Azərbaycanın dövlət suverenliyi tam bərpa edildikdən sonra artıq üçüncü ildir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ölkəmizin hər bir bölgəsində qeyd olunur. Xüsusən 33 ildən sonra doğma torpaqlarına qayıtmış keçmiş məcburi köçkünlər həmrəylik gününü böyük sevinclə bayram edirlər.
AZƏRTAC-ın bölgə müxbiri Xocalı şəhərində Əliyevlər ailəsinin qonağı olub, bayram sevinclərini bölüşüb.
Ailə başçısı Firudin Əliyev xalqımızın həmrəyliyi, birliyi sayəsində torpaqlarımızın işğaldan azad olunduğunu bildirərək, doğma yurda qayıtdıqlarına görə Prezidentimizə, Ordumuza minnətdarlığını ifadə edib.
“Mən özüm Qarabağ qazisiyəm, şəhid ailəsiyəm. Xocalı faciəsi zamanı ağır yaralanmışam. 33 il əvvəl çox böyük faciə yaşadıq, çətinliklər çəkdik. Bu gün isə bütün çətinliklər arxada qalıb. Çox şükürlər olsun ki, doğma yurdumuzdayıq. Bu günü bizə Prezidentimiz bəxş elədi. Allahdan şəhidlərimizə rəhmət, qazilərə, veteranlara cansağlığı arzu edirəm. Sevindirici odur ki, bu gün öz torpağımızda, öz yurdumuzda ailəmlə, nəvələrimlə bir yerdəyəm”.
Ailənin xanımı Nailə xanım 33 ildən sonra öz doğma yurdlarında bayram keçirdikləri üçün özünü xoşbəxt saydığını bildirib: “Biz xoşbəxt insanlarıq ki, 33 ildən sonra öz yurdumuzda bayramlarımızı qeyd edirik. Prezidentimizə minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin. Allah Xocalıda həlak olanlara rəhmət eləsin. Onların ruhu şad olsun ki, Vətən torpağı azaddır. Allah bir də xalqımıza pis günlər göstərməsin”.
Dünya Azərbaycanlılarını Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik edən Nailə xanım bundan sonra Xocalıda toyların, şənliklərin sayının çox olmasını arzulayıb: “Bu gün çox sevincliyəm, çox şadam. 33 il idi ki, bayramı bugünkü kimi keçirmirdik. Azərbaycanın hər yeri bizim üçün Vətəndir. Amma bayramı öz doğma evimdə keçirməyin əvəzi yoxdur. Ailəm də, övladlarım da, nəvələrim də, hamımız şadıq. Keçən il də oğlanlarım, gəlinlərimi, nəvələrimi yığdım başıma, hamımız burada bayramı bir yerdə qeyd etdik. Bu il də bayramı belə gözəl keçiririk. Hamımız çox şadıq ki, Xocalıda, öz evimizdə, öz süfrəmizin ətrafında bu bayramı qeyd edirik”.
Xocalıya gələrkən ilk olaraq yaxınlarının məzarını ziyarət etdiyini, diz çöküb Vətən torpağını öpdüyünü bildirən Nailə xanım indi bu torpağı sevgi ilə, həvəslə əkib-becərdiklərini söyləyərək bizi də həyətyanı sahəyə baxmağa dəvət edir.
“Xocalıya gələndə torpağa toxum səpdik, bütün ağaclardan əkdik. Həsrətində olduğumuz torpağımızı becəririk, öz həyətimizin məhsulunu istifadə edirik. Buna görə çox şadıq. Şükür bugünkü günə” – deyə o bildirib.
Bəli, bu gün Xocalıda həyat yenidən canlanır. Doğma yurdlarına qayıdan sakinlərin sevinc dolu duyğuları bu torpaqlarda həyatın bərpa olunduğunu bir daha göstərir. Azad olunmuş yurd yerlərində bayramların qeyd edilməsi bu torpaqlarda sülhün, sabitliyin və həmrəyliyin rəmzinə çevrilir.