Bu ərazilərin bərpasına ayrılacaq ümumi vəsaitin həcmi 23 milyard manata çatacaq
Artıq Milli Məclisdə "2025-ci ilin dövlət büdcəsi" layihəsi birinci oxunuşda qəbul edilib. Növbəti ilin dövlət büdcəsi layihəsində Qarabağ və Şərqi Zəngəzurda aparılacaq quruculuq və bərpa işləri üçün 4 milyard manat nəzərdə tutulub. Bu isə bir daha göstərir ki, gələn il də büdcə siyasətinin qarşısında duran əsas çağırışlardan biri işğaldan azad edilən ərazilərin bərpa və yenidənqurma işləridir.
Dinamik inkişaf
İşğaldan azad edilən ərazilərə qayıdışı milli ideya kimi müəyyənləşdirən Prezident İlham Əliyev hələ zəfərimizin ikinci ildönümündə mədəniyyət paytaxtımız Şuşada təşkil olunan tədbirdə çıxışı zamanı vurğulamışdı ki, dünya təcrübəsində hələ belə bir nümunə yoxdur ki, ağır müharibədən çıxan bir ölkənin iqtisadiyyatı heç bir böhran yaşamasın, büdcəsi nəinki müharibədən əvvəlki səviyyədə, hətta ondan da yüksək olsun və davamlı olaraq artsın.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov 2025-ci ilin büdcə müzakirələri zamanı məlumat verib ki, Dövlət Neft Fondunun hətta transferləri nəzərə alınmasa belə, büdcə gəlirləri artım dinamikasına malikdir. Belə ki, transfersiz büdcə gəlirləri 2023-cü ildə 23,5 milyard manat, 2024-cü ildə 23,6 milyard manat olduğu halda, 2025-ci ildə 23,8 milyard manat proqnozlaşdırılır.
Azərbaycan dövləti büdcə gəlirlərini hər zaman ölkənin rifahı və inkişafı, əhalinin yüksək həyat şəraitinin təmini istiqamətinə yönəldir. Bu sayədə davamlı olaraq maaşlar, pensiyalar, sosial müavinətlər artır. Eyni zamanda qısa zamanda böyük səmərə və yüksək keyfiyyətlə 10 min kvadratkilometrdən çox olan ərazinin yenidən qurulması, Qarabağda və Şərqi Zəngəzurda keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması və onların dədə-baba yurdlarına qaytarılması dövlətimizin gündəliyində duran əsas məsələdir.
Bu il sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev söylədi ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası hər birimizin önəmli vəzifəsidir: "Əgər mən İkinci Qarabağ müharibəsindən sonra görülmüş işləri sadalamağa başlasam, onda gərək bir neçə saat sizin qarşınızda çıxış edim. Sadəcə olaraq, bir neçə rəqəmi sizin və ictimaiyyətin diqqətinə çatdırmaq istərdim. Müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır".
Vurğulandığı kimi, 2025-ci ildə daha 4 milyard manat bu istiqamətə yönəldiləcək.
Bütün bunlara görədir ki, cəmi dörd il əvvələ qədər bir həyat nişanəsinə belə rast gəlinməyən Qarabağ və Şərqi Zəngəzurun siması bu gün tamamilə dəyişib və nəhəng tikinti-quruculuq meydanına çevrilən bu yerlərimizə sürətlə qayıdış gerçəkləşdirilir.
Qayıdış üçün möhkəm zəmin
Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrasını təmin etmək məqsədilə, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"ı təsdiq edilib. Bu istiqamətdə görüləcək işlərlə bağlı mühüm yol xəritəsi olan Tədbirlər Planına əsasən, bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi nəzərdə tutulur. Həmçinin 2025-ci ilədək 10 270, 2026-cı ilədək isə 34 500 ailənin köçürülməsi gözlənilir.
Zəfərdən dərhal sonra genişmiqyaslı quruculuq işlərinə start verilən Qarabağ və Şərqi Zəngəzurda yol, enerji, su və digər kommunikasiya layihələri uğurla həyata keçirilir. Meqalayihələrin reallaşdırıldığı, nəhəng tunellərin salındığı bu yerlərdə hazırda iki beynəlxalq hava limanı tikilərək istifadəyə verilib - Füzuli və Zəngilan hava limanları. Laçın Beynəlxalq Hava limanının isə sürətli tikintisi aparılır. Bu ildən etibarən Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması ilə ümumilikdə bölgənin elmi inkişafının da təməli qoyulub.
Kompleks işlər görülərək qayıdış üçün möhkəm zəmin hazırlanan Qarabağ və Şərqi Zəngəzura 2022-ci il iyulun 19-dan etibarən keçmiş məcburi köçkünlərin davamlı olaraq qayıdışı həyata keçirilir.
İndiyədək 2333 ailə - 9010 nəfər dədə-baba yurdlarına geri dönüb. 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 570 ailə (2090 nəfər) Laçın şəhərində, 823 ailə (3136 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 220 ailə (823 nəfər) Şuşa şəhərində, 46 ailə (179 nəfər) Xocalı şəhərində, 203 ailə, 783 nəfər Cəbrayıl şəhərində məskunlaşıb.
Doğma yurdlarına dönən keçmiş məcburi köçkünlərə layiqli həyat şəraitinin yaradılması, məşğulluqlarının təmin olunması istiqamətində də mühüm işlər görülür.
Artıq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məskunlaşmış və iqtisadi fəal şəxslərin 80 faizdən çoxunun məşğulluğu təmin edilib.
Prezident İlham Əliyevin şəxsi nəzarəti altında "Böyük qayıdışa dair I Dövlət Proqramı" sürətlə və uğurla icra edilir. Hər il bu ərazilərimizin bərpası və yenidən qurulması üçün milyardlarla manat vəsaitin ayrılması da göstərir ki, Qarabağ və Şərqi Zəngəzura qayıdış dövlət büdcəsinin birnömrəli maliyyə istiqamətidir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"