05 Fevral 2023 02:03
1715
SİYASƏT
A- A+

Yüzillik təminat

 

İlham Əliyevin qlobal təşəbbüsləri əsasında reallaşan layihələr Avropanın enerji təminatına davamlı töhfələr verəcək

 

Tarixinin ən qüdrətli Azərbaycanı İkinci Qarabağ müharibəsindəki şanlı zəfərin yaratdığı yeni reallıqlar fonunda enerji diplomatiyasında da güclü platforma yaradır. Avropanın əsas enerji təminatçılarından biri olan ölkəmiz artıq "köhnə qitə"dəki tərəfdaşlarını həm də "yaşıl enerji" ilə də təmin edəcək. 
Bunu reallaşdırmaq üçün  həm kifayət qədər təbii resursu, həm də güclü siyasi iradəsi var. Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və "Yaşıl Enerji" Məşvərət Şurasının birinci toplantısı da bu missiyanın hədəflərinin təqdimatı oldu. 
Bu toplantıda səslənən fikirlər isə bir daha onu deməyə əsas verdi ki, Azərbaycanın iştirakı ilə Avropaya istiqamətlənən enerji körpüləri ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun aydın ifadəsidir.

 

Azərbaycanın enerji layihələri getdikcə coğrafiyasını genişləndirir

 

Bütün bunlar, əlbəttə ki, İlham Əliyevin enerji siyasətinin məntiqi nəticəsi və ona verilən dəyərin göstəricisidir desək, yanılmarıq. Məhz bu siyasətlə Azərbaycan  Avropanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələri ilə dünyanın diqqətini çəkir. Azərbaycan  Prezidentinin qlobal təşəbbüsləri əsasında ərsəyə gələn və ölkəmizin iştirakçısı olduğu enerji layihələri getdikcə öz coğrafiyasını genişləndirir və tərəfdaş dövlətlərin və bu prosesdə iştirak edən tanınmış beynəlxalq şirkətlərin sayı getdikcə artır. Bunu "Gülüstan" sarayında gerçəkləşən beynəlxalq toplantı da bir daha təsdiqlədi. Belə ki, toplantıda Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksəksəviyyəli nümayəndələri, beynəlxalq şirkətlərdən isə SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumların təmsil olunması bunun bariz təcəssümüdür. 
Mərasimdə çıxış edən İlham Əliyev  "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının VIII iclasından ötən dövr ərzində Azərbaycanın bu istiqamətdə gördüyü işlərdən, imzalanan sazişlərdən bəhs edərək bildirdi ki, bu gün ölkəmizin Avropanı enerji ilə təmin etməyə yetərincə potensialı mövcuddur. 
Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada gedən proseslərə diqqət çəkən dövlətimizin başçısı bildirdi ki, artıq dünya sürətlə dəyişməkdədir və enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və adətən görüşlərdə söylədiyimiz kimi, enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulmasını və yeni mənbələrimizi nümayiş etdirir. 
Dövlət başçısı ötən ilin iyulunda Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayenlə birgə imzaladıqları enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandumu xatırladaraq dedi ki, bu sənəd, əslində, gələcək planlar üçün aydın yol xəritəsidir. Ümumiyyətlə isə, Azərbaycan Avropaya qaz ixracını 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırır və bu, mümkündür, çünki resurslarımız var: "Bizim qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız mövcuddur. "Cənub qaz dəhlizi" layihəsinin uğurla həyata keçirilməsinin mühüm amillərindən biri, təbii ki, həll olunmalı texniki və bəzən siyasi məsələlərdən başqa, yüksək səviyyədə qarşılıqlı etimaddır və mən bunu qarşılıqlı həmrəylik adlandırardım. Məhz bu halda, əgər kiminsə nəyə isə ehtiyacı olanda biz dərhal dəstək verməyə çalışırıq. Hesab edirəm ki, bu, gələcək işlərdə bizi istiqamətləndirəcək tərəfdaşlığın yaxşı ruhudur". 
Bu bir həqiqətdir ki, Azərbaycanın təbii qaz ixracı artır - 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olub. Bu il isə onun 24,5 milyard kubmetr olması gözlənilir. Prezidentin söylədiyi kimi, bu o deməkdir ki, Avropa Komissiyası ilə anlaşma memorandumu uğurla icra olunur. Azərbaycan nəinki hasilatı, o cümlədən ixracı artırır və həmçinin onun coğrafiyasını genişləndirir: "Əminəm ki, layihəyə qoşulmuş ölkələr bu gün bunun faydasını artıq görürlər və görəcəklər. Həmçinin digər bağlantılar və potensial interkonnektorlar vasitəsilə biz Avropada daha çox ölkələri bu layihəyə qoşa biləcəyik. Təbii qaz resurslarına gəldikdə, mən artıq dəfələrlə bildirmişəm ki, təbii qaz ehtiyatları bizə və tərəfdaşlarımıza ən azı 100 il üçün bəs edəcək".

 

"Yaşıl enerji" ölkəsi

 

Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji təhlükəsizliyinə yaranan təhdidlər alternativ mənbələrə marağı daha da artırır. Belə bir məqamda Avropa dövlətlərinin üz tutduğu əsas ölkə Azərbaycandır. Avropa liderlərinin Azərbaycana müraciətinin kökündə ölkəmizin ilk növbədə etibarlı tərəfdaş imici dayanır. Rəsmi Bakının formalaşdırdığı etibarlı tərəfdaş imici Azərbaycanın yeni qlobal səviyyəli enerji tədbirlərinə evsahibliyi etməsi ilə nəticələnir.
Bununla yanaşı, Azərbaycan reallaşdırdığı layihələrlə Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi qəbul olunur. Artıq ölkəmiz neftlə, qazla yanaşı, dünya bazarına, Avropaya  "yaşıl enerji" ixracına da başlayır. "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsindəki iclasda, birinci "Yaşıl Enerji" Məşvərət Şurasının iclasında da məhz bu məsələ ətrafında geniş müzakirələr aparıldı.
İlham Əliyev bir daha tədbir iştirakçılarına Azərbaycanın bu istiqamətdə reallaşdırdığı layihələri təqdim edərək bildirdi ki, ölkəmizdə "Masdar" və "ACWA Power" kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsi həyata keçirilir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Həmçinin bu yaxınlarda bp şirkəti ilə birlikdə bir layihənin icrasına başlanılacaq. Bu, Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaq. Yəni cəmi 710 meqavat. Əgər hər şey plan üzrə gedərsə, təxminən bir il və ya ilyarım ərzində Azərbaycan bu həcmdə bərpaolunan enerji istehsal edəcək. Bu isə yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan verəcək.
Bərpaolunan enerji ilə bağlı planlara gəldikdə İlham Əiliyev vurğuladı ki, hələlik üç əsas enerji şirkəti ilə razılaşdırılmış və imzalanmış anlaşma memorandumu var. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcək. Bu həcmin 10 qiqavatı "Masdar" şirkəti, 12 qiqavatı "Fortescue" şirkəti tərəfindən istehsal olunacaq. "ACWA Power" şirkəti isə hazırda icra olunan razılaşmaya əlavə olaraq 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürəcək. Bu, əlbəttə ki, çox böyük potensialdır.
Prezident eyni zamanda Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli barədə də məlumat verdi. İş planını mərhələli və Avropanın şərtləri ilə əlaqəli şəkildə qurmaq tələb olunur: "Bu həmçinin Avropa qitəsində potensial əməkdaşlıq imkanlarımızı daha geniş miqyasda müəyyən etmək üçün lazımdır. Əminəm ki, Rumıniya və Macarıstan "yaşıl enerji"ni qəbul edəcək son məntəqələr olmayacaqdır".
Azərbaycan çox böyük "yaşıl enerji" potensialına malikdir. Bu, artıq təsdiq olunmuş faktdır. Prezident dedi ki, yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavat, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, iki ildən də artıq müddət əvvəl Vətən müharibəsi zamanı azad edilən torpaqlarda 10 qiqavata yaxındır. Bununla yanaşı, Naxçıvanda da böyük bərpaolunan enerji potensialı müəyyən edilib. Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır. 
Qazın paylanması ilə əlaqədar da Azərbaycanın yaxşı uğurları var. Həmçinin "yaşıl enerji" ilə bağlı da saziş imzalanıb. Prezident vurğuladı ki, tərəfdaşlar təbii qaz və bərpaolunan enerji imkanları arasında səmərəliliyin artırılmasına əsaslanan qarşılıqlı əlaqə yaratmalı və bunu vahid paket çərçivəsində etməlidirlər: "Bizim güclü siyasi iradəmiz və əlbəttə ki, fəaliyyətimizin uğurlu tarixçəsi var. Bizim müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyimiz bütün layihələr - istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də "Cənub qaz dəhlizi" - hamısı uğurlu olmuşdur. Əminəm ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaq".

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video