Həmrəylik ən çox sevilən, elə sevilə-sevilə də ifadə edilən, yazılan, bir an içində insan qəlbində coşqu və fərəh yaradan sözdür. Dilimizə çox rahat yatan, sevincimizə sevinc qatan bu sözün mayasında, qayəsində, mənasında yaratdığı işıqlı düşüncələrdə mehribanlıq, birlik və dünyaya sığmayacaq qədər sevinc dolu çağırış var.
Bəs görəsən üç hecadan ibarət olan həmrəylik nə deməkdir? Bu söz özündə nəyi ifadə edir, insanlara nəyi anlatdırır, nəyi çatdırır? Sualların çox aydın, çox dəqiq cavabı var. Həmrəylik hər şeydən əvvəl həmfikirlik, yekdillik, qarşılıqlı razılıq, sülhə, əmin-amanlığa, dostluğa, mehriban qonşuluğa geniş açılan qapı deməkdir. Ona görə də bu sözü dilə gətirəndə hamımıza, hər birimizə könül xoşluğu, ürək açıqlığı gətirir, Yer üzünün bütün insanlarına sevinc dolu salamlar yetirir.
Həmrəylik hara qədəm qoyursa, orada ürək açıqlığı ilə qarşılanır. Təkcə insanlar arasında deyil, elə dövlətlər arasında da dostluq yaradır, onları bir-birinə yaxınlaşdırır, etibarlı körpü salır, sıx əlaqələr qurur. Bir zamanlar soyuq olan münasibətlərə istilik, ilıqlıq gətirir. İllərdən bəri küsülü olanları barışdırır, pislik etmək istəyənləri fikirlərindən daşındırıb yaxşı yola çəkir, müharibələri dayandırır, qan tökülməsinin qarşısını alır, sülh yaradır, mehriban münasibətlər qurur. Dövlətlər və insanlar arasındakı divarları, sədləri uçurur. İnsanlar nə qədər həmrəy olurlarsa, o qədər də mehriban dosta, sirdaşa çevrilirlər, sonra da qardaş olurlar.
İnsanlar kimi təbiətdə də həmrəylik, yekdillik və birlik var. Daşlar, qayalar dərələrlə, dağlarla həmrəydir, onlara qısılıblar. Ağaçlar, otlar, güllər, çiçəklər torpağa sığınıblar. Həmrəy olduqlarını dünyaya göstərmək üçün torpağı qucaqlayıb yaşıl dona bürünür, onu istidən, günəşin yandırıcı şüalarından qoruyurlar. Ağacların budaqları da həmrəydir. Bir-birinə sıxılıb möhkəm dayanıblar. Bilirlər ki, həmrəy olmasalar, əsən külək onları qıracaq. Bir-birinə sığınanda güclü olurlar, möhkəm olurlar. Onları sındırmağa, qırmağa küləyin gücü çatmır. Buludlar da bir-biri ilə həmrəydirlər. Həmrəy olmasalar, yağışı yağdıra bilməzlər. Günəş də, Ay da, ulduzlar da həmrəydirlər. Dostcasına əl-ələ verib kainata keşik çəkir, qoruyurlar. İnsanlar da elədir. Bir-birlərinə söykənib həmrəy olanda qüvvətli olurlar, heç kimin, heç nəyin onlara gücü çatmır. Kimsə onların arasına girib mehribançılığını, həmrəyliyini poza bilmir.
Həmrəylik ürəyimizə, qəlbimizə Günəş kimi doğur, üzümüzə nur gətirir, Ay kimi işıq saçır, düşüncələrimizi, fikirlərimizi aydınlaşdırır, ruhumuza güc verir, mübarizə əzmimizi artırır, yaddaşımızı itiləyir, getdikcə insanlarla olan əhatə dairəmizi genişləndirir, dostluğa, mehribanlığa cığır açır. Biz də həmrəyliyin qarşımızda geniş açdığı işıqlı yolla inamla addımlaya-addımlaya Yer üzünün bütün insanları ilə dost olmağa, həmrəy olmağa tələsirik.
Həmrəylik harada varsa, orada sevinc var, şadlıq var, işıq var, barışıq var, yaraşıq var. Həmrəylik olan yerlərdə könüllər açılır, ürəklərdən sevinc saçılır, gözlərdən, üzlərdən təbəssüm süzülür, problemlər çözülür. Həmrəylik olmayan yerdə isə əksinə, qanqaraçılıq, ölü sükut, gözləri həmişə nəmli və qəmli olan kədər hökm sürür. Bu ölü sükutu, qəlbləri dağlayan, ürəkləri üzən, dodaqları büzən, aralığa çökən bu gözüyaşlı kədəri həmrəylik mehribançılığı, qüdrəti ilə məğlub edir.
Elə ölkələr, elə bölgələr var ki, aylardan, illərdən bəridir həmrəyliyin həsrətini çəkir, hərflərindən sülh süzülən bu sözün dilə gətirilməsini istəyirlər. Çünki bu bölgələrdə, bu ölkələrdə uzun müddətdir atəş səsləri kəsilmir, silahlar susmur. Bu torpaqlar, bu bölgələr həmrəyliklə öyünmür, ondan don geyinmir. Amma silahlar nə qədər gurlayırsa-gurlasın, sonda həmrəyliyin önündə aciz qalacaq, ona təslim olacaq. Çünki həmrəylik bütün silahlardan güclü və qüdrətlidir. Yer üzünün sakini olan insanlar həmrəyliyi çox sevir, həsrətlə onun gəlişini gözləyirlər.
Azərbaycan xalqı sülhpərvərdir, sülhsevərdir, həm bir-biri ilə, həm də dünya ilə həmrəydir. Xalqımız bir-biri ilə o qədər həmrəy, o qədər mehribandır ki, bunu bayrama çevirib. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi şadyanalıq içində keçirilir. Həmin gün Yer üzünün bütün ölkələrində, bölgələrində yaşayan azərbaycanlılar bu müqəddəs bayramı ürək açıqlığı ilə, sevinc içində qeyd edirlər. Şadlıq içində keçirdikləri bu əziz bayram günlərində bütün dünyaya hayqırıb deyirlər ki, biz həmrəyik, biz güclüyük, biz mübarizik, biz məğlubedilməzik! Dünya bizi eşidir və elə bu cür də tanıyır. Biz tarixin yaddaşında da qəhrəman, igid xalq kimi qalacağıq. Həmişə həmrəy olacağıq, düşmənlər üzərində Zəfər qazanacağıq.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"