17 Oktyabr 2024 08:55
257
Mədəniyyət
A- A+
"Yuğ" teatrı xalqın təfəkküründən, hikmətindən və ruhundan yarandı

"Yuğ" teatrı xalqın təfəkküründən, hikmətindən və ruhundan yarandı


1989-cu ildə ölkəmizdə fəaliyyət göstərən teatrların sırasına yeni biri -"Yuğ" teatrının da adı əlavə olundu. Yuğ Teatr-Studiyası kimi Xalq artisti Həsənağa Turabovun rəhbərliyi və tanınmış rejissor Vaqif İbrahimoğlunun təşəbbüsü ilə yaradıldı. 1992-ci ildə Yuğ Teatr-Studiyası dövlət statusu aldı. Bu günlərdə 35 yaşı tamam olacaq teatrda Vaqif  İbrahimoğlunun böyük xidmətləri olub.

Tamaşaçıların böyük sevgisini qazanmış Vaqif İbrahimoğlu Bakının qədim yaşayış məskənlərindən biri olan Mərdəkan qəsəbəsində dünyaya göz açmışdı. 1967-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və incəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə qəbul olmuşdu. İllərdən bəri ürəyində gəzdirdiyi arzusuna qovuşmuşdu. 1972-ci ildə ali təhsilini uğurla başa vuran gələcəyin ustad sənətkarı 1973-1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışmışdı. Bu illər ərzində onlarla obraza həyat vermiş, səhnəyə yeniliklər gətirmişdi. 1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasının, 1979-1982-ci illərdə isə Tədris Teatrının bədii rəhbəri olmuşdur. 1982-ci ildə isə o, rejissorluq fəaliyyətinə başlamışdı. 1982-ci ildən 1989-cu ilə kimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində işləmişdi.

1989-cu ildən "Yuğ" teatrının bədii rəhbəri vəzifəsində çalışan Vaqif İbrahimoğlu ömrünün sonuna qədər 90-a yaxın tamaşaya quruluş vermişdi. Tanınmış rejissor 22 may 1991-ci ildə Azərbaycan Respublikasının "Əməkdar incəsənət xadimi" fəxri adını almışdı. O, 2006-cı ildən Prezident təqaüdünə layiq görülmüşdü. Görkəmli sənətkar Vaqif İbrahimoğlu 12 may 2011-ci ildə dünyasını dəyişib. 35 yaşı tamam olan "Yuğ" Dövlət Teatrı hazırda Abdulla Şaiq adına Kukla Teatrında fəaliyyətini davam etdirir. Teatrın rejissorları, aktyorları tarixi ənənələrinə sadiq qalaraq tamaşaçıların zövqünü oxşayan bir-birindən maraqlı əsərlər səhnəyə qoyurlar.


Dünyaya, həyata baxışları ilə seçilən rejissor 


18 oktyabr 1989-cu ildə fəaliyyətə başlayan "Yuğ" teatrı dillərdən düşməyən, unudulmayan əfsanələrə, qanımıza, canımıza hopmuş milli adət-ənənələrə müraciət etdi. Sanki unudulmaqda olan adət-ənənələri yenidən yaddaşlara qaytardı. Fərqli, bənzərsiz ideoloji axtarışlara üstünlük verən teatr qısa müddət ərzində öz auditoriyasını yaratdı. Bu fakt göstərdi ki, belə bir teatrın yaranmasına cəmiyyətin, xalqın ehtiyacı var imiş. Səhnəyə qoyulan tamaşalardan açıq-aydın görünən o idi ki, görkəmli rejissor Vaqif İbrahimoğlu dünyaya, həyata və zamana öz baxışları ilə seçilən və sevilən bir sənətkardır. Dostlarının danışdığına görə, Vaqif İbrahimoğlu həmişə deyirmiş ki, hər bir cərəyanın yaranmasının, özünü təsdiq etməsinin iyirmi il müddəti var. İyirmi ildən sonra isə artıq çiçəklənmə və irəli getmə dövrü başlanır. Artıq "Yuğ" Dövlət Teatrı həmin mərhələni çoxdan adlayaraq bu gün bir-birindən maraqlı əsərlər tamaşaya qoyur. 

"Yuğ" Dövlət Teatrı yaranandan bu günə qədər milli və xarici klassiklərin, eləcə də dövrümüzün yazarlarının əsərləri əsasında 150-yə yaxın tamaşa hazırlayıb. Teatrın ilk tamaşası sevimli və unudulmaz şair Məmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poeması əsasında hazırlanmış "Salam" olub. Sanki kollektiv bu tamaşa ilə xalqa, dünyaya, teatrsevərlərə "salam" verib, yeni ruhda, yeni ovqatda, yeni formada bir teatrın yarandığını bildirib. Yaradıcı kollektiv bu illər ərzində klassik şairlərimizdən Məhəmməd Füzulinin, Nizami Gəncəvinin, Şah İsmayıl Xətainin, müasirlərimizdən Ramiz Rövşənin, Vaqif Bayatlı Odərin şeirləri, Kamal Abdullanın, Afaq Məsudun, Firuz Mustafanın, Orxan Fikrətoğlunun əsərləri əsasında müxtəlif tamaşalara quruluş verib. Bununla yanaşı, teatrın səhnəsində görkəmli şair və yazıçılarımızdan Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, İlyas Əfəndiyevin, dünya klassiklərindən Uilyam Şekspir, Samuel Bekketin, Anton Pavloviç Çexovun, Frans Kafkanın, Antuan Sent-Ekzüperi kimi görkəmli müəlliflərin də əsərləri tamaşaya qoyulub.

"Yuğ" Dövlət Teatrı fəaliyyətini uğurla davam etdirir. Tamaşaçıların zövqünü oxşayan yeni əsərlər səhnəyə qoyulur. Teatrın fəaliyyəti ilə yaxından tanış olmaq üçün ədəbi-bədii hissə müdiri, teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərovla, həmçinin baş rejissor Mikayıl Mikayılovla görüşüb söhbət etdik.

Öyrəndik ki, ədəbi-bədii hissə müdiri Elçin Cəfərov 2006-cı ildən bu teatrda çalışır. Bacarığını nəzərə alan görkəmli rejissor Vaqif İbrahimoğlu onu tələbəlik illərindən teatra dəvət edib. Elə o vaxtdan da Elçin Cəfərov burada çalışır. 


Özünəməxsus repertuarı olan teatr


Elçin Cəfərov bildirdi ki, "Yuğ" Dövlət Teatrı həmişə özünəməxsus repertuarı ilə diqqəti cəlb edib: "Repertuarımız həmişəki kimi zəngindir. Tamaşaya qoyduğumuz əsərlərin sırasında həm milli, həm dünya klassik dramaturgiyasından dəyərli nümunələr var. Bununla bərabər, yaşadığımız günlə, zamanla ayaqlaşaraq müasir dövrdə yazıb-yaradan gənclərin və ortayaşlı dramaturqların əsərlərinə də tez-tez müraciət edirik. Dram əsərləri ilə bərabər teatrımızın yaradıcı kollektivi zaman-zaman nəsr və poeziya nümunələri əsasında da maraqlı tamaşalar hazırlayıblar. Yeri gəlmişkən deyim ki, bu tamaşalar baxanlar tərəfindən böyük maraqla qarşılanıb. "Mən, Məhəmməd Füzuli..." adlı səhnə divanı layihəmiz olub. Layihə çərçivəsində "Yuğ" Teatrının 8 rejissoru Füzulinin 8 müxtəlif qəzəlini səhnələşdirmişdi. Nizami Gəncəvi, Şah İsmayıl Xətainin, Ramiz Rövşənin, Vaqif Bayatlı Odərin şeirləri əsasında tamaşalar hazırlayıb nümayiş etdirmişik. Bu gün həmin ənənəni yenə də uğurla davam etdiririk".

Teatrşünas Elçin Cəfərov "Yuğ" Dövlət Teatrının adına da aydınlıq gətirdi. Dedi ki, teatrımızın adı türk xalqlarının qədim yuğ mərasimlərindən götürülüb. Məlumdur ki, keçmişdə insanlar istər bayramlarda, istərsə də başqa əlamətdar günlərdə bir yerə toplaşaraq müxtəlif maraqlı mərasimlər icra ediblər. "Yuğ" sözü də özündə toplanış, yığıncaq, mərasim mənasını ifadə edir. Ötən əsrin 80-ci illərinin sonlarından cəmiyyətdə  yenilik mehi əsməyə başladı. Əsən bu "meh"in təsirindən sanki milli ruhda bir oyanış, keçmişə dönüş, milli adət-ənənələrə bir qayıdış, hörmət duymaq özünü büruzə verdi. Bax "Yuğ" teatrı bu oyanışdan, adət-ənənələrə qayıdışdan, milli ruhun təzələnməsindən, xalqın hikmətindən, dərin təfəkküründən yarandı. Sevimli rejissorumuz və müəllimimiz Vaqif İbrahimoğlu dövrün nəbzini tutaraq həmin zaman kəsiyində bu teatrı yaratdı. Bununla da mədəniyyətimizdə, teatr tariximizdə uğurlu bir addım atıldı. Bu, sanki özünədönüşün, kökəqayıdışın təzahürü idi. Demək olar ki, "Yuğ" zamanın tələbindən doğuldu. Yeri gəlmişkən, qeyd edim ki, bu formalı teatrlar dünyada, Avropada çoxdan fəaliyyət göstərirdi. "Yuğ" Teatrı da Azərbaycanda yaranaraq sanki dünyada gedən proseslərin güclü axınına qoşuldu. Zaman keçdikcə Avropa tipli bu teatr inkişaf edərək formalaşdı. 


"Yuğ" Dövlət Teatrı milli yaddaşa qayıdış kimi meydana çıxdı


Bu gün demək olar ki, bütün inkişaf etmiş ölkələrdə "Yuğ"a oxşayan teatrlar fəaliyyət göstərir, - deyə teatrın baş rejissoru Mikayıl Mikayılov söhbətimizə qoşuldu. 

- Bu da onu göstərir ki, xalqlar nə qədər inkişaf etsələr də, elmi tərəqqidə uğurlar qazansalar da, milli ruhlarının bünövrəsi olan mifologiyadan, əsatirlərdən, əfsanə və nağıllardan ayrılmaq istəmirlər. Çünki bütün xalqların kökü keçmişinə bağlıdır. Heç bir inkişaf, heç bir tərəqqi xalqları ulu keçmişindən, dünənindən ayırıb bu bağı qıra bilməz. "Yuğ" Dövlət Teatrı da bir növ, milli mədəniyyətimizə, milli kökümüzə qayıdış kimi meydana çıxdı. Xalqın təfəkküründən, hikmətindən və ruhundan süzülə-süzülə boy verdi. Yəni xalqımız bu teatrın yaranması ilə dünyada gedən proseslərə qoşuldu, mədəni inkişafdan geri qalmadı. 17 ildən çoxdur ki, "Yuğ" Dövlət Teatrında həm rejissor, həm də aktyor kimi fəaliyyət göstərirəm. 2022-ci ildən isə baş rejissor təyin olunmuşam. "Yuğ" Dövlət Teatrı mənə çox doğmadı. 1990-cı illərin əvvəllərində anam Sonaxanım Mikayılova da teatrda çalışırdı. Mən də onunla teatra gəlirdim. Demək olar ki, bütün tamaşaların məşqlərində iştirak edirdim. Vaqif İbrahimoğlu mənə zınqırov vermişdi. Məşqarası antraktlarda səhnənin ortasından keçib zınqırovu çalırdım. Sanki bu zınqırovun səsi məni də teatr aləminə səsləyirdi. Həmin zınqırovun səsi hələ də qulaqlarımdadır. Bəlkə də o günlərdə Vaqif müəllimin ağlına da gəlməzdi ki, bu dəcəl uşaq nə vaxtsa onun yaratdığı teatrda baş rejissor kimi çalışacaq. Sözün düzünü deyim ki, bu, heç mənim də ağlıma gəlməzdi. Amma ağlıma gəlməyənlər günlərin birində başıma gəldi. "Yuğ" Dövlət Teatrında yetərincə yaradıcı potensial var, Vaqif İbrahimoğlunun yetirmələri çoxdur. Mən daha çox müstəqil rejissor kimi fəaliyyət göstərirdim, Azərbaycandan başqa xarici ölkələrdə tamaşa səhnələşdirməyə dəvət olunurdum. Bu gün teatrımız çətin dönəmini yaşayır. Çünki 8 ildir binasız qalmışıq. Abdulla Şaiq adına Kukla Teatrında fəaliyyət göstəririk. Bu səbəbdən yaradıcılıq işləri ürəyimiz istədiyi kimi alınmır, bəzi çətinliklər var. Yüksək potensiala malik kollektiv bacardığını deyil, mövcud şəraitdə nə mümkündürsə, onu edir. Əgər teatrımızın özünün binası olsa, yaradıcılıq üçün daha yaxşı şərait yaranar. Biz də bu şəraitdən yetərincə istifadə edib bir-birindən dəyərli əsərlər tamaşaya qoyarıq. Düzdür, teatrımızın bina probleminin həlli yönündə də işlər gedir. Yəqin ki, günlərin birində bu problem də müsbət həllini tapar.


"Yuğ"un uğuru Azərbaycan teatrının uğurudur


Teatrın ədəbi-bədii hissə müdiri Elçin Cəfərov "Yuğ"un səhnəyə, tamaşalara hansı yeniliklər, hansı dəyişikliklər gətirdiyindən də söz açdı. Dedi ki, bütün sahələrin təzə nəfəsə, təzələnməyə, yenilənməyə ehtiyacı var. Təzələnmə, yenilənmə isə bir anın, bir günün içində baş verən proses deyil. Bunun üçün xeyli zaman keçməsi lazımdır. Həm də yenilik həmişə gülərüzlə qarşılanmır. Sən yenilik gətirdiyini işinlə, əməlinlə təsdiq etməlisən. Düşünürəm ki, artıq teatrımız bunu təsdiq edib. "Yuğ" yaranışı ilə, gəlişi ilə səhnəyə, tamaşalara özəl bir poetika, yeni ruh, yeni dalğa gətirdi. Teatrın poetikası qədim türklərin "yuğlama" (həlak olmuş igidin şərəfinə qopuz (saz) musiqisinin müşayiəti ilə təntənəli surətdə keçirilən yas məclisi) mərasimi, şamançılıq ənənəsinə söykənir. Bu teatr öz yaradıcılığında milli oyun mədəniyyəti ilə Avropa teatrının qabaqcıl tendensiyalarını üzvi şəkildə birləşdirməyə çalışır. Vaqif İbrahimoğlu dünyasını dəyişəndən sonra da onun yaratdığı poetika əsasında işləyirik. Paralel olaraq, dünya teatr təcrübəsini dərindən öyrənməyə və yenilikləri teatrın praktiki fəaliyyətinə tətbiq etməyə çalışırıq. Tamaşalardan aydın görünən odur ki, "Yuğ" özündən əvvəlki teatrları təkrarlamadı, mədəniyyətimizdə yeni yol açdı, təzə cığır saldı. Qabaqcıl ideyaların carçısı oldu. "Yuğ" Dövlət Teatrı həm də bir məktəbdir. Yeni aktyorlar və rejissorlar nəsli yetişdirir. Hazırda teatrımızda çalışan rejissorlar Gümrah Ömər, Əbdülqəni Əliyev, Tural Mustafayev, Günay Səttarova, İradə Gözəlova, Mirsahib Ağayev və başqaları "Yuğ"un yetirmələridirlər.

"Yuğ" Dövlət Teatrının yaranması, yeni və fərqli estetikada fəaliyyət göstərməsi mədəniyyət tariximizin şərəfli bir səhifəsidir, - deyə baş rejissor Mikayıl Mikayılov söhbətimizə qoşuldu. 

- Azərbaycanda bu teatrın timsalında ilk dəfə postdramatik üslubda sənət ocağı yarandı. Bu ocağın odu bu gün də yanır, bu gün də sənət adamlarını istisinə toplayır. Düşünürəm ki, bu, böyük uğurdur. Amma bu uğur təkcə "Yuğ" Dövlət Teatrının yox, Azərbaycan teatrının uğurudur. Həmin ocağın təməlində islam mədəniyyəti, türk mifologiyası dayanır. Bu teatr estetikası Azərbaycan türkünün beyninin, təfəkkürünün məhsuludur. 

Hazırda teatrda rumıniyalı dramaturq Mateh Vişnekin əsəri əsasında "Panda" adlı tamaşa üzərində məşqlər gedir. Əsas rollarda Oktay Mehdiyev və Günəş Tagin oynayır. Tamaşanın rəssamı Umay Həsənovadır. İnanırıq ki, 35 yaşını qeyd edəcək "Yuğ" Dövlət Teatrının yaradıcı kollektivi bundan sonra da uğurla səhnələşdirəcəkləri onlarla, yüzlərlə maraqlı əsərlərilə tamaşaçıları sevindirəcək.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında

01:06
18 Oktyabr

“Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında 

01:01
18 Oktyabr

“Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxsin NİZAMNAMƏSİ 

00:58
18 Oktyabr

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 

00:55
18 Oktyabr

Azərbaycan Respublikasının “Dövlət ehtiyatları haqqında” 2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli və “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 19 dekabr tarixli 1056-VIQD nömrəli qanunlarının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik və bəzi qərarlarının ləğv edilməsi haqqında

00:48
18 Oktyabr

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

00:42
18 Oktyabr

Azərbaycanın 3 boksçusu Avropa çempionatında finala yüksəlib

22:48
17 Oktyabr

Baydenin Almaniyaya səfəri başlayır  

22:47
17 Oktyabr

Emin Əmrullayev Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşüb  

22:45
17 Oktyabr

Azərbaycan Ordusunun müəssisələrində Füzuli Şəhəri Günü münasibətilə silsilə tədbirlər keçirilib  

22:44
17 Oktyabr

Füzulidə Şəhər Günü qeyd olunub YENİLƏNİB

21:29
17 Oktyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib  

20:43
17 Oktyabr

Sabah İstanbulda XİN rəhbərlərinin “3+3” formatında üçüncü görüşü keçiriləcək

20:29
17 Oktyabr

“AzerGold” 4-cü “Rebuild Karabakh” sərgisində iştirak edib

20:19
17 Oktyabr

İranda qadın məhbus edam edildi

20:07
17 Oktyabr

“Xəzər İnşaat Həftəsi” başa çatıb

20:04
17 Oktyabr

Elm və təhsil nazirinin müavini Cəlilabadda vətəndaşların müraciətini dinləyib

20:03
17 Oktyabr

Tokayev: Regionu gücləndirmək üçün əlimizdən gələni edəcəyik

19:59
17 Oktyabr

Gürcüstanda yaşayan azərbaycanlı: Şuşa dünya azərbaycanlılarının qürur mənbəyidir

19:52
17 Oktyabr

MDB PA-nın Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının iclası keçirilib  

19:49
17 Oktyabr

NATO Rusiya ilə münasibətlər üçün yeni uzunmüddətli strategiya yaradacaq

19:47
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!