17 İyun 2026 08:15
374
SİYASƏT
A- A+
Yaxın Şərqdə tarixi dönüş

Yaxın Şərqdə tarixi dönüş


Gözlər Cenevrəyə dikilib


Yaxın Şərq regionu son onilliklərin ən gərgin və təhlükəli dövrlərindən birini geridə qoyur. Üç aydan çoxdur ki, bölgədə davam edən genişmiqyaslı hərbi münaqişə, nəhayət, yerini diplomatiyaya verir. ABŞ və İran arasında əldə olunan tarixi sülh razılaşması regionda və dünyada böyük bir rahatlıq yaradıb. Bu saziş hərbi əməliyyatların dayandırılmasında, həmçinin qlobal iqtisadiyyatın yenidən canlanmasında mühüm rol oynayacaq.

ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey. Di. Vens tərəfindən elan edilən bu tarixi addım regionun gələcək 50 ilini kökündən dəyişdirə biləcək potensiala malikdir. Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə kimi dövlətlərin fəal vasitəçiliyi ilə əldə olunan bu razılaşma rəsmi olaraq İsveçrənin Cenevrə şəhərində imzalanacaq. Saziş dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında yeni bir eranın başlanğıcı hesab olunur.

Münaqişənin ən ağır nəticələrindən biri dünya neft və təbii qaz daşımalarının əsas damarı olan Hörmüz boğazının bağlanması idi. Fevralın 28-dən bəri əksər ticarət gəmisi üçün bağlanan boğazda yüzlərlə tanker sıxışıb qalmışdı. Dəniz minaları və dron hücumları təhlükəsi səbəbindən beynəlxalq gəmiçilik şirkətləri bu marşrutdan istifadə edə bilmirdilər. Lakin yeni razılaşmada bu böhranın dərhal ortadan qaldırılması nəzərdə tutulur. Sazişə əsasən, razılaşmadan sonra 60 gün müddətində gəmilərin Hörmüz boğazından keçidi tamamilə ödənişsiz olacaq. ABŞ tərəfi yekun razılaşmadan sonra da bu su yolunun rüsumsuz qalmasını tələb edir. 

ABŞ Hərbi Dəniz Qüvvələrinin İrana qarşı tətbiq etdikləri dəniz blokadası iyunun 15-də başa çatıb. Bölgədəki minaların təmizlənməsi prosesi sürətləndirilir. ABŞ Prezidenti gəmilərin artıq təhlükəsiz və etibarlı olan "Cənub marşrutu" ilə hərəkətə başladıqlarını elan edib. Donald Tramp müraciətində deyib: "Dünya gəmiləri, mühərriklərinizi işə salın. Qoyun, neft axmağa başlasın. Bu saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək".

Münaqişə dövründə qlobal bazarlarda "qara qızıl"ın qiyməti kəskin  yüksələrək bir barel üçün 120 ABŞ dollarına çatmışdı. Bu artım dünya miqyasında inflyasiyanı sürətləndirmiş, yanacaq və enerji xərclərini artırmışdı. Sülh xəbərinin yayılması ilə dünya birjalarında dərhal əks tendensiyalar müşahidə olunmağa başladı. Şimal dənizindən hasil edilən "Brent" markalı neftin qiyməti kəskin ucuzlaşaraq 83,55 dollara qədər gerilədi. İlin sonuna qədər qiymətlərin daha da sabitləşəcəyi proqnozlaşdırılır. 

Dünya gübrə ticarətinin üçdə biri və azot əsaslı gübrələrin istehsalı üçün lazım olan təbii qaz Hörmüz boğazından keçir. Boğazın açılması kənd təsərrüfatı xərclərini azaldacaq və qlobal ərzaq qiymətlərinin aşağı düşməsinə kömək edəcək. Müharibə dövründə pik həddə çatan təyyarə yanacağının qiyməti də artıq enməyə başlayıb. Bu da yaxın gələcəkdə logistika və sərnişindaşıma xərclərinin azalması deməkdir. Enerji daşıyıcılarının ucuzlaşması mərkəzi bankların üzərindəki inflyasiya təzyiqini də azaldır. 

ABŞ və İran arasında əldə olunmuş bu çərçivə sazişi iki dövlət arasındakı gərginliyi azaltmaqla yanaşı, həmçinin qlobal güc balansını da yenidən formalaşdırır. Böyük Britaniya və Fransanın daha əvvəl Hörmüz boğazında gəmilərin təhlükəsizliyini qorumaq üçün planlaşdırdıqları müdafiə missiyaları artıq yeni bir müstəviyə keçir. Vaşinqton bu su yolunun təhlükəsizliyini təkbaşına təmin edə biləcəyinə inansa da, müttəfiq ölkələrin bir neçə hərbi gəmilərinin regionda qalması gələcək provokasiyaların qarşısını almaq üçün mühüm sığorta rolunu oynayır. 

Sazişin elan edilməsinə baxmayaraq, real vəziyyət göstərir ki, qlobal iqtisadiyyatın tam bərpası üçün müəyyən zamana ehtiyac var. Beynəlxalq gəmiçilik məlumatları boğazda hərəkətliyin hələ də müharibədən əvvəlki səviyyəyə çatmadığını göstərir. Münaqişənin logistik fəsadları dəniz nəqliyyatında yenə hiss olunmaqdadır. Danimarkanın "Maersk" şirkətinin 5 böyük gəmisi Körfəzdə sıxışıb qalıb və şirkət hazırda bu vəziyyətin logistik təsirlərini qiymətləndirərək əməliyyat rejimini dəyişmir. Almaniyanın "Hapag-Lloyd" şirkətinin isə 4 gəmisi keçid növbəsində gözləyir və rəhbərlik minalar tam təmizləndikdən sonra həftəsonu həmin gəmiləri ərazidən çıxarmağı planlaşdırır. Qlobal Tanker Şəbəkəsi üzrə gündəlik hərəkət edən ortalama 26 xam neft tankerinin isə yalnız ilin sonuna qədər müharibədən əvvəlki hərəkət intensivliyinə qayıdacağı gözlənilir. Gəmilərə təhlükəsiz keçid zəmanəti verilsə belə, tankerlərin logistik xəritədə yanlış nöqtələrdə paylanması, neftayırma zavodlarının tam gücü ilə işləməməsi və dəniz sığortası xərclərinin hələ də yüksək olması prosesi ləngidən əsas amillərdir. Normal rejimə keçid mərhələli şəkildə baş verəcək.

İsveçrədə keçiriləcək rəsmi mərasimdən sonra başlayacaq 60 günlük müddət həm də böyük bir diplomatik sınaqdır. ABŞ-nin Vitse-prezidenti Cey Di.Vens qeyd edir ki, təxminən bir səhifə yarımdan ibarət olan memorandum çox ümumi prinsipi ehtiva edir. ABŞ tərəfi gəmilərin sərbəst hərəkətləri üçün hər hansı ödəniş sistemini qəbul etməyəcəyini qəti şəkildə bildirib. 

Sazişin yekun mətninin ən kritik və ən çox müzakirə olunan hissəsi sanksiyaların ləğvi sistemidir. Ağ Ev rəsmilərinin verdiyi məlumatalara əsasən, sanksiyaların götürülməsi birtərəfli və dərhal baş verən bir proses olmayacaq. Vaşinqton "Əvvəl addım, sonra mükafat" prinsipinə əsaslanan ciddi bir şərt sistemi irəli sürüb. Sanksiyaların ləğvi və dondurulmuş vəsaitlərin sərbəst buraxılması prosesi tamamilə İranın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən asılı olacaq. Sanksiyaların yumşaldılması üçün əsas şərt Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İrandakı yoxlamaları uğurla başa vurmasıdır. Agentlik mütəxəssisləri yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının məhv edildiyini təsdiqləməlidirlər. İranın xarici banklarda dondurulmuş milyardlarla dollarlıq maliyyə aktivləri yalnız nüvə obyektlərindəki texniki şərtlər yerinə yetirildikdən sonra mərhələli şəkildə sərbəst buraxılacaq. Əgər Tehran 60 günlük texniki danışıqlar müddətində regional sabitliyə xələl gətirən hər hansı addım atarsa və ya nüvə öhdəliklərini yubadarsa, sazişdə nəzərdə tutulan iqtisadi güzəştlər dərhal dondurulacaq. Bu şərtlər səbəbindən hər iki tərəfin kompromisə gəlməsi Yaxın Şərqdə investisiya mühitini canlandırmaq və qlobal iqtisadi sabitliyi təmin etmək üçün yeganə çıxış yoludur.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rumıniya Rusiya diplomatını ölkədən çıxarır

19:41
27 İyul

Tramp İranla danışıqlara daha bir şans vermək üçün hücumları dayandırmaq qərarına gəldiyini açıqlayıb

19:39
27 İyul

Qəbələ və Salyanda torpaqların konsolidasiyası üzrə pilot layihələr icra olunacaq

19:08
27 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib

18:34
27 İyul

Bakıda güləş üzrə U-17 dünya çempionatının açılış mərasimi keçirilib

18:23
27 İyul

Mikayıl Cabbarov: U-17 dünya çempionatı Azərbaycana etimadın göstəricisidir

18:13
27 İyul

UWW prezidenti: Güləşçilərə arzum budur ki, Azərbaycanın od-alovundan ilham alsınlar

18:08
27 İyul

Çingiz Hüseynzadə: Dünya çempionatı Azərbaycanın idman təşkilatçılığı baxımından yüksək səviyyədə olduğunu bir daha təsdiq edəcək

17:58
27 İyul

Fərid Qayıbov: İnanıram ki, dünya çempionatı Azərbaycan güləşçiləri üçün uğurlu olacaq

17:43
27 İyul

Sumqayıt Sənaye Parkında indiyədək 42 sahibkarlıq subyektinə rezident statusu verilib

17:10
27 İyul

“Moody’s” SOCAR-ın kredit reytinqini yenidən təsdiqləyib

16:41
27 İyul

Medianın İnkişafı Agentliyi Bəyanat yayıb

16:39
27 İyul

Bu il SOCAR xarici bazarlara 3,3 milyon tondan çox neft ixrac edib

16:35
27 İyul

Bu ilin ikinci rübündə Azərbaycanda qaz hasilatı artıb

16:17
27 İyul

Ukrayna kəşfiyyatı Rusiya FTX-nin təxribatının qarşısını aldığını açıqlayıb

16:07
27 İyul

Sabah dənizdə dalğanın artacağı gözlənilir, əhaliyə çimərliklərdə ehtiyatlı olmaq tövsiyə edilir

15:59
27 İyul

Oğuz rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

15:53
27 İyul

Suriya lideri ölkəsinin xarici siyasət prioritetlərini açıqlayıb

15:47
27 İyul

Azərbaycanda taxıl sahələrindən 3 milyon tondan çox məhsul yığılıb

15:01
27 İyul

Bakı ICESCO-nun mühüm tədbirinə ev sahibliyi edir

14:57
27 İyul

Xəzər Boru Kəməri Konsorsiumu neftin qəbulunu bərpa edib

14:48
27 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!