02 Aprel 2024 08:10
1241
SİYASƏT
A- A+

Yeni tarixi dövrün inkişaf hədəfləri

 

Tarixinin ən qüdrətli Azərbaycanının ictimai-siyasi həyatında, daxili və xarici siyasətində tam yeni dövr başlayıb. 
2003-cü ildən Ulu Öndər Heydər Əliyev yolunun uğurlu davamı ilə tarixi Zəfərinə, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına qovuşan Azərbaycan indi daha böyük hədəflərə doğru inamla addımlayır. 
Bu bir həqiqətdir ki, müasir Azərbaycan indi dünya miqyasında güclü ölkələr sırasındadır. Qüdrətli dövlətimiz həm beynəlxalq aləmdə, həm regionda, həm də daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkə üçün nümunə sayılır, özünəməxsus inkişaf modelləri ilə tanınır. 
Son 20 ilin mənzərəsi göstərir ki, möhtərəm Prezident cənab İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf konsepsiyası əsasında gedilən yol düzgün yoldur. Bunu xalqın mütləq əksəriyyətinin fevralın 7-də bütöv Azərbaycanda ilk dəfə keçirilən prezident seçkilərində yenidən cənab İlham Əliyevə verdiyi etimad mandatı bir daha təsdiqlədi. 
Bütün dövrlərdə siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanan Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdə təşkil olunmuş andiçmə mərasimində qarşıdakı 7 ildə dövlətimizin bütün istiqamətlər üzrə prioritetlərinin dəqiq müəyyən olunduğu konseptual xarakterli yol xəritəsini təqdim edərək əsas hədəfləri göstərdi. 

 

Yeni hədəflər, vəzifələr, əsas prioritetlər

 

Hər bir seçki yeni dövrün başlanğıcı sayılır. Azərbaycan xalqı son 20 ildə inandığı, güvəndiyi, etibar etdiyi möhtərəm Prezident İlham Əliyevin yürütdüyü tam müstəqil siyasətin nəticələrini çox yaxşı görür və hər zaman onu düzgün qiymətləndirə bilir. Elə şanlı Zəfərimizi, qazandığımız bütün uğurları şərtləndirən əsas amil də məhz bu sarsılmaz birlikdir.  
Daim xalqın firavan yaşaması, dövlətimizin nüfuzunun yüksəlməsi, Azərbaycanın daha da qüdrətlənməsi üçün yeni inkişaf hədəflərini müəyyənləşdirən cənab Prezidentimiz andiçmə mərasimində onları xalqa bir daha təqdim etdi.
Prezident bəyan etdi ki, Azərbaycan xalqının alnıaçıq, başı dik daxil olduğu yeni dövrün böyük nailiyyətləri olacaq. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilir. 
Hazırda cəmiyyətdə hökm sürən çox müsbət ab-hava Azərbaycanı daha da gücləndirir. Güclü Azərbaycan isə hər zaman hədəfimiz olub. Cənab İlham Əliyevin söylədiyi kimi, əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdə qətiyyəti ilə bu gün Azərbaycan bayrağı ölkəmizin bütün ərazilərində dalğalanır. Xalqımızı mütəşəkkilləşdirən də məhz bu reallıqdır.
Qarşıda duran yeni vəzifələri müəyyənləşdirən dövlət başçımız dedi ki, ilk vəzifə Silahlı Qüvvələrimizin gücünə güc qatmaqdır. Düzdür, İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atılıb və bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür. Təkcə ötən ilin sentyabr ayında cəmi bir neçə saat davam edən antiterror tədbirləri bunun bariz nümunəsidir. Bu gün həmçinin Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı mühüm addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış Komando silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. 2024-cü ilin dövlət büdcəsində bu gün də ən böyük xərclərin hərbi xərclərin təşkil etməsi bunu təsdiqləyir.
Müzəffər Ali Baş Komandanımız bu gün elə bir ordu yaradıb ki, özünün də söylədiyi kimi, kimsə bizə sataşa və gələcəkdə də belə bir fikirdə ola bilməz. Ermənistanın nə qədər havadarları olsa da, hansısa qüvvə Azərbaycanı öz yolundan dayandıra bilməz. Çünki Azərbaycanın siyasəti beynəlxalq hüquqa əsaslanır. Azərbaycanla əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələr və onu yəqin ki, hər kəs görür. Aprelin 5-də keçiriləcək ABŞ-Aİ-Ermənistan görüşündə qəbul ediləcək hər hansısa qərar yalnız Hayastanın ziyanına ola bilər. Çünki bu ölkə hər zamankı kimi alət rolunu oynadığını bununla bir daha sübut edər.
Qarşıda duran vəzifələrdən biri sərhədlərimizin daha da güclü qorunmasıdır. Bunu da qarşıya önəmli vəzifə kimi qoyan dövlətimizin başçısı vurğuladı ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan-İran sərhədinə qayıtdığımız, həm də Azərbaycan-Ermənistan şərti sərhədində yerləşdiyimiz üçün sərhəd infrastrukturunun qurulması xüsusi əhəmiyyət daşıyır.  Sərhədimiz elə güclü bağlı olmalıdır ki, onun üzərindən  bir quş belə uça bilməsin. Prezidentin də söylədiyi kimi, sərhədlərimizin möhkəmliyi, keçilməzliyi, eyni zamanda bizi xarici risklərdən qoruyacaq. Çünki ölkə daxilində risklər yoxdur. Bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır. 
Məhz bu səbəbdən da möhtərəm Prezidentimiz təhlükəsizlik tədbirlərinin bundan sonra da görülməsini vacib vəzifə kimi qarşıya qoydu. Çünki təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki, həm də ideoloji risklərdən özümüzü qorumalıyıq. Bunun səbəbi isə aydındır. Yeni dövrdə ideoloji risklər sərhəd tanımır. Ona görə burada əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Cənab İlham Əliyev bu məsələyə çox ciddi yanaşmanın vacibliyini vurğulayaraq əsas vəzifələrdən biri kimi qarşıya qoydu. Prezident qəti şəkildə bildirdi ki, gənc nəslin düzgün tərbiyə edilməsi gələcəyimizin təmini deməkdir. Elə bir gənc nəsil yetişdirilməlidir ki, onlar daim milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq qalsınlar. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın. Belə olan halda heç bir kənar qüvvə bizə qarşı hansısa bir məkrli plan həyata keçirə bilməz.
Dövlət başçısının bu fikirləri əlbəttə ki, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının üzərinə düşən sosial və ictimai missiyanı tamlıqla və dolğun şəkildə, yeni çağırışları adekvat səviyyədə həyata keçirə bilmək üçün səfərbər olmağa vadar etməlidir.
Prezident həmçinin azərbaycançılıq ideologiyasının daha da gücləndirilməsini, iqtisadiyyatımızın inkişaf etdirilməsini, türk dünyası ilə müanasibətlərin daha da genişləndirilməsini vacib məsələlər hesab edərək vurğuladı ki, ən prioritet vəzifə isə  Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Böyük qayıdış planına uyğun olaraq azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş məcburi  köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlayıb. Böyük qayıdış proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatdırılacaq və o vaxt 140 min insan öz dədə-baba torpaqlarına qayıdacaq. 

 

İqtisadi müstəqilliyin yaratdığı reallıq

 

Əlbəttə ki, bütün bunlara nail olmaq üçün ən prioritet məsələ iqtisadiyyatın dayanıqlı inkişafını təmin etməkdir. 
Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının son illərdəki yüksəlişi ölkənin hərtərəfli tərəqqisini təmin edib. İqtisadi müstəqillik siyasi müstəqilliyimizi daha da möhkəmləndirib. 20 ilin uğurlu statistik göstəriciləri bunu bir daha təsdiqləyir. 
Möhtəşəm uğurları şərtləndirən iqtisadi imkanlarımız Qarabağ və Şərqi Zəngəzuru heç kimdən yardım almadan yenidən qurmağa zəmin yaradıb. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması hər bir çətinliyin, problemlərin aradan qaldırılmasında da sözünü deyir. 
Təkcə bu ilin yanvar ayının sosial-iqtisadi göstəriciləri Azərbaycanın dayanıqlı iqtisadi inkişafı barədə aydın təsəvvür yaradır. Belə ki, bu ilin yanvar ayında ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektorunda isə 12 faizdən çox artıb. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə ümumi daxili məhsulumuz 7 milyard dollar idisə, keçən ilin yekunlarına görə bu rəqəm 72 milyard dollardır. Bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 68,5 milyard dollardır. Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini buna uyğun şəkildə aparır. Sosial sahədə görülmüş işlər də göz qabağındadır. 2003-cü ildə minimum əməkhaqqı 9 manat idisə, indi bu 345 manatdır. Minimum pensiya 2003-cü ildə 20 manat idisə, bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. 
Ümumiyyətlə, yola saldığımız 2023-cü il xalqımız və ölkəmiz üçün uğurlu il olub. Bunu Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun martın 15-də Milli Məclisdə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyətinə dair təqdim etdiyi hesabat da bir daha təsdiqlədi.  
Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə 2023-cü ildə də Azərbaycanda məqsədyönlü və genişmiqyaslı sosial-iqtisadi islahatların davam etdirildiyini, makroiqtisadi və maliyyə sabitliyinin təmin olunduğunu qeyd edən Baş nazir bildirdi ki, ötən il ölkəmiz üçün çox əlamətdar il kimi tarixə yazılıb. 2023-cü ili əhatə edən hesabat dövründə də Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə aparılan məqsədyönlü və genişmiqyaslı sosial-iqtisadi islahatlar, həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin edilib.
Məhz cənab Prezidentin həyata keçirdiyi iqtisadi islahatların nəticəsidir ki, ötən il ölkədə 123 milyard manatlıq və ya 2022-ci illə müqayisədə real ifadədə 1,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Əhalinin hər nəfərinə düşən ÜDM isə 0,5 faiz artaraq 12,1 min manat (7,1 min ABŞ dolları) təşkil edib. ÜDM istehsalı 2022-ci illə müqayisədə neft-qaz sektorunda 1,7 faiz azaldığı halda, iqtisadiyyatın qeyri-neft-qaz sektorunda 3,7 faiz artıb. Qeyri-neft-qaz sənayesi 8 faiz çoxalıb. Xarici ticarət dövriyyəmiz təxminən 45 milyard ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 10,3 milyard dollar olub. Qeyri-neft ixracı 9,8 faiz artaraq 3,3 milyard dolları üstələyib.  
2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları 17 faiz və ya 10 milyard ABŞ dolları artaraq 68,5 milyard dollar təşkil edib və xarici dövlət borcunu 10 dəfədən çox üstələyib. Ötən il dövlət büdcəsinin gəlirləri təxminən 35,6 milyard manat olub ki, bu da 2022-ci illə müqayisədə 4,9 milyard manat çoxdur. Xərcləri isə 36,5 milyard manat və ya 99,5 faiz səviyyəsində icra olunub ki, bu da 2022-ci illə müqayisədə 4,4 milyard manat çoxdur. 2023-cü ildə əldə olunmuş müsbət makroiqtisadi göstəricilərdən biri olan inflyasiya xarici və daxili amillərin, o cümlədən həyata keçirilən antiinflyasiya siyasətinin təsirindən azalıb.  Hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyinin idxal inflyasiyasına azaldıcı təsiri, qəbul edilmiş büdcə qaydasının parametrləri və monetar siyasət qərarları inflyasiya təzyiqlərini yumşaldıb. 
2023-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 36 faizi və ya 13,1 milyard manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib. Minimum əməkhaqları 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan 700 min nəfər işçinin əməkhaqqı orta hesabla 15 faiz artırılıb. Həmçinin minimum pensiya məbləği 16,7 faiz, orta pensiya məbləği 17,3 faiz, yaşa görə pensiya məbləği isə 16,5 faiz artıb. Yaşayış minimumu və ehtiyac meyarının həddi bərabərləşib və müvafiq olaraq 246 manat müəyyən edilib.
Ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə 2023-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə təqribən 5,9 milyard manat vəsait ayrılıb. Bu, 2022-ci illə müqayisədə 19,6 faiz çoxdur. 
Səhiyyə xidmətlərinə çıxışın yaxşılaşdırılması məqsədilə əhalinin icbari tibbi sığortalanması üzrə dövlət büdcəsinin payına düşən vəsait 1 milyard 264 milyon manat təşkil edib. 
Prioritet məsələlərdən biri də şəhid ailələri, müharibə əlillərinə və həssas təbəqədən olan digər şəxslərə dövlət tərəfindən göstərilən dəstək tədbirləridir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət və qayğısı ilə postmüharibə dövründə şəhid ailələrinə, müharibə əlillərinə və həssas təbəqədən olan digər şəxslərə 6000 mənzil verilib, habelə müharibə əlillərinə 474 avtomobil təqdim edilib. Keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədlərinə 2023-cü ilin dövlət büdcəsindən 354 milyon manat vəsait yönəldilib. Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri çərçivəsində hərbi qulluqçulara 473 ədəd tam təmirli mənzil alınıb.
2023-cü ildə təhsil sisteminin inkişafı üçün dövlət büdcəsində təhsil xərclərinə 4,4 milyard manat vəsait ayrılıb, 186 təhsil müəssisəsində əsaslı təmir və tikinti işləri aparılıb. Habelə ötən il Heydər Əliyev Fondu tərəfindən 17 ümumi təhsil müəssisəsi tikilib, 2-si əsaslı təmir olunub və 9-nun isə tikinti işləri davam etdirilir. Prezidentin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universiteti yaradılıb.

 

Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri 

 

Ötən il qarşıda duran əsas vəzifələrdən biri də Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərinin davam etdirilməsi olub. Möhtərəm Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə ötən il də işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri aparılıb və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində işlər sürətlə davam etdirilib. 
Baş nazir Əli Əsədov vurğulayıb ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə ümumilikdə təqribən 32 milyard manatdan çox vəsait tələb olunur. 2021-2023-cü illərin dövlət büdcəsindən bu məqsədlər üçün 12,1 milyard manat vəsait ayrılıb, o cümlədən 2023-cü ildə 5,6 milyard manat,  2024-cü ildə isə 4 milyard manat məbələğində vəsait ayrılması nəzərdə tutulur. 
2023-cü ilin sonunadək işğaldan azad olunmuş ərazilərə ümumilikdə 1186 ailə (4691 nəfər keçmiş məcburi köçkün) köçürülüb.  2024-cü ilin sonunadək işğaldan azad olunmuş 25 yaşayış məntəqəsi üzrə ümumilikdə 5171 ailənin (20 min nəfərdən çox) köçürülməsi planlaşdırılır. 
Bu gün Azərbaycan dövləti heç bir beynəlxalq maliyyə təşkilatından yardım almadan öz iqtisadi qüdrəti hesabına işğaldan azad edilmiş ərazilərdə bütün sosial infrastruktur obyektləri, yollar, tunellər və körpülər inşa edir. Elektrik təsərrüfatı yenidən qurulur, dəmir yolları çəkilir. 24 yaşayış məntəqəsində isə qaz xəttinin çəkilməsi həyata keçirilib. Azad edilmiş ərazilərdə 165 MVt gücündə 20 stansiya "Azərenerji" tərəfindən istismar edilməkdədir.  İşğaldan azad olunan ərazilərdə "yaşıl enerji" potensialının yaradılması məqsədilə 122 MVt gücündə 17 ədəd su-elektrik stansiyası yenidən qurulub, tikilib və ya bərpa edilib, 73 MVt gücündə 9 ədəd SES-in tikintisi davam etdirilib. 
Genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün işğaldan azad olunmuş ərazilərdə 2023-cü ildə Minatəmizləmə Agentliyi və minatəmizləmə əməliyyatlarına cəlb olunmuş dövlət və qeyri-dövlət qurumları tərəfindən ümumilikdə 53,1 min hektar ərazi minalardan təmizlənib. 2024-cü ildə isə 60 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. 

 

"Yaşıl enerji" ixracı, Orta dəhlizə mühüm töhfə

 

Ötən il Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində və nəqliyyat dəhlizlərinin inkişafında rolu daha da güclənib. Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 8-ə çatıb. 
Mart ayının əvvəlində Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası Azərbaycanın uğurlu enerji strategiyasından xəbər verir. Bu bir daha sübuta yetirir ki, "Cənub qaz dəhlizi" bütövlükdə region üçün uğur hekayəsidir və gələcəkdə ixrac coğrafiyamız Avropa istiqaməti üzrə daha da artacaq. Məşvərət Şurasında səsləndirilən fikirlərə əsasən deyə bilərik ki, yeni dövrdə artıq yeni çağırışlar var. Azərbaycanda "yaşıl enerji"yə keçid müşahidə olunur. Ümumiyyətlə, regionda alternativ mənbələrdən enerji istehsalına ən çox sərmayə yönəldən ölkələrdən biri olaraq Azərbaycanın qısa zamanda "yaşıl enerji" hasilatını artırması və ixracını təşkil etməsi gözləniləndir. Azərbaycanla Avropa İttifaqı arasındakı anlaşmaya əsasən, 2026-cı ildən sonra ölkəmizdə istehsal edilən "yaşıl enerji" Gürcüstan, eləcə də Qara dəniz vasitəsilə Avropaya çatdırılacaq. Bu isə ondan xəbər verir ki, Azərbaycan Avropaya yalnız ənənəvi enerji resursları məhsulları ilə deyil, həm də innovativ "yaşıl enerji"si ilə daxil ola biləcək. 
Eyni zamanda ölkəmiz böyük bərpaolunan külək və günəş enerjisi potensialına malikdir. Prezident İlham Əliyevin uğurlu enerji siyasəti nəticəsində bu istiqamətdə mühüm işlər görülür. Ölkədə, habelə Xəzər regionunda və MDB məkanında ən böyük günəş-elektrik stansiyası olan 230 MVt gücündə "Qaradağ" stansiyası istismara verilib. 
2023-cü ildə Naxçıvanda 400 MVt gücündə günəş-elektrik stansiyasının tikintisi və elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlığa dair memorandum imzalanıb. 
Azərbaycanın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin artırılması və tranzit potensialının reallaşdırılması üçün kompleks tədbirlər həyata keçirilməkdədir. Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar onu deməyə əsas verir ki, bu dəhlizin fəaliyyətə başlaması ilə Azərbaycan Orta dəhlizə çox mühüm töhfə vermiş olacaq.

 

2024-cü ildə qarşıda duran əsas vəzifələr və çağırışlar

 

Şanlı Zəfərimizdən sonra regionda yaranmış reallıqlar bütün planların yeni çağırışlar əsasında hazırlanmasını labüd edir. 
Prezident İlham Əliyev hər zaman olduğu kimi, artıq 2024-cü il və ondan sonrakı dövrdə ölkənin əsas inkişaf istiqamətini və hədəflərini müəyyənləşdirəcək yol xəritəsini tərtib edib. 
Baş nazir Əli Əsədov da Milli Məclisdəki çıxışının yekununda hökumətin 2024-cü  il və gələcək illərdə qarşıda duran əsas vəzifələri və çağırışlarını açıqlayaraq bildirib ki, əsasən, müasir ordu quruculuğu prosesi, milli təhlükəsizlik potensialının artırılması, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi tədbirləri davam etdiriləcək. 
Beləliklə, qarşıda duran hədəflərə gəlincə, ilk olaraq, 2026-cı ilədək 34500 ailənin (140 min nəfərin) doğma torpaqlarına qayıtması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzur qeyri-neft iqtisadiyyatının inkişafında yeni drayverlərdən biri olacaq.
İqtisadi sahədə aparılacaq islahatlar çərçivəsində sağlam rəqabətə əsaslanan, şəffaf və sağlam biznesin inkişafı ilə bağlı zəruri addımlar atılacaq. Ölkədə pul və kapital bazarlarının inkişafının dəstəklənməsi, qiymətli kağızlar bazarında investisiyaların cəlbediciliyinin artırılması və ümumən investisiya aktivliyinin yüksəldilməsi, Azərbaycanın tranzit-logistika potensialının genişləndirilməsi istiqamətində zəruri işlər davam etdiriləcək. Büdcə xərclərinin səmərəliliyinin qiymətləndirilməsi, Ortamüddətli Xərclər Çərçivəsinin əhatə dairəsinin genişləndirilməsi və nəticə əsaslı büdcə mexanizminə keçidlə bağlı islahatlar sürətləndiriləcək. 
Möhtərəm Prezidentin hökumət qarşısında qoyduğu hədəflərdən biri də 2030-cu ilin sonunadək Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji istehsalına nail olmaqdır. Eləcə də ölkəmiz "Qara Dəniz Yaşıl Kabel" layihəsi ilə Avropaya "yaşıl enerji" ixrac edən vacib tərəfdaşlardan biri olmağı planlaşdırır. Məhz cənab Prezident tərəfindən aparılan məqsədyönlü və uğurlu "yaşıl enerji" siyasətinin nəticəsidir ki, COP29 beynəlxalq konfransı Bakıda keçiriləcək. Azərbaycandan dünyaya mühüm mesajlar veriləcək. Bütün bu vəzifələrə və hədəflərə nail olmaq üçün dayanıqlı və diversifikasiya olunmuş iqtisadiyyatın inkişafı təmin edilməlidir. 
Bir sözlə, iqtisadi göstəricilər, mövcud potensial göstərir ki, son 20 ildə Azərbaycan kifayət qədər fərqli dövr keçib. Bu dövr Azərbaycan iqtisadiyyatının güclənməsi, qeyri-neft sektoru üçün imkanların genişlənməsi, eyni zamanda ölkəmizin Cənubi Qafqazda aparıcı iqtisadi gücə çevrilməsi anlamına gəlir. Bütün bunlar Azərbaycanda yeni hədəflərin formalaşmasına gətirib çıxarıb, son 20 il isə dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilmiş hədəflərə nail olunmasına imkan yaradıb. Həm iqtisadi, həm siyasi, həm də ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası mümkün olub. 
Yeni dövrümüzün hədəfləri Azərbaycan iqtisadiyyatı üçün vacib imkanlar deməkdir. Yeni hədəflər kontekstində Azərbaycan iqtisadiyyatında islahatların dərinləşməsi, o cümlədən bu sahədə addımların atılması, rəqabətin gücləndirilməsi kimi strateji tədbirləri müşahidə edəcəyik. Bu isə Azərbaycanda yeni dövr, yeni iqtisadi inkişaf deməkdir.
Bu fakt inkaredilməzdir ki, Prezident İlham Əliyev 2003-cü ildən məlum hədəfləri qarşıya qoyub - iqtisadi tərəqqi yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında da öz əksini tapmalıdır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi dövlətimizin siyasətinin əsas amilləridir.
Müasir inkişafın Azərbaycan modelini yaratmış Prezident İlham Əliyevin yenilməz siyasi iradəsi, müdrik rəhbərliyi ilə ölkəmiz bundan sonra da inamla, uğurla inkişaf edəcək və qarşıya çıxan bütün çağırışların, vəzifələrin öhdəsindən layiqincə gələcək.
Sonda onu da vurğulamaq yerinə düşər ki, bu gün Zəfər yolumuzun başlanğıcı hesab edilən Aprel döyüşlərindən 8 il ötür. Azərbaycan xalqının döyüş əzminin güclənməsində, düşmənə qarşı mübarizədə həmrəylik nümayiş etdirməsində mühüm rol oynayan tarixi hadisələrdən biri də 2016-cı ilin şanlı Aprel döyüşləridir. Aprel  döyüşlərinin əhəmiyyəti çox böyükdür. Məhz bu döyüşlərdən sonra Ali Baş Komandanın rəhbərliyi ilə şəhadəti şərəf sayan Azərbaycan xalqının və rəşadətli ordumuzun vəhdəti nəticəsində 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi və Müzəffər Ali Baş Komandanımızın Xankəndidə dalğalandırdığı bayrağın kölgəsi bütöv Azərbaycanın üzərinə düşür.   

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı, 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video