Qərar № 42/211
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 21 saylı Nəsimi - Binəqədi seçki dairəsi üzrə Müsavat Partiyasından qeydə alınmış namizəd Aslanlı Gülağa Qulam oğlu 10 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 34/83 saylı Qərarını mübahisələndirmiş, seçki dairəsinin əhatə etdiyi seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Müraciət etmiş deputatlığa qeydə alınmış namizəd G.Q.Aslanlı müraciətində səsvermə günü 21 saylı Nəsimi - Binəqədi seçki dairəsinin bütün seçki məntəqələrində total pozuntuların olmasını, 37 seçki məntəqəsi məntəqə seçki komissiyasının təşkili zamanı Seçki Məcəlləsinin 36.2-ci maddəsinin tələbinin pozulmasını, 20 Yanvar küçəsi 28, 30, 34, 34A, 36, 40 ünvanlarının 22 saylı Nəsimi - Yasamal seçki dairəsinin hüdudlarına aid olmasını, səsvermənin nəticələri haqqında protokolların tərtib edildikdən sonra seçki subyektlərinə verilməməsini, səsvermənin nəticələrinə dair protokolun 3-cü nüsxəsinin məlumat löhvələrində asılmadığını iddia edərək, həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini tələb etmişdir. Ərizəçi müraciətə mübahisələndirilən bəzi seçki məntəqələri üzrə protokollar və elektron məlumat daşıyıcısında olan video görüntülər əlavə etmişdir.
Ərizəçinin araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.
İddia edilən pozuntularla əlaqədar olaraq namizəd G.Q.Aslanlının şikayəti 21 saylı Nəsimi - Binəqədi seçki dairəsi dairə seçki komissiyası tərəfindən araşdırılmış, dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 34/83 saylı Qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. G.Q.Aslanlının müraciətinin araşdırılması səsvermə günü seçki dairəsinin seçki məntəqələrində baş vermiş qanun pozuntuları ilə əlaqədar sosial şəbəkələrdə yerləşdirilmiş görüntüləri və namizəd tərəfindən təqdim olunmuş digər materialları əhatə etmişdir.
Mərkəzi Seçki Komissiyasında şikayətçi, Müsavat Partiyasından qeydə alınmış namizəd G.Q.Aslanlının iştirakı ilə aparılmış tam, hərtərəfli, obyektiv araşdırma zamanı namizədin mübahisələndırdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri, qeydə alınmış digər namizəd tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır. Təqdim edilmiş video görüntülərin araşdırılması zamanı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilməmişdir.
Bundan başqa, 37 seçki məntəqəsi məntəqə seçki komissiyasının təşkili zamanı Seçki Məcəlləsinin 36.2-ci maddəsinin tələbinin pozulması iddiası ilə bağlı müvafiq dövlət orqanından araşdırmaya təqdim edilmiş arayışlardan müəyyən edilir ki, mübahisələndirilən seçki məntəqələri məntəqə seçki komissiyalarının üzvləri 21 saylı Nəsimi - Binəqədi seçki dairəsinin ərazisində daimi yaşayırlar.
20 Yanvar küçəsi 28, 30, 34, 34A, 36, 40 ünvanlarının 22 saylı Nəsimi - Yasamal seçki dairəsinin hüdudlarına aid olması iddiası ilə bağlı qeyd edilməlidir ki, göstərilən ünvanlar 21 saylı Nəsimi - Binəqədi seçki dairəsinin 6 saylı seçki məntəqəsinin hüdüdlarına daxildir.
Araşdırmanın tərkib hissəsi kimi dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq onlara baxış keçirilmişdir. Ərizəçi tərəfindən təqdim edilmiş 26 protokol nüsxəsinin rəsmi protokollarda olan məlumatlarla müqayisəli araşdırılması nəticəsində 25 protokol üzrə məlumatlar eynilik təşkil etmişdir. 30 saylı seçki məntəqəsi üzrə məlumatlar tədqiq edilərkən isə bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən uyğunsuzluqlar aşkarlanmışdır. Göstərilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratdığından 30 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.
Beləliklə, Aslanlı Gülağa Qulam oğlunun müraciəti qismən təmin edilməli, 30 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab olunmalı, dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 34/83 saylı Qərarı 30 saylı seçki məntəqəsi üzrə hissədə ləğv edilməli, qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 21 saylı Nəsimi - Binəqədi seçki dairəsi üzrə Müsavat Partiyasından qeydə alınmış namizəd Aslanlı Gülağa Qulam oğlunun 10 sentyabr 2024-cü il tarixli 74 saylı müraciəti qismən təmin olunsun, 30 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.
2. 21 saylı Nəsimi - Binəqədi seçki dairəsi dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 34/83 saylı Qərarı 30 saylı seçki məntəqəsi üzrə hissədə ləğv edilsin, digər hissələrdə dəyişdirilmədən saxlanılsın.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
13.09.2024