizə kömək edən həm də ədəbiyyatdır"

09:10
30 Noyabr

Şəmkirin bağlarından 43,5 min ton xurma yığılıb

09:05
30 Noyabr

171 ölkə ilə ticarət, 4,8 milyard dollarlıq müsbət saldo

09:00
30 Noyabr

Aqrar Biznes Festivalının növbəti ünvanı Lerik olub

08:55
30 Noyabr

Masallıda əmək yarmarkası keçirilib

08:50
30 Noyabr

Azərbaycanda əhalinin elə təbəqəsi yoxdur ki, dövlətin sosial tədbirlərindən kənarda qalsın

08:45
30 Noyabr

Təhsil və mədəniyyətin inkişafına dövlət qayğısının təzahürü

08:40
30 Noyabr

Ermənistan silahlanmanı dayandırmasa...

08:35
30 Noyabr

COP29-un qərarları Paris İqlim Sazişinin tam icrasını təmin edəcək

08:30
30 Noyabr

COP29 təkcə qlobal iqlim tədbiri deyildi

08:25
30 Noyabr

İqtisadi inkişaf sosial məqsədlərə xidmət edir

08:20
30 Noyabr

Cəbrayıl növbəti sakinlərinə qovuşdu

08:15
30 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!