Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə sürətlə inkişaf edərək müttəfiqlik səviyyəsinə yüksəlib. Ümumiyyətlə, Azərbaycan və Mərkəzi Asiya ölkələri ortaq tarixə, mədəniyyətə, dini-mənəvi dəyərlərə və geosiyasi maraqlara malik vahid strateji məkanı formalaşdırırlar. Bu baxımdan Xəzər dənizi bu ölkələri birləşdirən mühüm strateji körpü rolunu oynayır.
Milli Məclisin deputatı Pərvanə VƏLİYEVA qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan regionun bütün dövlətləri ilə, xüsusilə də Özbəkistanla əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivləşməsi, yüksəksəviyyəli siyasi dialoq və imzalanan çoxsaylı sənədlər münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini təsdiqləyir. "Prezident Şavkat Mirziyoyev ilə olan qarşılıqlı etimad və dostluq münasibətləri də bu əməkdaşlığın uğurlu inkişafında mühüm rol oynayır. Azərbaycan və Özbəkistan təkcə ikitərəfli münasibətləri deyil, həm də Türk Dövlətləri Təşkilatı, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda əməkdaşlığı uğurla inkişaf etdirirlər. İqtisadi əməkdaşlıq da yüksələn xətt üzrə davam edir. Ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiyalar, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması, Xankəndidə birgə tikiş fabrikinin fəaliyyətə başlaması və Orta dəhliz çərçivəsində nəqliyyat-logistika imkanlarının genişlənməsi iqtisadi tərəfdaşlığın əsas göstəricilərindəndir", - deyə deputat bildirib.
Energetika sahəsində də əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu deyən P.Vəliyeva qeyd edib ki, SOCAR ilə Özbəkistanın müvafiq qurumları arasında uzunmüddətli əməkdaşlıq davam edir, eyni zamanda "yaşıl enerji" layihələri üzrə Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında imzalanmış sazişlər regionun enerji təhlükəsizliyinə və bərpaolunan enerji imkanlarının inkişafına mühüm töhfə verir. Mədəni-humanitar əməkdaşlıq iki qardaş xalq arasında münasibətlərin ən mühüm sütunlarından biri olaraq qalır. Qarşılıqlı mədəniyyət günlərinin təşkili, şəhərlərin qardaşlaşması, media və qeyri-hökumət təşkilatları forumlarının keçirilməsi, həmçinin təhsil və idman sahəsində həyata keçirilən layihələr xalqlar arasında dostluq münasibətlərini daha da möhkəmləndirir. Özbəkistanın Qarabağın bərpasına verdiyi dəstək, xüsusilə Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin inşa edilməsi qardaş ölkənin Azərbaycana səmimi münasibətinin və həmrəyliyinin bariz nümunəsidir.
Deputat vurğulayıb ki, Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq təkcə iki ölkənin deyil, bütövlükdə türk dünyasının inteqrasiyasına, regional sabitliyə və iqtisadi inkişafa mühüm töhfə verir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"