Əhalinin sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi, rifah halının və sosial təminatın artırılması, insanların həyat şəraitinin daha da yüksəldilməsi Azərbaycan dövlətinin başlıca vəzifəsidir.
Prezident İlham Əliyevin sosial islahatlar proqramları, icra edilən mühüm layihələr və qərarlar məhz bu məqsədə xidmət edir. Həyata keçirilən tədbirlər, uğurlu nəticələr Milli Məclisdə geniş müzakirə olunan 2025-ci ilin dövlət büdcəsi layihəsində də aydın əks olunur. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun tərtib olunmuş büdcə layihəsini nəinki maliyyə, ilk növbədə siyasi əhəmiyyətli sənəd hesab etmək olar. Bu layihə dövlət rəhbəri cənab İlham Əliyevin siyasi fəaliyyətini iqtisadi müstəvidə aydın ifadə etməklə, həm də hökumətin bu sahədəki fəallığını bütün istiqamətlərdə dəyərləndirir.
Ölkədəki ictimai-siyasi sabitlik, birlik, sosial-iqtisadi inkişaf, daxili və xarici aləmdə qazanılan uğurlar, məhz həyata keçirilən mükəmməl siyasi kursun nəticəsidir. Bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf edən ölkələri sırasındadır. Hazırda respublikamızda ÜDM-in 4,7 faizlik artım tempi dünya üzrə ümumi iqtisadi artım göstəricisindən (3.2-3.5) yüksəkdir. Beynəlxalq Valyuta Fondu gələn il Azərbycanda ÜDM-in 77 milyard dollara yüksələcəyini ehtimal edir.
2025-ci il dövlət büdcəsi gəlirlərinin keçən ilin müvafiq proqnoz göstəriciləri ilə müqayisədə 5,3 faiz çox proqnozlaşdırılması müsbət göstəricidir. Büdcə layihəsində təhsil xərclərinin 8,7 faiz, səhiyyə xərclərinin 7,1 faiz, kənd təsərrüfatı, mənzil və kommunal təsərrüfatı, ətraf mühitin mühafizəsi xərclərinin 7,2 faiz, sosial-müdafiə və sosial təminat xərclərinin 9,6 faiz artımla proqnozlaşdırılması Azərbaycan iqtisadiyyatının dayanıqlı və davamlı inkişafda olmasından xəbər verir.
Büdcədə müdafiə və milli təhlükəsizlik məsələlərinə daha çox vəsaitin ayrılmasının nəzərdə tutulması günün reallığından irəli gəlir. Ali maliyyə sənədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisin VII çağırış ilk iclasında səsləndirdiyi ordumuzu gücləndirmək, müdafiə sənayemizi inkişaf etdirmək, sərhədlərimizi möhkəmləndirmək, təhlükəsizliyimizi təmin etməklə bağlı çağırışının ifadəsi kimi qəbul edilməlidir. Müharibədə tarixi qələbə qazanmağımıza baxmayaraq, yenə də ölkəmizə qarşı təxribat, mina müharibəsi, böhtan, şantaj kampaniyası davam etməkdə, Ermənistan silahlanmaqdadır. ABŞ, Fransa, Avropa təcavüzkar dövləti müharibəyə hazırlayır. Belə bir vaxtda bütün imkanları təhlükəsizliyimiz üçün səfərbər etmək başadüşüləndir və bu, xalqın istəyi, tələbidir.
İşğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulan 4 milyard manat vəsait torpağa məhəbbətdən, insana qayğıdan qaynaqlanır. Artıq keçmiş qaçqın və məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdırlar, yeni bir həyata qədəm qoyurlar. Bu, böyük xoşbəxtlikdir və bu amal uğrunda qoyulan və artırıla biləcək hər hansı vəsait insanlığa töhfə, xidmətdir. Dövlət büdcəsində sosialyönümlü xərclər büdcə xərclərinin 41 faizini təşkil edir. Yoxsulluğun azaldılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi sosial-müdafiə və sosial-təminat xərcləri əvvəlki illərdən artıqdır ki, bu da dövlətimizin insanlara qayğısının əyani ifadəsidir.
Azərbaycan dövləti sosial məsələlərin həllinə daim böyük önəm verir. Son beş ildə dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin mütləq ifadədə 1,6 dəfə artması bunun təsdiqidir. Dövlət büdcəsində növbəti ildə minimum əməkhaqqının və minimum pensiyanın artırılması, sosial müavinətlər və təqaüdlər istiqamətində əsaslı tədbirlərin görülməsi, pensiyaların indeksləşdirilməsi planlaşdırılır. Ümumilikdə sosial paket 3 milyon insanı əhatə edəcək. Bu, milyonlarla insanın sosial vəziyyətini yaxşılaşdıran sosial qayğının ifadəsidir.
2025-ci ilin dövlət büdcəsinin gəlirlərinin 38 milyard 316 milyon manat, xərclərinin 41 milyard 367 milyon 600 min manat məbləğində nəzərdə tutulması iqtisadi inkişafımızın göstəricisidir. 2025-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı xərclərinin 1171,9 milyon manat nəzərdə tutulması və həmin vəsaitin 510,7 milyon manatının mövcud olan su ehtiyatlarından səmərəli istifadəsinin təmin olunmasına, müasir texnologiyaların tətbiq edilməsinə, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına yönəldilməsi, həm də büdcədən toxumçuluğun, heyvandarlığın inkişafı üçün əlavə vəsaitlərin ayrılması aqrar sahəyə dövlətin qayğısı kimi dəyərləndirilməlidir. Belə bir qayğının nəticəsidir ki, cari ilin 9 ayı ərzində aqrar sənaye məhsullarının ixracının dəyəri dəfələrlə artıb, kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə ümumi dəyəri 11 milyard 407,1 milyon manat olub. Ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı artır, aqrar sektor ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında başlıca rola malik, gəlir gətirən sahəyə çevrilir. Dünyada baş verən hadisələr - amansız müharibələr, qarşıdurmalar, iqlim dəyişikliklərinin yaratdığı problemlər - quraqlıq, su, qida çatışmazlıqları bəşəriyyəti imtahana çəkir və bu hallar Azərbaycana da təsir göstərməyə bilməz. COP29 kimi dünya əhəmiyyətli bir tədbirin ölkəmizdə uğurla keçirilməsi bunun ifadəsi idi və beynəlxalq aləm bir daha Azərbaycanın qüdrətinin, məharətinin, təşkilatçılığının şahidi oldu.
İqtisadiyyatımızın inkişafı, insanların sosial vəziyyətinin gündən-günə yaxşılaşması, beynəlxalq aləmdə dövlətimizin nüfuzunun yüksəlməsi qürurvericidir. Cənab İlham Əliyevin siyasi kursunun qələbə zəfərləri yeni nailiyyətlərə yol açır, dövlətimizi və xalqımızı ucaldır, yüksəlişimiz üçün yeni imkanlar yaradır. Ancaq ən vacib məsələ milli təhlükəsizliyimizi təmin etmək, ordumuzu gücləndirmək, müdafiə qabiliyyətimizi artırmaq, işğaldan azad olunan ərazilərin bərpasını sürətləndirmək və vətəndaşlarımızın qayğısına qalmaq, həyat səviyyələrini yüksəltməkdir.
2025-ci ilin büdcəsi qeyd olunan vəzifələrin öhdəsindən gəlmək üçün əhəmiyyətlidir və xalqın xoşbəxtliyinə, dövlətin inkişafına xidmətə yönəldilmişdir.
Tahir RZAYEV,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri