29 Mart 2023 01:29
992
Səhiyyə
A- A+

Yüksək əqidə

 

(Həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı)

 

Dünyada ən qiymətli nemət sağlamlıqdır 
deyirlər!
Və bəzən biz bunu sağlamlığımızı itirdikdən sonra dərindən dərk edirik.
El-oba, xalq üçün gərəkli insanlar da belədir!
Onları itirdikdən sonra yerləri boş qalır, gözlərimiz daim axtarır-arayır...
Akademik Zərifə xanım Əliyeva xalqımızın qəlbində özünə yurd salmış gərəkli, fədakar, həm də təvazökar insanlardandır.
Ömrünü-gününü təkcə ailəsinə, övladlarına 
deyil, həm də insanların sağlamlığına həsr etmişdir.
İnsanların gözünə nur, ürəklərə işıq bəxş edərdi...
Bir alim kimi daim arayıb-axtarmış, Azərbaycan üçün xarakterik sayılan göz xəstəliklərinin müalicəsi üçün uzun illər tədqiqatlar aparmış, üsul və vasitələr tapmışdır.
Zərifə xanım Əliyevanın həm də özünəməxsus həkim fəlsəfəsi, xəstələrə yanaşma metodu, prinsipləri olmuşdur.
Bütün bunları o, qələmə aldığı "Yüksək əqidə"  kitabında həssaslıqla əks etdirmişdir.
Dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə bu il həm də akademik Zərifə xanım Əliyevanın yüzillik yubileyi qeyd olunacaqdır.
Şanlı yubiley ərəfəsində akademik Zərifə xanım Əliyevanın "Yüksək əqidə" (həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı) kitabından parçaları dərc edir, onun əziz və unudulmaz xatirəsini ehtiramla anırıq.

 

HƏKİM, CƏMİYYƏT, XƏSTƏ:

mənəviyyat və fəal həyat mövqeyi

(ön söz əvəzi)

 

Müasir təbabətin inkişafı elə yüksək zirvələrə qalxıb ki, otuz-qırx il öncə bu fərziyyə, hətta həyata keçməz bir arzu kimi qəbul oluna bilərdi. Hal-hazırda qazanılan bu nailiyyətlər adi bir iş kimi sakitcə qəbul edilir (görünür insan təbiəti belədir). Halbuki yaxın zamanlara qədər insanın müxtəlif daxili üzvlərinin: ürəyin, böyrəyin transplantasiyası, ürək damarlarının dəyişdiril-məsi, baş-beyin və magistral damarların üzərində aparılan cərrahi əməliyyatlar insanı heyrətə gətirirdi. Artıq bütün bunlar hamısı bəşəriyyətin dünənki günüdür. Bu gün isə təbabət lap nağıllarda olan cəngavərlər, qəhrəmanlar kimi saatbasaat, günbəgün inkişaf edir, təkmilləşir. Təbabət gələcəyə yönəlib və onunla yaşayır, irəliləyir. Yeniliklər, ixtiralar, kəsirlər, həssas, incə elektron cihazlar təbabətdə uğurla tətbiq edilir.
Bir az obrazlı şəkildə desək, təbabətin ağ xalatı müəyyən sərhədlər daxilində elmlərdən dəqiq ayrılır, insan biliyini, təfəkkürünü diri orqanizm haqqında zənginləşdirə-rək, onun daha yaxşı inkişafı üçün əminliklə resept verməyə köməklik edir.
Lakin müalicə və diaqnostikanın texniki təminatı nə qədər mükəmməlləşsə də, həmişə olduğu kimi, insan sağlamlığı keşiyində duran canlı həkim əsas yeri tutur. Təbabət gündən-günə inkişaf edir, o dəyişməyə, yeniləşməyə bilməz, yeganə dəyişməyən həkimin qarşısında duran yüksək mənəvi etik, peşəkarlıq tələbləridir.
Bizim ölkədə zəhmətkeşlərin mənəvi tərbiyəsi üçün hər cür şərait yaradılıb. Dövlətimiz cəmiyyətin sosial-iqtisadi inkişafının təkmilləşdirilməsi məsələsinə mühüm diqqət yetirir. Mənəvi-siyasi iqlim yaxşılaşdıqca hər bir insanın bacarıq və istedadını, onun dünya sivilizasiyasının mənəvi-mədəni zənginliklərinə yiyələnmə cəhdini artırır.
Əxlaqi tərbiyə həyat tərzinin hərtərəfli təkmilləşdirilməsi ilə sıx əlaqəlidir. Bu prosesdə ictimai borca şüurlu münasibət, fəal həyat mövqeyi formalaşır. Sözlə işin vəhdəti gündəlik davranış normalarında təşəkkül tapır. Buna görə də insan həyatında əsas məsələlərdən biri davranışda mənəvi amil, əqidəsinin onun işində və əməllərində təzahür etməsidir.
Tərbiyəyə elə bir müddəanı tətbiq etmək olar ki, ideyalar kütlələr tərəfindən qəbul edilir, mənimsənilir. İnsanlar arasındakı münasibətin əsas tənzimləyicisi kimi, əmək və ictimai siyasi fəaliyyətin güclü stimul, cəmiyyətin tərbiyəsində tam təcəssüm olunmuş sosial-müsbət əxlaqi qiymət və normaların əhəmiyyəti barədə fəlsəfənin baniləri dəfələrlə qeyd etmişlər. Eyni za-manda qeyd etmək lazımdır ki, əxlaq həyat tərzini müəyyən edən yeganə amil deyildir.
Şəxsiyyətin davranışının mümkün dəlillərinin müxtəlifliyini, filosoflar demişkən, alimlər səciyyələndirərək yazırlar: "İradə ehtirasla və ya düşüncə ilə müəyyən olunur. Lakin vasitələr öz növbəsində bilavasitə ehtiras və ya düşüncəni müəyyən edən çox müxtəlif xarakterdə olurlar. Bunlar qismən zahiri məqsədlər, qismən də ideal meyillər, şöhrətpərəstlik, "paklığa, həqiqətə ibadət", şəxsi nifrət və ya hətta hər cür fərdi şıltaqlıqlar ola bilər".
Hər bir şəxsiyyətin sosial-ictimai dəyərli davranışında mənəvi stimullar geniş yer tutur: sadiqlik, ictimai vəzifənin yüksək şüurla dərk edilməsi, mənəviyyatımızın normalarının və prinsiplərinin dərindən mənimsənilməsi. Bu mənəvi stimullar fəaliyyət zamanı qarşıya qoyulan məqsəddə təyinedici kimi rol oynayırlar, başqa heç biri ilə uy-ğunlaşmırlar (məsələn, şəxsi maddi maraqla). Kütləni yalnız iradə, ruh yüksəkliyi hesabına aparmaq olmaz. Lakin ruh yüksəkliyinin böyük, çox böyük əhəmiyyəti var. Mənəvi ideya məqsədləri bilavasitə şəxsi maraqlandırma ilə möhkəmləndirilə bilər, ancaq onunla əvəz edilə bilməz.
İnsanın hərtərəfli mənəvi inkişafı cəmiyyət quruculuğunun başlıca məqsədlərindən biridir. İnsanın əqidəli, mənəvi inkişafı eyni zamanda qazandığı çox böyük müstəqil dəyərdir - axı insan şəxsiyyətinin hərtərəfli və harmonik inkişafı ən yüksək məqsədlərdəndir.
Zəhmətkeşlərin mənəvi tərbiyəsinə kompleks yanaşma tələblərinin reallaşdırılması üçün tərbiyə proseslərinin elmi idarə edilməsi tələb olunur: şəxsiyyətə məqsədyönlü təsir üsullarının işlənilməsi, proqnoz-laşdırılması və s. Bu məsələlərin həlli zəhmətkeşlər tərəfindən peşəkar mənəviyyat prinsiplərinin mənimsənilməsindən asılıdır. Müəyyən sənət birliyi üzvlərinin mənəvi keyfiyyətləri, tənzimetmə prinsipləri və davranış xüsusiyyətlərinin iradəsi kimi şəxsiyyətin fəal həyat mövqeyinin formalaşmasında xüsusi rol oynayır.
Professional mənəviyyatın fəal həyat mövqeyinin formalaşmasına təsiri onun normalarının həmin peşənin subyektlərinin daxili aləminə interlorizasiyası vasitəsilə həyata keçir. O, peşəkar qərarın seçilməsi və onun ictimai və şəxsi maraqlarının birləşdirilməsi planında əməli reallaşdırılmasına imkan yaradır, insanı qiymət-imperativ normalarla silahlandırmaqla, şəxsiyyətin sosial istiqamətləndirilməsini təshih edir. Peşə mənəviyyatı şəxsiyyətin davranışının bilavasitə tənzimləyicisi kimi önə çıxır, ona görə ki, biliklərin məsləkə, məsləklərin isə əməli fəaliyyətə çevrilməsi mexanizmi kollektivin mənəvi psixoloji ab-havasından, bu kollektiv üzvlərinin peşə-əqidə qarşılıqlı münasibətinin real normalarından asılıdır. Həm də qeyd etmək lazımdır ki, peşə mənəviyyat tərbiyəsi bu peşə üçün səciyyəvi olan mənəvi sərvətləri cəmləyir, əxlaqi ənənələrin ardıcıllığını təmin edir. Onsuz şəxsiyyət öz fəaliyyətinin əxlaqi mənasını dərk edib, mənimsəyə bilməz və həmin sənətin, o cümlədən həkimliyin, əxlaqi ənə-nələrinə yad olan mənəviyyatla fəal mübarizə apara bilməz.
Peşə mənəviyyatı həmin peşə birliyinin mütərəqqi ənənə və maraqlarını nə qədər ifadə edirsə, bir o qədər fəal həyat mövqeyində öz əxlaqi tələblərinin təmsil olunmasını diktə edir. Bunun iki aspekti var: əxlaq-dəyərin təsdiqi kimi sosial mənalı fəallıq və peşə tərbiyəsi prinsiplərinə zidd olanların hamısı ilə mübarizə kimi sosial mənalı fəallıq.
İctimai inkişafın dialcktikası özü insanın ideya-əxlaqi keyfiyyətlərinin sonrakı təkmilləşdirilməsini tələb edir. Və bu məqsədə çatmaq üçün kompleks yanaşma tələb olunur. Söhbət ideya-siyasi, əmək və əxlaq tərbiyəsinin sıx birləşməsindən gedir.
Müasir mərhələdə əxlaq tərbiyəsi xüsusi məna daşıyır. Bu onunla əlaqədardır ki, həyata yeni nəsil gəlir. Problemin aktuallığı təlatümlü elmi-texniki inqilab əsrində xüsusi əhəmiyyət kəsb edir. Əmək yaradıcılıqı və fəallıq, şəxsiyyətin mənəvi etibarlığı kimi əxlaqi müddəalar, kateqoriyalar cəmiyyətin iqtisadi və mənəvi yüksəlişinin əsas tənzimləyicisi olurlar.
Bu keyfiyyətlər bütünlüklə bizim cəmiyyətin ən müxtəlif sosial təbəqələrinin nümayəndələrinə, o cümlədən həkimlərə aiddir. Amma bu, peşə etikasının varlığını istisna etmir. Bütün insanlar kimi həkimlər də müxtəlif olur. Bəziləri elə hesab edirlər ki, həkimlərin əxlaqı və davranış xüsusiyyətləri barəsində danışmağa əsas yoxdur. Lakin bu səhv mülahizədir.
İctimai formasiyadan asılı olaraq səhiyyənin funksiyası və ictimai əhəmiyyətliliyi müxtəlifdir.
Qeyd etmək lazımdır ki, səhiyyənin təşəkkül mənbə prinsipləri özündə dövlətçilik xarakteri, aramsız və ardıcıl inkişaf: əhalinin ixtisaslaşmış tibbi yardımdan istifadə edə bilməsi, səhiyyənin profilaktik istiqaməti, elmlə təcrübənin vəhdəti və nəhayət, həkimliyin yüksək mənəvi-əxlaqi keyfiyyətlərini birləşdirmişdir.
Səhiyyənin sosial əsaslarını - insanların xəstələnməsi və sağlamlığı şərtlərini, maddi nemətlərin istehsalının müəyyən üsulu ilə, istehsalın bu və ya digər üsulunun inkişaf qanunları ilə, cəmiyyətin iqtisadi və siyasi quruluşu ilə əlaqələndirirlər. Milyon-milyon insanların kütləvi şəkildə məhv olması, müharibə və aclıqdan xilası sosial-ictimai quruluşdan asılıdır.
Ümumiyyətlə, ən vacib sosial məsələlərdən biri insanların sağlamlığının qorunmasıdır. Ona görə ki, sosial mühitdə insanın əməli, mənəvi-əxlaqi mövqeyi, düşüncəsi, əhvali-ruhiyyəsi, dünyaya baxışı, özünə və Yer kürəsində məskunlaşmış özü kimilərinə münasibət yetişdirir və forınalaşdırır. Belə şəraitdə mənəvi tərbiyənin əhəmiyyəti hədsiz olaraq artır. Fəal həyat mövqeyi, ictimai vəzifəyə düşüncəli münasibət və işlə sözün vəhdəti, davranışın gündəlik normaya çevrilməsi şəxsiyyəti çox yüksəldir.
Hər bir ölkə öz əhalisinin sağlamlığının yaxşılaşdırılması və qorunması qayğısına qalmağı öz Konstitusiyasında xüsusi maddələrdə göstərməlidir. Bunlar adətən sosial-iqtisadi və tibbi tədbirlər vasitəsilə yerinə yetirilir. Belə bir xalq kəlamı var: "Sağlam bədəndə sağlam ruh olar". Səhiyyə işçiləri ilə əməli olaraq hər bir adam əlaqəlidir. Həkim dünyaya gələsi körpə vətəndaşın yolunu gözləyir, körpəyə ilk addı-mını atmaqda kömək edir, insanın gözü qarşısında dünyanın bütün rənglərini və geniş üfüqlərini açır, qayğıkeşliklə onun fiziki və ruhi sağlamlığını möhkəmləndirir. Səhiyyə xidmətinin əxlaqi ab-havasından, həyat fəaliyyətindən və səmərəliliyindən milyonlarla insanın ruhi əhvalı və, deməli, bizim işimizin uğurlu nəticələri çox asılıdır.
Biz fəxr ilə qeyd edə bilərik ki, XX əsrin əvvəlinə nisbətən indi bizim respublikada həkimlərin sayı ağlasığmaz dərəcədə çoxalıb. Əsrin əvvəlində iki milyondan çox əhalisi olan Azərbaycanda cəmi beş-on həkim var idi. Epidemiyalar, antisanitariya, aclıq, yoxsulluq on minlərlə həyata son qoyurdu. Təbabət insana kömək etməkdə aciz idi. XXI əsrə biz böyük həkim, tibb alimləri ordusu ilə daxil oluruq. Hal-hazırda əhalinin hər 10 min nəfərinə düşən həkimlərin sayına görə Azərbaycan nəinki Şərq ölkələrindən, hətta inkişaf etmiş İngiltərə, Fransa, Almaniya kimi ölkələrdən qabaqdadır. İndi biz Şərq xalqları üçün bütün sahələrdə nümunəvi olan bir respublikaya çevrilmişik.
İndi respublikamızın səhiyyəsində də bir sıra islahatlar aparılır. Səhiyyənin inkişafı xalqımızın rifahının gələcəkdə də yüksəlməsinə, onların əmək və məişət şəraitinin yaxşılaşdırılması ilə bərabər, yeni insanın formalaşmasına, şəxsiyyətin hərtərəfli inkişafına, həyat tərzinin təkmilləşdirilməsinə imkan yaradacaqdır.
Əxlaqi tərbiyə və təbabət insanların səmərəli tələbatının əsaslandırılmasında qarşılıqlı fəaliyyət göstərir, əmək fəaliyyətinin psixo-fizioloji və sanitar normalarını müəyyən edir, ümumi və şəxsi həyatda sağlam həyat tərzini, adət və davranış qaydalarını təsdiqləyir.
Çox düzgün fikirdir ki, insanın səadəti üçün elmi axtarış və bilavasitə onun gündəlik qayğısı, təbabət və səhiyyə ilə çox sıx əlaqəlidir.
Təqdim olunan kitabçanın məqsədi bu dərin mülahizələrin əxlaqi nöqteyi-nəzərini müəyyən dərəcədə açmaqdır. 

 

"FƏDAKAR İNSANLAR GÜNƏŞ KİMİ  LAZIMDIR"

 

"Yaxşı həkim yalnız yaxşı həkimdirsə,  ondan yaxşı həkim olmaz" 
Şərq hikməti

Başlıqda göstərilən sətirlərin davamı belədir:
"Cəmiyyətin ən şairanə və gülərüzlü şəxsiyyətləri olmaqla onlar həvəsləndirir, fərəhləndirir və nəcibləşdirirlər".
Bu sözlərin müəllifi məşhur rus yazıçısı, həkim və humanist A.P.Çexovdur. O sözləri həkimlərin və onların köməkçilərinin ünvanına söyləmişdir. Müəllif həkim əməyini təkcə onun işinin müəyyən dərəcədə öz sağlamlığı və həyatının təhlükəyə məruz qalması xüsusiyyətinə görə deyil, həm də fiziki və mənəvi gücünün daimi gərginliyinə görə gündəlik fədakarlıq hesab edirdi.

(Ardı var)

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video