Ruben Vardanyanın qanunsuz fəaliyyətini və qaranlıq maliyyə şəbəkəsini ifşa edən yeni faktlar üzə çıxır
Azərbaycanın ərazi bütövlüyü, suverenliyi əleyhinə əməllərdə və müharibə cinayətlərində ittiham olunaraq 20 il müddətinə azadlıqdan məhrum edilmiş Ruben Vardanyanın adı növbəti dəfə beynəlxalq maliyyə qalmaqallarında hallanır. Beynəlxalq jurnalist araşdırmalarına görə, onun "xeyriyyəçi" və "iş adamı" maskası altında həyata keçirdiyi çirkin əməliyyatların coğrafiyası yalnız Cənubi Qafqazla məhdudlaşmır.
Adı uzun illərdir müxtəlif beynəlxalq araşdırmalarda transmilli pul yuyulması cinayətləri ilə yanaşı çəkilən Vardanyanın rəhbərlik etdiyi "Troika Dialoq" investisiya bankı təxminən 75 ofşor şirkətdən ibarət qanunsuz maliyyə mexanizminin mərkəzində dayanır. Araşdırmalar göstərir ki, 2006-2013-cü illərdə bu şəbəkə vasitəsilə 4,6 milyard ABŞ dolları həcmində şübhəli vəsait müxtəlif ölkələrə köçürülüb.
Vardanyanın ofşor fəaliyyəti ilə bağlı ortaya çıxan sonuncu ciddi faktlardan biri "Digimarket" şirkəti ilə bağlıdır. Məlumata görə, 2013-cü ildə Moskvada "DoubleTree by Hilton" hoteli üçün 35 milyon dollar kredit ayrılıb. Borcun ödənilməməsi səbəbindən məsələ məhkəmə müstəvisinə keçib və 2026-cı ilin əvvəllərində Rusiya Ali Məhkəməsi vəsaitlərin xaricə çıxarılmasına qadağa qoyub. Hazırda bu hüquqi proses davam etməkdədir. Araşdırmalar bu şirkətin R.Vardanyana məxsus olduğunu üzə çıxarıb. Diqqətçəkən məqam odur ki, Vardanyanın qurduğu mürəkkəb şəbəkə, sadəcə, vergidən yayınmayıb, eyni zamanda müxtəlif korrupsioner elitaların çirkli vəsaitlərinin "yuyulması" və beynəlxalq sanksiyalardan gizlədilməsi fəaliyyətini də icra edib. Şübhəli maliyyə axınlarının Avropanın aparıcı bank institutları üzərindən keçirilməsi Vardanyanın illərlə beynəlxalq maliyyə sisteminin boşluqlarından sui-istifadə etdiyini göstərir.
Maliyyə fırıldaqçılığı ilə kifayətlənməyən Vardanyan 2022-2023-cü illərdə Qarabağ bölgəsinə gələrək qanunsuz separatçı rejimdə yüksək vəzifə tutub və Azərbaycan dövlətinə, xalqına qarşı ağır cinayətlər törədib. İstintaq materialları ilə təsdiqlənib ki, Vardanyan öz nəzarətindəki maliyyə resursları hesabına separatçı birləşmələri silah, rabitə və logistik dəstəklə təmin edib. Bu terrorçu dəstələr Azərbaycan Ordusuna qarşı təxribatlar törədib, mülki əhalinin təhlükəsizliyini birbaşa təhdid ediblər. Yaşayış məntəqələri və mülki obyektlər məhz Vardanyanın təşviqi ilə döyüş mövqelərinə və silah anbarlarına çevrilib. Bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Eyni zamanda bölgədə mina terrorunun davam etdirilməsi nəticəsində azərbaycanlı mülki şəxslər həlak olub və ya ağır xəsarətlər alıblar.
Vardanyan Azərbaycana məxsus ərazilərin təbii sərvətlərinin, xüsusilə faydalı qazıntı yataqlarının qanunsuz istismarını təşkil edərək dövlətə böyük iqtisadi zərərlər vurub və bölgədə ekoloji fəlakət riskini artırıb. Xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının talan edilməsi, sərvətlərin qanunsuz yollarla xaricə daşınması məhz Vardanyanın nəzarəti altında həyata keçirilib. Bölgənin flora və faunasına bərpaolunmaz zərər vuran bu ekoloji terror və talançılıq Azərbaycan ictimaiyyətinin haqlı etirazına səbəb olub. 2022-ci ilin dekabrında qeyri-hökumət təşkilatlarının nümayəndələri Xankəndi-Laçın yolunda aksiya təşkil ediblər. Bununla yanaşı, Vardanyan informasiya manipulyasiyası vasitəsilə etnik qarşıdurmanı qızışdıran bəyanatlar verərək, azərbaycanlıların doğma torpaqlarına qayıdış prosesini əngəlləməyə çalışıb.
Bütün bu faktlara rəğmən, bəzi Qərb strukturları, ermənipərəst siyasi dairələr hələ də onun həbsini "qanunsuz" adlandırır, azad edilməsi tələbini irəli sürür, "siyasi motivlər" iddiası ilə sistemli kampaniya aparırlar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin imkanlarından istifadə etməyə çalışan strukturlar, Avropa Parlamentinin bir sıra ermənipərəst deputatları və müxtəlif erməni diaspor təşkilatları (ANCA - Amerikadakı Erməni Milli Komitəsi) Vardanyanla bağlı bəyanatlar səsləndirirlər. Bəzi Qərb media qurumları, xüsusilə Fransanın bir sıra aparıcı nəşrləri və beynəlxalq hüquq müdafiəçiləri onu "xeyriyyəçi" kimi təqdim edərək həbsinə siyasi rəng qatmağa cəhd göstərirlər.
Qərbdə korrupsiya fırıldaqlarına qarşı mübarizədən dəm vuran dairələrin transmilli cinayətlərdə adı hallanan Vardanyanı "humanist" kimi təqdim etməsi ikili standartların aşkar nümunəsidir. Çünki bənzər cinayət əməllərinə görə Avropa və Amerika məhkəmələri ağır cəzalar kəsdiyi halda, söhbət Azərbaycanın suverenliyini pozan, terroru maliyyələşdirən cinayətkardan gedəndə həmin dairələr hüququn üstünlüyünü unudaraq "insan hüquqları" pərdəsi arxasında gizlənirlər. Lakin ortaya çıxan təkzibedilməz faktlar Vardanyanın həm beynəlxalq miqyasda maliyyə cinayətlərinin, həm də Azərbaycan ərazilərində törədilən ağır hərbi-siyasi cinayətlərin əsas təşkilatçılarından biri olduğunu aydın şəkildə göstərir.
Vardanyanı müdafiə edən xarici dairələrin əsas məqsədi Azərbaycanın suveren hüquqlarına kölgə salmaq, Cənubi Qafqazda sülh prosesini ləngitməkdir. Onlar Vardanyanın simasında özlərinin bölgədəki pozucu maraqlarını qorumağa çalışırlar.
Təbii ki, hansısa qərəzli beynəlxalq qurumun, ermənipərəst siyasətçilərin Ruben Vardanyanı müdafiə etməsi və ya onun azadlığını tələb etməsi mövcud reallıqları dəyişmir. Vardanyan Azərbaycan dövlətinə və xalqına qarşı ağır cinayətlərdə birbaşa iştirak edib, separatçılığı və terroru maliyyələşdirib. Buna görə də Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq Bakıda layiq olduğu cəzasını çəkir.
Beynəlxalq havadarların təzyiq və ya təbliğat kampaniyasından asılı olmayaraq, Azərbaycan dövləti öz ərazisində törədilən heç bir cinayəti cavabsız qoymayıb və bundan sonra da qoymayacaq. Vardanyan barəsində verilmiş hökm isə təkcə bir cinayətkarın cəzalandırılması yox, Cənubi Qafqazda separatçılıq və maliyyə terrorçuluğu dövrünə vurulan möhür idi.
İsmayıl QOCAYEV,
"Azərbaycan"