“Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin fevralın 10-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsi yol hərəkəti qaydalarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Layihəyə əsasən, ödənişli avtomagistrallarda sürət həddi yaşayış məntəqələrindən kənarda belə müəyyən edilir: minik avtomobilləri və 3,5 tondan az yük avtomobilləri üçün 130 km/saat, digər avtobuslar, qoşqulu minik avtomobilləri və 3,5 tondan artıq yük avtomobilləri üçün 90 km/saat.
Həmçinin layihədə 85-ci maddənin 1-ci hissəsinin 10-cu bəndinə “Qeyd” hissəsinin əlavə edilməsi nəzərdə tutulur. Bu hissədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mühafizə olunan duracağa gətirilmiş və saxlanmış nəqliyyat vasitəsi üçün ödənilmiş haqq dərhal sahibinə qaytarılır. İnzibati Xətalar Məcəlləsinin 97.1 və 97.2-ci maddələrinə əsasən, dayanma, durma və parklama qaydalarının pozulması ilə bağlı inzibati xətaları törədən şəxslərin saxlanılmış nəqliyyat vasitəsinin geri qaytarılması üçün ödəniş ödənilməlidir.
Əlavə edilən “Qeyd”də aşağıdakı müddəalar da nəzərdə tutulur:
Nəqliyyat vasitəsi qanunsuz saxlanılıb və ya düzgün saxlanılmadığı üçün zərər görmüş halda sahibinin inzibati qaydada və məhkəməyə şikayət vermək hüququ;
Nəqliyyat vasitəsinin duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan ödənişin hesablanması.
İnzibati xəta ləğv edilərsə və ya şikayət təmin olunarsa, ödənilmiş haqqın müvafiq orqan tərəfindən geri qaytarılması da yeni qanunda nəzərdə tutulub.